YAZIÇI TEYYUB QURBANIN SON SÖZÜ Qəşəm İsabəyli yazır
Icma.az bildirir, Adelet.az-ə əsaslanaraq YAZIÇI TEYYUB QURBANIN SON SÖZÜ Qəşəm İsabəyli yazır.
(memuar)
Nahara yaxın telefonum səsini atdı başına. Baxdım ki, Ayazdı, BDU-nun müəllimi, köhnə iş yoldaşım, mərhum yazıçı Qılman İlkinin oğlu. Adətimdi, zəng eləyənin kimliyindən asılı olmayaraq, birinci özüm danışıram. Özü də necə?! – Sözümə bal qatıb, dilimin şirin yerinə salıram:
–Salam, Ayaz!
–Salam, Qəşəm?
–Nə var, nə yox?
–Demirsənmi yaman pərt olmuşam?!
–Niyə?
–Səhər tezdən zəng elədim Teyyub Qurbana, doğum günü münasibətiylə, telefonu yoldaşı götürdü. Mən deyən kimi “Ayazdı...”. Qadın birdən dayandı, sanki cavab ver-mək istəmirdi mənə. De¬dim, lənət şey¬tana, bunlar ayrılıb-nədi?! İnan ki, üzə durdum axırda – xanım, Teyyub müəllimi istəyirəm! Dedi, bilirsiniz... Teyyub yoxdu. “Necə yoxdu, – dedim, – telefonu evdə qoyub gedib?!”. “Bilirsiniz... – dedi, – Teyyub... rəhmətə gedib!”. “Necəəə?!”... “Bəli...”. Bu xəbəri gözləmirdim deyə, inan, dilim batdı. Handanhana “Ruhu şad olsun!” deyə bildim...
– Ayaz, Teyyub müəllim 5-6 ay əvvəl dünyasını dəyişib, Əmircanda dəfnində də olmuşam! Elə bilirdim, bilirsən.
–Hardan bilə bilərəm?! Keçmişdə 5 qəzet çıxırdı, hamı oxuyurdu, indi statistikaya görə guya beş yüz qəzet çıxır, heç kim də oxumur...
–“Ədəbiyyat qəzeti”ndə nekroloq vermişdi Yazıçılar Birliyi.
–Nə bilim...
Yadıma qəzetin məsul katibi Atababa İsamayıloğlu düşdü. İlk baxışda maraqlı görünməyən Atababa əslində maraqlı adam idi. Heç yana tələsimirmiş kimi asta danışar, mənalı mövzulardan söz açardı. Növbəti dəfə nəşriyyatımıza gəlmişdi – təzə kitabı çıxırdı bizdə. Söz qəzetə abunəlikdən düşdü. Dedi, gərək yazıçıların hamısı bizim qəzetə abunə olsun. Demirəm ki, əla yazılar veririk, bir sayımızı oxumasan, nəsə itirmiş olacaqsan. Sadəcə dünyadan gedən yazıçılarımız haqqında məhz biz məlumat yayırıq. Odur ki, çalışıram, hamının foto-şəkli olsun əlimin altında. 5-6 il əvvəl Sabirabaddan qocaman yazıçı Əli Ağabəyli gəlmişdi, baş redaktorla söhbət eləyirdi. Tez-tez onların ya-nına girirb-çıxır, girəvə gəzirdim qonağın foto-şəklini çəkdirim. Axırda baş redaktor dözmədi:
–Nə vurnuxursan, Atababa?
–Müdir, Əli müəllimlə işim var.
–Mənimlə?! – Yazıçı tez ayağa durdu.
–İstəyirəm fotoqrafımız sizin şəklinizi çəksin!
Əli müəllimin şəklini çəkib, qoydum arxivimə. Qonaq gedəndən sonra baş redaktor məni məzəmmət elədi. Dedim, müdir, vaxt gələr, təşəkkür eləyərsiniz mənə!
Bir il keçməmiş Ə. Ağabəyli rəhmətə getdi. Stolumun siyirməsindən foto-şəklini çıxardıb, qoydum nekroloqa. Baş redaktor “Fəhminə əhsən!” dedi...
Bu gün Ayaz Musayev də yoxdu, Atababa İsmayıloğlu da haqq dünyasındadı. Ruhları şad olsun!
***
Yazıçı-tədqiqatçı Teyyub Qurbanla ilk görüşüm təsadüfi olub – küçədə. Bu qəribə görüş nə əlsıxmayla başlayıb, nə xoşgördüklə davam eləyib, nə də xudahafizlə başa çatıb. Sadəcə mən Konservatoriyanın qabağındakı yola çıxanda, görmüşəm, qarşıdan Teyyub Qurban gəlir. Çox güman ki, o da məni görüb. Bir-birimizə yaxınlaşanda... nə salam, nə kalam, bir-birimizin gözünün içinə sual dolu nəzərlərlə baxıb, keçib getmişik...
Təbii ki, həyatda olmasa da, mətbuatdan tanışlığımız vardı. İndi boynuma alıram, bu görüşün reallaşmamasının günahı məndə oldu. Axı Teyyub müəllimdən azı 14 yaş kiçik idim, ilkin olaraq mən salam verməliydim.
Teyyub Qurbanla ikinci dəfə Firidun bəy Köçərli ad. Uşaq kitabxanasında üz-üzə gəldik. Orda yaxşı bir direktor vardı – rəhmətlik Fizurə xanım. Tez-tez uşaq yazıçılarına müəllif hesabatı verdirirdi. Növbə mənə də çatmışdı. Deyim ki, Teyyub müəllim kitabxanada “Ədəbiyyat dərnəyi”nin rəhbəriydi. Onu da deyim ki, bir dəfə şahidi də olmuşdum, Fizurə xanımla Teyyub müəllimin fikirləri heç də həmişə üst-üstə düşmürdü. Amma sözün həqiqi mənasında demokratik ruhlu bir rəhbər kimi Fizurə xanım Teyyub müəllimin faydalı işini yüsək qiymətləndirir, onu gənc nəslin bədii zövqünün formalaşmasında gördüyü işdən ayırmaq haqqında heç fikirləşmirdi də. Bu sahədə əl-ələ verib işləyirdilər.
Kitabxanada Teyyub müəllimlə köhnə tanışlar kimi görüşdük. Onun dərnəyinin üzviləri “Elnur, Əkil və onların başına gələnlər” povestimdən kiçik səhnə hazırlayıb, oynayırdılar. Qeyri-təvazökarlıq olsa da, maraqlı yerləri vardı. Bu yerlərdə Teyyub müəllim çevrilib təqdiredici nəzərlərlə üzümə baxırdı. Əsər çox xoşuna gəlmişdi. Bundan sonra əməkdaşlığımız başladı. Məmməd Əmin Rəsulzadə haqqında, Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanım barəsində yazdığı bədii kitablarını nəşr elədik. Bir gün də böyük bir qovluqla qapımızdan girdi:
–Mir Cəfər Bağırov haqqında “Düşmənlərindən güclü şəxsiyyət” adlı kitab yazmışam. Nəşr eləyə bilərsiniz?
–Niyə eləmirik, Teyyub müəllim, işimizin adı nədi?!
Gülümsəyib diqqətlə üzümə baxdı:
–Qorxmursunuz ki?!
–Niyə də qorxmalıyıq?!
–Aydınlıq üçün deyim ki, sizdən qabaq başqa bir nəşriyyatda olmuşam. Əlyazmasını götürüb, kompüterdə yığıb, çapa hazır eləyib, istesalata vermək ərəfəsində direktor məni çağırtdırdı ki, bu kitabı nəşr eləyə bilmərəm. “–Niyə?!”. “–Mən bu boyda məsuliyyətin altına girə bilmərəm.”. “–Nə məsuliyyət var axı burda, – dedim, – böhtan atmamışam, kiməsə sataşmamışam, hökumətimizə qarşı çıxmamışam, nə yazmışam, hamısını Azərbaycan Dövlət Arxivindən götürmüşəm?!”. “–Yox, inciməyin, nəşr eləyə bilmərəm,”– deyib durdu. Odur ki, əlyazmasını götürüb, gəldim sizin yanınıza.
–Baxa bilərəm?
Teyyub müəllim sellofondan əlyazmasını çıxardıb, qoydu stolun üstünə. Mən nəzakət xatirinə bir-iki vərəqi çevirib, soruşdum:
–Sponsorunuz var yəqin?
–Bağırovun bacısı nəvəsi, xaçmazlı Tağı müəllim kitabın xərcini öz üzərinə götürüb.
Kompüterçini çağırıb, əlyazmasını verdim yığıma və tezliklə 584 səhifəlik böyük bir kitabı, yazıçı Qılman İlkinin “Ön sözü”ylə nəşr elədik. Hətta Qılman müəllimin bu sözləri də yadımdadı: “Mir Cəfər Bağırovu Teyyub bizə sevdirə bildi.”. Onda 2006-cı il idi. Kitabın redaktorluq məsuliyyətini filologiya elmləri doktoru, professor Qorxmaz Quliyev və Əməkdar mədəniyyət işçisi, mər¬hum Ənvər Quliyev öz üzərlərinə götürdülər. Deyərdim ki, bu əsərin nəşri hadisə oldu. Tezliklə oxucular, xüsusən də yaşlı kitabsevərlər, istefada olan partiya və dövlət adamları tərəfindən kitab maraqla qarşılandı. Daha bir neçə nəşrini həyata keçirtdik bu əsərin.
Kitabı oxuyan mərhum Xalq şairi Qabil “Şirvannəşr”in direktoru kimi mənə açıq məktub yazıb, gərək ki, “Bakı-xəbər” qəzetində çap etdirdi. Kitabı maraqla oxuyub qurtardığını, ondan ayrıla bilmədiyini, hətta təzyiqinin kəlləçarxa çıxdığını da yazdı. Onu da yazdı ki, Teyyub Qurban bu kitabda “Heydər Əliyevin bostanına daş atıb”...
Məqaləni oxuyb, nəşriyyata gələn Teyyub müəllim bir qədər narahat olmuşdu:
–Qabil müəllim niyə belə eləyib, görəsən?! Axı o bir dəfə məni ölümdən qurtarıb.
Maraqla üzünə baxdım.
–Moskbada yaradıcılıq evindəydik, Qabil müəllim də ordaydı. Axşam kürü yemişdim, bir az da nəfsim güc gəlmişdi, deyəsən, çox yemişdim. Gecə gördüm ölürəm. Ay aman, ay da-ad. Qabil müəllim hardansa gəlib çıxdı, düşdü əl-ayağa. Tez “Təcili yardım” çağırtdırdı. Həkimlər gəlib, məni xilas elədilər... Amma indi... özümdən qorxmuram, kitabın taleyindən rahatsızam.
Düzü nə Teyyub Qurbana bir söz deyən oldu, nə mənə. Amma Qabil müəllimin bu məktubu bir az da kitabın şöhrətini artırdı.
Növbəti günlərin birində Teyyub müəllim sevincək girdi qapımızdan:
–Bir sponsor da çıxıb meydana!
–Nə gözəl!
–Amma qarşıma şərt qoyub.
–Nə şərt?
–Deyir, kitabı verin, dostum nəşriyyat direktorudu, o, nəşr eləsin.
–Nə olar, gənə də sağ olsun!
–Yox ey, mən istəyirəm siz nəşr edəsiniz.
–Teyyub müəllim, əsası odur ki, kitabınız geniş yayılsın.
Kompüterçi qızı çağırıb, kitabın elektron variantını Teyyub müəllimə verməyi tapşırdım.
Bir həftə keçməmiş Teyyub Qurban yenidən qapımızı döydü:
–Bilirsiniz, kitabı nəşr eləmək istəyən naşir deyir, “Düşmənlərindən güclü şəxsiyyət”i öz adımızla buraxa bilmərik.
–Niyə buraxa bilmirlər?!
Güldü. Rəhmətliyin qəribə də gülüşü vardı, lap uşaq kimi çiyni atılırdı güləndə və bu xoş ovqat istər-istəməz qarşıdakı adama da sirayət eləyirdi.
–Qorxurlar!
–Qorxurlar?! – Mən də zarafata saldım, – deyin, qorxu duası yazdırsınlar özlərinə.
Yenidən güldü:
–Əlacı sizdə görürlər.
–Məndə?! – Təəccüb elədim. – Düzdü, əmim oğlu molladı, amma mənə keçməyib onun fal açıb, dua yazmaq istedadı.
–Deyirlər, kitabı yalnız “Şirvannəşr”in qrifiylə çap eləyə bilərik.
–Təki kitabınız bir daha işıq üzü görsün, – deyib, razılıq məktubunu yazıb, möhürləyib, verdim Teyyub müəllimə.
Yeri gəlmişkən deyim ki, adını naşir qoyan bir çoxları bəzən heç nədən qorxuya düşür, xalq üçün, vətən üçün vacib kitabların nəşrində belə yaxalarını kənara çəkirlər. Əgər nəşriyyatdan yalnız qazanc məqsədiylə istifadə etmək məqsəd idisə, belələrinin gedib bazarda kartof-soğan satmağı yaxşı olmazdımı?!
On illərlə əvvəl məşhur “Şərq-Qərb” mətbəəsinin direktoru Hacı Quliyev zəng elədi mənə:
–Qəşəm, Şirməmməd müəllim (Ş.Hüseynov – Q.İ.) bir kitab hazırlayıb, “Məmməd Əmin Rəsulzadənin əsərlərinin 1-ci cildi”, bir nəşriyyat tapmıram ki, kitabı onun qrifiylə çap eləyim. Sənin nəşriyyatının qrifindən istifadə eləyə bilərik?
–Göndərin əlyamasını, baxım.
Kitab “Şirvannəşr”in qrifiylə nəşr edildi. Bu nəşrdən xeyli sonra Milli kitabxanadan zəng edib, bir nüsxə istədilər, əlimizdə olan son nümunəni də onlara verdim.
Bəli, Teyyub Qurbanın da “Düşmənlərindən güclü şəxsiyyət” kitabı belə çətinlikdən keçmişdi. İlk çapından ötən 6 il ərzində kitab başqa nəşriyyatda məhz bizim qriflə nəşr edildi. Sonralar kitabın təkmilləşdirilmiş irihəcmli 2-ci, 3-cü və 4-cü kitabları da çapdan çıxdı. Həmin kitablar çox mühüm tarixi-siyasi mənbələrdir. Teyyub Qurban 5-ci kitabı da çapa hazırlamışdı. Onu da deyim, Azərbaycanın müstəqilliyinin ilk illərində (1918-1920) təhsil almaq üçün xaricə göndərilən 100 tələbə haqqında da kitab hazırlamışdı Teyyub müəllim. Bilmədim taleyi necə oldu.
***
Teyyub müəllim zahirən səliqə-sahmanlı adam idi. Sözündə-söhbətində rəsmiyyətçilik hiss eləməsən də, geyim-kecimində bu rəsmiyyətçiliyi görməmək mümkün deyildi. Bəlkə də ilk gənclik illərindən yüksək vəzifələrdə işləməsiydi bu keyfiyyətləri onda aşılıyan. Tələbə vaxtı Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Komsomol Komitəsinə başçılıq eləmiş, sonra Respublika Xalq Nəzarəti Komitəsi deyilən, o vaxtkı vəzifə adamlarının qorxduğu bir təşkiatda işləmiş, Müstəqillik dövrümüzdə isə Suraxanı rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuşdu. Bu idarələrdə onu təmiz, haqq-ədalət adamı kimi görüb sevmişdilər.
Bir dəfə fəxrlə dedi: “Suraxanıda onlarla insana təmənnasız torpaq sahəsi verdirmişəm”.
Bu xeyirxah insan İsmayıllıdan olan şeir yazan adi müəllimə də əl uzatmışdı. Hətta Xalq şairi Rəsul Rzanın da xahişini canla-başla yerinə yetirmişdi. Rəhmətlik danışırdı ki, BDU-da işləyəndə Rə¬sul müəllim bir gün yanıma gəldi. Tez ayağa durub qarşısına getdim. O vaxtı oğlu, indiki görkəmli yazıçı Anar da tələbə idi, təbii ki, bəzi dələduz tələbələr də vardı ki, yüksək mədəniyyətli bu gən¬cə xor ba¬xırdı. Rəsul müəllim vəziyyəti araşdırıb, gedəndə dedi: “Komsomol, Anarı sənə tapşırıram! Gözün üstündə olsun!” “Narahat olmayın, Rəsul müəllim!” – Dedim.
Teyyub müəllimin yaxşı yoldaşlığını da görmüşəm. Bir dəfə Məhəmməd Əmin Rəsulzadənin iziylə Lahıca gedib çıxmışdıq. Bizə böyük öndərin qaldığı evi nişan verdilər. Dedilər, Rəsulzadəni görənlərdən bircə evin gəlini sağdı. Getdik görüşünə, xəbər verdilər ki, yataq xəstəsidi, heç kimi qəbul eləmir. Biz inanmasaq da, inanmaqdan başqa əlacımız qalmadı. Odur ki, yolumuzu qəsəbə kitabxanasına saldıq. Xəzinələr yatağı bu kitab məbədi şan-şərəfinə layiq deyildi. Müdiri 50-60 yaşlarında bir qadın idi. Onunla işləyən bir xanım qayıtdı ki, iki-üç ay əvvəl bir nazir gəlmişdi kitabxanamıza. Başqa sahənin adamıydı, o da iş yerimizin kasıb körkəmindən gileyləndi. Gedəndə rəy kitabının arasına 200 dollar qoyub çıxdı. Baxın, bizim bu müdür pulu qapıb, qaçdı nazirin dalıyca:
–Pulunuzu götürün!
–Qoyun qalsın.
–Xahiş edirəm!
–Dedim də, pulu özünüzə götürün.
–Bizə haram pul lazım deyil... – dedi.
Bilmirəm kitabxana müdiriı bu sözləri nə məqsədlə deyib, onu da bilmirəm ki, bu sözləri nazir hansı mənada başa düşüb.
Sadə kitabxanaçının müdrik hərəkəti eynimizi açdı.
Bir gecə Lahıcda qalıb, səhər tezdən yola düşdük. Yolda Teyyub müəllim ibrətamiz məsləhətlər verdi mənə:
–Yaşı 80-ni keçmiş adamlarla uzaq yola çıxmayın. Ölər-eləyər, çətinliyə düşərsiniz. Bir də gördünüz ki, haqq-nahaq kimsə sataşır sizə, fikir verməyin.
Yadımdadı, Teyyub müəllim səhhətindən də söz açdı mənə:
–Səhər duranda hiss edirəm ki, təzyiqimim yüksəkdi. Asta-asta yeriyirəm ki, özümə gəlim.
Düzü, təzyiqin təhlükəsi haqqında onda təsəvvürüm zəif idi. İndiki təcrübəyə malik olsaydım, deyərdim, Teyyub müəllim, axşam yatmazdan əvvəl, səhər duranda təzyiqinizi ölçün. Amma artıq bu sözlərdən heç təsəlli kimi də istifadə eləmək olmaz. Teyyub müəllim də, ruhu şad olsun, təzyiqin qəzəbinə gəldi...
Lahıcdan çıxanda çətinlik çəkmişdik – uca qayalardan daş diyirlənib üstümüzə düşə bilərdi. Bir gözümüz göydə, biri yerdə, axır ki, həyəcandan qurtulub, dərindən nəfəs aldıq. İsmayıllı yoluna qədəm basandan sonra tezliklə Şamaxıya gəlib çıxdıq.
Teyyub müəllim dedi, bəs burda bir nəfər məni gözləyir, dostluq münasibətimiz var, onunla görüşməliyəm. Hər dəfə deyir ki, Şamaxıya gəlin, sizi Pirquluya aparıb, yaxşı bir qonaqlıq verəcəm. Görüm bunun qonaqlığı nə olacaq.
Dedim, Teyyub müəllim, ana babam Qanı kişi şamaxılıydı, zəlzələdə Kürdəmirə köçmüşdü. Anam deyərdi, Qanı babam qızıl taciri olub, amma dırnağından darı sızmazmış. Hətta öləndə belə var-dövlətinin yerini deməyib oğul-uşağına. Eləsi çıxsa qarşınıza... bu qonaqlığa şübhəm olacaq.
–Görək da... – Teyyub müəllim gülüb, mənimlə xudahafizləşdi.
Elə səhəri günü Bakıya qayıtdı. Növbəti görüşümüzdə dedi, Şamaxıda düşməyimə dəyməzmiş...
–Niyə?
–Nə Piriqulu, nə qonaqlıq?!
Daha üstünü vurmadım.
***
Gözümüzü açıb “Azərbaycan gəncləri” qəzetinin redaktor müavini vəzifəsində gördüyümüz, Əməkdar jurnalist, Xəzər Universitetinin “Xəzər Xəbər” jurnalının baş redaktor müavini Əlirza Balayevin söh¬bə¬tiylə yazımıza yön versək, inanıram ki, mərhum Teyyub Qurbanın da ruhu şad olar:
–10-15 il idi hər şənbə günün ikinci yarısı, saat 4-də Teyyub gəlirdi yanıma, iki saat ərzində ədəbiyyatdan tutmuş siyasətə qədər müxtəlif mövzularda söhbət eləyirdik. Saat 6-da iş bitəndə gedib otururduq yaxınlıqdakı “Provans” restoranında. Çörək yeyir, deyib-gülür, uşaq kimi sevinirdik... Təbii ki, 50-dən... 60-dan da olurdu. Şəkəri olduğuna görə həkimi ona hər gün 70 qram araq içməyi tövsiyə eləmişdi (niyə məhz 70 ?). Gənclik illərində iş-gücə başı qarışan biz iki dost, inanın, bu görüşlərdə əsl istirahətin nə olduğunun dadını duyub, ləzzətini çıxardırdıq. Bəzən restoranda bizdən hesab almaz, deyərdilər ki, çatıb. Teyyubu tanıyanlar hörmət əlaməti olaraq özlərini büruzə vermədən hesabımızı ödəyib gedirmişlər. Yəqin elə bu görüşlərin təsirindəndir ki, ilk dəfə “Şirvannəşr”də nəşr edilmiş “Düşmənlərindən güclü şəxsiyyət” kitabının ilk nüsxəsini mənə hədiyyə edərkən, Teyyub Qurban belə bir avtoqraf yazmışdı:
“Varlığımdan ucalan tost –
Əlirzadır həqiqi dost!”
Necə deyərlər, “şənbə görüşləri”miz Teyyubun cavan qızının rəhmətə getdiyi vaxta qədər davam elədi. Yas havası ötüb, ata qəlbi təskin olandan sonra bir gün Teyyub dedi, Əlirza, qız balamdan sonra çox darıxıram, gəl həftədə iki dəfə görüşək. Beləcə, hər həftənin çərşənbə və şənbə günləri görüşməyə başladıq. Bu minvalla 5 il də keçdi. Adəti üzrə bir gün də oturub Teyyubu gözləyirdim, saat 4 oldu, gəlmədi. 2 saat da gözlədim və rahatsız oldum. Saat 6-da götürüb zəng elədim. Telefonu özü açdı:“Əlirza, başıma iş gəlib...” və səsi... sönüb getdi. Yoldaşı dedi ki, Teyyub insult olub...
Mənimlə danışandan sonra “Təcili yardım” çağırırlar. Onlar da gəlib ağır xəstəni götürüb aparırlar “Neftçilər xəstəxanası”na. Öz-özümə fikirləşdim ki, 84 yaşlı bir insan üçün bu, sağalmaz xəsctəlikdir axı. Niyə belə iş tutub həkimlər?!
Teyyub rəhmətə gedəndən sonra yoldaşı dedi, xəstə¬xa¬nada soydular bizi... Elə ki, gördülər onlara verməyə bir şeyimiz qalmayıb, Teyyubu qoşdular nəfəs aparatına, dedilər, aparın evinizə. Elə yoldaca keçindi.
Ölümü ölüm, zülmü daha artıq buna deyərlərmiş.
Dəfninə qohumları, dostları, tanış-bilişləri, kənd adamları... bir sözlə çoxlu insan gəlmişdi.
Sonralar “Provans” restoranının işçiləri soruşurdular:
– Niyə daha gəlmirsiniz, küsüb-eləmisiniz olma bizdən?!”
İlk əvvəllər dilim gəlmirdi bu ağır xəbərlə onların qanını qaraldım. Bir də 40-ı çıxandan sonra, “Teyyub Qurban rəhmətə gedib...” deyə bildim.
Çox təəssüf elədilər.
Daha mənim də ayağım ordan kəsildi.
03-26.01.2025
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)