Yeni əsrin yeni lideri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. O doğma Azərbaycanda böyük hörmətə və nüfuza malikdir. İndi Azərbaycan prezidentinin siyasi portreti bütün dünyada məşhurdur. Görkəmli siyasi və dövlət xadimi İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri, dahi dövlət xadimi Heydər Əliyevin oğludur. O, peşəkar siyasətçidir. İlham Əliyevin Azərbaycanda 2003-cü ilin prezident seçkilərinə qədər keçdiyi çətin və şərəfli yol onun bu mühüm və məsuliyyətli vəzifəyə seçilməsini təmin edən mühüm amil olmuşdur. Belə ki, 1977-1982-ci illərdə keçmiş SSRİ-də ən inkişaf etmiş ali təhsil ocaqlarından biri olan Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində yüksək təhsil alması və orada müəllim kimi dərs deməsi, dissertasiya müdafiə edərək elmi dərəcə qazanması onun aydın dövlətçilik dünyagörüşünə yiyələnməsində özünəməxsus rol oynamışdır. Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Avropa Şurası Parlament Assambleyasında ölkəmizin nümayəndə heyətinə 1995-2000-ci illərdə böyük bacarıqla başçılıq etməsi, bu mötəbər beynəlxalq qurumun sədrinin müavini seçilməsi İlham Əliyevin dünyada gedən ictimai-siyasi prosesləri, dövlətlərarası münasibətlərin görünən və görünməyən tərəflərini daha dərindən yaşamasına, nəticələr və qənaətlər əldə etməsinə şərait yaratmışdır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti (1994-cü ildən) və birinci vitse-prezidenti (1997-ci ildən), Azərbaycan Respublikasının baş naziri (2003) vəzifəsində çalışmışdır. Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və yeni Azərbaycanın qurulmasında Heydər Əliyevin ən yaxın silahdaşı olmuşdur.Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən İlham Əliyev, həm də görkəmli partiya xadimidir. O, ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP) lideridir. İlham Əliyev YAP-ın I qurultayında (1999) partiya sədrinin müavini, II qurultayında (2001) isə birinci müavini seçilmişdir. Bu mühüm vəzifənin öhdəsindən layiqincə gələn İlham Əliyev əhalinin geniş kütlələrinin Yeni Azərbaycanın quruculuğuna səfərbər olunmasında olduqca səmərəli fəaliyyət göstərir. 2000-ci ilin parlament seçkilərində YAP-ın seçki kampaniyasına İlham Əliyev başçılıq etmişdir. Məhz onun rəhbərliyi ilə YAP həmin seçkilərdə parlaq qələbə çalmış və Milli Məclisdə böyük əksəriyyəti qazanmışdır.İlham Əliyev Prezident Heydər Əliyevin gənclər siyasətinin həyata keçirilməsində misilsiz fədakarlıq göstərmişdir və bu sahədə fəaliyyətini indi də uğurla davam etdirir. 1997-ci ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti təyin olunan İlham Əliyev az vaxt içərisində həmin sahədə də yüksək təşkilatçılıq istedadına malik olduğunu göstərmişdir. Onun yorulmaz və gərgin əməyi sayəsində, qısa müddət ərzində, Azərbaycan idmanı ayağa qaldırılmış, dünya şöhrəti qazanmışdır. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı parlaq uğurlar İlham Əliyevin başçılıq etdiyi idman hərəkatının, hər şeydən əvvəl, böyük siyasi qələbəsidir.İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin (1-2-ci çağırış) deputatı olmuş, AŞPA-da Azərbaycan Parlamenti daimi nümayəndə heyətinin başçısı və AŞPA-nın vitse-spikeri və Büro üzvü vəzifələrində səmərəli fəaliyyət göstərmişdir. Azərbaycan xalqı qarşısındakı xidmətləri nəzərə alınaraq İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri təyin olunmuşdur. O, 2003-cü ilin Prezident seçkilərində parlaq qələbə qazanaraq xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır.
Müasir tariximizə möhtəşəm 21 il kimi yazılan ötən dövrdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin inkişaf etdirərək yeni geosiyasi şərtlərə uyğunlaşdırdığı siyasət nəticəsində Azərbaycan Respublikası misilsiz inkişaf yolu keçmişdir. Cənab İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasəti qısa müddətdə ona xalq arasında böyük rəğbət, sonsuz inam və etibar qazandırdı.
Məhz bu keyfiyyətlərinə görə xalqımız 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində də cənab İlham Əliyevi öz müstəqil dövlətinə yenidən rəhbər seçdi.
Ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi Prezident vəzifəsində cənab İlham Əliyevin qəbul etdiyi ilk mühüm qərar olmuşdur.
Belə ki, Prezidentin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli Fərmanı ilə müəyyən edilmiş strategiya ölkənin hərtərəfli inkişafına dair davamlı və sistemli proqramların əsasını qoymuş, sosial-iqtisadi inkişafın real dinamikasını təmin etmişdir. Bu Fərmanın davamı olaraq Prezidentin 2004-cü ildən başlayaraq Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı üzrə dörd dövlət proqramının qəbulu Azərbaycanın uzunmüddətli dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən iqtisadiyyatın infrastrukturu tamamilə yenidən qurulmuş və modernləşdirilmişdir. Nəqliyyat, enerji, təhsil, səhiyyə, turizm və digər sahələr üzrə infrastruktur demək olar tamamilə yenidən qurulmuş və infrastruktur imkanları əvvəlki illərlə müqayisədə xeyli genişləndirilmişdir. Azərbaycanın demək olar tamamilə qazlaşdırılması, elektrikləşdirilməsi, istifadəyə verilən yüzlərlə təhsil, səhiyyə və turizm müəssisələri, tikilən hava limanları (6-si beynəlxalq statuslu olmaqla), çəkilən minlərlə kilometrə qədər modern avtomobil yolları məhz İlham Əliyevin adı ilə bağlıdır.
Azərbaycanın iqtisadi müstəqilliyi möhkəmləndirilmiş və ölkə borc alan ölkədən donor ölkəyə çevrilmişdir.İlham Əliyevin təşəbbüsü ilə dünyanın ən böyük iki beynəlxalq müzakirə platformasının - Qoşulmama Hərəkatı və BMT Baş Assambleyasının iclası keçirilmişdir. Azərbaycan iqtisadiyyatı regionun ən rəqabətqabiliyyətli iqtisadiyyatına çevrilmişdir. Nüfuzlu Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı”na görə Azərbaycan iqtisadiyyatı uzun müddətdir ki, rəqabət qabiliyyətinə görə MDB məkanının yüksək rəqabətli iqtisadiyyatlarından hesab olunur.
Amalı qurub-yaratmaq olan, öz xalqını firavan günlərə qovuşdurmaq, hər bir azərbaycanlının prezidenti olmağı həyat fəlsəfəsinə çevirən cənab İlham Əliyevin modern Azərbaycanın quruculuğu və tərəqqisi naminə keçirilmiş və əvvəlkilərdən tamamilə fərqli ruhu, mahiyyəti ilə seçilən möhtəşəm Zəfər seçkisində qalibiyyəti şəksizdir. Sözsüz ki, 2024-cü il fevralın 7-də Azərbaycan xalqı öz konstitusiya hüququndan istifadə etdi, bu seçkidə fəal iştirak edərək səs verərək güclü Azərbaycan üçün İlham Əliyevi seçdi.
Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali Baş Komandan İlham Əliyev müharibə dövründə onlarla müsahibələr vermiş, bəzi ermənipərəst jurnalistlərin təxribat dolu suallarını tarixi faktlar və dəlillərlə cavablandırmışdır.Prezident İlham Əliyevin 2022- ci il 11 noyabr tarixində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” ilə bağlı Sərəncamı öz təsdiqini tapır. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda abadlıq, quruculuq işləri aparılır.Dövlətimizin qarşısında duran prioritet məsələlərdən biri məcburi köçkünlərin tezliklə öz torpaqlarında məskunlaşmasını təmin etməkdir. Bütün bu məsələlərin həll edilməsi üçün İlham Əliyev müxtəlif tədbirlər görür, sərəncam,fərmanlar imzalayır, şəxsən özü həmin ərazilərə gedərək quruculuq işləri ilə maraqlanır və tez bir zamanda başa çatması üçün göstərişlər verir.Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısı xalqa arxalanaraq Azərbaycanı inkişafa doğru aparır. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır.
Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir.
Azərbaycan Prezidenti İlham Əliyev bir çox ölkənin və beynəlxalq təşkilatların fəxri adları və mükafatlarına layiq görülmüş, AŞPA-nın fəxri üzvü diplomu və medalı ilə təltif olunmuşdur.Prezident İlham Əliyev keçən 21 il müddətində dövlətçiliyin sağlamlaşdırılması və inkişafı, beynəlxalq sülh və təhlükəsizliyin təminatı, habelə xarici ölkələrlə əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətinə görə Rumıniyanın "Rumıniya Ulduzu" (11 oktyabr 2004-cü il), Səudiyyə Ərəbistanı Krallığının "Kral Əbdüləziz" (8 mart 2005-ci il), Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının I dərəcəli Aleksandr Nevski (11 aprel 2005-ci il), Azərbaycan Respublikasının "Heydər Əliyev" (28 aprel 2005-ci il), Rus Pravoslav Kilsəsinin I dərəcəli Müqəddəs Serqi Radonejski (14 sentyabr 2005-ci il) və başqa ordenlərə layiq görülüb.12 noyabr 2021-ci ildə İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Prezident İlham Əliyevə "Türk Dünyasının Ali Ordeni" Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilməsi ən mötəbər hadisələrdən biri kimi tarixə düşdü.
Dörd ildən artıqdır ki, şanlı Zəfərimizin Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın qarşısında açdığı geniş üfüqlərdən bəhs edirik. Çoxəsrlik tariximizə yazılan Zəfər və Dövlət Suverenliyi Günləri Heydər Əliyev siyasətinin təntənəsi, Ulu Öndərin siyasi kursunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirməsinin nəticəsi kimi dəyərləndirilir.Qalib və bütövləşən Azərbaycanın hər dövrün çağırışlarını yüksək səviyyədə cavablandırması ölkəmizin uğurlarının davamlılığında əsas amillərdən biridir.
Prezident İlham Əliyevin müəllifi olduğu bugünkü qüdrətli Azərbaycan Ulu Öndərimizin görmək istədiyi qalib, bütövləşən, yeni Azərbaycandır.
Türkan Şadlinskaya,
Bərdə rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi