1951 ci il razılaşması ABŞ a bütün səlahiyyətləri verir Əsl səbəb 400 illik bir səhvdir?
Icma.az bildirir, Qaynarinfo portalına istinadən.
ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı ölkəsinin ərazisinə qatmaq cəhdləri üçün iki əsas arqument irəli sürür. İlk baxışda bu arqumentlər məntiqli görünür. Lakin mütəxəssislər Trampın əsaslandırmalarını "istifadəli bəhanə” kimi qiymətləndirirlər. Bəs nə baş verir? Yoxsa Trampın Qrenlandiyanı almaq istəyinin arxasında 400 ildir davam edən bir yanlışlıq dayanır?
Qaynarinfo xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ikinci prezidentlik müddətinin əvvəlindən etibarən Qrenlandiyanı ölkəsinin ərazisinə qatmaq istədiyini açıq şəkildə bəyan edir. Tramp bu istəyinin əsas səbəbi kimi ABŞ-ın milli təhlükəsizliyinin təmin olunmasını göstərir.
Məlum olduğu kimi, Arktikada yerləşən Qrenlandiya adası Danimarka Krallığına bağlı muxtar bölgədir. Coğrafi baxımdan Şimali Amerikanın bir hissəsi olan ada Kanada sahillərinə olduqca yaxındır.
Tramp Qrenlandiya ilə bağlı planlarını ilk dəfə gündəmə gətirəndə adanın Rusiya və Çin gəmiləri tərəfindən "işğal edildiyini", bunun isə ABŞ-ın bölgədəki maraqlarına zidd olduğunu iddia etmişdi. Daha sonra isə mövqeyini dəyişərək bu geniş ərazinin hələ planlaşdırma mərhələsində olan "Qızıl Qübbə” raketdən müdafiə qalxanı üçün həyati əhəmiyyət daşıdığını bildirmişdi.
İlk baxışda Trampın hər iki iddiasında da müəyyən həqiqət payı olduğu təsiri yaranır. Lakin "The Telegraph” nəşrinə danışan təhlükəsizlik mütəxəssisləri milli təhlükəsizlik narahatlıqlarını aradan qaldırmaq üçün ABŞ-ın Qrenlandiyanı öz ərazisinə qatmasının zəruri olmadığını vurğulayıblar.
Trampın Qrenlandiyanı pulla almaq istədiyi artıq hamıya məlumdur. Ancaq Qrenlandiya heç kimə, xüsusilə də ABŞ-a satılmaq istəmir. Üstəlik, Danimarkanın da belə bir satış səlahiyyəti yoxdur. Keçmişdə qərarverici tərəf Danimarka idi. Məsələn, 1946-cı ildə Truman administrasiyası Qrenlandiya üçün 100 milyon dollar dəyərində qızıl təklif etmiş, lakin "xeyr” cavabı almışdı. Bu gün isə vəziyyət fərqlidir. Qrenlandiyalılar artıq müstəqillik məsələsi ilə bağlı referendum keçirmək hüququna malikdirlər. Bu kontekstdə Danimarka rəsmiləri adanın 57 min sakininin öz gələcəklərini özlərinin müəyyən edəcəyini vurğulayırlar. Keçən il keçirilən sorğuda sakinlərin 85 faizinin Amerikanın adanı ələ keçirməsi fikrinə qarşı olduğu ortaya çıxmışdı.
Vaşinqtonla Moskvanın tam ortasında
Geniş əraziyə malik olmasına baxmayaraq, seyrək əhalisi olan ada ABŞ və NATO-nun genişmiqyaslı hava hücumundan müdafiə memarlığında mühüm rol oynayır. Qrenlandiya Moskva ilə Vaşinqton arasındakı ən qısa uçuş marşrutunun, yəni "böyük dairə məsafəsi” kimi tanınan trayektoriyanın tam üzərində yerləşir. Ada həm Vaşinqtondan, həm də Moskvadan təxminən 3 200 kilometr uzaqlıqdadır.

II Dünya müharibəsinin başa çatmasından bəri ABŞ Qrenlandiyanın şimal sahilində yerləşən Pituffik Kosmik Bazasında (əvvəlki adı ilə Thule Hava Bazası) hərbi personal saxlayır. Şimal qütbündən təxminən 1 450 kilometr uzaqda yerləşən Pituffik ABŞ ordusunun ən şimaldakı bazasıdır. Təxminən 150 hərbçinin xidmət etdiyi bu baza Vaşinqtonun raket erkən xəbərdarlıq sisteminin mühüm tərkib hissəsidir. Rusiya və ya Çinin ABŞ-a ballistik raket buraxdığı ssenaridə, raketin Qrenlandiya üzərindən keçməsi çox ehtimal olunur. Bu səbəbdən Pituffikdəki personalın əsas vəzifəsi yaxınlaşan hava təhdidlərini aşkar etmək üçün səmanı nəzarətdə saxlamaqdır.
Lakin Soyuq müharibənin başa çatmasından sonra ABŞ-ın Qrenlandiyadakı hərbi mövcudluğu əhəmiyyətli dərəcədə azalıb. ABŞ ilə Danimarka arasında imzalanmış müdafiə razılaşması 2004-cü ildə Qrenlandiyanın yarımmuxtar hökumətini də əhatə edəcək şəkildə yenilənib. Bununla da Qrenlandiya hökuməti Amerika hərbi əməliyyatlarının yerli əhaliyə necə təsir göstərə biləcəyi məsələsində söz sahibi olub. Razılaşmanın kökləri II Dünya müharibəsi dövründə qurulan tərəfdaşlığa dayanır. Həmin vaxt Danimarka nasist işğalı altında idi. Kopenhagenlə əlaqəsi kəsilmiş Vaşinqtondakı Danimarka səfiri Qrenlandiya ilə bağlı ABŞ-la müdafiə razılaşması imzalamışdı. Bunun arxasında nasistlərin Qrenlandiyanı Amerikaya çatmaq üçün dayaq nöqtəsi kimi istifadə edə biləcəyi qorxusu dayanırdı. Almanlar adanın şərq sahilində kiçik meteorologiya məntəqələri quraraq Avropadakı döyüşlər üçün məlumat ötürürdülər. Nəticədə Amerika qüvvələri onları adadan çıxardı və minlərlə əsgər bir neçə uçuş-enmə zolağı və digər hərbi obyektlərlə birlikdə ondan çox baza qurdu. Müharibədən sonra ABŞ bəzi bazaları və bir sıra erkən xəbərdarlıq radar stansiyalarını işlətməyə davam etdi. Soyuq müharibə bitərkən isə Pituffik Kosmik Bazası istisna olmaqla bütün obyektlər bağlandı. Pituffik Şimal qütbünü keçən raketlərin izlənməsinə kömək etdiyi üçün "kosmik baza” adını daşıyır.
1951-ci il razılaşması lazımi zəmini yaradır
Ən gərgin dövrdə Vaşinqton adada 17 obyekt və 15 min hərbçi saxlayırdı. Bu qüvvələr sovet sualtı qayıqlarını və gəmilərini izləməklə yanaşı, mümkün işğala qarşı da hazırlıq görürdü. Bu vəziyyət 1951-ci ildə ABŞ və Danimarka hökumətləri arasında imzalanmış razılaşma ilə hüquqi əsas qazanmışdı. Kopenhagen bu razılaşmanın hələ də qüvvədə olduğunu dəfələrlə vurğulayıb. Başqa sözlə, Tramp Qrenlandiyanı öz ərazisinə qatmadan da adaya daha çox əsgər göndərə bilər və bunun qarşısında heç bir maneə yoxdur. Buraya ABŞ-ın 175 milyard dollarlıq "Qızıl Qübbə” hava hücumundan müdafiə sistemi layihəsinə töhfə verəcək hərbi varlıqlar da daxildir.

300 ildən artıq müddət əvvəl Qrenlandiyanı koloniyalaşdıran və bu gün də bəzi məsələlərdə nəzarəti əlində saxlayan Danimarka ilə ABŞ arasında 1951-ci ildə imzalanmış bu az tanınan razılaşmaya əsasən, ABŞ Qrenlandiyada geniş hərbi giriş hüquqlarına malikdir. Razılaşma ABŞ-a Qrenlandiya boyunca "hərbi bazalar tikmək, qurmaq, saxlamaq və idarə etmək”, "personal yerləşdirmək”, eləcə də "gəmilərin, təyyarələrin və su nəqliyyat vasitələrinin eniş, qalxış, lövbərləmə, bağlanma, hərəkət və əməliyyatlarını nəzarətdə saxlamaq” səlahiyyəti verir.
Kopenhagendə yerləşən Danimarka Beynəlxalq Araşdırmalar İnstitutunun tədqiqatçısı Mikkel Runqe Olesenin "The New York Times” nəşrinə verdiyi açıqlamada qeyd etdiyi kimi, ABŞ Qrenlandiyada o qədər sərbəst hərəkət edə bilir ki, demək olar, istədiyi hər şeyi edə bilər: "ABŞ-ın istədiyi hər şeyi əldə etmədiyini düşünmək mənə çox çətin gəlir. Təbii ki, əgər nəzakətlə xahiş edərsə…"
Digər tərəfdən, Tramp yaxın vaxta qədər Qrenlandiyadan "Qızıl Qübbə” layihəsi üçün həyati əhəmiyyət daşıyan bir məkan kimi bəhs etmirdi. Bu da "Qızıl Qübbə”nin Ağ Ev üçün istifadəli bir bəhanəyə çevrildiyi fikrini gücləndirir. İddialara görə, layihə raketləri izləyən və öz mərmilərini buraxaraq onları vurmağa çalışan peyk sistemini də əhatə edəcək. Analitiklər bu texnologiyanın mövcud olub-olmadığını və ya yaxın zamanda mümkünlüyünü sual altına alsalar da, ABŞ-nin Qrenlandiyanı öz ərazisinə qatması peyk əsaslı müdafiə sisteminin həyata keçirilməsi üçün şərt deyil.

Rusiya gəmiləri Qrenlandiya yaxınlığından keçməyə məcburdur
Əsas məsələ ondan ibarətdir ki, iqlim dəyişikliyinin təsiri ilə ərimiş buzlaqlar Şimali Amerikaya yaxın yeni ticarət marşrutları açaraq Arktikanı yenidən formalaşdırır və bu prosesdə Pituffikin əhəmiyyəti daha da artır. Qrenlandiya Şimal Buzlu okeanının Atlantik okeanı ilə birləşdiyi nöqtədə yerləşir. Rusiya gəmiləri və sualtı qayıqları Arktikadakı bazalarından ayrılıb cənuba doğru hərəkət edərkən Qrenlandiya yaxınlığından keçməyə məcbur qalırlar. Əsas marşrutlardan biri Qrenlandiya, İslandiya və Birləşmiş Krallıq arasındakı sulardan keçir və bu ərazi GIUK boğazı kimi tanınır. Norveç ilə İslandiya arasındakı Bear boğazı da cənuba enmək üçün alternativ marşrutdur.
Razılaşmalar bu məsələyə də çıxış yolu ola bilər
Vladimir Putin 2022-ci ilin fevralında Ukraynaya hücum əmri verdikdən sonra NATO bölgədə hava və dəniz patrullarını artırıb. Danimarka Arktik Komandanlığını yeni gəmilər, pilotsuz uçuş aparatları və müşahidə təyyarələri ilə gücləndirmək üçün 2 milyard avro sərmayə yatıracağını açıqlayıb. Bu qərar ötən ilin yanvarında Trampın Qrenlandiyaya marağını azaltmaq məqsədilə elan edilmişdi. Lakin raketdən müdafiə məsələsində olduğu kimi, Qrenlandiya ətrafındakı sularda təhlükəsizliyin artırılması üçün də ABŞ-nin adanı ələ keçirməsi zəruri deyil. Danimarka Vaşinqtonun mövcud razılaşmalardan istifadə etməklə bu milli təhlükəsizlik narahatlıqlarını aradan qaldıra biləcəyini israrla vurğulayır.
Cavab 400 il əvvəldə gizlənirmi?
Trampın bu bölgəni ələ keçirmək arzusuna dair ən sadə izah isə Qrenlandiyanın coğrafiyası ilə bağlıdır. Adanın paytaxtı Nuuk əslində Vaşinqtona Kopenhagdan daha yaxındır. Lakin bu fakt XVI əsrdə Gerardus Mercator tərəfindən tərtib edilmiş və bu gün də geniş istifadə olunan xəritələrdə öz əksini tapmır. Səbəb Mercator xəritəsində qütblərə yaxın ərazilərin ölçülərinin ciddi şəkildə şişirdilməsidir. Qrenlandiya sahə baxımından Afrikanın on dörddə biri qədər olsa da, xəritədə təxminən eyni ölçüdə görünür. Eyni şəkildə Cənubi Amerika da xəritədə Qrenlandiyadan kiçik təsvir olunur. Tramp keçmişdə xəritələri sevdiyini bildirmiş və ABŞ ilə Rusiya kimi regional supergüclərin ölçülərini müqayisə edən açıqlamalar vermişdi. Məhz buna görə də Trampın Mercator təhrifinin təsiri altında ABŞ ilə Qrenlandiyanın birləşmiş sahəsini Rusiyadan daha böyük görərək Qrenlandiyanı almaq niyyətinə düşmüş ola biləcəyi ehtimalları irəli sürülür.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 20 Yanvar 2026 23:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















