Icma.az
close
up
RU
Zirvələrimizdən biri Sabir Rüstəmxanlının Süleyman Rəhimli haqqında yazısı

Zirvələrimizdən biri Sabir Rüstəmxanlının Süleyman Rəhimli haqqında yazısı

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Bu il xalq yazıçısı Süleyman Rəhimlinin anadan olmasının 125 illiyi qeyd edilir.

Məncə, Süleyman Rəhimli təkcə XX yüz il nəsrimizin deyil, ümumiyyətlə bütün Azərbaycan nəsrinin və ədəbiyyatımızın fenomeni və möcüzəsidir. İnkarçılığın, hətta öz dədəsini də bəyənməmək xəstəliyinin geniş yayıldığı bir zaman da bu sözləri ürəklə və tam səmimiyyətlə deyirəm.

Süleyman Rəhimli möcüzəsinin nə demək olduğunu qələm əhli, həm də təcrübəli qələm sahibləri daha yaxşı başa düşərlər. Yalnız ədəbiyyata həsr olunmuş bütöv bir ömür yaşayandan sonra adam «Saçlı»ının, «Şamo»nun dəyərini və hansı böyük əməyin məhsulu olduğunu, bu yaradıcılıq qəhrəmanlığını təkrarlamağın və ya ona bənzəməyin mümkünsüzlüyünü başa düşür.

Süleyman Rəhimli, öz sözlərilə desək, «necə deyərlər», insan kimi də, yazıçı kimi də nəhəngdi və ona qiyməti yalnız bu nəhənglik ölçüləriylə vermək olar...

Böyük xalq yazıçısı ədəbiyyata «Şamo» adlı kiçik həcmli romanıyla gəlmiş, əsərin qazandığı şöhrət onu romanı daha da təkmilləşdirməyə sövq etmişdi və əslində beş cildlik «Şamo» epopeyasını bütün ömrü boyu yazmışdı. Ədəbiyyat tarixində və tənqiddə də daha çox onun bu nəhəng əsərindən söhbət gedir. amma Süleyman Rəhimli «Şamo»suz da böyük yazıçıdır. Hətta başqa romanları nəzərə alınmasa da, çoxsaylı hekayələri, folklordan və xalq həyatından alınmış povest, əfsanə və rəvayətləriylə də nəsrimizin klassiki, ağsaqqalı səviyyəsində dayanacaq.

Bu barədə çox yazılıb və bundan sonra da yazılacaq.

Bizim nəslin formalaşmasına bu gün hansı ölçüylə yanaşılırsa yanaşılsın, azərbaycan Sovet ədəbiyyatının poeziyada Səməd Vurğun, Mikayıl Müşfiq, Rəsul Rza, Süleyman Rüstəm, nəsrdə Yusif Vəzir Çəmənzəminli, Süleyman Rəhimli, Mir Cəlal, Mirzə İbrahimli, Əli Vəliyev kimi yaradıcılarından kənarda təsəvvür etmək mümkün deyil.

Süleyman Rəhimli ilə arada qırx beş illik yaş fərqimiz olsa da, möhkəm dostluğumuz vardı. Bu dostluq qəribə bir təsadüfdən başlanmışdı. O vaxtkı Azərbaycan Dövlət universitetinin dördüncü kursunda oxuyarkən həm də «Ədəbiyyat və incəsənət» qəzetində işə düzəlmişdim, şeirdən əlavə, ilk ədəbi-tənqidi yazılarım da çap olunurdu və məncə, pis də qarşılanmırdı.

Bir gün qəzetin baş redaktoru, hörmətli xalq yazıçımız Hüseyn Abbaszadə məni otağına çağırıb balaca bir kitabça uzatdı. «Bu, rəhmətlik Şamonun şeir kitabıdır. Oxu, ürəyinə yatsa, haqqında sözünü deyərsən. İnanıram ki, yaxşı bir şey yazacaqsan».

Hüseyn müəllim xahiş kimi desə də, söz yox ki, bu, bir tapşırıq idi. Məni işə götürəndən sonra baş redaktor ilk dəfəydi nəsə yazmağımla bağlı birbaşa özü müraciət edirdi, buna görə də müəyyən bir forma, ilişik nöqtəsi tapıb yazı yazacaqdım, ən azı Şamonun elmi fəaliyyəti və acı taleyi buna imkan verirdi. amma «ayrılıq» adlı bu balaca şeir kitabını oxuyandan sonra gördüm ki, «baş redaktorun sözündən keçməyib bir kitab haqqında ürəksiz, ruhuma yatmayan bir yazı yazdım» deyə vicdan qınağına tuş olmayacağam (xoşbəxtlikdən tam otuz beş ildir ki, həmin prinsipi qoruyub saxlaya bilmişəm). Şeirlər məni tutdu, onların gənclik təravətiylə fəlsəfi kədəri – müəllifin taleyi fonunda qəribə bir rəng alır, xüsusi bir ahəngdə səslənirdi. Bir də məni şeirin gücü sarsıtmışdı. alim kimi gedən Şamo, sağlığında bəlkə də xüsusi əhəmiyyət vermədiyi şeirləriylə qayıtmışdı. Bu hissiyyatla «Görüşdürən ayrılıq» adlı bir məqalə yazdım və şənbə günü qəzetdə çıxdı. növbəti həftə bazar ertəsi «Ədəbiyyat və incəsənət»in o vaxt Zevin (indiki Əziz Əliyev) küçəsi 4-də yerləşən redaksiyasında rəhmətlik Məmməd Əkbərlə bir otaqda oturub yazı yazırdım. Redaksiyada bir canlanma hiss eləsəm də, yazıdan ayrılmaq istəmirdim. Qapının arxasında, küncdə oturduğuma görə qapı açılanda əyilib küncə baxmayan, məni görmürdü.

Bir azdan səs-küy bizim otağa yaxınlaşdı, qapı açıldı və gur bir səs eşidildi: «Gəl, Hüseyn, gəl bizi tanış elə, görüm, kimdi Sabir Rüstəmxanlı». İçəri keçib pəncərə ağzında oturan Məmməd Əkbərlə görüşdü, geri çevriləndə məni gördü. Əvvəl sakitcə başdan-ayağa məni süzdü, sonra əli döşündə ləng addımlarla mənə doğru gəldi, mən də yazı masasının arxasından çıxdım, irəli yeriyib əl verdim.

– Sənsən?

Əvəzimə Hüseyn müəllim cavab verdi. – Süleyman müəllim, bizim tənqid şöbəsində işləyir, təzə gəlib, çox istedadlı oğlandır...

Süleyman müəllim məni qucaqladı:

– Məni hər yazı kövrəldə bilməz, amma sən kövrəltdin. necə deyərlər, ağlatdın məni, nə gözəl təhlil eləmisən Şamonun şeirlərini. Mən bu gün məxsusi sənə təşəkkür eləməyə gəlmişəm. Sənə də, Hüseynə də! Çox sağ olun!

Nə deyəcəyimi bilmirdim. Məndən çox Hüseyn müəllim sevinirdi. Qəzet bu boyda oğul itkisi müqabilində balaca bir təsəlli verə bilibsə, baş redaktordan çox kim sevinəcəkdi?!

Hüseyn Abbaszadə öz otağına dəvət etsə də, Süleyman müəllim tələsmirdi. Stul çəkib oturdu.

– Mən də elə bildim, bu yazını yaşlı, çox təcrübəli bir adam yazıb, maşallah, bu, cavan oğlanmış ki!...

Sonra haranı qurtarmağımla maraqlandı, hələ oxuduğumu, universiteti gələn il bitirəcəyimi eşidəndə bir az da təəccübləndi...

– Məmməd Əkbər, papaq altında oğlanlar var e, bizim xəbərimiz yoxdur.

Ağsaqqal yazıçının bu bir cümləsi mənə bir kitablıq tərifdən artıq idi. Çay içdi, Şamonun elmi fəaliyyətindən danışdı, sanki onu mənə daha yaxşı tanıtmaq istəyirdi. Təxminən bir saatlıq, saat yarımlıq söhbətdən sonra durub gedəndə məni bir də qucaqladı:

– Şamonu Allah tez apardı, amma elə sən də mənim oğlumsan. Şamo yoxdur, sən varsan, sənin kimilər var...

Məqalənin böyük yazıçını bu qədər təsirləndirəcəyini, ürəkdən sevindirəcəyini gözləmirdim... O gedəndən sonra öz yazımı bir də, bu dəfə başqa gözlə oxudum... Süleyman müəllimlə yaranan o əlaqə ta dünyasını dəyişənə kimi davam elədi. İlk vaxtlar Hüseyn Abbaszadənin telefonuna zəng vurub, onun otağına çağırtdırırdı. Sonra öz telefonumu götürdü. 8-ci kilometrdə ev alandan sonra oranın da telefonunu yazmışdı. Bəzən axşamlar da zəng vurar, hal-əhval soruşar, çap olunan yazılarına münasibətimi öyrənər, rast gəldiyi yazılarım haqqında rəyini deyərdi.

Qəzetdə görüşümüzdən az sonra Süleyman müəllim məni evinə dəvət etdi. Görünür, qəsdən günorta yeməyi zamanı. «Quzu ətindən yaxşı soyutmamız var, bir yerdə yeyəcəyik». Bütün cidd-cəhdimə baxmayaraq, məni öncə əl yuyulan yerə dartdı: «İşdən gəlmisən, əlini yu» (Bu baxımdan çox diqqətli idi, sofuluğu vardı). Yeməkdə də diqqətliydi. «Onu yox, bu tikəni götür. Bu dovğanı da içəcəksən!» Etiraz edəndə məşhur dovğa əhvalatını mənə danışdı. «Gecələr yazı yazanda sinəm yanır, çox dovğa içirəm, dovğanı yanıma vedrəylə qoyurlar». Süleyman müəllimin böyüklüyünə yaraşan və onu tamamlayan söhbətdi.

Onun iş otağına baxa-baxa bu mənzilin məhz Səməd Vurğun küçəsində, onu «nəsrimizin böyük artilleriyası» adlandıran böyük dostunun adını daşıyan bir ünvanda yerləşməsinin də rəmzi xarakter daşıdığını fikirləşirdim. Binanın küncündə yerləşən, pəncərələri həm küçəyə, həm dənizə açılan iri otağın özündə də bir monumentallıq vardı. Bu pəhləvan cüssəli kişini başqa otaqda, başqa masanın arxasında təsəvvür eləmək çətin idi.

Süleyman müəllim söhbətcil, duzlu, həm də diqqətcil adamdı. Ata-anamın harda yaşamaları, vəziyyətləriylə maraqlanır, ayrı-ayrı yazıçılara, əsərlərə münasibətimi soruşur və qəribədir ki, dediyim rəylərlə demək olar ki, həmişə razılaşırdı. Bir dəFə süfrəyə konyak qoydu:

– Həkimlər icazə verməsə də, səninlə içəcəyəm.

– Mən işə gedəcəyəm, Süleyman müəllim!

– İşə gedəndə nə olar? Hüseyn sənə bir söz deyəcək bəyəm?

– Hər halda redaksiyadı.

– Narahat olma, Hüseyn xətrini çox istəyir...

Özü az içsə də, konyak şüşəsini qurtarmamış sakitləşmədi. «Çox oldu»» deyə etiraz eləyəndə güldü.

– Nəyi çox oldu? Sənin yaşında bundan ikisi mənim günorta normamdı.

– Siz onda «Ədəbiyyat və incəsənət» qəzetinin kiçik ədəbi işçisi deyildiniz, dağda raykom katibiydiniz.

– Necə deyərlər, elə sən də düz deyirsən.

Beş-altı belə epizodu çıxmaqla Süleyman müəllimlə ünsiyyətimiz daha çox yaradıcılıq üstəydi. Bakıdakı bütün görüşlərinə məni dəvət edərdi. Çıxanda tapşırıq verməyi də unutmazdı. «Qəzetdə məlumat verəcəksən yəqin. nə qədər geniş olsa, o qədər yaxşıdı. Öz imzannan ver!...»

Süleyman Rəhimli qeyri-adi iş qabiliyyəti olan, çalışmaqdan yorulmayan adamdı. Qəzetə yazılarını çox vaxt redaktorlara yox, mənə göndərirdi, mənim redaktəmlə, ixtisarımla razılaşırdı. Makinada yazılarını iri intervalla yazdırırdı, sonra sətirlərin arasını iri xəttiylə yenidən yazıb doldurardı.

– Mən yazılarımı makinadan sonra yenidən mürəkkəbdə çimizdirməsəm, rahat ola bilmərəm...

Bu gün iyirminci yüzil ədəbiyyatımızın böyük bir qismini sovet ideologiyasına bağlayıb inkar etmək meyli duyulur. Azərbaycanın Rusiya və Sovetlər Birliyi tərkibində yaşadığı tarixin faciələri çoxdur, hər halda, işğal altındaydıq... amma həmin işğaldan xilas olmağın ideoloji və mənəvi təməlini elə həmin rejimdə yaşayanların ədəbiyyatı yaratmışdı. ana dilimizin inkişafında həmin ədəbiyyat böyük rol oynamışdı. Həmin ədəbiyyat tariximizin təzadlı bir dövrünün əksidir və o dövrü də, o ədəbiyyatı da tarixdən silmək olmaz.

Bu baxımdan və söz sənəti faktı kimi Süleyman Rəhimli həmişə zirvələrimizdən biri olaraq qalacaq...


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 09 Aprel 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see248

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see216

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see202

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see195

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see192

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see164

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see150

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see149

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see148

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see142

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see139

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see130

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see127

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see127

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see126

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see125

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri