Yox olan varlıq, var olan yoxluq: Yaradılışın sirri harada gizlənir? ELMİN SONU (III YAZI)
Ses qazeti-dan alınan məlumata görə, Icma.az xəbər verir Yox olan varlıq, var olan yoxluq: Yaradılışın sirri harada gizlənir? ELMİN SONU (III YAZI).
Elçin Bayramlı
III YAZI
İlahi matriks sistemində yaşanan simulyasiya?
Maddi dünyanın matriks olduğu, bizim simulyasiyada yaşadığımız ehtimalı, Şərif demişkən, “sübutalnı, dokumentalnı” təsdiqlənmək üzrədir. Beləliklə, yaşadığımız dünyanın gerçək dünya olmadığı ortaya çıxır. Geçəkliyin mahiyyəti hələ də elmi olaraq aydınlaşdırılmayıb. Həqiqi dünyanın "maddi" kainatdan kənarda olduğu haqda müqəddəs kitablarda- Quranda, Baqavat-Gitada, İncildə, Avestada, Tövratda, həmçinin qədim dini-fəlsəfi mətnlərdə- Vedalarda, Şumer tabletlərində, Tibet ölülər kitabında, qədim Misir yazılarında, Mayya, İnk, Astek mədəniyyətlərində... həmçinin, bütün ezoterik elmlərdə ümumi biliklər verilib. Yaradılış haqda ən dərin biliklər hind Vedalarında yer alıb və orada qeyd olunanlar müasir elm tərəfindən ardıcıl surətdə kəşf edilməkdə və təsdiq edilməkdə davam edir. Bilinn kainatın yalnız 5 faizinin maddi, 95 faizinin bilinməyən “materiyadan”, qaranlıq enerjidən ibarət olduğu ortaya çıxıb. Həmin 95 faizlik hissə maddi qanunlara tabe deyil, əslində maddi olaraq mövcud deyil.
Həyatın tərifi isə real gerçəkliyin duyğu üzvləri ilə qəbul və dərk olunmasından ibarətdir. Bunlar isə fiziki olaraq maddi deyil, sadəcə elektrik impulslarından ibarət siqnallarla mümkün olur. Düşüncənin varlığın əsas mahiyyəti olduğu, düşüncə sürətinin 2,6 milyon km/saniyə olduğu ehtimal olunur. Halbuki, maddi dünyada ən böyük sürət olan işıq sürəti 300 min km/saniyədir ki, bu artıq zamanın dayanması deməkdir. Hətta bu sürətdə keçmişin və gələcəyin görünməsi də mümkündürr. Bu səbəbdən ehtimal olunur ki, keçmiş gələcək və indiki zaman eyni anda mövcuddur. Yəni, hər şey əslində yaşanıb bitmişdir.
Qısası, həm elmi, həm dini-fəlsəfi olaraq belə çıxır ki, bu dünya, bu həyat həqiqi dünyanın buradakı kobud proyeksiyasıdır. “Yuxarıda necədirsə, aşağıda da eləcə”. Məhdudlandırılmış fiziki bədəndə yaradılışı tam dərk etmək nəzəri cəhətdən də mümkün deyil. Mütləq həqiqəti yalnız maddi dünyadan xilas olduqda dərk edə biləcəyik.
İnsanlar qədim mifologiyada, müqəddəs kitablarda nağılvari izah olunduğu kimi, əbədi və ruhi kainatdan “maddi” kainata, yəni ilahi matriksə yönəldilir və burada məqsəd ruhun kamilləşməsi, ilahi səviyyəyə yetişməsidir. Nəimi, Nəsimi kimi dərvişlər, hind bakti-yoqa mərtəbəsinə yüksəlmiş yoqlar, sanyasilər, gizli elmlərə vaqif olan müdriklər, bunu dərketmənin gücü ilə anlamışdılar.
İlahi dialektika elə qurulub ki, hər şey həm ikiliklərin vəhdəti, həm də ikiliklərin mübarizəsi üzərində inkişaf edir. Fəsləfədə forma və məzmun həm bir-birini tamamlamalı olan, həm də bəzən ziddiyyətə səbəb olan sistem kimi qəbul olunur. Bəzi hallarda birinin daha üstün qəbul edilməsi nəticəsində proseslərə təsir edir.
Həyatın yaranmasının ağlagəlməz dərəcədə qəliz və müərkkəb proseslərin nəticəsi olduğu heç kimə sirr deyil. İngilis riyaziyyatçısı və astronom Ser Fred Hoyl özünün materialist olmasına baxmayaraq, 1981-ci ildə “Nature” jurnalına verdiyi bir müsahibəsində bir canlı hüceyrənin təsadüflər nəticəsində meydana gəlməsiylə bir dəmir yığınının qasırğa ilə sovrulması nəticəsində təsadüfən bir təyyarənin əmələ gəlməsi arasında bir fərq olmadığını bildirir. Yəni, hüceyrənin öz-özünə təsadüflər nəticəsində əmələ gəlməsi nəzəri cəhətdən belə qeyri-mümkündür. Hətta, bunu təsəvvür edə bilmək üçün belə bir müqayisə də verilir- həyatın təsadüfən əmələ gəlmə ehtimalı 6 trilyon dəfə zər atılması və hamısında eyni rəqəmlərin düşməsi ilə eyni ehtimalı ilə eynidir. Başqa bir ehtimala görə, həyatın təsadüfən yaranması ehtimalı 10 üstü 123-də 1 ehtimaldır. Riyaziyyat elmində 10 üstü 50-dən sonrakı ehtimallar nəzəri cəhətdən belə mümkün olmayan hal kimi qəbul edilir.Buna oxşar fikirləri saysız hesabsız alimlər dəfələrlə səsləndiriblər.
Yəni, Yaradanın varlığını inkar etməyə elm icazə vermir. Canlı hüceyrənin cansız maddələrdən öz-özünə yaranması və özünü şüurlu surətdə idarə etməsi elmə o dərəcədə ziddir ki, bunu idda edənlərin psixi cəhətdən müalicə edilməsinə ehtiyac var. Amerikalı fizik, informasiya nəzəriyyəçisi professor Hyubert P. Yokin dediyi kimi, “Yer üzündə həyatın cansız maddədən öz-özünə yaranması inancı, sadəcə olaraq, ciddi reduksionizmə inam məsələsidir və bütünlüklə ideologiyaya söykənir”.
Təkcə mənim əldə etdiyim, Yaradanın varlığını təkzibedilməz şəkildə sübut edən elmi faktların sayı minlərlə ölçülür. Şübhəsiz ki, alimlərə milyonlarla belə fakt məlumdur. Yaradılışın mükəmməl və ali şüur tərəfindən məqsədli yaradıldığını təkzib edəcək bircə dənə belə fakt yoxdur və ola da bilməz. Harvard Universitetindən amerikalı bioloq, paleontoloq, Stiven C.Quldla birlikdə sıçrayışlı təkamül nəzəriyyəsini irəli sürmüş Nils Eldricin dediyi kimi, “əslində, bioloji dünyada hamımızın gördüyü nizam üçün tək rəqib açıqlama Xüsusi Yaradılış anlayışına aiddir”.
Darvinizmin elmdən daha çox ideologoya olduğunu başqa alimlər də qeyd ediblər. Alman təkamülçü yazıçı və publisisti Vilhelm Bölşe E.Hekkel üçün yazdığı bioqrafiyada deyir: “Darvinin nəhs kitabı (“Növlərin mənşəyi”) Bronnun tərcüməsində 2 il göz qabağında idi. Professional alman zooloqlar, botaniklər və geoloqlar onu, demək olar, büsbütün cəfəngiyat saydılar. Aqassis, Geybel, Keferşteyn və hələ bir çoxları üzləri qıpqırmızı olana qədər gülmüşdülər”.
Maddi bədən məhdudlaşdırılmış vəziyyətdədir və onun hadisələri real təcrübədə görmə imkanları son dərəcə aşağıdır. Dünyada çox şeylər var ki, biz onları görmürük, eşitmirik, hiss etmirik. İnsanın gözünün görmə spektri və dərəcəsi var. Bundan kənar olanları biz görmürük. Məsələn, dünyadakı mikrocanlıların 90 faizini biz görə bilmirik. Maddi şeylərdən başqa var olan, amma görməyin heç cür mümkün olmadığı şeylər də var- bu mənəvi hisslərdir. Görə bimədiklərimizi görmək üçün 3-cü gözümüzü açmamız lazımdır.
Eynilə, səslərlə bağlı da belədir. İnsan qulağının eşitmə diapozonu (20-20000 meqahers) var və bundan aşağı və yuxarı səsləri biz qəbul edə bilmirik. Belə bir vəziyyətdə “biz görmədiyimiz və eşitmədiyimiz şeylər yoxdur” demək olmaz. Elm və texnologiya sübut etdi ki, onlar mövcuddur.
İnsan orqanizmi ilə bağlı elmin son kəşflərinə nəzərdə salanda adamı dəhşət bürüyür, yaradılışın qüdrəti qarşısında dili tutulur. 100 milyard neyron mükəmməl bir komanda şəklində işləyərək saniyədə trilyonlarla əməliyyat aparır və beynimiz superkomputerdən minlərlə dəfə güclü və tutumlu hala gəlir. Orqanizmdə hüceyrələr saniyədə 25 milyon dəfə yenilənir. Trilyonlarla canlı bizim orqanizmimizdə vahid komanda şəkildə işləyərək yaşamamızı təmin edirlər. Və bu canlılar hamısı şüurludur.
Kimya elmi maddi həyatın material bazasıdır. Burada da inanımaz möcüzələr var. Yandırıcı və zəhərli qaz olan elementlər- hidrogen, azot, oksigen və karbon birləşəndə hər yeri yandırıb dağltmaq əvəzinə həyatın mənbəyini- qanın 98 faizini təşkil edir. Sonsuz birləşmə qura bilən həyati element karbon birləşmələrinin bəziləri yalnız bir neçə atomdan meydana gəldiyi halda, bəzilərində minlərlə, hətta milyonlarla atom var. Atomlarının konfiqurasiyası bir cür düzüləndə kömür əmələ gəlir, başqa cür düzüləndə almaz. Suyun tərkibi 2 hidrogen və 1 oksigen atomundan ibarətdir. 2 təhlükəli qazdan həyat üçün ən zəruri maye yaranır. Lakin alimlər bu atomlardan heç cür su yarada bilmirlər. Və suyun yaddaşı, şüuru, hadisələrə reaksiyası var...
Elmdə daha bir şok isə, beynimizin hadisələrə reaksiyasının maddi bədənə heç bir aidiyyatının olmadığının üzə çıxması ilə bağlı oldu. 2016-cı ildə “Scientific Reports” jurnalında qəribə bir eksperimentin nəticəsi dərc olundu. Avstraliyanın Yeni Cənubi Uels Universitetinin tətqiqatçıları silsilə eksperimentlər zamanı intuisiya ya 6-cı hissin mövcudluğunu sübut etdi. Tədqiqatda 2 könüllü qrup kompüter ekranındakı birində qırmızı üfüqi, digərində isə yaşıl şaquli xətlər olan iki şəkildən birini seçmək, seçdikdən sonra düyməni basmaq təklif olunub. Məlum olub ki, beyin düyməni basmazdan 0,25 saniyə əvvəl şüurlu şəkildə qərar verir. O da aydın olub ki, yaxşı emosiyaya sahib olanlar öz intuisiyası əsasında daha düzgün qərar verməyi bacarıb. Tədqiqatçılar iddia edirlər ki, günümüzdə mükəmməl kompüter proqramı insanın seçimini əvvəlcədən proqnozlaşdıra bilər.
Bu artıq fiziki enerji deyil, ruhi enerjinin əməlidir. İnsan fizioloji olaraq nəyisə gördükdən və qərarı verdikdən əvvəl onun bunu edəcəyi artıq dəqiqdir.
Bu fenomeni ilk dəfə 80-ci illərin sonlarında Amerika alimi Benjamin Libet kəşf edib. O, sınaqdan keçirilən subyektdən sadəcə yumruğunu sıxmağı xahiş edib. Bu, adi bir təcrübədir. Amma ensefaloqramma alimi heyrətləndirib. Çünki beyində siqnal hərəkətin yerinə yetirilməsinə təxminən yarım saniyə qalmış yaranıb. Subyektlər özləri də qərarlarını aksiyadan dörddə bir saniyə əvvəl anladıqlarını bildiriblər. Yəni beyin insan bu haqda düşünməmişdən əvvəl qərar verib.
Bu istiqamətdə ən "səs-küylü" təcrübəni MRT skanerində araşdırma aparan Con-Dilan Haynes aparıb. Bu təcrübədə subyektin beyni siqnalı dərk etməzdən 7 saniyə əvvəl qərar verdi və alimlər sınaqdan keçirilənin hansı seçimi edəcəyini proqnozlaşdıra bildilər. Hayns bəyan etdi: "Qərarlarımız şüurumuz onları dərk etməzdən xeyli əvvəl qeyri-şüur tərəfindən müəyyən edilir. Beyin hər şeyə insanın özündən əvvəl qərar verir".
Beləliklə, ortaya sual çıxır- əslində bizi nə idarə edir? Maddi bədənimiz, beynimiz, yoxsa şüurumuz, ruhumuz? Aydın olur ki, bizim nə edəcəyimiz, necə edəcəyimiz əvvəldən məlumdur. Lakin bu demək deyil ki, biz robotuq, verilmiş proqramı yerinə yetiririk və tale, qismət deyilən şeylər nəticəsində olur, bizim rolumuz yoxdur. Əksinə, bu onu göstərir ki, biz bu həyatı yaşamışıq, hər şey baş verib bitib, indi sadəcə onun proyeksiyasını izləyirik. Sanki yaşadığımız həyat, verdiyimiz qərarlar, etdiyimiz seçimlər bizə film kimi simulyatorda yaşadılır. Tam da kliniki ölüm zamanı insanların bütün həyatlarını bir neçə saniyədə izlədikləri kimi…
Ardı olacaq
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti çərçivəsində hazırlanıb
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)