Icma.az
close
up
RU
...Yol gedir Ordubada

...Yol gedir Ordubada

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Burda tarixlərin çox nişanı var

Ordubad əsrlərdən üzü bəri maraqlı yurd yeri olub. Tarixi çox qədimlərə gedib çıxır. Dəniz səviyyəsindən 850 metr yüksəklikdə yerləşən bu şəhərin bol sulu çeşmələri, barlı-bərəkətli meyvə bağları, mehriban insanları həmişə bura gələn səyyahlar üçün əməlli-başlı mövzu olub.

Ötən əsrin məşhur səyyahı Hacı Zeynalabdin Şirvani “Bustanüs-səyahə” kitabında yazır: “Ordubad ürəkaçan gözəl bir şəhərdir. Ora adama fərəh verən yerdir. Onun möhkəm qalası, bol suyu və çoxlu bağları vardır. Meyvəsi bol və dadlıdır. Havası insana sağlıq verir. Adamları surətcə gözəldir”.

Başı göylərə çatan çinarlar bu qədim şəhərin tarixinə əsrlərdir, şahidlik edir. XX əsrin əvvəllərində buranı ziyarət etmiş Nefodov adlı səyyah yazıb: “Ordubad öz daş-qaşı ilə parıldayan qənirsiz gözələ bənzəyir. Ordubad çinarları təbiət tamaşası, el yaraşığıdır. Bu yurdun çinarları da torpağı kimi qədimdir”.

XIX əsrdə polyak tədqiqatçısı A.Petzold, fransız yazıçısı A.Düma və başqaları öz yazılarında bu gözəlliyi vəsf edib, Ordubad çinarlarının möhtəşəm vüqarına heyran qaldıqlarını bildiriblər. Arxeoloji qazıntılar zamanı əldə olunmuş abidələr Ordubadın tarixinin 7 min il əvvələ söykəndiyini göstərir. Müxtəlif dövrlərdə burada aparılmış tədqiqatlar şəhərin zəngin mədəniyyətə malik olduğundan xəbər verir.

Bu yurd yeri məşhur ipəyinə və burada yetişdirilən meyvələrinə görə də tanınıb. Belə ki, Ordubad ipəyi hələ XVI əsrin ikinci yarısından etibarən avropalıların məişətində əvəzedilməz parça kimi tanınıb. 1875-ci ildə şəhərdə buxar mühərriki ilə işləyən ipəksarıma fabriki olub. 1886-cı ildə ipək istehsal edən 4 iri ipəksarıma müəssisəsi fəaliyyət göstərib.

Ordubad şəhəri XIX əsrin ikinci yarısı, 1920-ci illərin əvvəllərində Rusiya bazarlarını da yüksəkkeyfiyyətli xam ipək, ipək parça, habelə quru meyvə ilə təchiz edən mühüm mərkəzlərdən olub. Avropatipli baramaaçan fabriklərin tikilməsinə burada 1870-ci ildə başlanılıb. Nəhayət, 1928-1929-cu illərdə 12 kiçik ipək fabriki birləşdirilərək Ordubad İpək Kombinatı yaradılıb. Əsrlər boyu Ordubad ipəyi gözəlliyi və keyfiyyəti ilə ad qazanaraq beynəlxalq festivallarda mükafatlara layiq görülüb.

Qoca Şərqin ənənəvi şəhərlərindən fərqli olaraq, Ordubad həm də şəhər infrastrukturu baxımından cəlbedicidir. Aydın məsələdir ki, su olmayan yerdə həyat da olmaz. Ancaq su olan yerdə həyatın daha gözəl olmasını bu şəhərin sakinləri hələ qədimdən anlayıblar. Tarixçilərə görə, qədimlərdə Ordubad şəhərində yüzdən çox çeşmə olub. Elə təkcə XVII əsrdə yaşamış tarixçi Məhəmməd Müfid Mustafa Ordubad şəhərində 70-dən çox çeşmənin olduğunu bildirir.

Bu kəhrizlərin inşası zamanı mühəndislik prinsiplərinə düzgün əməl olunub. Kəhrizlərin həm qidalanma zonalarında, həm də sudan istifadə yerlərində yüksək sanitariya mədəniyyəti normalarına riayət edilib. Kəhriz quyuları elə etibarlı yerlərdə mühafizə olunub ki, oraya heç bir yerüstü lil və ya çöküntülər daxil ola bilmir. Kəhrizlərin yer səthindən 3-10 metr dərinlikdə yerləşdirilməsi, şəhərdə kanalizasiya qurğularının mövcudluğu, hamamlar burada qədim şəhər mədəniyyətini təsdiq edən faktlardır.

Son dövrlərdə onlarla belə kəhriz yenidən bərpa olunaraq əhalinin istifadəsinə verilib. Keçmişdə yeraltı suların çəkilişi zamanı, əsasən, saxsı borulardan istifadə olunub ki, bu da suyun həm ekoloji baxımdan təmizliyinin saxlanılmasına, həm də sərin olmasına imkan verib. Eyni zamanda, hər kəhrizin suyu əhalinin təsərrüfat sayına görə bölünüb. Beləliklə, saxsı borular şəhərin alt hissəsində labirint kimi dolanaraq əhalinin suya olan tələbatını ödəyib.

Ordubad sirli bir aləmdir. Bu aləmdə tarix də var, mədəniyyət də, milli köklərə bağlı özünəməxsusluq da. Şəhərdə keçmişin xatirələrini özündə yaşadan “Cümə” məscidi, “Qeysəriyyə” tarixi abidəsi, Buzxana binası, XVIII-XIX əsrlərə aid məscidlər var. Şəhərin mərkəzində yerləşən “Cümə” məscidi qədim memarlıq abidəsi kimi indi də bura gələnləri heyrətə salır. Onun 1275-ci ildə tikildiyi qeyd olunub. Lakin 1903-cü ildə məscid təmir edilərkən tapılmış bir kərpicin üzərində “III tarixi-hicri Ər-Rəşid” sözləri onun yaşını 500 il də artırır.

Məscidin giriş qapısına vurulmuş lövhədə 1607-ci ildə Şah Abbasın verdiyi xüsusi fərmanın mətni yazılıb: “Ordubadlılar əməksevər, qoçaq və işgüzar adamlardır. Nəsiri Tusinin yüksək nəslinin burada davamı üçün adıçəkilən qəsəbənin əhalisi bütün vergilərdən azad edilir”. Yeri gəlmişkən, “Cümə” məscidinin qarşısındakı qəbirlərdən biri Tusinin nəvələrindən olan Mirzə Ünayət Nəsiri Tusinin qızı Şərəf xanımın qəbridir.

XVI-XVII əsrlərə aid ikimərtəbəli mədrəsə binası isə orta əsrlərdə dinin, elmin inkişafında mühüm rol oynayıb. Bu mədrəsədə vaxtilə təkcə dini deyil, dünyəvi elmlər də tədris olunub. Nadir şahın dövründə mədrəsədə zamanın tələbinə uyğun olaraq memarlar, hərbçi mütəxəssislər yetişdirilib. Hətta bu hərbçi mütəxəssislərdən bir çoxu sonralar Nadir şahın qoşununda xidmətə cəlb edilərək şahın 1739-cu ildə Hindistana yürüşündə də iştirak ediblər.

Ordubad həm də maraqlı şəhər infrastrukturuna malikdir. Bu şəhər, əsasən, 5 böyük məhəllədən ibarətdir. Bu məhəllələr “Ambaras”, “Kürdatal”, ”Üçtürləngə”, “Mingis” (“Minkəs”) və “Sərşəhər” (“Şəşəri”) adlanır. Bundan başqa, həmin məhəllələrə nisbətən kiçik məhəllələr də var ki, bu məhəllələrə “Bəylər”, “Qoşqar”, “Qaraçanaq”, “Dilbər”, “Əngəş”, “Əsgərxan”, “Varsan”, “Körpübaşı”, “Düz”, “Musa təngi” və sairi misal göstərmək olar.

Əsas məhəllələrin hər birinin öz böyük məscidi var ki, bu məscidlərin də ümumi sayı beşdir. Sonralar məhəllədaxili kiçik məscidlər də tikilib. Ancaq məscidlərin heç birinin minarəsi yoxdur. Minarəni məscidin damında yerləşən səki əvəz edir. Oraya isə kiçik pilləkənlərlə qalxmaq mümkündür. O ki qaldı məscidlərdə minarələrin olmamasına, bunun da səbəbi ondan ibarətdir ki, Ordubad şəhərinin yerləşdiyi coğrafi ərazi düzənlik deyil.

Şəhər yuxarıdan aşağıya doğru maili şəkildə yerləşib. Bu isə səsin yuxarıdan aşağıya doğru maneəsiz yayılmasına imkan verir. Buna görə də Ordubaddakı məscidlərdə minarələrin tikilməsinə ehtiyac olmayıb. Ənənəvi olaraq, əsas məhəllələrdəki hər məscidin qarşısında çeşmə və çinar ağaclarının olmasına da xüsusi diqqət yetirilib. Şəhərin əsas böyük meydanında (həm keçmişdə, həm də indi şəhər sakinlərinin ən çox toplaşdığı meydanda) yaşı yüzillərə dayanan 5 böyük çinar ağacının olması da təsadüfi deyil.

Eyni zamanda nəzərə alaq ki, şəhərin planında da beş istiqamət nəzərə çarpır. Belə ki, şimaldan Yuxarı Əylis kəndinə, şimal-şərqdən Gənzə kəndinə (Gənzə çayından keçməklə), şərqdən qədim qəbiristanlığa, cənubdan Təbriz şəhərinə, cənub-qərbdən Naxçıvan şəhərinə uzanan istiqamətlər aydın seçilir. Ordubadlı şərqşünas Cabir Cabbarovun dediyinə görə, türk-islam mədəniyyətinin inkişafına böyük töhfələr vermiş Ordubadda beş əsas böyük məhəllə, beş böyük məscid, əsas meydandakı beş uca çinar və beş istiqamət böyük İslam Peyğəmbəri və dörd xəlifənin timsalında rəmzi sayı əks etdirir.

Ordubadın qədim küçələrində diqqətçəkən elementlərdən biri də keçmişdə şəhərdə tikilmiş evlərin bir çoxunun divarlarında ağac dirəklərindən istifadə olunmasıdır. Həmsöhbətimiz bildirir ki, evin və ya hər hansı bir tikilinin hörgüsü zamanı istifadə olunmuş bu ağacın adına “qətlə” deyirlər.

Sərt qələmə dirəklərindən bölünərək hazırlanmış bu qətlələri evin həm eninə, həm də uzununa olan divarlarında istifadə ediblər. Belə ki, yerdən, təxminən, bir metr hündürlükdə, daha sonra isə iki metr və ya daha çox hündürlüklərdə qətlələr divar boyu uzadılmış şəkildə qoyulub. Ordubad şəhəri aktiv seysmik zonada yerləşdiyinə görə buradakı evlərin zəlzələyə qarşı davamlı-lığı qətlələrlə təmin olunub ki, bu da güclü titrəyişlər zamanı tikilinin ağırlığını sabit şəkildə saxlamağa öz mühəndislik töhfəsini verib.

Qədim Ordubad maraqlı, eyni zamanda, sirli aurası ilə bu gün də bura yolu düşən hər kəsi heyrətləndirir. Şəhər o qədər ecazkardır ki, hər dəfə burada olanda yeni bir aləmlə qarşılaşırsan. Elə buna görə də Ordubad 1977-ci ildə qoruq şəhər elan olunub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev buranı “Azərbaycanın incisi” adlandırıb.

Təsadüfi deyil ki, “…Azərbaycanın tarixi və mədəni irsinin nadir nümunələrindən olan Ordubad şəhərinin ərazisində yerləşən abidələrin daha yaxşı qorunması, təbliği və idarə olunmasının təkmilləşdirilməsi məqsədilə…” ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə ötən il Ordubad Tarix-Memarlıq Qoruğunun ərazisi “Ordubad” dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib. Artıq bu istiqamətdə lazımi işlərin görülməsinə başlanılıb.

Düşünürük ki, qədimlik və müasirliyin simasını bizə eyni güzgüdə göstərməyi bacaran Ordubad təkcə muxtar respublikanın və ya ölkəmizin deyil, ümumilikdə, qədim Şərqin möhtəşəm şəhərlərindən biridir. Bütün bu parametrlərinə görə Ordubad, həm də ölkəmizin turizm potensialının təbliğində böyük rola malikdir.

Səbuhi HƏSƏNOV
XQ
Naxçıvan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Fevral 2025 08:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see207

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see176

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see164

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see140

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see130

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see129

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see125

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see123

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see122

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see121

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see121

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see120

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see120

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see119

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see119

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see119

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see119

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see117

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114

Piastri İspaniya Qran prisinə ilk pillədən start verəcək

31 May 2025 19:49see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri