Yaxın tarixə aydın ədəbi baxış
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
İsmayıl KAZIMOV,
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, professor
Tanınmış şair və yazıçı Şövkət Zərin Horovlunu ilk dəfə Cəbrayıl rayonunun Soltanlı kəndində görmüşdüm. Mən, deyəsən, 10-cu sinifdə oxuyurdum, o isə cavan, gözəl bir xanım idi. Hüseyn müəllim özünə ömür-gün yoldaşı Şövkəti, eşitdiyimə görə, onlar bir yerdə oxuyanda tapmışdı. Horovlu kəndi Soltanlıdan 40 km. aralı idi. Onların camaatı ilə bizim camaat fərqlənirdi. Dedilər, Hüseyn müəllimin külfəti Bakıdan gəlib. Bir xanım Araz çayının bir qolu olan Bəydilli arxının üstə durub düşüncəli-düşüncəli İrana tərəf baxırdı. Əlində dəftər-qələm də var idi. Nəsə yazırdı. Sonra öyrəndim ki, "Arazdan gələn səs" romanını yazırmış. Ayağı yalın idim.
Yanından keçdim, ürkək bir nəzərlə, uşaq ədası ilə salam verdim. "Kimin uşağısan" - dedi. "Qonşunun" - dedim. "Torpağın üstündə elə ayaqyalın gəzmək yaxşıdır", - dedi.
Şövkət xanım həm şeir yazır, həm də nəsr əsərləri. Hər ikisində çox böyük uğur qazana bilib.
Aradan illər keçib. İndi biz Bakıda yaradıcılıq məkanlarında, tədbirlərdə görüşürük. Bir el adamı kimi hal-əhval tuturuq. Yazdıqlarımızdan bir-birimizin xəbəri var.
Professor Hüseyn müəllim mənim çox istədiyim şəxsiyyətlərdən idi. Bakıya gələndə AZİ-də bir neçə dəfə mühazirəsini dinləmişdim. İndi tələbələrə mühazirə oxuyanda bir onun, bir də müəllimim - ustadım Qəzənfər Kazımovun yerişini, yerimək isəyirəm ki, tələbələrin xoşuna gəlim.
Şövkət xanım şeiri birinci yazıb, ya nəsri, deyə bilmərəm, nəsri ilə də keçmişin, bu günün, hətta gələcəyin həqiqətlərini bəyan edir. Bir oxucu kimi bu həqiqətlərə inanmaq və dərk etmək olur. Təzəcə oxumağa başladığım "Axırıncı gediş" romanı ("Apostrof-A", Bakı-2023, 380 səh.) təsvir edilən zamanın, insanların (Əbdülqədir, Osman, Səriyyə, Şiringül, Xumnara və b.) həyat həqiqətlərini yüksək bədii formada verə bilirsə, onu qəbul etmək ədalətli bir gedişdir. Bu əsər də kamil bədii-estetik və tarixi bir örnəkdir. Ədəbi fikrimizdə bu örnəyində mühüm yer tutacagına inanmaq olar. Bütün əsərlərində olduğu kimi, məhz bu gözəl romanında da müəllifin öz bədii qayəsi görünür, sözü görünür, fikri görünür. Üslub özünəməxsusluğunu çox faktlar əsasında izah edə bilərik. Yazıçı gördüyü, hiss etdiyi tarixi hadisələri (1905-11-ci illərdə Səttarxan məşrutə inqilabının süqutundan sonra mərkəzi Rəşt şəhəri olan Gilan "Cəngəllilər" (meşə adamları) hərəkatı, Əfqanıstanda, Kabildə baş verən hadisələr və s.) dəqiq və həssas, yerli-yataqlı müşahidə edir və bunu nəsrində bədiiləşdirir: Onlar maşına oturanda tutqun payız günəşi gah görünür, gah da dörd yandan Kabilin üstünə əyilən dağların arxasında yox olurdu. Əsrlərlə həsrətin çəkdikləri bu Azadlıq günəşi Əfqanıstanın dumanlı göylərində bir də görünəcəkmi! Kim bilir...

Şövkət Zərin bu romanda da mövzu tapıntısına, ideya və düşüncəsinə, dil və üslubuna görə zəmanəsinin fədəkar qızıdır.
Hər bir təfərrüat, demək olar ki, "Axırıncı gediş" romanının başlıca ideyasını aça bilir, mövzunun müəyyən bir cəhətinin aydınlaşmasına yardım edir. Yazıçının yaratdığı obrazlar tufanlardan keçir, həyat yollarında bərkiyir, möhkəmlənir. Onlar sonda dəyişir. Hərəkət və düşüncələri başqalaşır. Təkcə öz taleləri üçün fikirləşmirlər, bütün xalqı düşünürlər. Əsərdəki obrazlar, əlbəttə, qorxulu yollar keçərək şübhəli adamlar tərəfindən izlənilir. Surətlər həsrətli baxışları ilə yadda qalır. Qadınlar illərdən bəri öz səadət və xoşbəxtliklərini axtarırlar. Onların ürək odlayan həyat tarixçələri var. Əsas məsələlərdən biri də qız-gəlinlərimizin cəhalətin əlindən yaxa qurtarmasıdır. Bəzən dini qaydalar onların əl-qolunu bağlayır. Onlar sözünü, istək və arzusunu, sevgisini dilə gətirməkdən qorxurlar. Dar ayaqda, çətin günlərdə Şövkət xanımın obraz və personajları bir-birinə kömək əli uzadırlar.
Yazıçının toxunduğu məsələlərin bu gün də əhəmiyyəti böyükdür. Əfqanıstan və başqa torpaqlarda insanların dözülməz və faciəli həyatı romanda ağrılı bir dillə təsvir olunur. "Axırıncı gediş"də 70-ci illərin sonundan müəllifin Əfqanıstan torpaqlarında müşahidə etdiyi hadisələr, əhvalatlar təsvir olunur. Onlar azadlıq günəşinin doğmasını səbirsizliklə gözləyirlər. Kabil şəhərində insanların əli işdən soyuyur, onlar ağ günə çıxmaq ümidi ilə küçələrə çıxırlar. Mitinqlər səngimək bilmirdi. Camaatda baş qaldıran narazılıq kinə, nifrətə çevrilir. Qadın qəhrəmanın aldadılmasını, düşdüyü ağır vəziyyəti həyəcansız oxumaq olmur.
Bir qədər də romanın dili barədə. Dil şair və yazıçının yaradıcılıq qabiliyyətinin ilk addımıdır, o, bədii əsərin taleyini həll edir. Həmin qabiliyyət Tanrının insana bəxş etdiyi ilahi bir bacarıqdır. Cəmiyyət bütün incələmələrini, bütün kəşf və ixtiralarını, bütün yaradıcılıq gücünü, əlbəttə, dil sayəsində qoruyur və gələcəyə ötürür. Dil olmasaydı, mədəniyyət də olmazdı. Dil olmasaydı, irəliləmə, inkişaf, öyrənmə marağı və təşəbbüsü də ola bilməzdi.
Şübhəsiz, insan həyatındakı kimi, bədii əsərlərin özündə də dilin əhəmiyyəti böyükdür. Dil vasitəsilə yazıçı həyat hadisələrini, onun içərisində olan həqiqətləri, yalanları və başqa cəhətləri əks etdirir. Yəni ədəbiyyatın, ədəbi-bədii əsərlərin, o cümlədən, "Axırıncı gediş"in mənim tərəfimdən də təhlili sağlam bir dil şüuru və dil zənginliyi ilə mümkün olub.
Hələ əvvəllər də hiss etmişəm ki, həm şeirlərində, həm də nəsrində Şövkət Zərin ana dilini yaxşı duyur, dilimizin qrammatik-üslubi qayda-qanunlarından baş çıxarır, dili sevir, ona məhəbbət bəsləyir, duyğuları ilə onu yaradır, şivə materiallarından çox da istifadə etmir, yazdığının içində dil möcüzələri - məcazlar da yaradır. Bu baxımdan onun fikir və hissləri təbiidir, aydındır, hadisə və obrazların dolğun və ətraflı təsviri xoşagələndir. Qeyd etdiyimiz təhkiyə əsərin sonrakı gedişində obraz nitqi ilə çulğalaşır, bürünür, qapanır və beləliklə, sintez formalaşır. Şövkət xanımı bu əsərin dilinə görə tənqid etmək olmaz. Ona görə ki, burada bədii dilin bütün estetik-qrammatik, norma prinsipləri gözlənilib. Təhkiyə ustalığına baxaq: "Yayın qızmar günü idi. Kollarda cırcıramaların səsi həzin bir musiqini xatırladır, bağın lap ortasından axan suyun səsinə qarışıb insanın əsəblərini sakitləşdirirdi. Orda-burda meyvə alıb bazarda baha satanların səsi eşidilirdi. Tək-tək həyətlərdən yanan ocağın, ya təndirin tüstüsü burula-burula isti havaya qarışıb havanı bir az da cansıxıcı boğunuq edirdi. Həyətin tən ortasındakı qollu-budaqlı iydə ağacının altında azca sərinlik hiss olunurdu ki, babasının gündüzlər oturduğu, gecələr yatdığı taxtı orda qoyulmuşdu..."
Bu mikromətndə onun üslubu mədənidir və yazıçı Azərbaycan dilinin təbii imkanlarından ustalıqla istifadə edə bilib. Müəllif bəzən özü susur, obrazları danışdırır: "Sən bu kafirlərin xislətini bilmirsən, bala. Atam deyərdi ki, onlara inanmaq, ya ürək açmaq olmaz. Onlar dovşanı araba ilə tutanlardı.
- O nə deməkdir, baba, - Mahmud dilləndi.
- Bu o deməkdir ki, səni tovlayıb elə söz alarlar ki, heç özün də bilmədən tora düşərsən, güdaza gedərsən".
Göründüyü kimi, obraz və personajların danışığı fərdi keyfiyyətlərə malikdir, bu, etik-estetik cəhətdən də yüksək təsir bağışlayır.
Şövkət xanımın üslubu dünyabaxışı ilə, təsvir etdiyi tarixi mərhələnin sosial gerçəklikləri ilə birləşir, özünəməxsusluq yaradır. Həmin özünəməxsusluq onun ədalət, azadlıq və həqiqət axtarışlarında, müxtəlif cəmiyyətlərin (Azərbaycan, İran, Əfqanıstan) problemlərinin bədiiləşdirməsində, sevgi, mənəviyyat və əxlaq məsələlərinə aydınlıq gətirməsində hiss olunur. Bunlar tam şəkildə xalqların milli-müstəqillik uğrunda mübarizəsi və bu şüurun formalaşması və inkişafında əsas rol oynayan mövzulardır. Şübhəsiz, belə aktual mövzular hərtərəfli səviyyədə təqdim olunur, üslubu da cəlbedici və vüsətlidir.
Şövkət xanımın sözügedən romanda gerçəkləşən ideyası, dili və üslubu onun, əlbəttə, vətəndaş mövqeyini, cəmiyyətə, ətraf aləmə, xalqın mentalitetinə, ümumxalq dilinə, ədəbi dilə münasibətini, əsaslandığı estetik prinsipləri müəyyənləşdirməyə imkan verir və bütün bunlar toplu halda onun fərdi bədii dəsti-xəttini xarakterizə edir.
Bədii həmcinslər bu romanın dilində sinonim vasitə kimi çıxış edir. Başqa yazıçılarda bu xüsusiyyəti çox da görmək olmur. Cümlə ortasında eynimənalı söz və ifadələrin işlənməsi Şövkət xanımım sintaktik üslubunu səciyyələndirə bilər. Mənə elə gəlir ki, bu həmcins üzvləri sıralamaq çox çətindir: "Bu dilsiz baxışlar, lal sükutlar nələr demirdi, İlahi! Səriyyənin gözləri qaraldı, başı gizəlləndi. Üzünə kölgə salan uzun kirpiklərinə, geniş alnında qıvrılan tellərinə, solğun yanaqlarına bir daha nəzər saldı".
Mənə elə gəlir ki, bu üslubi norma üslubiyyatımızda, sənətkar tapıntısı kimi daha geniş tədqiq edilməlidir.
Bənzətmələr də romanın dilini bəzəyir: "Şiringülün çətir kimi qara, uzun kirpikləri..."; "Dünya gözünə gah bal kimi, doğma, gah da uzaq görünürdü".
"Axırıncı gediş"də yazıçı sözünün qüdrəti, sözə, fikrə estetik münasibəti aşkarca görünür. Yazıçının təsvir etdiyi dövrün sosial-siyasi məsələlərinə münasibəti, mövqeyi bilinir. Bu romanda xalqların milli ruhunu, mübarizliyini və döyüşkənliyini görmək olar. Əsərin iştirakçıları milli-mənəvi ruhda inkişaf edirlər. Yazıçı əsərin yönünü tarixə tutur. Tarixi keçmiş bədii ədəbiyyatda kifayər qədər işıqlansa da, hələ də bu aspektdə deyiləsi sözlər çoxdur.
Bu romanı oxuyanda görkəmli yazıçımız Fərman Kərimzadənin "Axırıncı aşırım" romanını xatırladım. Axırıncı sözünün bir anlamı da ən yeni, yenicə meydana çıxan deməkdir. Güman etmək olar ki, burada müəllif axırıncı sözünü demir. Hələ deyiləcək söz, yazılacaq tarix çoxdur. Uğurlu gedişlər bir işin, hadisənin inkişafını səciyyələndirir. Bu əsərdə hadisələrin, inqilabi hərəkatın, mübarizənin və qəhrəmanların həyatının gedişi var. Şövkət xanım yaradıcılıqda düzgün yol tutub, bu yolla gələcəyə, ədəbiyyatın və ictimai həyatın sabahına nüfuz edə bilir.
Mən bu roman haqqında obyektiv və subyektiv düşüncələrimi yığcam şəkildə bildirməyə çalışdım. Yəqin ki, bir vaxtlar zaman da bu mükəmməl yaradıcı düşüncənin məhsulu olan əsər haqqında öz sözünü deyəcək. Müəllifə cansağlığı, yeni aktual, dəyərli gözəl əsərlər yazmasını arzulayıram.
14 fevral 2025-ci il

