525ci qəzet Lətafət Ulduz Qasım yazır
Ulduz QASIM
Yazıçı-publisist, Moskva
Bəzən düşünürəm, nəyə lazımdı bu qədər kitablar, lazımsız şeirlər? Boş yerə kağızlara zülüm edirlər...
Elə ürək çırpıntıları var, elə içdən gələn duyğular var ki, onların yanında. Heç işıq üzü görmür. Bir əlindən tutan ucbatından, bir kömək əli uzadan üzündən. Bəzən də utanırsan bu toplumun içində olduğundan. Kimsənin haqqını tələb etmədiyin üçün, tərəfində durmadığın üçün. Onları irəli çıxarmaq üçün çalışmadığın üçün.
Heç nəyə yaramayan şeirləri bəh-bəhlə oxuyub, altından da xoş sözlər yazanlara yazığın gəlir. Nə qərib dünyadı bu, İlahi! Göz yummaq, ədalətin yanında olmamaq nə qədər insana vicdan əzabı verir. Yerindən, vəzifəsindən qorxub haqqı tələb etməyənlər, deyə bilməyənlər nə qədər aciz, nə qədər zavallıdılar...
Bəzən bir quruşa dəyməyən şeirləriylə, yazılarıyla, kitablarıyla öyünən, pul hesabına, kiminsə vasitəsiylə aldıqları mükafatları, adları sadalayanlar nə qədər də dəyərsizdilər, mənliksizdilər. Görən, heç özləri bu barədə fikirləşirlər bircə dəfə də olsun...
Ömrün həbs cəzasıdır tənhalıq,
Bəlli olmaz bu cəzanın müddəti...
Gündüzləri yola verən qürurun
Gecələrə qan uddurar şiddəti...
Bu şeirin müəllifidi söz açacağım şairə xanım. Lətafət Abiyeva...
Bu şeirlə tanıdım onu. Günlərlə oxuduqlarımın içərisində tək bəyəndiyim sətirlər oldu. Tək ürəyimə toxunan dordlük...
Orta məktəbdə oxuyanda fikirləşirdim ki, elə dünyada ən yaxşı peşə kitabxanaçı olmaqdı. Nə var başqa yerlərdə. Ən zəngin, ən maraqlı yerdi kitabxana. Bütün günü otur, maraqlı kitablardan oxu özün üçün. Gələnlərə də nə oxuyacaqlarını göstər, məsləhət ver, hətta, bəzən danış baş verənləri, qoy oxucu üçün maraqlı olsun. Bundan gözəl nə ola bilər dünyada?
Ən yeni yazılanlar, dünyada hansı gözəl əsərlər varsa, buraya gəlir. Heç yerə getmək, vaxt itirmək gərəkmir. Kimsəyə ağız açmaq, minnətin götürmək, hətta, pul xərcləmək lazım deyil. Səni nə maraqlandırırsa öyrən, araşdır.
Kənddəki kitabxanaçını ən xoşbəxt adam sanırdım. Elə bilirdim, o dünyada hər şeyə malikdi, hər şeyi bilir. Bütün əsərləri oxuyub. Heç nəyə də ehtiyacı yoxdu. Bütün kitabsevərlərin dostudu, doğmasıdı. Hamıdan bilikli, hamıdan savadlıdı...
Sonra da düşünürdüm ki, daha mən kitabxanaçı ola bilmərəm. Artıq kəndin bir kitbxanaçısı var. Məni ora qoymazlar. Heç ağlıma da gəlmirdi ki, bu kitabxanaçı bir gün qocalacaq, bir gün bu dünyadan köçəcək. Bəlkə də, onu işdən çıxara bilərlər. Mənə elə gəlirdi kim harda işləyirsə, bu vəzifə ömürlük onundu. Necə ki, müəllimlərimizin qocalacağını, dünyaların dəyişəcəyini heç zaman ağlımın ucundan da keçirmirdim. Uşaq ağlı, uşaq düşüncəsi, uşaq dünyası...
Ancaq illər keçsə də, peşə seçimim, arzularım dəyşsə də, yenə o peşəni sevirəm. Və orda işləyənləri ən şanslı, ən bəxtəvər insanlar hesab edirəm. Elə Lətafət xanım kimi...
Lətafət Abiyeva 1969-cu ildə gözəl təbiətiylə insanı valeh edən, alması-heyvasıyla dillərdə dastan olan Quba rayonunun Çiçi kəndində, Taha müəllimin ailəsində dünyaya göz açıb. Elə oranın təbiəti, gözəlliyi də onu özünə valeh edib, şair edib. Söz dünyasına əsir salıb...
Hələ bir dağlara göz yetir, könül,
Gərəkmi qovğalar ömür bitənsə?!
Bir ovuc torpaq da çiçək qoxuyar,
Yatdığın, durduğun yerin Vətənsə!
Dünya, sabahın xeyir!
Onun kitabxanaçı olduğunu biləndə çox sevindim. İstədim, elə ilk kitabxanalarında olan kitablar barəsində soruşam. Amma, fikrimi dəyişdim. Onun necə ədəbiyyat aləminə gəldiyini, şeir yazmaq sevdasına düşdüyünü soruşdum. O da təvözakarlıqla, utanaraq sualıma cavab verdi.
"On bir yaşımdan yazıram. Heç bilmirəm, necə oldu bu sevdaya tutulduğum. Bir yazın gəlişi, çəmənləri, çiçəkləri seyr etməyim qəlbimdə gözəl hisslər oyatdı. Yazdım, anama oxudum, sonra da büküb atdım. Sən demə, anam atdığım bütün vərəqləri yığıb saxlayıb...
Ancaq onu bilirəm ki, atam, tarix müəllimi Taha, əmim, bibim də şeir yazırdılar. Evimizdə hər gün şeir dinləyirdim. Bu, deyəsən, elə irsi olaraq gəlib mənə. Həm də gözəl Vətənimiz, bu yerlərin çiçəyinin, gülünün ətrindən doya bilmədiyimiz bağ-bağçalarımız insanı şair eləyir. Ən başlıcası, Allahdan verilir bu istedad, bu sevgi, onu sonradan qazanmaq olmur məncə...
Doğrudu, qohumlarım heç yerdə çap etdirmirdilər şeirlərini. Heç bu barədə düşünmürdülər də.Məncə, fikirləşirdilər ki, elə belə də olmalıdı. Sadəcə o eşq vardı onların içində. Yazmaya bilmirdilər, yazıb, bir-birilərinə oxuyurdular... Sonralar anladım ki, yazılanları çap etdirmək lazımdı. Lakin onlara desəm də, heç biri bunu etmək istəmədilər. Biz artıq qocalmışıq. Gərəkmir, dedilər. Bəyəm elə yazılanlar gərək çap oluna. Ürəyimizdən gəlir, biz də yazırıq. Gecdi, bir də kitab üçün, çap üçün məsrəflər gərəkir, biz adi və sadə kənd adamlarıyıq..."
Kim bilir, nə qədər istedadlar itib batır belə yerlərdə. Nə kimsə araşdırır, nə də irəli çəkir. Zorla qafiyələr arxasınca qaçanlar (bəzən heç qafiyələr də düz gəlmir bir-birinə) kitab çıxaranlar elələrinin yanında nə şairdilər, nə də yazardılar...
Bələdçi sənsən
Buracan yollarım daş-kəsək isə
Neynirəm çəməni ta indən belə?!
Payız çiçəyində cazibə olmur,
Əyilib, öpsə də əlindən belə...
Bu ömrün himninə çevrilib artıq
Köçən edən durnanın vida nəğməsi-.
Nə yaman mürəkkəb suala döndü,
Göylərdən asılan ümidin "bəs"i?!
Burda "qu" deyirsən, qulaq tutulur,
Boz rəngdə sökülür burda dan yeri.
İlahi, bu qədər adam içində
Göynəyir içimdə bir adam yeri...
Bəlkə göydən yaram yaxşı görünmür?!
Qorxarsan görüncə - bu yerə ensən.
Daha gedəmmirəm, karvanı göndər,
Mən naşı yolçuyam, bələdçi sənsən...
Heç də boş yerə kitabxaçılara həsəd aparmıram. Lətafət xanım gününü-gecəsini kitab oxumaqla keçirir. İşlədiyi məktəb kitabxasında oxumadığı kitab qalmayıb. Hər səhər açılan kimi kitabxanaya tələsir. Uşaqların olduğu məktəbə. O uşaqları, uşaqlar da onu çox sevir.Kitab çecməkdə, oxumaqda onların bələdçisidi, köməkçisidi...
Bəşərə qəribə doğmalığım var -
Bir qırıq qıcığım yoxdur içimdə.
Üzümü son günə tuturam hər vaxt -
Xislət olur-olsun hansı biçimdə...
Dünya, sabahın xeyir...
Mən də sənə deyirəm, Lətafət xanım, bütün sabahların xeyirlələ açılsın, uğurların bol olsun! Şeirlərlə salamla, sevindir bizi...