Icma.az
close
up
RU
Yeniyetməlik dövründə bu dəyişikliklər normaldır Mütəxəssis açıqladı

Yeniyetməlik dövründə bu dəyişikliklər normaldır Mütəxəssis açıqladı

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yeniyetməlik dövrü insan həyatında həm fiziki, həm də emosional baxımdan mühüm dəyişikliklərin baş verdiyi mərhələlərdən biridir. Bu dövrdə orqanizmdə hormonal və fizioloji dəyişikliklərlə yanaşı, reproduktiv sistemin formalaşması prosesi də başlayır. Menstruasiyanın başlanması, cinsi yetkinlik əlamətlərinin meydana çıxması, bədən quruluşunda dəyişikliklər və emosional dalğalanmalar yeniyetmələrin gündəlik həyatında müəyyən suallar və narahatlıqlar yarada bilər.

Mütəxəssislər bildirirlər ki, yeniyetməlik dövründə reproduktiv sağlamlıqla bağlı düzgün məlumatlandırma, sağlam həyat tərzi, şəxsi gigiyena və vaxtında tibbi nəzarət gələcək sağlamlığın əsas şərtlərindəndir. Bəs yeniyetməlik zamanı orqanizmdə hansı dəyişikliklər baş verir? Hansı hallar normal inkişaf prosesinin bir hissəsi, hansı əlamətlər isə həkimə müraciət etməyi tələb edir? Reproduktiv sağlamlığın qorunması üçün valideynlər və yeniyetmələr nələrə diqqət etməlidirlər?

Bu və digər sualları Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ailə Planlanması Məsləhətxanasının ginekoloqu Leyla Allahverdiyeva cavablandırır.

- Yeniyetməlik dövrünün xüsusiyyəti nədən ibarətdir və bu mərhələdə reproduktiv sağlamlıq necə xarakterizə olunur?

- Yeniyetməlik dövrü fərdin həyatında çoxsahəli inkişafın baş verdiyi mühüm mərhələdir və fiziki, emosional, sosial, intellektual dəyişikliklərlə xarakterizə olunur. Bu dövrdə hormonal sistem aktivləşir, cinsi yetkinlik prosesi başlayır və bədənin müxtəlif funksiyaları tədricən formalaşır.

Reproduktiv sağlamlıq bu mərhələdə xüsusilə vacibdir. Çünki hər iki cinsin nümayəndəsinin yetkinlik xüsusiyyətləri bu dövrdə təzahür etməyə başlayır və uzunmüddətli sağlamlıq üçün təməl qoyur. Hormonal dəyişikliklər bəzən emosional dalğalanmalar, özünəinam problemləri və sosial münasibətlərdə həssaslıqla da müşayiət oluna bilər. Yeniyetmələrin düzgün tibbi məlumat əldə etməsi, gigiyena və sağlam həyat tərzi barədə maarifləndirilməsi, həmçinin tibbi xidmətlərə çıxış imkanlarının olması onların gələcək reproduktiv sağlamlığı üçün prioritet hesab olunur. Bu dövrdə valideyn və müəllim dəstəyi, eləcə də peşəkar tibbi müşahidə fiziki, həm də psixoloji inkişafın balanslı olmasına kömək edir. Sağlam qidalanma, kifayət qədər yuxu və fiziki aktivlik hormonal tarazlığın qorunmasında mühüm rol oynayır. Reproduktiv sağlamlıq həm də gənclərin öz bədənini tanımasını, dəyişiklikləri düzgün qəbul etməsini və məsuliyyətli qərarlar verməsini təmin edir. Beləliklə, yeniyetməlik dövründə göstərilən düzgün tibbi və psixoloji dəstək insanın gələcək sağlam həyat keyfiyyətinə birbaşa təsir göstərir.

- Yeniyetmə orqanizmdə hansı fiziki dəyişikliklər baş verir?

- Yeniyetməlik dövründə bədəndə baş verən fiziki dəyişikliklər genişdir və orqanizmin yetkinliyə keçidinin əsas göstəricilərindən hesab olunur. Bu mərhələdə hormon səviyyələrinin yüksəlməsi orqanizmin funksiyalarını aktivləşdirir və bədənin xarici görünüşündə nəzərəçarpan dəyişikliklərə səbəb olur. Boy sürətlə uzanır, bədən ölçüləri tədricən dəyişərək daha yetkin formaya yaxınlaşır. Dərinin strukturu dəyişir, yağlılıq artır, həmçinin hər iki cinsdə bədənin müxtəlif bölgələrində tüklənmə artır, fiziki görünüş dəyişir və dəridə sızanaqlar əmələ gəlir. Bu dəyişikliklər, xüsusilə fiziki inkişaf tempi həmyaşıdlarından fərqli olduqda bəzən yeniyetmələrdə narahatlıq və ya özünəinamın azalmasına gətirib çıxara bilər. Buna görə də, fiziki dəyişikliklərin normal inkişaf prosesinin bir hissəsi kimi izah edilməsi və lazımi psixoloji dəstəyin göstərilməsi yeniyetmənin sağlam özünüqavrayışı üçün vacibdir.

Qızlarda bu dövrdə hormonal dəyişikliklər nəticəsində menstruasiya başlayır, menstrual sikl formalaşır, süd vəziləri böyüyür və inkişaf edir, çanaq genişlənir. Bədən quruluşunda əzələ və piy nisbətində dəyişikliklər müşahidə olunur. Yumurtalıqların fəaliyyəti aktivləşir və reproduktiv sistem tədricən yetkinləşir. Oğlanlarda isə testosteron hormonunun artması ilə səs tembri qalınlaşır, əzələ kütləsi artır, çiyinlər enlənir və boy sürətlə uzanır. Bu dövrdə cinsiyyət orqanları inkişaf edir və sperma istehsalı başlayır. Həm qızlarda, həm də oğlanlarda bu dövr emosional dəyişikliklərlə də müşayiət olunur. Yeniyetmələrdə əhval-ruhiyyə dəyişkənliyi, özünüifadə və sosial münasibətlərdə fərqliliklər görünə bilər. Eyni zamanda, müstəqillik axtarışı və şəxsiyyətin formalaşması prosesi də aktivləşir.

- Hər iki cinsin nümayəndələrində yeniyetməlik dövründə reproduktiv sağlamlıqla bağlı ən çox rast gəlinən narahatlıqlar hansılardır?

- Qızlar arasında ən çox rast gəlinən problemlər sırasında menstrual dövrlərin nizamsızlığı, ağrılı menstruasiya və hormonal disbalanslar yer alır. Menstruasiyanın başlanmasından sonra ilk bir neçə il ərzində dövrlərin qeyri-müntəzəm olması hormonal sistemin tənzimlənmə prosesi ilə əlaqədar normal hesab oluna bilər. Lakin davamlı şiddətli ağrı, həddindən artıq qanaxma, uzunmüddətli gecikmələr və ya qısa menstruasiya dövrü hallarında mütləq tibbi müayinə aparılmalıdır. Polikistik yumurtalıq sindromu (PCOS), qalxanabənzər vəzi ilə əlaqədar və digər endokrin problemlər də yeniyetməlik dövründə üzə çıxa bilər və peşəkar nəzarət tələb edir.
Oğlanlarda isə tez və ya gec cinsi yetkinləşmə, hormonal disbalans və xayaların inkişafı ilə bağlı problemlər müşahidə olunur. Bəzi yeniyetmələrdə varikosel, iltihabi proseslər və ya infeksiyalar kimi vəziyyətlər də rast gəlinir. Hormon səviyyələrindəki dəyişikliklər nəticəsində sızanaqlar, həddindən artıq tərləmə və bədən qoxusunun dəyişməsi kimi narahatlıqlar da yarana bilər. Bəzi oğlanlarda müvəqqəti süd vəzisi böyüməsi (ginekomastiya) müşahidə edilir ki, bu da çox vaxt fizioloji xarakter daşıyır.

- Yeniyetmələrdə reproduktiv sağlamlığın diaqnostikası üçün hansı müayinələr tövsiyə olunur?

- Yeniyetmələrdə reproduktiv sağlamlığın diaqnostikası üçün müayinələr fərdi vəziyyətə, yaş xüsusiyyətlərinə və mövcud şikayətlərə uyğun olaraq seçilir. İlk mərhələdə həkim konsultasiyası, anamnezin toplanması və fiziki inkişafın qiymətləndirilməsi aparılır. Bu zaman boy, çəki, bədən kütlə indeksi və ikincili cinsi əlamətlərin inkişaf səviyyəsi nəzərdən keçirilir.

Laborator müayinələrə hormonal analizlər, ümumi qan analizi və lazım olduqda digər biokimyəvi göstəricilər daxil edilə bilər. İnstrumental müayinələrdən ən geniş istifadə olunan üsul çanaq orqanlarının ultrasəs müayinəsidir (USM), bu da reproduktiv orqanların inkişafını və mümkün struktur dəyişiklikləri qiymətləndirməyə kömək edir. Göstəriş olduqda cinsi yolla ötürülən infeksiyalar üçün skrininq testləri də aparıla bilər.
Profilaktik yanaşma da mühüm əhəmiyyət daşıyır. Müəyyən hallarda HPV peyvəndi kimi qoruyucu tədbirlər tövsiyə oluna bilər. Uzunmüddətli menstrual pozğunluqlar, şiddətli ağrılar, qeyri-adi ifrazatlar, gecikmiş və ya həddindən artıq erkən cinsi yetkinlik əlamətləri müşahidə edildikdə mütləq həkimə müraciət edilməlidir. Bu müayinələrin əsas məqsədi problemləri erkən aşkar etmək və sağlam reproduktiv inkişafı təmin etməkdir.

- Yeniyetmələrdə hormonal və cinsi inkişaf hansı şəkildə izlənilir?

- Yeniyetmələrdə hormonal və cinsi inkişaf mərhələlər üzrə izlənir və qiymətləndirilir. Birinci mərhələ təxminən 10-13 yaş aralığını əhatə edir və bu dövrdə hipofiz vəzi, beyin və cinsiyyət vəzilərinin qarşılıqlı fəaliyyəti nəticəsində qızlarda süd vəzilərinin böyüməsi, ilk menstruasiya və menstrual siklin formalaşması baş verir. Oğlanlarda isə xarici cinsiyyət orqanlarının inkişafı başlayır və testosteron səviyyəsi artır. İkinci mərhələ 14-16 yaşlarda baş verir və bu dövrdə hər iki cinsdə boyun sürətlə uzanması, dəridə yağlanma və akne, əzələ kütləsinin artması müşahidə olunur. Eyni zamanda, emosional və psixoloji dəyişikliklər də diqqət çəkir, çünki hormonal dalğalanmalar davranışa təsir edir. Üçüncü mərhələ 17-19 yaşları əhatə edir və nisbi hormonal sabitlik dövrü hesab olunur. Bu mərhələdə cinsi sistem tam formalaşır, reproduktiv funksiyalar sabitləşir və reproduktiv potensial maksimuma çatır. Hər üç mərhələdə həkimlər, pediatrlar və endokrinoloqlar fiziki yoxlamalar, hormonal testlər və cinsi yetkinlik prosesinin inkişaf səviyyəsinin qiymətləndirilməsi vasitəsilə yeniyetmələrin inkişafını izləyirlər. Bu proses həm də psixoloji və sosial uyğunlaşmanın qiymətləndirilməsi ilə tamamlanır, çünki hormonal dəyişikliklər yeniyetmənin davranış və münasibətlərinə təsir göstərir. Beləliklə, hormonal və cinsi inkişaf sistemli və mərhələli şəkildə nəzarətdə saxlanılır.

- Yeniyetmələrdə reproduktiv sağlamlığın qorunması üçün nələri tövsiyə edərdiniz?

- Yeniyetmələrdə reproduktiv sağlamlığın qorunması üçün ilk növbədə düzgün və balanslı qidalanma, kifayət qədər yuxu və müntəzəm fiziki aktivlik vacibdir. Orqanizmin inkişaf dövründə vitamin və mineral balansının qorunması hormonal sistemin sağlam fəaliyyətinə müsbət təsir göstərir. Stressin düzgün idarə olunması və zərərli vərdişlərdən uzaq durmaq da hormonal tarazlığın pozulmaması üçün mühüm amillərdir. Gigiyena qaydalarına riayət etmək, menstrual sağlamlıq haqqında düzgün məlumatlı olmaq və bədən dəyişikliklərini normal proses kimi qəbul etmək yeniyetmələrin psixoloji rahatlığı üçün vacibdir. Hansısa narahatlıq olduqda vaxtında həkimə müraciət etmək erkən diaqnostika baxımından böyük əhəmiyyət daşıyır. Eyni zamanda ailə daxilində açıq ünsiyyətin qurulması, valideynlərin maarifləndirici və dəstəkləyici mövqeyi yeniyetmələrin sağlam qərarlar qəbul etməsinə kömək edir. Rəqəmsal mühit və sosial şəbəkələrin təsiri nəzərə alınaraq, gənclərin etibarlı tibbi məlumat mənbələrinə yönləndirilməsi də vacibdir. Elmi əsaslı reproduktiv maarifləndirmə ilə təmin olunan yeniyetmə gələcəkdə daha sağlam həyat tərzi və məsuliyyətli davranış nümayiş etdirir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 14 Sentyabr 2026 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see370

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see346

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see340

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see321

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see274

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see273

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see260

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see247

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see226

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see223

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see222

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see218

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see217

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see216

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see216

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see210

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see202

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see196

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri