Icma.az
close
up
RU
Yaxın 5 ildə manatın məzənnəsi sabit qalacaq

Yaxın 5 ildə manatın məzənnəsi sabit qalacaq

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan manatının məzənnəsinin növbəti beş ildə də sabit qalacağı proqnozlaşdırılır. “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin proqnozuna görə, Azərbaycan manatının ABŞ dollarına de-fakto bağlılığı ən azı 2030-cu ilin sonuna qədər 1,7 manat səviyyəsində saxlanılacaq. Hakimiyyətin ortamüddətli perspektivdə valyuta çevikliyinin tədricən artırılması ilə bağlı planları elan etməsinə baxmayaraq, sabit məzənnənin saxlanılması əsas siyasi prioritetlərdən biri hesab olunur.

Agentliyin yaydığı məlumatda qeyd olunub ki, Azərbaycan Mərkəzi Bankı bank sistemində struktur likvidlik artıqlığının idarə edilməsi alətlərini inkişaf etdirməyə davam edir, həmçinin pul-kredit siyasətinin transmissiya mexanizminin səmərəliliyini gücləndirir. “Buna baxmayaraq, monetar qərarların iqtisadiyyata təsiri məhdud olaraq qalır”, - “Fitch” analitikləri vurğulayırlar. Onlar məhdudlaşdırıcı amillər arasında daxili pul bazarlarının yetərincə inkişaf etməməsini, bank sektorunda yüksək likvidliyi, həmçinin dollarlaşmanın əhəmiyyətli səviyyəsini qeyd edirlər. 2025-ci ilin aprel ayına depozitlərin 40 faizə qədəri azalma tendensiyasına baxmayaraq, xarici valyutada ifadə olunur”, - agentlik vurğulayır.

Azərbaycan Mərkəzi Bankı inflyasiyanın qarşısını almaq və makroiqtisadi vəziyyəti sabitləşdirmək məqsədilə 2017-ci ildə milli valyutanın 1 ABŞ dollarına nisbətən məzənnəsini 1,7 manat səviyyəsində müəyyən edib.

Qeyd edək ki, “Fitch” ilə yanaşı, Niderlandın “ING Group”u və Asiya İnkişaf Bankının analitikləri də manatın dollara bağlılığının 2026-cı ilə qədər saxlanılacağını gözləyirlər. Öz növbəsində, Azərbaycan İqtisadiyyat Nazirliyi və “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi mövcud sabit məzənnə rejiminin ən azı 2028-ci ilin sonuna qədər saxlanılacağını proqnozlaşdırır.

İqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, vəziyyətin indiki şərtlər daxilində uzunmüddətli dövrdə davam etməsi real görünmür: “Düzdür, beynəlxalq təşkilatlar bu istiqamətdə mövqe ortaya qoyur.  bir sıra hallarda onların proqnozları Azərbaycan hökumətinin rəsmi sənədlərinə əsaslanır, hökumətin açıqlamalarından qaynaqlanır. Məsələn, 2026-2029-cu illər ortamüddətli büdcə çərçivə sənədində manatın ABŞ dollar qarşısında məzənnəsinin sabit qalacağı proqnozlaşdırılıb. Bu, iqtisadi inkişaf strategiyasında, Mərkəzi Bankın gələcəyə hesablanmış sənədlərində də belədir. Aydın məsələdir ki, hökumət, İqtisadi Sabitlik Şurası mümkün olan qədər manatın məzənnəsini sabit saxlamaqda qərarlıdır, buna çalışacaqlar. Amma onu da qeyd etmək lazımdır ki, xüsusilə 2024-cü ilin sonlarından başlanan proseslər, 2025-ci ilin əvvəlindən beynəlxalq ticari-iqtisadi münasibətlərdə gedən köklü dəyişikliklər, neft bazarındakı qiymət enişi, Azərbaycanda yaranmış yeni çağırışlar, o cümlədən işğaldan azad olunmuş əraziləri bərpasına irihəcmli vəsaitlərin ayrılması, həmin vəsaitlərin idxalı artırması, bu artımın tədiyə balansı üzərində yaratdığı təzyiqlər, müsbət ticarət saldosunun azalması kimi məsələlər uzunmüddətli dövrdə manatın məzənnəsinin sabit saxlanması imkanlarını xeyli dərəcədə məhdudlaşdırır. Bütün bunları nəzərə almaqla, düşünürəm ki, uzunmüddətli dövr üzrə manatın məzənnəsinin sabit qalması ehtimalı 50 faizdən yuxarı deyil”.

İqtisadçı qeyd edib ki, manatın məzənnəsinin 2030-cu ilədək sabit saxlanması birbaşa dünya neft qiymətlərindən asılı olacaq: “Burada əsas rolu neftin dünya bazar qiyməti oynayacaq. Əgər qiymət 70 dollar və ondan yuxarı olacaqsa, dollar/manat məzənnəsi dəyişməyəcək. Ondan aşağı düşərək, uzun müddət belə qalacaqsa, böyük çətinliklər meydana çıxacaq.

Azərbaycan üçün neftin qiyməti ilə yanaşı, hasilatın azalması da çətinlik yaradır. Belə ki, Dövlət Statistika Komitəsinin aylıq hesabatına əsasən, 2025-ci ilin yanvar-may aylarında Azərbaycanda əmtəəlik neft hasilatı 11,4 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 16,2 milyard kub metr təşkil edib. Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 1,7 faiz artıb.

Azərbaycan hökuməti, milli neft şirkəti olan SOCAR və yataqlarda işləyən xarici şirkətlərlə əldə olunan razılaşmaya əsasən, neft hasilatında düşmə sürətini azaltmaq üçün bir sıra addımlar atılır. Bu addımlardan biri ölkənin ən böyük neft yatağı olan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqları yerləşən “Mərkəzi Azəri” platformasında yeni qaz kompressor qurğusunun quraşdırılmasıdır. BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrelin açıqladığı məlumata görə, bu lahiyə AÇG-də neft hasilatının azalmasının sürətinin azalması və stabilləşdirilməsi tədbirləri çərçivəsində həyata keçiriləcək. Yeni qurğu laylara qazın vurma həcmini artırmağa imkan verəcək. Qordon Birrel qeyd edib ki, AÇG-də hasilatın düşmə sürətini azaltmaq məqsədi ilə bir sıra tədbirlər görülür. Bu tədbirlər sırasında, təzyiqin artırılması üçün laylara daha çox su və qaz vurulur.

İqtisadiyyat üzrə fəlsəfə doktoru Ruslan Atakişiyevin sözlərinə görə, mövcud iqtisadi şəraitin tələbindən dolayı son illər Azərbaycanda sabit məzənnə siyasəti yürüdülür. Əslində Azərbaycan manatının təsbit olunmuş məzənnəsi sırf dollara qarşı məzənnəni müəyyənləşdirib. Digər valyutalara qarşı isə “üzən məzənnə”nin tətbiqini hiss edirik”.

R.Atakişiyevin fikrincə, Azərbaycan iqtisadiyyatına inamı formalaşdırmaq, daxili və xarici investisiyaları cəlb etmək üçün sabit məzənnə daha etibarlıdır: “Ölkə daxilində də psixoloji olaraq sabit məzənnə sərfəlidir. Amma qonşu ölkələrdə “üzən məzənnə” tətbiq edilir. Lakin bizdə əhali də tam “üzən məzənnə”yə hazır deyil. “Üzən məzənnə”nin gətirdiyi dalğalanmalara kəskin reaksiya verilir. Bu zaman inflyasiya dərinləşir. Sabit məzənnə isə əhalinin yığımına da təsir edir və inamı artırır”.

İqtisadçı bildirib ki, uzunmüddətli praktikada sabit məzənnə heç də yaxşı nəticələr vermir: “Çünki dövlət bu məzənnəni saxlamaq üçün daim tədbirlər görməli olur. Bu tədbirlər Mərkəzi Bank tərəfindən makroiqtisadi siyasət çərçivəsində aparılır”.

İqtisadçı-ekspert Famil Niftiyevin sözlərinə əsasən, sabit məzənnə siyasətinin müəyyən müsbət əlamətləri mövcuddur: “Manatın sabitliyi dedikdə, onun məzənnəsinin bazar amillərinə baxmayaraq, qorunması, yəni süni şəkildə sabit saxlanılması başa düşülür. Bu sabitlik, ilk baxışdan, müsbət iqtisadi görüntü yaradır. Əhali və biznes subyektləri üçün daha proqnozlaşdırıla bilən maliyyə mühiti formalaşır. İstehlak mallarının, xüsusilə idxal məhsullarının qiymətində qeyri-sabitlik yaranmır. Dollarla borcu olan şəxslər və müəssisələr üçün valyuta riski azalır. İnflyasiyanın da idarəolunan səviyyədə saxlanılması məhz sabit məzənnənin nəticələrindən biridir. Bundan əlavə, maliyyə sektoru üçün də müəyyən rahatlıq yaranır - banklar üçün risklərin idarə olunması asanlaşır, kredit bazarında qeyri-müəyyənlik azalır”.

F.Niftiyev vurğulayıb ki, uzunmüddətli dövr üçün isə sabit məzənnə siyasətinin mənfi tərəfləri mövcuddur: “Əgər manatın məzənnəsi süni şəkildə saxlanılırsa, bu, ixrac üçün ciddi çətinlik yarada bilər. Məsələn, yerli məhsullar xarici bazarda rəqabət qabiliyyətini itirə, istehsalçılar isə qiymət baxımından qeyri-rentabelli mövqeyə düşə bilərlər. Belə olan halda ölkənin ixrac potensialı zəifləyir və bu durum qeyri-neft sektorunun inkişafına mənfi təsir göstərir. Bundan əlavə, yerli istehsal əvəzinə ucuz və keyfiyyətsiz idxal məhsullarına üstünlük verilməsi daxili sənayenin zəifləməsinə səbəb olur. Digər bir risk ondan ibarətdir ki, sabit məzənnəni saxlamaq üçün Mərkəzi Bank daim valyuta bazarına müdaxilə etməlidir. Bu isə Dövlət Neft Fondundan və Mərkəzi Bankın ehtiyatlarından ardıcıl istifadəni tələb edir. Əgər dünya bazarlarında neftin qiymətində ciddi azalma baş verərsə və valyuta axınları zəifləyərsə, ehtiyatların tükənməsi riski yaranır. Bu ssenaridə qəfil devalvasiya qaçılmaz olur”.

İqtisadçı-ekspert Fuad İbrahimov qeyd edib ki, dünya valyutalarının məzənnəsinin formalaşmasında əsas şərtlərdən biri idxal-ixrac əməliyyatlarındakı balansın səviyyəsi və eləcə də ölkənin iqtisadi dayanıqlılığıdır: “Nəzərə alaq ki, Azərbaycanın neftdən  asılılığı yüksəkdir. İndiki vəziyyətdə də neftin qiymətində nisbi sabitlik olsa da arzuolunan səviyyədə deyil. Ona görə də büdcə xərclərində neftin qiymətini diversifikasiya olunmuş səviyyədə saxlayırıq ki, hər hansı bir təhlükə yaranmasın. Bununla belə, neft gəlirləri ilbəil azalır. Bunun da tək səbəbi hasilatın azalması və neft qiymətinin aşağı düşməsidir. Hər bir halda neftdən daxilolmalar azalsa da, profisit var. Bu da manatın dayanıqlı olmasına şərait yaradır. Bundan əlavə, Azərbaycanın kifayət qədər çox valyuta ehtiyatı var”.

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://525.az
archiveBu xəbər 18 İyul 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see584

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see523

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see287

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see272

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see256

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see256

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see251

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see248

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see243

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see239

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see209

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see199

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see192

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see190

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see183

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see182

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see180

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri