“Yaşıl enerji” nəqlində də Azərbaycan mərkəz missiyası daşıyır
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Bakıda keçirilən “Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya” tədbiri ölkənin enerji siyasətində, xüsusən bərpaolunan və innovativ enerji sahələrində strateji dönüşün növbəti həlqəsi kimi meydana çıxır. Tədbirdə hökumət, dövlət şirkətləri və beynəlxalq maliyyə institutlarının nümayəndələri planlar, pilot layihələr və regional əməkdaşlıq mexanizmləri üzərində fikir mübadiləsi aparıb. Bu müzakirələr gələcək investisiya axınları üçün mühüm siqnallar verir.
Forum çərçivəsində diqqətçəkən məqamlardan biri “SOCAR Green” şirkətinin planları oldu. Şirkət yaxın illərdə Azərbaycanı “yaşıl enerji” sahəsində regional ekspertiza mərkəzinə çevirməyi hədəfləyir. “SOCAR Green” şirkətinin nümayəndəsi bildirib ki, şirkət Azərbaycanda geotermal enerji layihələrini inkişaf etdirir. Ölkənin ilk geotermal stansiyasının 2030-cu ilə qədər istifadəyə verilməsi planlaşdırılır. Belə layihələr ilkin mərhələdə yüksək sərmayə və dövlət dəstəyi tələb edir, lakin düzgün idarə olunduqda sabit və dayanıqlı enerji mənbəyi təmin edə bilər. Bununla yanaşı, şirkət tullantıların yandırılması texnologiyalarına dair layihələr həyata keçirməyi planlaşdırır. Məsələn, 37 MVt gücündə tullantıları yandıran zavod kimi pilot istiqamətlər yaxın perspektivdə reallaşa bilər. Bu, həm tullantıların idarə edilməsinə, həm də lokal elektrik-isitmə ehtiyaclarının ödənilməsinə töhfə verə bilər.
Forumda iştirak edən beynəlxalq qurumların mövqeyi də xüsusi önəm daşıyırdı. Dünya Bankı rəsmiləri Azərbaycanın yeni enerji layihələri ilə bağlı qəbul edəcəyi qərarları gözlədiklərini vurğulayıblar. Bu, Azərbaycanın enerji sahəsindəki hər addımının qlobal maliyyə institutlarının diqqətində olduğunu göstərir. Başqa sözlə, Bakı yalnız regional yox, artıq qlobal enerji dialoqunun mühüm oyunçusudur.
Dünya Bankının energetika üzrə baş mütəxəssisi tədbirdə bildirib ki, Bank Azərbaycan hökumətinin yeni enerji layihələri ilə bağlı qərarını gözləyir və hazırda texniki yardım göstərilən böyük bir layihə (AZURE) var. Bu, beynəlxalq maliyyə institutlarının layihələrin icrasına texniki-maliyyə dəstəyi verməyə hazır olduğunu göstərir və hökumətin prioritet qərarları yatırım axınlarını sürətləndirə bilər.
Azərbaycanın bərpaolunan enerji planlarının ən iddialı istiqamətlərindən biri də Naxçıvan Muxtar Respublikasıdır. Regional inkişaf və enerji təminatı məqsədilə Naxçıvan Muxtar Respublikasında 2028-ci ilə qədər iki günəş elektrik stansiyasının (GES) istifadəyə verilməsi planlaşdırılır. Bu cür parkların qurulması həm yerli enerji təhlükəsizliyini yüksəldir, həm də iqtisadi fəallığı artırır.
“Yaşıl Enerji Həftəsi”ndə beynəlxalq şirkətlərin ölkəmizə marağı bir daha özünü göstərdi. Dünyanın aparıcı enerji şirkətlərindən biri olan “ACWA Power” Azərbaycana xüsusi strateji tərəfdaş kimi yanaşdığını bəyan etdi. Şirkətin biznesin inkişafı üzrə direktoru Polina Lyubomirova çıxışında vurğuladı ki, Azərbaycan milli iqtisadiyyatı, bütövlükdə, regionun enerji ehtiyacları baxımından, “yaşıl layihələr” üçün əlverişli məkandır. Onun sözlərinə görə, “ACWA Power” ölkəmizdə həyata keçirilən müxtəlif layihələrlə Azərbaycanın ekoloji və davamlı inkişaf strategiyasını dəstəkləyir. Lyubomirova Azərbaycanda qarşıda duran müəyyən çağırışların olduğunu da diqqətə çatdıraraq bildirdi ki, şirkət məhz reallaşdırdığı layihələrlə bu çağırışlara cavab vermək niyyətindədir.
Hazırda ən mühüm təşəbbüslərdən biri 200 MVt gücündə külək elektrik stansiyasının tikintisidir. Bu stansiya istifadəyə verildikdən sonra regionun ən böyük enerji obyektlərindən birinə çevriləcək. Eyni zamanda, “ACWA Power” yaxın günlərdə Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisi ilə bağlı dövlət-özəl tərəfdaşlığına dair mühüm saziş imzalayıb.
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova isə çıxışında qeyd etdi ki, 2027-ci ilə qədər ölkəmizdə – Naxçıvandakı layihələrdən əlavə 8 yeni günəş və külək elektrik stansiyası istismara veriləcək. Artıq ilk mərhələdə 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının tikintisi başa çatıb. Bu, Azərbaycanın “yaşıl enerji” yolunda atdığı ən mühüm addımlardan biridir.
Hazırda ikinci mərhələ – 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası üzrə işlər gedir və layihənin bu ilin sonuna qədər yekunlaşacağı gözlənilir. Növbəti illərdə isə daha böyük layihələr gündəmdədir. 2026-cı ildə ümumi gücü 760 MVt təşkil edən günəş stansiyalarının istifadəyə verilməsi planlaşdırılır. Bunlar 445 MVt-lıq “Biləsuvar” GES, 315 MVt-lıq “Neftçala” GES və 100 MVt gücündə “Qobustan” GES-dir. 2027-ci ildə isə 240 MVt gücündə “Abşeron-Qaradağ” GES, 50 MVt-lıq “Üfüq” GES, 50 MVt-lıq “Şəms” GES və 240 MVt-lıq “Şəfəq” GES Azərbaycan enerji xəritəsinə daha dörd yeni obyekt kimi əlavə olunacaq.
“Yaşıl Enerji Həftəsi 2025” göstərir ki, Azərbaycan üçün bərpaolunan enerji həm də iqtisadi diversifikasiya, texnologiya transferi və regional təsir vasitəsidir. Geotermal pilotlar layihələrdən yaşıl hidrogen strategiyasına qədər irəli sürülən konseptlər reallaşdıqca ölkənin enerji mənzərəsi tədricən dəyişəcək və bu dəyişiklik yalnız enerji sahəsini deyil, iqtisadiyyatın daha geniş spektrini əhatə edəcək. Dünya Bankı və digər beynəlxalq tərəfdaşlarla yaxın əməkdaşlıq, düzgün maliyyə-hüquqi mexanizmlər və güclü institusional dəstək bu transformasiyanın uğur qazanması üçün əsas şərtlərdir.
Vüqar BAYRAMOV,
Milli Məclisin deputatı
Azərbaycan regionda “yaşıl enerji”yə ən çox investisiya yönəldən ölkələrdən biridir. Son illərdə bu sahəyə 1 milyard dollardan artıq xarici sərmayə cəlb olunub. Ölkəmiz həm də “yaşıl enerji siyahısı”na daxil olub və karbon emissiyalarının azaldılması ilə bağlı konkret hədəflərə malikdir. Bu kontekstdə, 2030-cu ilə qədər ölkə üzrə istehsal edilən enerjinin 35 faizinin yaşıl mənbələrdən təmin olunması, karbon emissiyalarının isə 40 faiz azaldılması nəzərdə tutulur. Bundan başqa, Azərbaycan Avropaya “yaşıl enerji” ixrac etməyi planlaşdıran əsas dövlətlərdən biridir.
Bu istiqamətdə artıq Azərbaycan–Gürcüstan və Avropa İttifaqı arasında razılaşmalar əldə olunub. Layihəyə əsasən, Azərbaycanın “yaşıl enerji”si Gürcüstan və Qara dəniz vasitəsilə Avropa bazarına çıxarılacaq. Orta Asiya da “yaşıl enerji” potensialı baxımından diqqətçəkən bir regiondur.
Orta Asiyada yerləşən qardaş ölkələr Azərbaycan üzərindən “yaşıl enerji”ni Avropaya ixrac etməklə əlavə gəlirlər əldə edə bilərlər. Bu, onların ixrac strukturunu şaxələndirməsinə və ənənəvi məhsullardan kənar, yeni sahələr üzrə Avropa bazarına çıxış imkanlarını genişləndirməsinə şərait yaradacaq. Azərbaycan isə tranzit ölkə kimi enerji daşınmasından gəlir əldə edəcək.
Beləliklə, Azərbaycan həm “yaşıl enerji” ixracatçısına, həm də tranzit mərkəzinə çevrilməkdədir. Bu, yalnız enerji ixracatının strukturunun diversifikasiyasına deyil, həm də ölkənin dövriyyəsinin artmasına mühüm töhfə verir.
Eldəniz ƏMİROV,
iqtisadçı
“Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya” tədbiri çərçivəsində, SOCAR-ın timsalında “yaşıl enerji” sahəsində müxtəlif tərəfdaşlıq layihələrinin icrası aktivlik qazanıb. Belə ki, SOCAR ilə Avropa şirkətləri arasında imzalanmış Anlaşma Memorandumu Azərbaycanın gələcəkdə hidrogen ixracatçısına çevrilməsi üçün mühüm əsas yaradır. Azərbaycanın bu enerji siyasəti – yəni üçüncü enerji strategiyası olan alternativ enerji strategiyası beynəlxalq maliyyə institutları tərəfindən də dəstəklənir. Məsələn, Dünya Bankı Azərbaycanın bərpaolunan enerji sahəsində atdığı addımları dəstəkləmək məqsədilə 173 milyon ABŞ dolları həcmində maliyyə dəstəyi ayırıb.
Bu vəsait “Azərbaycanın bərpaolunan enerjinin genişləndirilməsi layihəsi” çərçivəsində nəzərdə tutulub. Digər tərəfdən, Azərbaycan “yaşıl” enerji tranzitində mərkəz funksiyası məsələsində də enerji həftəsi xüsusi yer tutur. Məlumdur ki, qlobal güclərin ölkəmizdəki maraqları çərçivəsində Azərbaycanın bu sahə üzrə mərkəz rolunu oynaması gündəmdədir. Bunun əsas səbəblərindən biri ölkəmizin tranzit qovşaqları çərçivəsində hab funksiyasını daşımasıdır.
Nurlan ABDALOV
XQ


