Icma.az
close
up
RU
Yol nəqliyyat infrastrukturu: yeni dövrün çağırışları

Yol nəqliyyat infrastrukturu: yeni dövrün çağırışları

Prezident İlham Əliyev: "Son illər ərzində bir çox nəqliyyat layihələri icra edilmişdir - kənd yolları, şəhərlərarası yollar, magistral yollar"

Bu gün Azərbaycanın dünyanın ən müasir və inkişaf etmiş ölkələri sırasında yer alması ölkəmizin davamlı inkişafının təmin olunmasında Azərbaycan Prezidenti İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi siyasətin, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsinin məntiqi nəticəsidir. Dövlət başçısı tərəfindən imzalanan dövlət proqramlarının, sərəncamların uğurla icrası olaraq Azərbaycan siyasi və iqtisadi çəkisinə görə dünyanın ən nəhəng ölkələri ilə müqayisə olunacaq dərəcədə işlər görüb. Dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz daha da yeniləşir, iqtisadi islahatları reallaşdıran, innovativ inkişafa yol açan dövlətə çevrilir. Bu gün inkişaf və tərəqqi dövrünü yaşayan Azərbaycanda həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat ölkənin əsas inkişaf göstəriciləridir. Xüsusilə regionların sosial-iqtisadi inkişafı ilə bağlı mərhələli dövlət proqramlarının qəbul və icra olunması hər bir bölgənin davamlı inkişafını təmin edib. Təbii ki, bu uğurlar ölkəmizdə hökm sürən sabitliyin, əmin-amanlığın mövcudluğunu təsdiqləyir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, sabitlik olmayan yerlərə investisiyalar qoyulmur, inkişaf olmur, vəziyyət mənfi istiqamətdə inkişaf edir: "Azərbaycan isə təhlükəsizlik, əmin-amanlıq, sabitlik şəraitində öz yolu ilə uğurla gedir. Bu gün inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir".

Bölgələrdə yeni zavod, fabrik və digər istehsal müəssisələrinin fəaliyyətə başlaması işsizlik problemini aradan qaldırmaqla yanaşı, regionların malik olduğu potensialdan düzgün istifadə mexanizmlərini də üzə çıxarır. Son 21 ilin reallıqları bir daha göstərir ki, ölkəmizdə icra olunan islahatlar, həyata keçirilən dövlət proqramları bütün sahələrdə uğurların əldə olunması ilə nəticələnib. Qarşıya qoyulan vəzifələrin uğurlu icrası sayəsində respublikamızın bütün bölgələrinin siması tamamilə dəyişmiş, rayonların ucqar kəndləri belə qazlaşdırılıb, yaşayış məntəqələri içməli su ilə təmin olunub və demək olar ki, şəhərlə kənd arasındakı fərq aradan qaldırılıb. Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən son illərdə kənd yollarının yenidən qurulması, mövcud yolların müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunub. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar ölkədə yol infrastrukturunun təzələnməsini daha da sürətləndirir. Bölgələrdə yaşayan əhalinin gediş-gəlişi asanlaşır və yetişdirdikləri məhsulun mərkəzə daşınmasında əvvəllər mövcud olan çətinliklər aradan qalxır. Həmin yollar hesabına təbii ki, regionların iqtisadi potensialı da yüksəlir. Təbii ki, avtomobil yolları hər bir ölkənin iqtisadi qüdrətinin göstəricisidir. Ölkənin istehsal və sənayenin bütün sahələrinin inkişafı birbaşa olaraq yol örtüyünün hansı vəziyyətdə olmasından asılıdır.

SON 20 İLDƏ 20,8 MİN KM UZUNLUĞUNDA YENİ YOLLAR TİKİLİB

Ölkədə son illər ərzində yol-nəqliyyat infrastrukturu sahəsində əhəmiyyətli islahatlar həyata keçirilmişdir. Şəhər ərazisindəki yol şəbəkəsinin təkmilləşdirilməsi, yeni yol kəsişmələrinin və körpülərin tikilməsi, həmçinin tıxacların azaldılması məqsədilə müxtəlif layihələr icra edilmişdir. Son 20 ildə Azərbaycan Respublikasında yol infrastrukturunun inkişafı sahəsində əsas nailiyyətlərdən biri ümumilikdə 20,8 min km uzunluğunda yeni yolların tikilməsi, yenidən qurulması və təmir olunmasıdır. Bundan əlavə, ümumi istifadədə və Bakı şəhərində olan avtomobil yollarında ümumilikdə 335 ədəd körpü və yol ötürücüsü tikilmiş, 56 ədədi təmir edilmiş, 163 ədəd yeraltı və yerüstü piyada keçidi və 45 ədəd tunel tikilmişdir. İşğaldan azad olunmuş ərazilərdə ümumi uzunluğu 3.4 min km təşkil edən 44 avtomobil yolu layihəsi icra edilir ki, onlardan ümumilikdə 0.3 min km (6 layihə tamamilə, 1 layihə isə qismən) tikilib başa çatdırılmışdır.

Bakı şəhərində və ətraf ərazilərdə mobilliyin artırılması və nəqliyyat axınının daha səmərəli idarə olunması məqsədilə 4 parklanma zonası üzrə 18 min parklanma yeri yaradılmışdır. Görülmüş işlər nəqliyyat vasitələrinin nizamlı şəkildə parklanmasını təmin etməklə, yollarda nəqliyyat sıxlığının azalmasına, eyni zamanda piyadalar üçün daha təhlükəsiz və rahat mühitin formalaşmasına xidmət edir.

Azərbaycanın regionlarında, paytaxt Bakıda yol-nəqliyyat infrastrukturu müasirləşdirilir, avtomobil yolları şəbəkəsi yenidən qurulur. Yeni yolötürücüləri, körpülər, tunellər, yerüstü və yeraltı piyada keçidləri inşa edilir. Müasir nəqliyyat-yol infrastrukturunun yaradılmasını qarşıya əsas hədəf kimi qoyan Prezident İlham Əliyev avtomobil yollarının, yol qurğularının açılış mərasimlərində şəxsən iştirak edir, habelə işlərin gedişi ilə tanış olaraq öz dəyərli tapşırıq və tövsiyələrini verir.

Bildiyimiz kimi, bu günlərdə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilmişdir və müşavirədə Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafı müzakirə edilmişdir. Müşavirədə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edildi, yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı: "Əgər biz bu işləri görməsəydik, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi". Dövlət başçısı bildirib ki, son illər ərzində bir çox nəqliyyat layihələri icra edilmişdir - kənd yolları, şəhərlərarası yollar, magistral yollar.

1000 NƏFƏRƏ DÜŞƏN AVTOMOBİLLƏRİN SAYI 132-DƏN 320-DƏK ARTIB

Bildiyimiz kimi, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədi daşıyır. İctimai nəqliyyatın əhatə dairəsinin genişləndirilməsi və nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi (yeni avtomobil yollarının tikintisi, müxtəlif səviyyəli yol qovşaqlarının inşası, avtobus və velosiped zolaqlarının çəkilməsi), alternativ nəqliyyat həllərinin (velosiped və kiçik elektrik nəqliyyat vasitələri) təşviqi, piyada hərəkətinin təşviqi, ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin artırılması, yol hərəkəti təhlükəsizliyinin səviyyəsinin yüksəldilməsi kimi əhəmiyyətli məsələlər qeyd olunan Sənəddə əsas məqsəd olaraq qarşıya qoyulub. Dövlət Proqramında mövcud vəziyyətin təhlilinə nəzər salınaraq, Bakı şəhərində və ətraf ərazilərdə sürətli urbanizasiya və əhali artımı nəqliyyat və mobillik sahəsində islahatların aprarılmasının zəruriliyi qeyd olunur. Mövcud vəziyyətdə şəhərin nəqliyyat sisteminin səmərəliliyini artırmaq və urbanizasiya nəticəsində yaranan çətinliklərin qarşısını almaq üçün strateji tədbirlərə ehtiyac vardır. Bakı şəhərinin və ətraf ərazilərin əsas nəqliyyat infrastrukturu, hərəkət axınları və iqtisadi fəaliyyət mərkəzdə cəmləşdiyindən şəhərdən kənar istiqamətə doğru hərəkətlər məhdudlaşır ki, bu da şəhərin monosentrikliyini ön plana çıxarır. Son 20 ildə ölkə üzrə əhalinin orta illik artım tempi 1% təşkil etdiyi halda, Bakı şəhərində və ətraf ərazilərdə bu göstərici 1.3% olmuşdur. Həmin dövr üzrə Bakı şəhərində hər 1000 nəfərə düşən avtomobillərin sayı 132-dən 320-dək artmışdır. Əhali sayının sürətli artımı şəhərin infrastrukturuna və xidmət sahələrinə, xüsusilə nəqliyyat sektoruna əlavə təzyiq göstərir. Artan tələbat nəqliyyat sistemində yeni çağırışlar yaratmış, bunlara ictimai nəqliyyatın genişləndirilməsi, tıxacların azaldılması və ekoloji cəhətdən davamlı nəqliyyat həllərinin tətbiqi daxildir. Sənəddə qeyd olunduğu kimi, fərdi nəqliyyat vasitələrindən ictimai nəqliyyata və fərdi mobil nəqliyyat vasitələrinə keçid infrastrukturun inkişafından asılıdır. İnfrastrukturun təkmilləşdirilməsi məqsədilə 100 km-dən çox velosiped zolaqlarının inşası, sərnişinlərin ictimai nəqliyyat və digər nəqliyyat vasitələri ilə səyahət təcrübəsinin tam rəqəmsallaşdırılması planlaşdırılır.

Dövlət Proqramı hazırlanarkən küçə-yol şəbəkəsinin, metro və dəmir yolu xətlərinin, fərdi mobil nəqliyyat vasitələri infrastrukturunun və piyada zonalarının inkişafı ilə bağlı irəli sürülən layihələrin Bakı şəhərinin Baş Planı ilə uzlaşdırılması təmin olunmuşdur və şəhərin perspektiv inkişaf dövrünü əhatə edən nəqliyyat planlaşdırma həlləri nəzərə alınmışdır. Bakı şəhərinin 2040-cı ilədək olan Baş Planında nəqliyyat sisteminin inkişaf konsepsiyasına uyğun olaraq, Böyük Bakı Regionunun nəqliyyat infrastrukturunun inkişafı üzrə vahid konsepsiyanın hazırlanması, şəhərin əsas yollarındakı nəqliyyat yüklənməsinin aradan qaldırılması, şəhərətrafı ərazilərdən nəqliyyat axınlarının idarə edilməsi, şəhərətrafı ərazilərdə yerləşən yaşayış məntəqələri arasındakı yola sərf olunan vaxtın mümkün səviyyədə qısaldılması, nəqliyyat qovşaqlarının yaradılması məsələlərinin həll edilməsi hədəfləri Dövlət Proqramında nəzərə alınmışdır. Baş Planda vahid (ictimai nəqliyyat xidmətləri, fərdi minik avtomobilləri və piyada gəzintisi imkanları) mobillik yanaşmasının tətbiqi prinsipləri rəhbər tutulmuşdur.

2030-CU İLƏDƏK 10 YENİ METRO STANSİYASI TİKİLƏCƏK

Bakı şəhərində metro nəqliyyatı mobillik kontekstində şəhərin müxtəlif nöqtələrini birləşdirən və insanları sürətli, etibarlı, davamlı şəkildə daşıyan əsas nəqliyyat növü hesab olunur. Metro xətləri şəhər ərazisində sıx məskunlaşmış işgüzar mərkəzlər, ictimai məkanlar və digər cəlbetmə məntəqələri arasında əlaqəni təmin edərək, gündəlik hərəkətliliyi asanlaşdırır. Bu xətlər həm tıxacların qarşısını almağa, həm də vaxt itkisinin azalmasına və ekoloji təmiz nəqliyyatın təşviqinə şərait yaradır. Dövləət Proqramında qeyd olunduğu kimi, son 20 ildə Bakı şəhərinin metro infrastrukturunun genişləndirilməsi və modernləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Bu dövrdə 1 depo, 7 yeni stansiya və 2 ikinci giriş-çıxış inşa edilmiş, əlavə olaraq 5 stansiya tamamilə yenidən qurulmuşdur. Metro şəbəkəsinin xətləri 29,9 km-dən 40,7 km-ə qədər uzadılmış, sərnişin axınının təhlükəsizliyini təmin etmək üçün 8 yeni yarımstansiya tikilmiş və 5 yarımstansiya yenidən qurulmuşdur. Vaqon parkına 266 ədəd yeni nəsil vaqon əlavə edilmiş, köhnəlmiş 177 vaqon isə istismardan çıxarılmışdır ki, bunun da nəticəsində 2024-cü ilin sonuna qədər vaqon sayı 351-ə çatmışdır. Həyata keçirilən bu genişmiqyaslı layihələr Bakı metrosunun səmərəliliyini artırmış və şəhər mobilliyində onun rolunu daha da gücləndirmişdir. Görülmüş işlərin nəticəsi olaraq, sərnişin sayı 168% artaraq 137 milyondan 230 milyona çatdırılmışdır. Artan əhali, şəhərdaxili mobilliyə olan tələbin yüksəlməsi və urbanizasiya proseslərinin sürətlənməsi Bakı metrosunun inkişafı üçün görüləcək işlərin əhatəsini genişləndirməkdədir. Yeni stansiyaların tikintisi, xətlərin daha uzaq ərazilərə qədər genişləndirilməsi və müasir texnologiyaların tətbiqi qarşıda duran əsas vəzifələrdir. Bu 8 tədbirlər metro sisteminin sərnişin tələbatını daha effektiv qarşılamaq və şəhər mobilliyini davamlı şəkildə dəstəkləmək üçün vacibdir. Bakı metrosunun inkişafı çərçivəsində mühüm layihələr həyata keçirilir və gələcək üçün genişmiqyaslı planlar hazırlanmışdır. Xarici təchizatçı ilə 65 vaqonun tədarükü üzrə müqavilə imzalanmış, 2024-cü ildə 35 vaqon ölkəyə gətirilərək sərnişinlərin istifadəsinə verilmişdir. Artan sərnişin tələbi nəzərə alınaraq, cari ildən etibarən 2030-cu ilədək 10 yeni metro stansiyasının tikintisi planlaşdırılır. “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə əsasən, metropolitenin ümumi şəbəkəsinin 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 km uzunluğunda xətlərdən ibarət olması nəzərdə tutulur. Gələcək planlarda 51 yeni stansiyanın inşası və əlavə 84,3 km metro xəttinin çəkilməsi əsas prioritetlərdəndir. Göründüyü kimi, bu və ya digər layihələr həm sərnişin axınının rahatlığını təmin edəcək, həm də şəhərin davamlı mobillik strategiyasına töhfə verəcəkdir.

Nəzakət ƏLƏDDİNQIZI

seeBaxış sayı:86
embedMənbə:https://sesqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri