Zəhmətlə məsuliyyətin vəhdəti Ulduz Qasım yazır
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ulduz QASIM
Yazıçı-publisist, Moskva
Yazanda kiminsə mükafatlarını, medal və ordenlərini, fəxri adlarını, kitablarını sadalamağı sevmirəm... Niyəsini də bilmirəm... Sadəcə, insanları duymaq, hiss etmək istəyirəm. Dəyərmi yazmağa, buna layiqdimi yazımın qəhrəmanı?
Allah tərəfi Elnarə Akimovanın da maşallah, medalları, təltifləri, fəxri adları bir deyil, iki deyil... Hələ onlarla elmi məqalələrini, kitablarını demirəm. Hələ demirəm ki, Milli Məclisin üzvü, neçə-neçə qurumlarda komissiya üzvü, neçə-neçə qurumlarda ekspertdir. Zamana uymaq, vaxt çatırmaq hər baba igidin işi deyil. Ancaq Elnarə xanım həm zamana uyur, həm də vaxt çatdırır...
Hər insanın doğulduğu, böyüdüyü ev böyük və əvəzsiz akademiyadır, universitetdir. Hər şey oradan başlayır. Gələcək addımların təməli orada qoyulur. Duyduğun ilk sevgi, nəfəsinə toxunan ilk nəfəs, ilk əlindən tutan əlin istiliyi, doğmalığı...
Yıxılanda səni ayağa qaldıran ilk insanlardan başlayır hamıya və hər şeyə sevgi. İlk sözü, ilk hərfi, danışmağı sənə öyrədən yerdən başlayır insanın həyatı. Nəyin düzgün olub-olmadığını, həyata, insanlara baxışı məhz bu akademiya verir insana. İlk xatirələrinin, duyğularının, sevginin başlandığı əvəzsiz yer. Bu yerdə içində hansı gülləri, hansı ağacları əkirlərsə, onun çiçəyi açacaq, onun meyvəsi dəriləcək insanın gələcək həyatında...
"Hər qız atasının əsəridir" fikrimə Elnarə xanım da şərik çıxdı. Atalar möhkəm olanda, doğru yolla gedəndə, ailədə yerini biləndə övladlarının tərbiyəsinə çox şey qatırlar. Özlərinə bənzədirər övladlarını, xüsusilə də qızlarını. Mənim kimi, Elnarə kimi...
Kitab...
Kitab barəsində o qədər söz demək olar ki! Kitablarca. Sətirlərin sayı-hesabı olmaz. Dünyadakı sözlər yetməz kitabların vacibliyini, cəmiyyətə faydasını anlatmağa. Bütün bilgilərin mənbəyi, daşıyıcısı, nəsildən-nəslə ötürücüsü kitablardı. Tarixlər, ədəbiyyatlar, mədəniyyət, bir sözlə, bütün elmlər, xalqların adət-ənənəsi, yaşadığı həyat tərzi kitablar vasitəsilə dünyaya çatdırılır, öyrədilir. İnsan tərbiyəsində, təhsildəki önəmini də saymaqla bitməz. Tək bircə kitab sənin dünyagörüşünü, həyata baxışını, seçdiyin yolunu dəyşə, müəyyənləşdirə bilər. Bunu həmişə yazıram, kitabın insana verdiklərini, formalaşmasındakı rolunu universitetlərdə verilmir, öyrədilmir.
Onun da həyata baxışı, gələcəyə addımlayacağı yol kitblarla başladı. Arzuları, istəkləri elə orda cücərdi, ordan qanadlandı. Gözünü dünyaya açandan, ağlı kəsəndən evlərində gördüyü kitablar onu çox düşündürdü, çox tərəflərə yönəltdi. Atası Sədulla kişinin illərcə aldığı, səliqəylə evində özünə kitabxana düzəltməyi qızının gözündən qaçmadı.

Dünya klassiklərinin, Azərbaycan yazıçılarının əsərləri vardı bu evin kitabxanasında. Bu kitablar onu sehr dünyasına saldı. Niyə yazılıb, necə yazılıb, nədən yazılıb bu kitablar? Kimə lazımdı, ya da lazım deyil...
Suallar, düşüncələr, maraqlar bir-birini əvəz etdi və heç zaman onu tərk etmədi. Bu sualların cavabını tapmaq üçün oxudu, araşdırdı. Hələ də oxuyur, hələ də araşdırır... Yazılanların mahiyyətini oxuculara çatdırmağa çalışır. Ev akademiyasından başlanan maraqlar böyüyür, qanadlanır, çiçəklənir...
Kiçik olanda Elnarə atasının kitablarına maraqla baxırdı. Atasının boş vaxtlarında mütaliəsi qızının gözündən qaçmırdı. Hər dəfə Sədulla kişini mütaliə edən görəndə fikirlşirdi ki, nə zaman hərifləri öyrənəcək. Yaxşı bilirdi ki, hərfləri öyrənən kimi bir-bir gözünə görünən əsərləri oxuya biləcək. Bəlkə də Sədulla kişi qızının istəyində özünün həyata keçirə bilmədiklərinin həyata keçəcəyini anlayırdı o zaman. Onun peşə seçiminə qarışmasa da...
Akimova Elnarə 1978-ci ildə Sumqayıt şəhərində dünyaya göz açdı. Həmin kitabxananın içində, Sədulla kişinin evində. Həmin ev akademiyasında. O kitabların içində özünü itirən, dünya ədəbiyyatına, Azərbaycan ədəbiyyatına maraqlarını günü-gündən artıran Elnarə Akimova özünü Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində tapdı...
Bax, budur kitabın gücü, ədəbiyyatın sehri. O sehrə düşərsənsə, əlindən tutar, arzularına aparar səni. Heç zaman da o sehrdən çıxa bilməzsən...
Universitet illərində Elanərə Akimova ədəbiyyatın, ədəbiyyat tarixinin sirlərini daha dərindən öyrənməyə səy göstərdi. Hər zaman deyilənləri diqqətlə dinlədi və yaddaşına həkk etdi. Ən çox da ədəbiyyatşunas alim Yaşar Qarayevin dedikləri onun üçün əvəzedilməz oldu. Özünün dediklərindən; "Mənim üçün Yaşar Qarayevin sözləri, onunla ünsiyyət, yazdıqları, bir ədəbiytşunas kimi içindəki şövq məni ədəbiyyat tənqidçisi kimi püxtələşməyimdə böyük köməyi oldu. Asan yolla getmək istəməmişəm. Mən hər zaman tədqiqatçı kimi irəliləməyə üstünlük vermişəm. Axtarmaq, yazılan bir şeiri, bir əsəri oxuyub, təhlil etməkdən zövq alıram hər zaman. Necə deyərlər, bu sahədə suda balıq kimi hiss edirəm özümü. Çətindir, doğrudur... Bütün işlər iş yerində bitir. Ancaq bizim işimiz bitmir. Oxuduğun bir əsərin qəhrəmanı, obrazı beynində daim səni düşündürür, məşğul edir. Zaman tapan kimi bilgisayarın qarşısına keçib, müstəviylə üz-üzə qalırsan..."
Elnarə Akimova Bakı Dövlət Universitetinin filologiya fakültəsində 1995-1999-cu illərdə bakalavr, 1999-2001-ci illərdə magistr təhsili alıb. 2001-2004-cü illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirib. 2006-cı ildə "Müstəqillik dövründə Azərbaycanda ədəbi tənqid (90-cı illər)" mövzusunda namizədlik, 2017-ci ildə "Müstəqillik dövrü Azərbaycan poeziyası müasir ədəbi təmayüllər kontekstində" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Hazırda filologiya elmləri doktoru, dosent, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Uşaq ədəbiyyatı" şöbəsinin və "Ədəbiyyat qəzeti"ndə ədəbiyyatşünaslıq şöbəsinin müdiridir.
Desəydilər ən məsuliyyətli, tələbkar insan kimdir? Deyərdim, qızım Aysel. Bir işin son nöqtəsini də dəfələrcə yoxlamasa əl çəkməz. Onun dərslərinə, işinə yanaşması məni həmişə heyran edir. Hətta, çox vaxt ona hirslənirəm, bu qədər də olmaz, deyirəm. Ancaq indi öyrəndim ki, ikinci belə bir məsuliyyətli insan da var - Elnarə xanım...
Bilirsiniz, bütün bunlar zəhməti sevməkdən, səbrli olmaqdan və gözləməyi bacarmaqdan irəli gəlir. Zəhmətlə səbr birləşəndə xarüqələr yaradır insan. Hər adamın işi deyil, vaxt tapan kimi kitab oxusun, onu günlərlə xəyalında canlandırsın. Təhlil etsin. Ancaq bir nəticəyə gəldikdən sonra öz fikirlərini yaza bilsin. Kitaba, ədəbiyyata sevgi bir başqadı, dedim. Oxumağı elə Yücə Allahın Hira dağında endirdiyi, sevgili Peyğəmbərimizin aracılığıyla bizə çatdırılan həyat kitabımız, qanunlarımızın, kitablarımızın şah əsəri olan"Quranı-Kərim"də tövsiyə edilir. Cahil olmamaq üçün yol göstərir.
Oxumaq başqa sevgidir, başqa tutqudur. Və oxumağı sevənlər xoşbəxt insanlardır. İnsan həyatına, dünyagörüşünə o qədər şeylər qatır ki... Deyərdim, yuxularını çin eləyir. Elnarə xanım kimi.
Onunla "Xocalı şikəstəsi" romanımın təqdimatında tanış olmuşduq. Mehribanlığı, sadəliyi, savadlı olması ona hörmətimi artırdı. Hətta kitab barəsində geniş məqalə də yazmışdı...
Bu günlərdə dostuna-tanışına bir əsərini oxutmaq üçün az qala yalvarasan. Bəhanələr, zaman çatışmazlıqları, daha nələrdən şikayətlər başlanır. Dediyinə belə peşman olursan. Lakin Elnarə xanım dedikləri məni heyran etdi: "Elə istəyirəm ki, boş vaxtım ola, kitabların arasında itib-batam. Oxuyam, sonra da yazam. Heç kim, heç nə mənə mane olmaya. Fikirlərimi, diqqətimi dağıtmaya". Hər ədəbiyyatçıda da bu həvəs, bu sevgi ola bilməz. Oxumaq, mütaliə başqa bir həvəsdir, başqa bir sevgidir...
Öyrənmək, yazarın fikirlərinin dərinliyinə baş vurmaq, onu oxucuya, ədəbi mühitə çatdırmaq çox çətindir. Elə adamlar var ki, şablon sözləriylə, başdan getdi oxularıyla yanlış fikirlər yürüdürlər. Mən əsərlərimi olduğu kimi, yazıçının ideyasını anlayan tənqidçiləri çox sevirəm.
Elnarə Akimiova şablonlardan qaçan, ədəbi tənqidə nəsə qatmağa can atan ədəbiyyatşünasdır. Zəhmətkeş, məsuliyyətli tənqidçidir...
Hə, onun işlərinə daha bir məsuliyyət də əlavə edilib. Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilmib. Elnarə Akimova 2024-cü il növbədənkənar parlament seçkilərində 46 saylı Sumqayıt beşinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının üzvü kimi seçkiyə qatılıb. Qələbə qazanaraq Azərbaycan Respublikasının Milli Məclisinin VII çağırış deputatı seçilib.
Milli Məclisin "Elm və təhsil" komitəsi və "Mədəniyyət" komitəsinin üzvüdür.
Onun bir deputat kimi nə iş gördüyünü soruşanda dedi:
- Seciçilərlə ünsiyyətdə olmaq mənə zövq verir. Secicilərın bir probleminin həll olunduğunu görəndə onlardan çox sevinirəm. Doğrudur, mən bunu tək etmirəm. Müxtəlif qurumlarla edirik. Və bu işıqlı missiyanı, körpü olmaq missiyasını ləyaqətlə yerinə yetirməyi canla-başla edirəm. Allahın verdiyi bu ömür payında üzərimə düşən nə varsa sədaqətlə, can yanğısıyla yerinə yetirirəm. Heç nəyə başdan sovdu yanaşmıram...
Mən də deyirəm ki, bir ləyaqətli evdən, bir ev akademiyasından çıxan insandan ancaq bu sözləri gözləmək olardı...
Vətən üçün, xalq üçün heç nəyi əsirgəməyən bir Türk qadını, bir Azərbaycan xanımı. Məhz belə qadınlar, belə övladlar öz xalqının, öz Vətəninin çiçəklənməsində böyük işlər görə bilirlər. Sizinlə fəxr edirik, uğurlarınız bitib-tükənməsin, Elnarə xanım!


