Icma.az
close
up
RU
Yollar getdi üzü dağa... Kamal Abdulla 75

Yollar getdi üzü dağa... Kamal Abdulla 75

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Mehman QARAXANOĞLU

"Yollar getdi üzü dağa..."

Bu misranı hər dəfə oxuyanda niyə çox kədərləndiyimi heç özüm də bilmirəm, axı, bundan sonra gələnlər daha kədərlidir:

Yoxuşlar enişlərdən daha çox.

Kimsə yox xatırlamağa,

Unutmağa da kimsə yox.

Bəlkə də sürətlə virtuallaşan, "ekzistensial narahatlıq" içərisində çabalayan, isterik və sayrışan hallar nevrozundan əziyyət çəkib tama tam qəddarlaşan dünyamızda bu cür sentimental duyğulara yer yoxdur, fəqət nə edim ki, qarşıdan bu misraların müəllifinin - əziz dostum, Ustadım, görkəmli alim və yazıçı Kamal Abdullanın 75 illik "kövrək" yubileyi gəlir, özünün söylədiyi kimi, "yoxuşları enişlərindən daha çox" olduğu Dağı gəlir...

Və bu yerdə yenə də əvvəlki sual beynimi deşir: Niyə üzü dağa gedən yollar haqda müjdə verən misra bu qədər kədərli olmalıdır?! Axı, enişləri azdırsa, yoxuşlarını qalxıb o dağlarda əbədi zəncirlənib qalmaq da olar. Təki bu, ənənə zənciri olmasın! Xoşbəxtlikdən elmə, ədəbiyyata gəldiyi gündən mental basqıları göz altına alıb ənənəvi konyuktiv elmi-bədii darısqallığa meydan oxuyan, "təkcənəlik vaxtı"na daxil olub ədəbi muxtariyyətini elan edən, ana dilini öz potensialında danışdıraraq  konkordansları - az qala mətnlərində işlənmiş bütün dil vahidlərinin simvolik işlənmə siyahısını bizə təqdim etməyə cəhd edən, roman stilistikasına yeni-yeni rənglər qatan, qeyri-səlis məntiq və mifolinqvistikanın ecazkar sintezi ilə amorf situasiyalardan ustalıqla çıxmağı bacaran Kamal Abdulla sosrealizmdən miras qalan manipulyativ ədəbi ənənənin qırmızı dəmir qübbəsini çoxdan, lap çoxdan yarıb keçmişdir...

Fəqət razılaşarsınız ki, yuxarıdakı şeirin nüvəsində insanın ədəbi immunitetini zəiflədən və ajiotaj yaratmağa qadir olan bir depressiv ruh hakimdir. Bəlkə o ruhu təftiş eləmədən başqa mətləblərdən danışaq? Amma indi yazacağım cümlədən sonra. Vaxtilə təxminən belə bir fikir söyləmişdik ki, Kamal Abdullanın elmi və bədii yaradıcılığında deşifrə edilməsi müşkül olan antik bir qüssə vardır. Kimsə bizi qınayıb deyə bilər ki, elmi yaradıcılığında niyə?

Baxın, Kamal Abdulla ta gəncliyindən üzünü daha çox "Dədə Qorqud" eposuna tutub. Kamal müəllimə qədər çoxluq (Təəssüf ki, həmin çoxluq Lütfi Zadənin qeyri-səlis çoxluğuna dönüşə bilmədi) "burda mənəm, Bağdadda kor xəlifə" (Niyə kor xəlifə? Mənəm-mənəmliyin sonu təkközlülükdür - Təpəgöz; həm də mif məhz Sarı Çobanın pəriyə təcavüzü fonunda bu aktı yerinə yetirməliydi, çünki bu həm də patriarxlığın mənəmlik ehtirası ilə pəri-qadın üzərində seksual üstünlüyünün maddiləşdirilməsi demək idi, ona görə də Təpəgöz cəza kultu kimi göndərilməli idi) iddası, rasional bir apatiya və ölü kanonlarla eposa yanaşır, vəhşi imperiya istəklərinə - "qırmızı çarx"a (Soljenitsın) xidmətləri qarşılığında ağılasığmaz imtiyazlar əldə edərək sanki öz ehtiraslarını söndürmək yarışına girmişdilər, necə ki, o məşhur filmdə olduğu kimi, "inanclı qadın İsa peyğəmbərin ikonası qarşısında mastrubasiya edir".

Bu, çox qüssəli bir tablo idi. Kamal müəllim bunu bütün varlığıyla hiss edirdi. Bəlkə də Qırx Oynaşlı Boğazca Fatma obrazı ("Yarımçıq əlyazma") eposla sistematik manipulyasiya edən qaragüruh qövmə və həmin "bəlli" qüssəyə amansız bir dirənişin nəticəsi idi. Həm də sirli-sehrli bir dirənişin...

Kamal Abdulla "Sirr içində sirr" konsepsiyasını böyük bir azərbaycanlı olaraq məhz milli, etnomifoloji, mifolinqvistik uçuş zolağından dünya elmi, bədii və fəlsəfi mühitinə doğru istiqamətləndirən böyük bir mütəfəkkirdir. O, ictimai-siyasi fəaliyyətində olduğu kimi, yaradıcılığıda da multikulturaldır; müxtəliflikləri özünün inadığı və etibar etdiyi ortaq bir sehrli nöqtədə birləşdirə bilir. Bu, Aristotelin "qızıl orta"sına uyğun gəlsə də, fərqli bir formatdır. Kamal Abdullanın "qızıl orta"sı şüurumuzda assosiasiya olunan bərabər ortamı deyil, istənilən uzunluq, enlilik, şaqulilik, üfiqililik və s. ölçülərin qeyri-bərabər nöqtəsindən mənz "qızıl orta" effektini yaradan şərtilikləri, qeyri-müəyyənlikləri özündə etiva edərək ağlımıza gələn və gəlməyən fəlsəfi kateqoriyaları simvolizə edir.

"Yoxuşlar enişlərdən daha çox..."

Yoxuşlar enişlərdən nə zaman çox ola bilər? O zaman ki, sən illər, əsrlər öncə qəliblənmiş mövcud enişlərdən öz yolunu salmayıb daha çətin, məşəqqətli, amma əvvəlkilərdən daha fərqli bir yoxuşla dağa qalxırsan. Yoxuşlar tədricən çoxalır. Bunlar məhz sənə məxsus olan yoxuşlar olur. Və növbəti dəfə yenə fərqli bir cəhd... Bu cəhdlər haradasa bizə Sizif əməyini xatırladır.

Dahi A.Kamyu Sizifi absurd qəhrəman hesab edir. Əsas diqqətini daş dağın ətəyinə dığırlanandan sonra yaranmış sükuta və Sizifin keçirdiyi iztiraba yönəldir. Qeyd edir ki, burada Sizif yox, məhz daş qələbə çalır. Mif bəşəri həqiqətləri formulə edir, fəqət bu həqiqətlər yenə də postulat olaraq qalır. Sizifin düşdüyü situasiya alternativsizliyi ilə möhtəşəmdir. Bu səfeh sonsuzluğun içərisində ən ağıllı işi Sizif görür - o, dünyanı ölməyə qoymur, onu hərəkətdə olan daş kimi daima diri saxlayır.

Əslində, sənət adamları metafizik anlamda disharmonik dünyaya yön, nizam, düzən vermək istəyirlər.

Dahi Nizami və Füzuli sözügedən missiyanı hətta təxəllüslərində də kodlaşdırıblar.

Kamal Abdullanı da obrazlı desək, bütün zamanlarda yoxuşları enişlərdən daha çox olan dağlar maraqlandırıb. Fəth olunmuş zirvə onunçün artıq zirvə yox, bir düzəngahdır. O, insani münasibətlərində də bu konseptual maraq və intellektual-psixoloji məqamları gözləyir.

Bir dəfə söhbət əsnasında Kamal müəllim qəfildən dedi:

- Çox dostlarım sonralar mənimçün maraqsız oldular. Sual vermədim ki, niyə? Çünki ədəbi prinsiplərinə və xarakterinə az-çox bələd idim. Mətnlərində mübhəmliyi, sirliliyi gözlədiyi kimi, ritorikasında də buna əməl edirdi. Beynimi xeyli çək-çevir edəndən sonra səbəbini özümçün tapdım. İnsan o zaman maraqsız olur ki, bir yerdə sayır, yeniləşmir və ümumiyyətlə, bu haqda heç düşünmür də.

Kamal Abdulla elmi və bədii yaradıcılığında da bu fundamental sxemə, konseptual modelə əməl edir. Onun özü və hətta qəhrəmanları da yalnız yoxuş həsrətini çəkirlər. Nümunələrə diqqət yetirək:

Kamal Abdulla "Düma ilə Coys arasında" kitabı ilə bizə əsl ustad dərsi keçir. Kitab bizimlə əsrarəngiz bir dildə - indiyəcən eşitmədiyimiz intralinqvistik və translinqvistik, işvəkar, şirəli bir dildə, "Azərbaycan dilinin potensialında" (Kamal Abdulla) danışır. Dilimizin bu qədər diapazonlu, çoxqatlı, çoxmasştablı, semantik-semiotik qatlarla zəngin olduğunu sezməmişdik. Kitabdakı ədəbi-tənqidi esselərin meditativ bir tonda olması əsl möcüzədir. Dil insandakı aqressiyanı götürür. Heç kimin qəlbini qırmadan tənqid etmək! Əslində, müəllif dilin qəlbini qırmır. Sevginin içərisində tənqid, tənqidin içərisində sevgi...

Kamal Abdulla Əndərundakı səssiz, Birundakı "səsli" ədəbi didişmələr və təlatümlər dövründə məhəbbətlə dolu bir kitab qoydu ortaya. Burada hər şey məhəbbət dadır. Hər şey məhəbbətin cazibəsindədir. Epoxalar və qısa zaman kəsikləri, sələflər və xələflər, qocalar və cavanlar, ahıllar və "qocalmış cavanlar", bir sözlə, bütün ədəbi şəcərələr və bunlar arasında əsən soyuq və isti küləklərin dəyişkənliyi və sürəti flyuqer dəqiqliyi ilə göstərilir. Müəllif sanki özünəməxsus yoxuşla öz dağına qalxır...

"Ədəbiyyatda metafizika "iki üstəgəl ikinin "dörd" olmadığı yerdən başlanır". [səh196] Bu fikirlər Kamal Abdullanın "Qranulalar" kitabındandır.

Müəllifin mətnləri bizə, sadəcə, mövcud olanı deyil, nəsə mövcud olmayan və ya mövcud olub üzə çıxmaq istəməyən tamamilə "tanış və yad bir bir diskursun - "iki üstəgəl ikinin "dörd" olmadığı" "sonsuz Lüğət"in varlığından işarətlər verir. Məhz işarətlər! Bilirsiniz bu, nəyə bənzəyir? Mürəkkəblə yazılmış mətnin üzərinə qurudanın sıxılmağına. Əslində, niyyətimiz mürəkkəbi qurutmaqdır. Amma məlum mətn özünün tərs, güzgüvari, "yad" obrazını qurudana da həkk edir. Və hər dəfə bu təkrarlananda ilkin "tanış Sonsuz Lüğət" bizdən bir qədər də aralanır və "yad Sonsuz Lüğət"ə çevrilir. "Unutmağa kimsə yox..." romanındakı "Çiçəkli yazı" kimi. Olsun ki, "Çiçəkli..."nin "aldadıcı" rayihəsinə uyub yad məkanlara da gedib çıxmışıq.

Amma əsl həqiqət ondan ibarətdir ki, mağara divarına həkk olunan həmin yazılar öz qanadı altında daha qədim yazıları gizlədir. Onların isə bizə məlum olmayan yeni leksika və qrammatikası vardır. Həm də lənətə gəlmiş uydurulmuş zamanı. Nədənsə çox əminəm ki, "zaman"ın qarşısında "uydurulmuş" sözünü yazmalıyıq. Kim uydurub onu, nə zaman uydurub?! Üst-üstə yazılan və qalaqlanan bu "uydurma"ları bizdən sonra kim oxuyacaq? Və "bizdən sonra" varmı? Yazıçı hər dəfə bizi məhz o "sonra" adlanan məchul metafizik məkanlara aparmaq istəyir. Amma nə özü gedib çata bilir ora, nə də biz, çünki arada keçilməz yoxuşlar vardır...

Sözügedən yoxuşlar isə reallıqda mövcud deyildir, onlar "iki üstəgəl ikinin dörd olmadığı" metafizik məkanlardadır, həmin məkanlar isə "Sehrbazlar dərəsi" romanındakı Görükməz təpələri xatırladır bizə.

Ağ dərvişin iyirmi dörd şəyirdindən iyirmi üçünün intihar etməsi, əslində, bir uçuşdur. Yerə dəyməzdən əvvəl ölmək sirridir. İntihardan intiqam almaq üslubudur. Yerdə yox, göydə ölmək səadətidir. Məhz qədim Şərqə bəlli idi bu sirr, bu sehr! Orxan Pamuk yazırdı: "Mən "Qara Kitab" romanımı Fəridəddin Əttarın "Uçmağın məntiqi" əsərinin təsiri altında postmodernist üslubda yazmışam. Dariuş Şayeqan, Hüseyn Nəsr, Əli Şəriəti kimi alimlərin ideyalarından "Qar" romanında istifadə etmişəm".

Məhz "Sehrbazlar dərəsi" romanı bizə yoxuşların enişlərdən niyə çox olması haqqında çox vacib bir informasiya ötürür: yəni sən qərar tutduğun ucalıqlardan özünü boşluqlara da ata bilərsən, bu, bir uçuşdur, uçuş var ikən, enişə nə hacət?

Qısası, Kamal Abdullanın elmi və bədii yaradıcılığında yoxuşlar enişlərdən həmişə çoxdur...

 "Kimsə yox xatırlamağa..."

Bu misra bizə çox şey deyir. Zahirən belə görünür ki, müəllif nə ki var, xatırlayıb qurtarıb. Zənnimizcə, ədəbiyyat xatırlamalar sənətidir. Xatırlamalar bitdiyi yerdə böyük ədəbiyyatdan danışmağa dəyməz. Borxesin fikirləri də bunu təsdiq edir: "Cəmi dörd əhvalat var: Birincisi istekama çevrilmiş şəhər haqqındadır (Troya). İkincisi qayıdış haqqındadır (Odissey). Üçüncüsü axtarışdır (Yason). Dördüncüsü müqəddəslərin intiharıdır (Odin, Atis). Əhvalat cəmi dörd dənədir və nə olur olsun, biz yalnız həmin hadisələri bu və ya başqa şəkildə nağıl edəcəyik".

Borxes nə dediyini çox gözəl bilirdi; onu bu əhvalatlardan minillər ayırırdı, amma bir mütəfəkkir kimi dərk edirdi ki, hər bir xalqın böyük ədəbiyyatı bu ümumbəşəri ədəbi prinsiplərdən - intermediallığın sınırlarından çox da uzağa gedə bilməz. Sözügedən bu dörd əhvalat fərqli məna, məzmun, ad və şəkillərlə Kamal Abdulla yaradıcılığıda da özünü parlaq bir şəkildə göstərir.

Kamal Abdullanın bu adda bir kitabı vardır: "Mənim Füzulim". Bu, telindən dırnağınacan xatırlamalar kitabıdır. Sözügedən kitab iki böyük sənətkarın - Mir Cəlalla Məmməd Cəfərin kitabları və unudulmaz bəstəkarımız Cahangir Cahangirovun "Füzuli" kantatası üzərindən modern variasiyalarla hissi-emosional bir stildə yazılan bir əsərdir.

Nəyisə xatırlamaq avtomatik olaraq unudulmuş nəsnələrə qarşı insan şüurunun haradasa bir qiyamı, üsyanı kimi də qəbullana bilər. İnsan xatırlayırsa, demək, keçmişdə baş verənləri unutmaq istəmir, onları necə olursa-olsun yaşatmaq, gələcəyə ötürmək istəyir. Bəzən insanın bütöv şəxsiyyət modeli onun nələrisə xatırlamalarından asılı olur.

Biz mübaliğəsiz olaraq Kamal Abdullanı xatırlamalar sənətkarı da adlandıra bilərik. "Mənim Füzulim"də o, tək xatırlamır; özü, paralel olaraq onunla yanaşı, Füzuli, unudulmaz Mir Cəlal, Məmməd Cəfər və "Füzuli" kantatası xatırlayır...

Unudulmaz Mir Cəlalın "Füzuli sənətkarlığı" kitabını tədqiqatçılar haqlı olaraq "füzulişünaslıq məktəbini yaradan" əsər kimi dəyərləndirirlər. Bu kitabın ərsəyə gəldiyi dövrdə (1954-cü ildə) klassiklərimizə münasibət birmənalı deyildi. Ziyalılarımızı 37-ci il xofundan cəmi 17 il ayırırdı və Füzuli sənətkarlığından yazan Mir Cəlalın özü də böyük ustalıq və sənətkarlıqla Füzuli dünyasında  zərif incələmələr aparmaqla həmin xof və qorxuya qalib gəlməliydi. Böyük sənətkar bunu bacardı...

Kamal Abdulla "Füzuli sənətkarlığı" (Mir Cəlal), "Füzuli düşünür" (Məmməd Cəfər) və "Füzuli" kantatasının (Cahangir Cahangirov) elmi-ədəbi-musiqili platforması üzərindən modern ədəbi perfomanslarla öz orijinal xatırlamalar kitabını ortaya qoyur. Amma müəllif bu kitabı yazana qədər Füzuli vulkanına yaxınlaşmaq üçün uzun-uzadı yol gəlmişdi; hətta şeirlərindəki qüssədə də Füzuli vardır, mükəmməl esselər kitabı olan "Kədərli seçmələr"ində də.

Kamal Abdullanın "Platon, deyəsən, xəstədir" hekayəsində də Füzuli xatırlanır. İlk növbədə hekayənin bizə ötürdüyü mesaj budur: Nə olursunuzsa olun, ancaq içinizdəki məsum Uşağı hifz edin, çünki günlərin bir günü əliniz hər kəsdən, hər şeydən üzülüb yanınıza düşəndə xitab edə biləcəyiniz bir səmtiniz - qibləgahınız qalacaq! (Üzü qibləyə tikilən komalarımızın da fəlsəfi anlamı, deyəsən, elə budur!) Təhkiyəçinin qənaətinə görə, Füzuli, qəzəllərinin sonunda "Ey Füzuli" deyərkən öz adını transfer etdiyi o məsum Uşağa müraciət edir...

Xatırlamaların qorxulu tərəfləri haqqında da bir neçə kəlmə demək istəyirik. Hər hansı bir yazıçı öz memuarının qəhrəmanına çevrildikdə, onda istər-istəməz "özünüqoruma" instinkti işə düşür, qapal sferada reallığın imitasiyası başlanır və müəllif tədricən antiqəhrəmana çevrilir.

Nümunə olaraq böyük Mirzə Cəlili göstərə bilərik. "Xatıratım"ın aşağıdakı cümlələrlə başlanması dahi Mirzə Cəlilin ən böyük məğlubiyyəti idi: "Gözümü ömrümdə birinci dəfə açan kimi dünyanı qaranlıq görmüşəm. Bu qaranlıqda ilk dəfə eşitdiklərim bunlardır: Allahu əkbər! Allahu əkbər!"

Mirzə Cəlil özü də hiss eləmədən Tanrının böyüklüyünə məğlub olur. "Xatiratım"ın tən yarısı həmin məğlubiyyətin proyeksiyasıdır. Yarımbaşlıqlara diqqət edin: "Namaz", "Meyit büsatı", "Şadlıq namazı" və s. Sanki totalitar rejimdən gələn məxfi mesajlarla yazılır bu hissələr. Rejim onun "allahsızlığını" əsaslandırmalıydı, ya yox?! "Xatiratım" 1926-cı ildə yazılmışdır. Artıq repressiya maşını işə düşmüşdü...

Təbii ki, Kamal Abdulla memuar yazmaq fikrində deyildir. Fəqət daima nəyisə xatırlamaq istəyir. Hətta xatırlamağa bir şey olmayanda belə. Çünki o, çox gözəl bilir; əgər unutsan, xatırlamasan, günlərin bir günü xatırlamadıqlarının tən ortasında özünü görüb diksinəcəksən:

İlahi, "Hamı məni sevənlər burdadı..."

 "Unutmağa da kimsə yox..."

Çox sayda dahi sənətkarlar şeirdən nəsrə keçib və belə bir təəssürat yaranıb ki, onlar şeirlə biryolluq qurtarıblar. Biz isə belə düşünmürük. Şeir onlar üçün bir eskiz, model, sxem, layihə rolunu oynayıb. Nəsr əsərləri də onların üzərində dayanıb.

Nəsrə keçən yazarın yenə də məhz şair kimi qalması fəlakətdir. Şairlik bir kabusa çevrilib onu qarabaqara izləyir və haradasa əl-qolunu bağlayır. Şairlikdən "qurtulmaq" üçün yalnız nəsr kifayət etmir. Həm də dərin erudisiya, elmi-intellektuallıq, akademizm və peşəkarlıq gərəkdir.

Kamal Abdulla şeirlərini onun nəsr, dramaturji əsərləri, esseistikası və hətta elmi yaradıcılığının da bənzərsiz eskizləri adlandırsaq, yanılmarıq. Fikrimizi sübut edək. Yuxarıda adını çəkdiyimiz "Unutmağa kimsə yox..." şeiri həm də triliogiyasının sonuncu romanının adıdır. Adın yaratdığı poetik assosiasiya nəhayətsizliyə qədər uzanır:

1. Hamı yadımdadır, heç kəsi unutmaq olmur (Müəllif də bu qənaətdədir).

2. Hamı mənə qədər unudulub, unutmağa bir kimsə qalmayıb.

3. Mən də kimi isə unutmaq istəyirəm, amma mənimçün o kimsə qalmayıb.

4. Yerüzündə insan qalmayıb, mənə qədər hamı qeyb olub və unudulub.

5. Unutmaq üçün həm də xatırlamaq lazımdır. Xatırlamasan, unudulmağa kimsənin qalmadığını haradan bilərsən?!

6. Hər şey oyundur, maskaraddır. Bu həqiqəti unutma!

7. Mən boşluqdayam! Və s.

Romanın strukturu da bu cür interpretasiya - yozum müxtəlifliyi tələb edir. Müəllifin virtouz yanaşmaları heyətamizdir!

Nədənsə, çox inanıram, bizdən fərqli olaraq, Kamal Abdullanın unutduqları lap az olacaq. Çünki hələ ikinci romanında o, unutmaq istədiklərinin hamısını "unudub" qurtarmışdı, ona görə də "Unutmağa kimsə yox...", - deyirdi.

Deməli, hamı unudulub! Özü bir dəfə məsələnin üstünü ört-basdır edərək belə demişdi: "Unutmağa kimsə yox - yəni heç kimi unutmağa ehtiyac qalmır, hamı ürəyimdədir, beynimdədir, yaddaşımdadır". Aydındır ki, bu şərh bu ideyanın dərk edilməsinin ancaq bir (birinci) mərhələsi ola bilər.

Kamal müəllim bütün unudulmuşlardan sonra özünün də unudulacağını bilirdi. Bəs onu kim unudacaq? O, sanki "Unutmağa kimsə yox..." romanında onu unudacaq adamın axtarışına çıxıb. O, hadisələrin üfüqündən Möhtəşəm Ahəngə qarışıb itən Bəhram kişini görür. Məhz Bəhram kişinin müəllifi unutmağa tam haqqı vardır. Ona görə də müəllif əsərin əvvəlindən ta axırınacan Bəhram kişinin yanındadır...

Kamal Abdulla "Sirlərin sərgüzəşti" romanı ilə əslində, dünyanın bütün sirlərinə qarşı sanki qiyama qalxır. Nə sirr?! Əgər sən unudursansa, nə sirr?! Hətta Allahın da dünyanı unutduğu gün ola bilər, amma sən unutmamalısan! O, unudulanların yanındadır!

Müəllifin "Sehrbazlar dərəsi" adlı bir şeiri də vardır. O şeir istər-istəməz bizə Dostoyevskinin bu sözlərini xatırladır: "Əgər danışılacaq heç bir hekayə yoxdursa, necə yaşamaq olar?" Və əgər Kamal Abdulla danışılacaq hekayələrinin cədvəlini tutsa, çox uzun bir siyahı alınacaq. Onun ədəbi-bədii-elmi fantaziyasısının sərhədlərini yalnız qeyri-səlis məntiqlə "müəyyənləşdirmək" olar. Qabıqcıq deyir: yəni olmaz!

Yuxarıda qeyd etdiyimiz kimi, Hadisələrin "Allahın dünyanı unutduğu gün"də baş verdiyi romanında - "Sirlərin sərgüzəşti"ndə Kamal Abdulla göstərir ki, altsheymer xəstəliyindən əziyyət çəkən Həsən müəllim "Dədə Qorqud" eposundan dolayı yeni sirlərlə üz-üzə dayanıb nəyisə xatırlayanda yaddaşı sanki oyanır, özünə gəlir.

Bu, təkcə fiziksəl yaddaşın deyil, həm də milli-genetik, sosial-ədəbi yaddaşın oyanışı deməkdir. Romanın da başlıca qayəsi budur: Unutma! Həsən müəllim kimi yaddaşsızlıq xəstəliyinə tutulsan da, yenə unutma! Əgər unutsan, günlərin bir günü həyatındakı cəhənnəmləri silib-süpürmək üçün Tanrıdan altsheymer xəstəliyini yalvarıb istəsən də, verməyəcək...

Kamal Abdulla ta əvvəldən öz yazılarında, istər böyük olsun, istərsə də kiçik, fərqi yoxdur, cidd-cəhdlə unutmamağa çalışır. Heç nəyi unutmamaq qorxusu onu qarabaqara izləyir...

Görəsən, bu dramatik izlənmələrin sonu necə olacaq? Müəllifin o amansız xəfiyyə ilə sazişi baş tutarmı?

Çox istərdim ki, məhz o gün ("məşum" gün deməzdim!) o sehrli qüvvənin bizə ilk hökmü bu olaydı:

Unutduqlarını xatırla, xatırla!

Yalnız Kamal Abdulla kimi böyük mütəfəkkirlər deyə bilər ki, "unutmağa da kimsə yox..."

Kamal müəllimin belə bir qranulası vardır: "Yaşamaq çox kədərli bir şeydir. Sağa baxıram, sola baxıram - darıxıram" ("Qranulalar", səh: 85).

Durub əziz dostuma desəm ki, böyük ictimai-siyasi, elmi-ədəbi fəaliyyətinizə rəğmən, sizin darıxmağa heç haqqınız yoxdur, bu, yəqin ki, çox primitiv və banal səslənəcək.

Darıxmağa ağır fəlsəfi məna yükləyənlər də yanılırlar.

İnsan darıxmaq üçün dünyaya gəlib. Ekzistensialistlərə görə, bu, yaşamağın mənasızlığının dərki və ya "varlıq qorxusu" ilə bağlıdır. Amma mən əziz Ustadım Kamal müəllimi az-çox tanıdığıma görə yüzə yüz əminəm ki, əgər o. "darıxmaq" sözünü dilə gətirirsə, bu, haradasa təyyarənin hava boşluğuna (Kamal müəllimdə "boş vaxt" boşluğuna) düşməsi kimi bir şeydi, belə situasiyada sərnişinlər panikaya düşə bilərlər, yaradıcı adamlar isə gözlərini yumub yalnız yarımçıq işləri haqda düşünərlər.

Ümumiyyətlə isə böyük sənətkarların mütləq tamamlanmış işləri olmur. Müəllifin ilk romanınn "Yarımçıq Əlyazma" olması da fikrimizi sübutlayır; romanın adı təkcə eposu deyil, həm də müəllif əlyazmasını simvollaşdırır.

Ona görə də üzümü Ustadıma tutub deyirəm:

75-iniz mübarək! 80-ə, 90-a, 100-ə gedib çatmaq üçün darıxın, əziz Kamal müəllim!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Noyabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see237

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see236

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see201

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see174

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see158

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see157

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see150

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see144

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see144

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see141

Lüksemburqda Azərbaycan stendi 15 illik davamlı iştirakı ilə yenidən diqqət mərkəzində olub

24 Noyabr 2025 16:50see140

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see135

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see133

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see130

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see129

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see128

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see126

Meyitdən alınan orqan neçə saat yararlıdır?

24 Noyabr 2025 17:10see125

“Azəriqaz” rəhbərliyi müharibə veteranını saymır

25 Noyabr 2025 12:36see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri