Icma.az
close
up
RU
Yelisey Sarayı baykotla üz üzə...

Yelisey Sarayı baykotla üz üzə...

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Sentyabrın 10-da Fransada “Hər şeyi dayandırmaq!” çağırışı ilə kütləvi tətillərə başlanılacaq

Fransada 2018-ci ildən bəri Emmanuel Makronun rəhbərliyi ilə aparılan siyasət bu ölkəni açıq-aşkar həlli müşkül görünən çoxsaylı problemlərlə üz-üzə qoyub. Prezidentin özünü Fransanı Avropa İttifaqının (Aİ) aparıcı dövləti statusunda təqdim etmək cəhdlərinə rəğmən, ölkənin reallıqları bunun tamam əksinədir. İndi zaman-zaman “qoca qitə”yə bir sıra ilklər gətirən Fransanın yüksək iddialarda bulunmağa hansısa bir əsası yoxdur. Ölkənin 500 illik tarixə malik müstəmləkəçilik siyasəti Makronun “töhfələri” sayəsində çökmək üzrədir. Hazırda Fransa biabırcasına Afrikadan, dənizaşırı ərazilərdən qovulur, ölkələr bir-birinin ardınca Yelisey Sarayından asılılıqdan qurtulurlar.

Yelisey Sarayı  üçün ən kədərli məqam isə ondan ibarətdir ki, xarici siyasətdəki uğursuzluqlarla paralel şəkildə,  ölkə daxilində də böhran meylləri artır ki, bu da  kütləvi narazılıqlar yaradır. Artan vergilər, baş alıb gedən yüksək inflyasiya, hökumətin sərt qənaət rejiminə keçidin anonsunu etməsi insanları qəzəbləndirib. Müşahidə edilən proseslər fonunda belə bir  ictimai rəy formalaşıb ki, Makron iqtidarı ölkəni idarə etməkdə acizdir və hakimiyyətə yeni komanda gəlməlidir.

Ölkə boyuca ümummilli tətilə çağırış

Zaman-zaman baş verən inqilablar həqiqətən də Fransa tarixinin qürurverici səhifələridir. Bu inqilablar sayəsində Fransa Avropaya yeni bir yaşam tərzi, azad düşüncə, istibdada boyun əyməmək təcrübəsi gətirib. İndiki hakimiyyət dəyərlərə arxa çevirsə də, Fransa cəmiyyəti tarixi inqilab ənənələrinə sadiqdir. Bunu ölkədə Yelisey Sarayının yarıtmaz siyasətinə etirazların artması və artıq kütləvi hal alması bir daha təsdiqləyir.  Bu günlərdə Fransada siyasi partiyalar və həmkarlar ittifaqlarından kənar vətəndaş təşəbbüsləri tərəfindən irəli sürülən “Hər şeyi dayandırmaq!” çağırışı ölkə üzrə sosial şəbəkələrdə geniş yayılmağa başlayıb. Bu təşəbbüsün məqsədi sentyabrın 10-dan etibarən ölkənin tam iflic vəziyyətə salınmasıdır.

Sosial şəbəkələrdə yayılan mesajlarda təşəbbüskarlar insanları boykot, itaətsizlik və həmrəylik vasitəsilə ölkədə bütün sahələrdə işlərin dayandırılmasına - tətil etməyə çağırırlar.

“2025-ci il sentyabrın 10-dan başlayaraq tam və limitsiz tətilə gedirik... Artıq ödəmirik, istehlak etmirik, işləmirik... Bizim yeganə gücümüz TAM BOYKOT-dur”, - deyə sosial şəbəkələrdə edilən paylaşımlarda deyilir.

Tələblər arasında vətəndaş təşəbbüsü ilə referendum (RIC), daha yüksək pensiyalar, ümumi müqavimət və ya tətil kimi tələblər var. Hərəkat may ayında başlayıb, lakin iyulda hökumətin büdcə açıqlamalarından sonra daha geniş dəstək qazanıb.

Bu təşəbbüsün siyasi baxımdan neytral olduğu iddia edilsə də, onu keçmiş “sarı jiletlilər”, tələbələr, qeyri-sabit işçilər, tibb işçiləri və digər sosial qruplar dəstəkləyirlər.

Eyni zamanda, bəzi həmkarlar ittifaqları da prosesə qoşulur. Ümumi Əmək Konfederasiyası (CGT) (kimya, ticarət və enerji sektorları) və “Force Ouvriere1” sentyabrdan tətil xəbərdarlığı elan edib və sentyabrın 10-u üçün konkret aksiyalar planlaşdırılır. “Əyilməz Fransa” partiyasının lideri Jan-Lük Melenşon hərəkatın müstəqilliyini vurğulasa da, ona dəstəyini ifadə edib.

Sosial analitiklər bunu “Sarı jiletlilər” hərəkatından sonra davam edən sosial narazılığın təzahürü kimi dəyərləndirirlər.

Bu yeni çağırış Fransada sosial gərginliyin artdığı bir vaxtda baş verir və qarşıdan gələn büdcə səsverməsi ərəfəsində siyasi atmosferi daha da gərginləşdirir. Bu təşəbbüs gələcəkdə daha böyük etirazlara zəmin yarada bilər.

Narazılıqları artıran 2026-cı ilin büdcə qanunu

Hazırkı siyasi komandaya münasibətdə narazılıqların artmasına vətəndaşların sosial ədalətsiz hesab etdiyi 2026-cı il büdcə qanunu çox böyük təsir göstərib. Həmkarlar ittifaqları bu qanunu ədalətsiz, sosial hüquqlara qarşı hücum kimi qiymətləndirib.

Fransa Demokratik Əmək Konfederasiyasının (CFDT) rəhbəri Mariliz Leon “France Inter” radiosuna müsahibəsində büdcəni “tənbəl və keçmişə qapanmış baxış” adlandırıb. Onun sözlərinə görə, işçilər bu büdcəni qəbul edə bilməz. Hökumət ədalətli cavab vermir və bu səbəblə CFDT gələn ay kütləvi aksiyaları istisna etmir. Leon avqustun sonu və ya sentyabrın əvvəlində təşkil edilə biləcək mümkün səfərbərlik üçün qapıların açıq olduğunu bildirib.

Ümumi Əmək Konfederasiyasının (CGT) rəhbəri Sofi Bine daha sərt ritorika ilə çıxış edib. O, büdcə planını gənclər, işçilər, təqaüdçülər və işsizlər üçün qəbuledilməz geriləmə adlandırıb. CGT bəyanatında hökumətin planını əmək sahəsi üçün “qara il və şirkətlərə yeni hədiyyə” kimi xarakterizə edib. Bine bəyan edib ki, həmkarlar ittifaqları sosial geriləmənin qarşısını almaq üçün əllərindən gələni əsirgəməyəcək və digər həmkarlar ittifaqları ilə birlikdə hökumətin planını bloklamaq üçün strategiyalar hazırlanacaq. Onun sözlərinə görə, hazırda gündəmdə olan məsələ etiraz nümayişləri üçün səfərbərlikdir.

“Solidaires” həmkarlar ittifaqı da yayımladığı bəyanatda Bayru hökumətinin büdcəsinə qarşı çıxaraq ədalətli, həmrəy və ekoloji dayanıqlı yeni büdcə tələbi irəli sürüb.

Başqa həmkarlar ittifaqlarının rəhbərləri də ölkədəki iqtisadi böhranın əsas səbəbinin son 10 ildə aparılan uğursuz siyasət olduğunu bildiriblər.

Qeyd edək ki, Fransa hökuməti 2026-cı ildə büdcə kəsirini 4,6 faiz səviyyəsinə endirməyi planlaşdırır, lakin bunun üçün 40 milyard avro qənaət etmək lazım olacaq. Bu xüsusda fikirlərini ifadə edən Fransanın iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Erik Lombar BFMTV telekanalına müsahibəsində bildirib: “Bizim 3 trilyon avrodan çox dövlət borcumuz var və hər il kreditorlara daha çox məbləğ ödəməli oluruq. Beləliklə, büdcə kontekstində artıq fövqəladə vəziyyətdəyik. Keçən il kreditorlara 50 milyard avrodan çox vermişik, bu il isə 70 milyard avrodan çox olacaq. Bu, müdafiə büdcəsindən xeyli çoxdur. Buna görə də borcu sabitləşdirməliyik, bunun üçün isə büdcə kəsirini azaltmaq lazımdır”.

Göründüyü kimi, hökumət büdcə kəsirlərini sərt qənaət rejiminə keçməklə azaltmağı hədəfləyib ki, bu da ölkə boyunca sosial narazılıqların artması ilə müşayiət olunur.

Tətilin ilk dalğası əczaçılardan gəlib

Ayrı-ayrı sahələrdə isə vəziyyət daha kritikdir. Təsadüfi deyildir ki, əczaçılar sentyabrın 10-nu gözləmədən tətillərə start veriblər.Onlar hökumətin dərman zavodlarının apteklərə verdiyi endirimlərin yuxarı həddini azaltmaq qərarına qarşı tətil elan ediblər. Hökumətin bu addımının kiçik apteklərin gəlirlərinə ciddi zərbə vuracağı və bağlanacağı iddia olunur.

Hökumətin qərarına əsasən, dərman istehsalçıları apteklərə gündəlik istifadə edilən cenerik, yəni tərkibində kimyəvi maddə olan dərmanlar üzrə verilən endirimləri 40 faizdən 20-25 faizə endirəcəklər. Bu da apteklərin mənfəət gəlirlərinin kəskin azalması deməkdir.

Tətilin genişmiqyaslı olacağı gözlənilir. Belə ki, bəzi əczaçılar məcburi xidmətlə əlaqədar işləyəcəklər. Lakin onlar xüsusi sarğı taxaraq etiraz etdiklərini bildirəcəklər.

Əczaçılar ölkənin Baş naziri Fransua Bayruya da narazılıqlarını bildiriblər. Onların fikrincə, bu qərar səhiyyə naziri ilə razılaşdırılmadan qəbul olunub və dərman sənayesi şirkətləri üçün “hədiyyə”dir.

Etirazçılar “yaşıl jilet” hərəkatına başlayacaqlarını da bildiriblər. Məqsəd isə kənd və şəhər kənarındakı apteklərin bağlanmasının qarşısını almaqdır.

Fransa Əczaçılar İttifaqları Federasiyasının və Səhiyyə Sahəsində Azad Peşə Sahibləri Assosiasiyasının prezidenti Filip Besse bildirib ki, hökumətin müvafiq qərarı kiçik aptekləri sıradan çıxaracaq. “Bu bir çox apteklər üçün sonun başlanğıcıdır. Bu qərar sosial sığorta məsələlərinə də təsir edəcək”, - deyə o vurğulayıb.

Statistikaya görə, keçən il Fransada 260, bu ilin ötən dövründə isə 140 aptek fəaliyyətini dayandırıb.

“Novasco” metallurgiya qrupunun iflası

Fransanın xüsusi polad istehsalı ilə məşğul olan “Novasco” (əvvəlki adı Ascometal) metallurgiya qrupu Strasburq ticarət məhkəməsi tərəfindən rəsmi olaraq iflasdan qorunma rejiminə alınıb. Bu qərar əvvəlcədən başlanmış barışıq prosedurunun nəticəsi kimi qəbul edilib.

Yerli mətbuatın məlumatına görə, “Novasco” qrupunda çalışan 760 əməkdaşın taleyi qeyri-müəyyən olaraq qalır. Ən çox təhlükə altında olan müəssisə isə 450 nəfərin çalışdığı Mozel (Moselle) bölgəsində yerləşən “Hagondange” zavodudur.

Məhkəmənin qərarına əsasən, qrupun potensial alıcıları sentyabrın ortalarına qədər öz təkliflərini təqdim edə bilərlər. Sentyabrın 25-də təqdim olunmuş təkliflərin müzakirəsi üçün məhkəmə iclası keçiriləcək.

Xatırladaq ki, “Ascometal” şirkəti 2024-cü ilin iyul ayında Britaniyanın “Greybull Capital” investisiya fondu tərəfindən satın alınmışdı. Lakin fond Fransa dövləti ilə birgə vəd etdiyi 90 milyon avro sərmayəni yatırmayıb.

Hazırda “Novasco” əməkdaşları böyük narahatlıq içindədirlər. Sentyabrın 4-də vətəndaş dəstəkli genişmiqyaslı etiraz aksiyası planlaşdırılır. İşçilər “pul da qalmayıb, ümid də”, - deyərək öz gələcəklərinin qeyri-müəyyənliyi qarşısında dövlətdən və ictimaiyyətdən dəstək gözləyirlər.

Mübariz FEYİZLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:279
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Avqust 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see205

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see151

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see148

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see148

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see147

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see146

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see143

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see143

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see141

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see141

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see140

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see140

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see140

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see139

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see139

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see138

Gənc yaşda dodaq dolğusunun fəsadları barədə XƏBƏRDARLIQ

29 Sentyabr 2026 14:06see137

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see133

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see132

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri