ZƏLZƏLƏLƏR BİZDƏN NƏ GÖZLƏYİR ? Elmdən cavab, cəmiyyətdən hazırlıq
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bəşəriyyətin inkişaf tarixinə nəzər saldıqda, görürük ki, Yer kürəsi qədim dövrlərdən bəri davamlı olaraq təbii fəlakətlərin təsiri altında formalaşıb. Bəzən gözlənilmədən baş verən bu hadisələr təkcə təbiət mənzərəsini dəyişmir, eyni zamanda minlərlə insanın taleyini də sarsıdır. Müasir dünyada bu kimi hadisələr "fövqəladə hallar" adlandırılır və onların içərisində ən dağıdıcı və qorxulu olanı isə, şübhəsiz ki, zəlzələlərdir.
Texnogen və təbii amillərin yaratdığı bu güclü sarsıntılar, insanların yaddaşında dərin izlər buraxır. Zəlzələnin yaratdığı dağıntılar, itkilər və emosional sarsıntılar sadəcə fiziki məkanla məhdudlaşmır – bu hadisələr insanın psixologiyasına da sirayət edərək, həyat tərzinə və gələcək düşüncələrinə təsir edir.
Statistik məlumatlara əsaslansaq, hər il dünyada orta hesabla 500.000 zəlzələ baş verir. Bunların təxminən 100.000-i insanlar tərəfindən hiss olunur. Güclü zəlzələlər zamanı yaşanan insan tələfatı, dağıntıların miqyası və iqtisadi zərərlər isə zaman-zaman bəşəriyyətin ən böyük faciələrindən birinə çevrilir.
Ən ciddi nəticələr doğuran fəlakətlər sırasında zəlzələlər, yalnız daşqınlar və qasırğalardan sonra üçüncü yerdə qərar tutur. Dağıntının miqyası isə əsasən iki amildən asılıdır: birincisi, şəhərlərin və mühüm obyektlərin yerləşmə sıxlığı və onların konstruktiv dayanıqlığı; ikincisi isə, həmin obyektlərin daxili quruluşu və xarici təsirlərə qarşı göstərdiyi müqaviməti, gücüdür.

Müasir yer elmləri artıq seysmik zonaları müəyyən edə, müəyyən dövrlərlə təkrarlanan güclü zəlzələlər haqqında məlumat verə bilir. Lakin, zəlzələnin dəqiq vaxtı, yeri və gücü hələ də proqnozlaşdırıla bilmir. Bu da zəlzələni digər fəlakətlərdən fərqləndirən ən qorxulu cəhətdir – o, xəbərdarlıq etmədən, qəfil gəlir...
Tarixi seysmik məlumatlar da bu qeyri-müəyyənliyi təsdiqləyir. Məsələn, Yaponiya və Orta Şərqdə son 2000 ildə, Çində isə 3000 il ərzində baş verən zəlzələlərə əsaslanaraq demək olar ki, seysmik rejim hər bir regionda fərqlidir və zamanla dəyişkənlik göstərir.
Bəs belə bir vəziyyətdə insan özünü və ailəsini necə qoruya bilər?
Cavab sadədir: hazırlıqlı olmaqla! Hər bir vətəndaş yaşadığı ərazinin seysmik vəziyyətini bilməli, tikililərin norma və standartlara uyğun olub-olmadığını yoxlamalı, fövqəladə hallara hazırlıq planlarını əvvəlcədən müəyyən etməlidir. Əgər mənzillər seysmik təhlükəsizlik sənədlərinə malikdirsə və insanlar bu sənədlərlə tanışdırsa, onlar psixoloji gərginliyə daha az məruz qalacaq və panikaya düşmədən düzgün davranacaqlar.
Zəlzələ zamanı insanlara təsir edən əsas amillərdən biri qorxu və təşvişdir. Bu psixoloji gərginlik düşüncəni dumanlandırır, panikaya səbəb olur və çox vaxt düşünülməmiş, tələsik qərarların verilməsi ilə nəticələnir. Nəticədə isə daha böyük faciələr baş verir.

Unutmayaq ki, zəlzələnin qarşısını almaq mümkün deyil, lakin onun nəticələrini azaltmaq, həyatları qorumaq mümkündür. Bunun üçün elmi biliklərdən istifadə etmək, maarifləndirmə tədbirlərinə qatılmaq, seysmik təhlükəsizliyə dair qanun və qaydalara riayət etmək lazımdır.
2023-cü il fevralın 6-da baş verən zəlzələ, "zamanın donduğu 80 saniyə" kimi dünya tarixində iz buraxdı. Yalnız 80 saniyəlik zaman aralığında baş verən bu hadisə, yüz ilin ən dəhşətli təbii fəlakəti kimi tarixə düşdü. 2004-cü il Sumatra zəlzələsindən sonra XXI əsrdə ən çox insan itkisinə səbəb olan bu hadisə, dünyanın diqqətini bir daha seysmik təhlükəyə yönəltdi.Sarsıdıcı təkanlar "fay xəttinin üstündə tikilmiş ümidləri" bir an içində yerlə bir etdi. Təqribən 500 kilometr uzunluğundakı aktiv fay xətti boyunca yerləşən şəhərlər 80 saniyə ərzində tamamilə dağıldı. Tikilən bina və iaşə obyektlərinin iri fay xəttinin üzərində inşa olunması, həmçinin torpaq örtüyünün xüsusiyyətlərinin nəzərə alınmaması faciənin miqyasını daha da artırdı. Nəticədə, acının ağırlığını bu gün Türk dünyasının hər bir vətəndaşı hiss edir və yaraları sarmaq üçün səfərbər olmuşdur.Bu dağıntının əsas səbəblərindən biri "gecə gələn fəlakət" oldu. İlk zəlzələ təkandan 180 kilometr uzunluğunda fayın qırılması, iri şəhər mərkəzlərinin məhz bu xətt boyunca yerləşməsi, 110 min kvadrat kilometrə yaxın sahənin tamamilə təsirə məruz qalmasına səbəb oldu. Ən acı məqam isə zəlzələnin gecə saatlarında – insanların evlərində olduğu bir vaxtda baş verməsi idi. Araşdırmalar göstərir ki, "günlərlə deyil, saniyələrlə baş verən ölüm", xüsusən gecə vaxtı daha çox insan itkisi ilə nəticələnir.Elmi təhlillərə əsaslansaq, əhalisi sıx, tikinti standartlarına tam əməl olunmayan şəhərlərdə gecə saatlarında baş verən zəlzələlərdə insan itkisi gündüz vaxtı baş verən analoji hadisələrdən 2,5 dəfə çox olur. Bu dəfə də fərqli olmadı: "qardaş ölkənin yarası", yəni Qardaş Türkiyənin bir çox şəhərləri, ilk güclü təkanın gecə, ikinci güclü təkanın isə gündüz saatlarında baş verməsi səbəbilə daha da ağır zərər gördü. İnsanlar birinci təkandan sonra zədələnmiş binalara daxil olduqları üçün ikinci təkan zamanı daha çox tələf oldular.Zəlzələnin dağıdıcı təsirini "fəlakətin səssiz şahidləri – beton və metal" açıq şəkildə nümayiş etdirir. Qəhrəmanmaraşda 1000-ə yaxın yaşayış binasının tamamilə dağılması, 34 minə yaxın ciddi zədələnmiş infrastruktur obyektinin qeydə alınması bunun bariz sübutudur. Xüsusilə çökmüş binaların içərisində üst-üstə yığılmış beton plitələrin mənzərəsi, əsas seysmik yükü daşıyan sütunların keyfiyyətsiz materialdan hazırlanması və arakəsmələrin düzgün bağlanmaması kimi ciddi tikinti qüsurlarını ortaya çıxardı.Belə faciələrin gələcəkdə təkrarlanmaması üçün "səhvlər təkrarlanmamalıdır: tikintidə geoloji məsuliyyət" prinsipi əsas götürülməlidir. Ərazinin seysmik şəraiti, geoloji və geofiziki tədqiqatlar əsasında qiymətləndirilmədən heç bir tikinti işinə başlanmamalıdır. Hər bir tikinti layihəsi mütəxəssis rəyi ilə təsdiqlənməli, geoloji risklər nəzərə alınmalıdır.Unutmayaq ki, "mütəxəssis rəyi həyat qurtarır". Güclü zəlzələlərdən sonra zədələnmiş binalara mütəxəssislərin icazəsi olmadan daxil olmaq qəti şəkildə qadağan edilməlidir. Çünki əsas təkanlardan sonra çoxsaylı kiçik və orta ölçülü afterşoklar qeydə alınır və bu da artıq zəifləmiş binaların tamamilə uçmasına səbəb ola bilər.Nəticə etibarilə, "sarsıdıcı dərs" bizə bir daha sübut etdi ki, təbiətə qarşı yalnız düşünülmüş tədbirlərlə, elmi əsaslı tikinti işləri ilə müqavimət göstərmək mümkündür. Təhlükəni azaltmaq üçün gələcəkdə tikinti normalarına ciddi əməl edilməli, şəhərsalma planlarında geoloji amillər əsas yer tutmalıdır.

Əlli ildən artıqdır ki, ölkəmizin müxtəlif bölgələrində inşa olunmuş çoxmərtəbəli yaşayış binaları bu gün də aktiv istifadə olunmaqdadır. Həmin tikililərin əksəriyyəti keçmiş SSRİ dövründə – 1960-cı illərdən sonra salınmış və o dövrün texniki normalarına uyğun şəkildə layihələndirilmişdir. O zaman mövcud olan seysmik rayonlaşdırma xəritələrinə əsasən, ərazilərin bir çoxu maksimum 7 ballıq zəlzələlər üçün hesablanmışdı. Bu isə həmin binaların yalnız orta səviyyəli seysmik hadisələrə qarşı dayanıqlı olmasını təmin edirdi. Lakin zaman keçdikcə regionun seysmik aktivliyi ilə bağlı yeni məlumatlar ortaya çıxdı və bəzi ərazilər daha yüksək seysmik risk zonalarına aid edilməyə başlanıldı. 1978-ci ildən etibarən bəzi bölgələrdə zəlzələ riski 8 ballıq, 1988-ci ildə isə baş verən güclü zəlzələ fonunda artıq 9 ballıq zona kimi dəyərləndirildi. Bu dəyişikliklər istər layihələndirmə, istərsə də tikinti prosesində daha sərt normaların tətbiqini zəruri edirdi. Tarix isə acı təcrübələrlə sübut edir ki, seysmik təhlükənin düzgün qiymətləndirilməməsi insan tələfatı ilə nəticələnən faciələrə səbəb ola bilər. Keçmişdə baş vermiş bəzi zəlzələlər zamanı dağılan tikililər, əslində, gələcəyə yönəlmiş xəbərdarlıqdı – həm tikinti sektoruna, həm də cəmiyyətə. Son illərdə isə vəziyyət dəyişməkdədir. Şəhərsalma və infrastruktur sahəsində aparılan genişmiqyaslı yenidənqurma və möhkəmləndirmə işləri nəticəsində bir çox yaşayış və ictimai binaların seysmik dayanıqlığı xeyli artırılmışdır. Bununla belə, mövcud riskləri azaltmaq üçün görüləcək işlər hələ də çoxdur. İlk növbədə, çoxmərtəbəli yaşayış binalarının, məktəblərin, uşaq bağçalarının və ictimai obyektlərin seysmik baxımdan təkrar qiymətləndirilməsi vacibdir.
Binaların daşıyıcı konstruksiyalarına edilən istənilən müdaxilə – arakəsmələrin sökülməsi, sütunların zəiflədilməsi və ya binanın ilk mərtəbəsində dizayn məqsədilə konstruksiyaların dəyişdirilməsi – zəlzələ zamanı ciddi təhlükə yaradır. Təcrübə göstərir ki, bu cür dəyişikliklər bəzi ölkələrdə baş vermiş zəlzələlərdə bina çökmələrinin əsas səbəblərindən biri olmuşdur. Eyni zamanda, sadə görünən, lakin fövqəladə hallar zamanı ölümcül nəticələrə səbəb ola biləcək məişət vərdişlərinə də diqqət yetirilməlidir. Binaların eyvanlarında və pəncərə kənarlarında saxlanılan şüşə qablar, gül dibçəkləri, qaz xəttinə yaxın əşyalar – bütün bunlar zəlzələ zamanı ikinci dərəcəli, lakin ağır nəticələrə səbəb ola biləcək təhlükə mənbəyidir. İnfrastruktur planlamasında bu cür risklər nəzərə alınmalı, mühəndis layihələrində onların qarşısının alınması təmin edilməlidir. Bütün bu tədbirlərin effektivliyi isə birbaşa olaraq fərdi və ictimai məsuliyyət hissindən asılıdır.
Dövlət və yerli idarəetmə orqanları ilə yanaşı, hər bir sakin də seysmik təhlükə mövzusunda maarifləndirilməli, fərdi dəyişikliklərin yaratdığı risklər barədə məlumatlandırılmalıdır. Tikinti normalarına riayət, nəzarət mexanizmlərinin gücləndirilməsi və vətəndaşların bu prosesdə fəal iştirakı olmadan tam təhlükəsiz yaşayış mühiti yaratmaq mümkün deyil. Unutmamalıyıq ki, yerin altındakı enerji insan iradəsindən asılı olmadan azad olur. Lakin onun fəsadlarını nə qədər azaldacağımız öz əlimizdədir. Təhlükəsiz gələcək – yalnız möhkəm divarlar deyil, eyni zamanda güclü şüur, düzgün planlama və ortaq məsuliyyət deməkdir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Təbii Ehtiyatlar İnistitutu Seysmoloji Xidmət Şöbəsi

