“Yaz sessiyasında Milli Məclisin fəaliyyətinin səmərəliliyi təmin olunacaq” Sədr
Icma.az, Sia Az portalına istinadən məlumat verir.
“Bildiyiniz kimi, Milli Məclis ötən ili uğurla başa vurmuşdur. Öz fəaliyyəti ilə parlament Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək üçün lazımi tədbirlər görmüşdür. Xatırladım ki, ötən ilin yekunları barədə sizə ətraflı məlumat vermişdim”.
SİA xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.
Milli Məclisin beynəlxalq fəaliyyəti sessiyalar arasındakı dövrdə də davam edib. Deputatlarımız 2 beynəlxalq təşkilatın tədbirlərində iştirak etmiş, parlamentin 10 üzvü tərəfindən 6 xarici ölkəyə 18 səfər həyata keçirilmişdir. Ay ərzində 5 ölkənin və 1 beynəlxalq təşkilatın 6 nümayəndə heyəti, ümumən 44 nəfər xarici qonaq Milli Məclisdə olub.
Sədr qeyd edib ki, Milli Məclis nümayəndə heyəti yanvarın 25-26-da Bəhreyn Krallığında rəsmi və işgüzar, yanvarın 27-də Birləşmiş Ərəb Əmirliklərində işgüzar, yanvarın 28-də isə Oman Sultanlığında rəsmi səfərdə olmuşdur. Bəhreyn Krallığına rəsmi səfər çərçivəsində Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə, Şura Məclisinin sədri Əli bin Saleh Al Saleh və Nümayəndələr Şurasının sədri Əhməd bin Salman Al Musalam ilə görüşlər keçirilib.
Sahibə Qafarova bildirib ki, Azərbaycan Milli Məclisi ilə Bəhreyn Nümayəndələr Şurası arasında Anlaşma Memorandumu imzalanıb. Eyni zamanda Asiya Parlament Assambleyasının 16-cı plenar sessiyasında Milli Məclisin sədrliyinin nəticələri barədə məlumat verilib və Manama Bəyannaməsi qəbul edilib.
Deputat həmçinin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərin əhəmiyyətini vurğulayıb: “Aralıq Dənizi Parlament Assambleyasının Qadın Parlament Forumunun 2-ci sessiyasında iştirak etmiş, Azərbaycanda gender bərabərliyi sahəsində mövcud vəziyyət və müsbət təcrübə barədə məlumat vermişəm. Eyni zamanda BƏƏ Federal Milli Şurasının sədri ilə görüşlərdə parlamentlərarası əlaqələrin dərinləşməsindən məmnunluq ifadə olunub və Azərbaycan Prezidenti cənab İlham Əliyevin ‘Zayed İnsan Qardaşlığı Mükafatı’na layiq görüldüyünü vurğulamışam”.
Oman Sultanlığına səfər zamanı Şura Məclisinin sədri və digər yüksək vəzifəli şəxslərlə görüşlərin keçirildiyini qeyd edən Sahibə Qafarova Azərbaycan ilə Oman arasında Anlaşma Memorandumunun imzalandığını, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğuladığını bildirib.
Sessiyanın qanunvericilik işləri ilə bağlı da məlumat verən sədar qeyd edib ki, bu yaz sessiyasında Nazirlər Kabinetinin hesabatı dinləniləcək, 2025-ci ilin dövlət büdcəsinin icrası, Hesablama Palatasının, İnsan hüquqları üzrə Müvəkkilin, bələdiyyələrin fəaliyyəti və digər müvafiq qurumların illik hesabatları təqdim olunacaq. Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı və parlament səlahiyyətləri ilə bağlı digər məsələlər də diqqət mərkəzində saxlanılacaq.
“Ölkəmizdə bu gün Gənclər Günü qeyd olunur. Möhtərəm Prezidentin sərəncamı ilə bir sıra fəaliyyət sahələrində fərqlənmiş gənclərə Prezident mükafatları təqdim edilib. Azərbaycan gəncləri dövlət və cəmiyyət həyatında önəmli rol oynayır, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatlarında tarixi qələbələrimizin əldə edilməsində mühüm iştirak etmişlər. Gənclərimizi ürəkdən təbrik edir, onlara möhkəm can sağlığı və uğurlar arzulayıram”, – deyə Sahibə Qafarova bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 02 Fevral 2026 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















