Icma.az
close
up
RU
Yaxşı ana axtarışında Şahanə Müşfiq yazır

Yaxşı ana axtarışında Şahanə Müşfiq yazır

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şahanə MÜŞFİQ

Bir qadın nə vaxt "yaxşı ana" adını qazanır? Uşağını doqquz ay bətnində daşıyanda? Gecələr onun yatağı başında durub yatmayanda? Özünü unudub bütün həyatını övladına həsr edəndə? Karyerasından imtina edəndə? Yaxud əksinə, işləyib uşağına yaxşı gələcək qurmağa çalışanda?

Bəlkə də bu sualın cavabı düşündüyümüz qədər sadə deyil. Çünki "yaxşı ana" anlayışının özündən əvvəl cəmiyyətin gözündə bir "ideal ana" modeli var. O modelin isə qəribə xüsusiyyəti var, nə etsəniz, bir az daha artığını etməli olduğunuzu xatırladır.

Uşağınız xəstələnir - "ana diqqətli olmalı idi".

Uşağınız bağçaya gedir - "ana işləməkdən başqa, uşağa da vaxt ayırmalıdır".

Ana işləməkdən imtina edir - "özünü niyə inkişaf etdirmir?"

Uşaq telefon istəyir - "ana uşağa vaxt ayırmır".

Ana uşağına çox vaxt ayırır - "uşağı həddindən artıq ərköyün böyüdür".

Uşaq sakitdir - "ana onu qorxudur, sərbəstlik vermir".

Uşaq dəcəldir - "ana uşağa söz keçirə bilmir".

Beləcə, qadın övladının həyatındakı hər nəticənin məsuliyyətini öz üzərinə götürməyə başlayır. Hətta uşağın sadəcə uşaq olduğu üçün etdiyi səhvlərin belə cavabdehi hər zaman (!) ana olur.

Bəlkə də bizim "yaxşı ana" anlayışımızın ən böyük problemi elə budur: biz körpə bətnə düşdüyü ilk gündən etibarən qadından insan olduğunu unudub, yalnız ana olmasını gözləyirik.

lll

Bir qadın ana olduğu gün onun qucağına uşaq, çiyinlərinə isə bütün cəmiyyətin gözləntiləri yüklənir.

"Uşaq yatanda sən də yat", "Özünə bax", "Uşağı qucağa çox götürmə", "Çox ağladırsan, qucağına al", "İşə çıxma, uşaq balacadır", "İşdən çıxma, gələcəkdə peşman olarsan", "Uşağı bağçaya vermək tezdir, özün bax", "Bağçaya verməsən, sosiallaşmayacaq", "Südünü mütləq ver", "Əsas odur uşaq doysun", "Uşağı çox qoruma", "Uşağı gözündən kənara qoyma"...

Bu siyahını uzatmaq mümkündür. Çünki analıqla bağlı məsləhətlərin sonu yoxdur. Ən maraqlısı isə budur ki, həmin məsləhətlərin çoxu bir-birinə ziddir.

Bir qadın ana olanda sanki onun haqqında hamının fikir söyləmək hüququ yaranır. Qonşu, qohum, tanış, yad adam, sosial şəbəkədəki istifadəçi... Ən acınacaqlısı isə bu qədər səsin içində ananın öz səsini eşitməsi getdikcə çətinləşir.

lll

Əslində "yaxşı ana" haqqında danışanda ilk növbədə bir həqiqəti qəbul etmək lazımdır ki, mükəmməl ana yoxdur. Mükəmməl ana səhərdən axşama qədər səbirli olmur. Mükəmməl ana heç vaxt yorulmur deyil. Mükəmməl ana uşağına heç vaxt əsəbiləşmir deyil. Mükəmməl ana hər gün evdə üç növ yemək bişirmir, hər gün uşağı ilə inkişafetdirici oyunlar oynamır, daim xoşbəxt görünmür. Bəzən yaxşı ana sadəcə yorulmuş anadır. Bəzən yaxşı ana uşağı yatandan sonra mətbəxdə beş dəqiqə tək qalmaq istəyən qadındır. Bəzən yaxşı ana uşağına "indi yox, bir az sonra" deyəndir. Bəzən yaxşı ana səhv etdiyini etiraf edib övladından üzr istəyə biləndir. Çünki insan olmağın səhv etmək demək olduğu uşağa öyrədiləcək ən vacib şeylərdən biridir.

lll

Son illərdə analıqla bağlı başqa bir təzyiq də yaranıb: "Şüurlu valideynlik". Əlbəttə, uşağa diqqətlə yanaşmaq, onun hisslərini anlamağa çalışmaq, zorakılıqdan uzaq tərbiyə üsullarından istifadə etmək vacibdir. Amma bu anlayış bəzən başqa bir mükəmməllik yarışına çevrilir. Ana hər sözünü seçməlidir. Hər reaksiyasını ölçməlidir. Uşağın hər davranışının səbəbini tapmalıdır. Hər emosional ehtiyacına cavab verməlidir. Hər gün onunla keyfiyyətli vaxt keçirməlidir. Eyni zamanda ev təmiz, yemək hazır olmalıdır. Bütün bunlarla yanaşı isə, qadın həm də özünə baxımlı olmalıdır.

Mümkündür?

İnsan bütün bunları hər gün, hər saat, heç bir səhv etmədən, yorulmadan, usanmadan, bezmədən bacara bilərmi? Əlbəttə ki, yox.

Amma sosial şəbəkələrdə bizə çox vaxt elə bir analıq görüntüsü təqdim olunur ki, sanki başqa qadınlar hər şeyi çatdırır, yalnız biz çatdırmırıq.

Səliqəli ev. Gözəl səhər yeməyi. Gülərüz uşaqlar. İnkişafetdirici oyunlar. Ailəvi gəzintilər. Kitab oxuyan, idman edən, karyera quran və bütün bunların fonunda sakit və xoşbəxt ana...

Bir şəkil, bir video, otuz saniyəlik "hekayə"...

Amma həmin görüntünün arxasında neçə saatlıq yorğunluq, neçə dəfə ağlamaq, neçə dəfə əsəbiləşmək olduğunu bilmirik. Sosial media analığın özünü deyil, vitrini göstərir. Buna görə də onsuz da fiziki, psixoloji gərginlikdə yaşayan qadın bir də özünü başqa analarla müqayisə etməyə başlayır. Hər dəfə "filankəsin uşağı" daha yaxşı, daha ideal görünür. Sanki onu anası mükəmməl böyüdür, biz isə heç nəyə çata bilmirik.

Əslində isə həmin filankəsin evinin içərisində, dörd divarın arasında baş verənlərdən xəbərsizik, heç maraqlanmırıq da... Çünki biz çox vaxt başqasının həyatının nəticəsini öz həyatımızın prosesiylə müqayisə edirik.

"Yaxşı ana uşağına baxmalıdır". Bu cümlə ilk baxışdan tamamilə doğru görünür. Amma "baxmaq" deyəndə nəzərdə tutulan nədir? Uşağın yeməyini vermək? Paltarını geyindirmək? Xəstələnəndə yanında olmaq? Məktəbə aparmaq? Yoxsa onun gələcəyini düşünmək?

Əgər ana işləyirsə, uşağına az baxmış olur? Əgər ana işləmirsə, öz həyatından imtina etməlidirmi?

Bu sualların vahid cavabı yoxdur. Çünki hər ailənin iqtisadi vəziyyəti, ailə quruluşu, uşağın ehtiyacları, qadının istəkləri və imkanları fərqlidir.

Ancaq unutmaq olmaz ki, bir qadının işləməsi onu daha pis ana etmir. Bir qadının işləməməsi isə onu avtomatik olaraq daha yaxşı ana etmir. Əsas məsələ uşağın yalnız fiziki ehtiyaclarının deyil, emosional təhlükəsizliyinin də təmin olunmasıdır. Uşaq bilməlidir ki, evdə onu dinləyən biri var. Səhv edəndə danışa biləcəyi, qorxanda sığınacağı, sevincini bölüşəcəyi biri var. Ən əsası isə sevgini qazanmaq üçün mükəmməl olmaq məcburiyyətində deyil.

Bəzən ana olmaq qadından özünü tamamilə unutmağı tələb edən bir müqəddəs vəzifə kimi təqdim olunur. "Uşaqları üçün yaşayan", "yeməyib yedirən", "geyməyib geydirən", "saçını süpürgə edən" qadınlara cəmiyyət heyranlıqla baxır, onları qəhrəman elan edir. Amma bir qadının bütün həyatını yalnız fədakarlıq üzərində qurması həqiqətən uşağın xeyrinədirmi?

Uşaqlar yalnız özünü onlara fəda edən anaları deyil, öz həyatını da yaşayan anaları görəndə böyüyürlər. Kitab oxuyan, işləyən, dostları ilə görüşən, bəzən tək qalmaq istəyən, öz arzuları, məqsədləri olan, övladına "mən səni sevirəm, amma mənim də ehtiyaclarım var" deyə bilən ana uşaq üçün ən yaxşı tərbiyəçidir, məncə. Çünki bəlkə də uşağın öyrənəcəyi ən sağlam dərslərdən biri də budur ki, özünü sevmək hər zaman eqoizm deyil.

Digər tərəfdən, "uşağın bütün ehtiyaclarını ödəmək" anlayışı da bəzən yanlış başa düşülür. Yaxşı ana uşağının istədiyi hər şeyi edən, hər istəyinə "hə" deyən ana deyil. Uşağa sərhəd qoymaq sevgisizlik deyil. Əksinə, uşaqlar üçün sərhədlər təhlükəsizlik hissinin bir hissəsidir. Əlbəttə, sərhədlə zorakılığın arasındakı fərqi də mütləq bilməli və qorumalıyıq. Uşağın etdiyi hərəkəti tənqid etmək olar, amma onun şəxsiyyətini hədəfə çevirmək başqa məsələdir. Bəlkə yaxşı analığın ən çətin tərəflərindən biri də uşağı tərbiyə edərkən onun ləyaqətini qorumaqdır.

lll

Ana haqqında danışanda ataları da unutmaq olmaz. Çünki "yaxşı ana" mifinin başqa bir tərəfi də bütün valideynlik məsuliyyətinin qadının üzərinə qoyulmasıdır.

Keçən gün bir video ilə qarşılaşdım. Gənc ana kiçik övladının hər şeyi ilə (çimizdirmək, geyindirmək, yedizdirmək və sair) məşğul olarkən, arabir uşağın atasından nə isə istəyir. Həmin an nənə (atanın anası) özünü ortaya atıb, atadan istənilən şeyləri yerinə yetirir, oğlunun öz övladının baxımında iştirakına icazə vermir. Gənc ana buna etiraz edərkən isə "oğlum işdən gəlib, yorğundur" deyir. Ana "axı, mən də işdən gəlmişəm, mən də yorğunam" - deyəndə "analar yorulmaz" cavabı ilə qarşılaşır.

Uşağın 7 gün-24 saat bütün ehtiyaclarını ana qarşılayır, bütün işi ana görür, atanın etdiyi ən kiçik və sadə bir hərəkət isə onun böyüklüyü, anaya olan əvəzsiz yardımı kimi qələmə verilir. Halbuki atanın etdiyi həyat yoldaşına kömək yox, öz övladına qayğıdır. Axı uşaq "ananın işi" deyil, ailənin məsuliyyətidir.

Atanın uşağın həyatında fəal iştirakı ananın yükünü azaltmaqla yanaşı, uşağın öz atası ilə münasibətinin də formalaşmasına təsir edir. Bu baxımdan "yaxşı ana" sualının yanında bir başqa sual da dayanır: Yaxşı ata kimdir?

Məncə, cəmiyyət bu sualı da eyni ciddiyyətlə verməlidir.

lll

Bir qadının ana olmasından sonra onun bədəni də hər kəs tərəfindən haqqında danışılmağa haqq görülən bir mövzuya çevrilir. Hamının dərdi onun kiloları, makiyajsız üzü, qarışıq saçı olmağa başlayır. Uşaq görmək bəhanəsi ilə evinin səliqəsi, qazanındakı növbənöv yeməklər sorğulanır. Ondan həm yaxşı ana, həm yaxşı həyat yoldaşı, həm yaxşı işçi, həm baxımlı qadın, həm yaxşı ev sahibəsi olması gözlənilir. Və bütün bunları edərkən yorulmaq haqqı yoxdur. Əslində isə ən böyük yanlış elə budur. Ana da yorulur, darıxır, əsəbləşir, səhv edir, tək qalmaq istəyir. Amma bunların heç biri onun uşağını sevmədiyi anlamına gəlmir.

Uşaqların ehtiyac duyduğu ana bəlkə də bizim təsəvvür etdiyimiz o "ideal qadın" deyil. Onlara hər gün mükəmməl görünən ana yox, emosional olaraq əlçatan ana lazımdır. Onlara heç vaxt səhv etməyən ana yox, səhv etdikdə münasibəti bərpa etməyi bacaran ana lazımdır. Onlara hər problemini qabaqcadan həll edən ana yox, problem qarşısında özlərinin də düşünməsinə imkan verən ana lazımdır. Onlara hər dəqiqə yanında olan ana yox, yanında olmayanda belə sevgisinin davam etdiyini hiss etdirən ana lazımdır.

Ən əsası, uşağın anasının sevgisini qazanmaq üçün daim "yaxşı uşaq" olmasına ehtiyac olmamalıdır. Çünki sevgi mükafat deyil.

Fikrimcə, yaxşı ana uşağının həyatında özünü tamamilə itirən qadın deyil. Yaxşı ana həm uşağını, həm də özünü insan kimi görə bilən qadındır. O, uşağının bütün ağrılarını aradan qaldıra bilməz. Bütün səhvlərdən qoruya bilməz. Hər istəyini həyata keçirə bilməz. Hər zaman səbirli ola bilməz. Hər gün yanında ola bilməz. Amma uşağına hər daim təhlükəsiz sevgini verə bilər. Çünki illər sonra uşağın yaddaşında təmiz ev, təmiz paltarlar, növbənöv yeməklər, bahalı oyuncaqlar deyil, məhz həmin sevgi qalacaq.

Bir şeyi dərk etmək lazımdır ki, analıq yarış deyil. Burada birincə və sonuncu anlayışı, "Ən yaxşı ana" titulu yoxdur. Sadəcə böyüməyə çalışan bir uşaq və onunla birlikdə böyüməyi öyrənən bir qadın var.

Yaxşı ana olmaq hər gün mükəmməl olmağa çalışmaq yox, hər gün yenidən münasibət qurmağı, dinləməyi, sevməyi və lazım gələndə "mən də səhv etdim" deməyi bacarmaqdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Sentyabr 2026 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see360

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see352

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see280

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see265

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see257

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see249

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see248

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see247

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see241

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see240

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see229

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see222

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see217

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see215

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see209

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see204

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see201

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see200

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri