Yataq otağını dağınıq göstərən 5 səhv
Icma.az, Lent az portalına istinadən məlumat verir.
Yataq otağında müxtəlif parçaların, rəngarəng naxışların və dekorativ əşyaların həddindən artıq çox olması məkanın səliqəsiz görünməsinə səbəb olur. Dizaynerlər daha rahat və zövqlü interyer yaratmaq üçün bəzi detallara xüsusi diqqət yetirməyi məsləhət görürlər. Yataq otağı insanın dincəldiyi, günün yorğunluğunu çıxardığı və rahatlıq tapdığı məkan olmalıdır. Lakin interyerin tərtibatında yol verilən bəzi səhvlər otağı olduğundan daha dar, qarışıq və dağınıq göstərə bilər.
Lent.az xəbər verir ki, təcrübəli interyer dizaynerləri yataq otağında vizual qarışıqlıq yaradan beş əsas səhvi açıqlayıblar.
“Viola Interior Design” studiyasının təsisçisi Mariya Viola-Kuttruff və “Mackenzie Collier Interiors” şirkətinin dizayneri Rudi Arevalonun sözlərinə görə, yataq otağının tərtibatında əsas məqsəd şəxsi zövqlə genişlik və rahatlıq hissi arasında düzgün tarazlıq yaratmaqdır.
Mütəxəssislər aşağıdakı beş səhvdən uzaq durmağı tövsiyə edirlər.
1. Çarpayının yanındakı dolabların və komodların əşyalarla doldurulması
Suvenirlərin, xatirə əşyalarının, kosmetik vasitələrin və müxtəlif kiçik predmetlərin açıq şəkildə saxlanılması otaqda dərhal qarışıqlıq təəssüratı yaradır. Dizaynerlər göz önündə yalnız ən çox sevilən bir neçə əşyanın saxlanılmasını məsləhət görürlər. Çarpayının yanındakı dolabda isə telefon, saat, zinət əşyaları və yatmazdan əvvəl istifadə olunan digər gündəlik əşyalar üçün kifayət qədər boş yer qalmalıdır.
2. Müxtəlif parçaların, naxışların və yastıqların həddindən artıq çox olması
Fərqli toxumaların, rəngarəng naxışların və müxtəlif ölçülü yastıqların bir arada istifadəsi yataq otağını səliqəsiz göstərə bilər. Dizaynerlər diqqətçəkən naxışlardan yalnız müəyyən detallarda, məsələn, pərdələrdə, yataq örtüyündə və ya yataq dəstində istifadə etməyi tövsiyə edirlər. Rudi Arevalonun sözlərinə görə, çarpayı üzərindəki yastıqlar da müəyyən ardıcıllıqla yerləşdirilməlidir. Başlıq hissəsində üç-dörd böyük yataq yastığı, onların qarşısında iki-üç orta ölçülü yastıq, ən öndə isə bir kiçik dekorativ yastıq qoymaq olar. Belə düzülüş daha ahəngdar görünüş yaradır.
3. Divarların həddindən artıq bəzədilməsi
Divarlardan çoxsaylı rəsm əsərlərinin, fotoşəkillərin və plakatların asılması otaqda vizual qarışıqlıq yaradır. Mütəxəssislərin fikrincə, belə mühit günün sonunda insanın rahatlaşmasını çətinləşdirə bilər. Buna görə də yataq otağında xoş emosiyalar yaradan bir və ya iki sadə, zövqlü rəsm əsərinə üstünlük vermək daha məqsədəuyğundur.
4. Otaqda lazımsız mebellərin yerləşdirilməsi
Yataq otağına əlavə kreslolar, oturacaqlar, kiçik masalar və digər mebellərin yerləşdirilməsi məkanı daralda və sərbəst hərəkəti çətinləşdirə bilər. Mariya Viola-Kuttruff interyerin tərtibatında “az əşya – daha çox rahatlıq” prinsipinə əməl etməyi məsləhət görür. Onun sözlərinə görə, yataq otağında əsasən funksional mebellər – çarpayı, çarpayının yanındakı dolablar və komod saxlanılmalıdır. Belə yanaşma otaqda sakit və rahat ab-hava yaradaraq məkanı istirahət üçün nəzərdə tutulmuş SPA mühitinə bənzədə bilər.
5. Açıq saxlama sistemlərinə üstünlük verilməsi
Açıq rəflər və dolablar bəzən rahat görünsə də, onların üzərindəki əşyalar otaqda vizual qarışıqlıq yaradır. Hətta səliqə ilə düzülmüş geyimlər və digər əşyalar belə məkanın bütöv görünüşünü poza bilər. Dizaynerlər gündəlik istifadə olunan əşyaların qapalı dolablarda, siyirmələrdə və ya çarpayının altındakı saxlama qutularında yerləşdirilməsini tövsiyə edirlər. Bu üsul yataq otağının daha geniş, səliqəli və sakit görünməsinə kömək edir.
Mütəxəssislər vurğulayırlar ki, rahat yataq otağı yaratmaq üçün bahalı təmirə və ya yeni mebellərə ehtiyac yoxdur. Bəzən artıq əşyalardan imtina etmək, rəngləri uyğunlaşdırmaq və düzgün saxlama həllərindən istifadə etmək kifayətdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 25 Noyabr 2026 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















