2 iyul Polis işçilərinin peşə bayramıdır!
Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyev: “Polisə olan hörmət dövlətə olan hörmətdir”
Azərbaycanda elə bir region yoxdur ki, polisə bu hörməti qazandıran naziri səbirsizliklə gözləməsinlər
Bir neçə gün olar ki, şəhid ailələri, əmək veteranları, ziyalılar və bir qrup vətəndaşın toplaşdığı məclislərin birində maraqlı və kövrək hislər oyadan səmimi bir söhbətin şahidi oldum. Bu söhbətin geniş müzakirəyə səbəb olmasına isə rəsmi qəzetlərdə Azərbaycan Respublikası daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iyulun 6-da Lerik rayonunda vətəndaşların qəbulu günü ilə bağlı xəbəri oldu. Yer-yerdən bu xəbərin sevincini ifadə edən fikirlər səsləndi: “Allah Prezidentimizi də, generalımızı da qorusun! Nə yaxşı ki, onlar var, bizim güzaranımızla, vəziyyətimizlə maraqlanırlar...”.
Məhz məclisdə iştirak edən bu insanların söhbətlərinin ümumi əhvali-ruhiyyəsini ifadə edən bu qeydləri qələmə aldım və gümün edirəm ki, deyilənlərin tam həcmdə olmasa da əsas məğzini oxucularımıza çatdıra bilmişəm.
Bəşəriyyətin xaos və münaqişələr burulğanında olduğu bir dövrdə dövləti idarə etmək və xalqı bu ağır bəlalardan qorumaq nə qədər şərəfli olsa da, bir o qədər ağır və məsuliyyətli bir vəzifədir. Son 23 ildə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanı cənab İlham Heydər oğlu Əliyev bu ağır və məsuliyyətli vəzifəni diplomatik qətiyyəti, mətin və polad iradəsi, dərin zəkası və güclü məntiqilə tarixdə misli görünməmiş uğur və qələbələrə imza atmaqla həyata keçirməkdədir. Məhz XXI əsrin yetkin və müdrik lideri kimi dünyaya səs salan İlham Əliyevin dahiyanə uzaqgörənliyi, diplomatik ustalığı, cəsarəti və hərbi məharəti sayəsində Azərbaycan xalqı 30 illik Qarabağ işğalı xəcalətindən qurtarıb, müzəffər xalq şərəfi və qüruru yaşamaqdadır. Qətiyyətlə demək olar ki, təkcə bu fakt İlham Əliyevin Azərbaycan xalqına xidmətinin ən ali nümunəsi, dövlətçilik fəaliyyətinin misilsiz dəyəri hesab edilməlidir. Amma Müzəffər Ali Baş Komandanımızın xalqa göstərdiyi xidmət təkcə bununla məhdudlaşmır.
Prezident İlham Əliyev bütün fəaliyyəti dövründə daim xalqın yanında olmuş, dövlət məmurunun xalqa xidmətinin ali nümunəsini yaratmışdır. Bu fəaliyyətilə Prezidentimiz həm də xalqımızın əbədi sevgisini qazanmış, əbədiyaşar ümummilli liderimiz Heydər Əliyevin dövlət idarəçiliyində əbədiyyətə qədər qalacaq irsini davam etdirib zirvələrə qaldırmışdır. Ulu Öndər hələ Sovet İmperiyasının amansız dövrlərində, sonra isə 1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçiləndə xalqına müsilsiz xidmətləri ilə bir əfsanə yaratmışdır. Dahi Lider Prezident andı içərkən üzünü xalqımıza tutub deyirdi: “Azərbaycan xalqını əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.
Onun siyasi varisi Prezident İlham Əliyev bu yola əbədi sədaqəti ilə kifayətlənməyib, özünün rəhbərliyi altında çalışan bütün dövlət məmurlarına da xalqın xidmətçisi olmağı, onun qayğısını çəkməyi, dərdinə şərik olmağı həm öyrətmiş, həm də bunu onlara bir vəzifə olaraq tapşırmışdır. Şübhəsiz, bu mənada İlham Əliyevi məhz özünün yaratdığı bu idarəçilik məktəbinin banisi hesab etmək daha doğru olardı.
Bu fikirləri yazmaqda məqsəd İlham Əliyev dövlət idarəşilik məktəbinin əlaçı yetirmələrindən biri, Azərbaycan Respublikası Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun ali vəzifəyə yüksəldiyi ilk gündən dövlət başçısının qoyduğu ərkana, göstərdiyi yola və Ali Baş Komandana sədaqətini diqqətə çatdırmaq və ona dəyər verməkdir.
Bu gün Azərbaycan polsinə qətiyyətlə rəhbərlik edən, dövlətin bu sahədəki siyasi xəttini uğurla həyata keçirən daxili işlər naziri, polis general-polkovniki Vilayət Eyvazovun regionlarda vətəndaşları qəbul zamanı nümayiş etdirdiyi səmimiyyət, insanların problemlərinin və qayğılarının mümkün olduğu qədər az bir vaxtda həllinə yardım göstərməsi təkcə Azərbaycan Polisinə deyil, bir çox məmurlara açıq dərsdir desək, qətiyyən yanlışa yol vermiş olmarıq. Çünki Azərbacanın baş polisi regionlarda müntəzəm keçirdiyi bu qəbullarda tabeliyindəki bütün zabit və rəis heyətinə təkrar-təkrar göstərir ki, güclü və nüfuzlu polis qorxudan, təzyiq göstərən deyil, dövlətin etibar edilən, inanılan və ümid bəslənilən hüquq mühafizə orqanıdır. Məhz bu meyar Azərbaycan polisinin fəaliyyətinin səmərəliliyinin əsas göstəricisinə çevrilməlidir.
Prezident İlham Əliyev Azərbaycan polisi ilə bağlı çıxışlarında da dönə-dönə bildirir: “İnsanlara polis əməkdaşları tərəfindən daim diqqət, qayğı göstərilməlidir, kobudluğa yol verilməməlidir... Polis orqanlarının əməkdaşları özlərini insanlarla təmaslarda elə aparmalıdırlar ki, onlara hörmət daha da çox olsun. Polisə olan hörmət dövlətə olan hörmətdir”.
Daxili işlər naziri Vilayət Eyvazovun ötən ay İmişli rayonunda, ondan bir müddət əvvəl Astara, Lənkəran şəhərlərində və digər bölgələrdə keçirdiyi vətəndaş qəbullarını izləməyimiz və bir çoxunda iştirakımız zamanı onun sadə insanlarla olduqca səmimi davranışı, onları diqqətlə dinləməsi, müraciətlərinə həssas münasibət göstərməsi, problemlərinin operativ şəkildə araşdırılmasına göstəriş verməsi iştirakçılar tərəfindən çox böyük razılıq və məmnunluqla qarşılandı.
Dövləti təmsil edən strateji bir qurumun rəhbərinin sadə insanlara yüksək səmimiyyət nümayiş etdirməsi, mehriban yanaşması, bütün şikayətlərini dinləməklə ona necə açıq olduğunu nümayiş etdirməsi, heç şübhəsiz onun simasında dövlətimizə xalqın inam və sevgisini qazandırır.
Bu görüşlərin ibarətamiz tərəfi ondadır ki, nazir Vilayət Eyvazov bölgələrdə regional polis idarə və şöbələrinin rəis və zabit heyəti qarşısında həyata keçirdiyi belə qəbullar, tam məsuliyyətlə deyirik ki, onlara göstərilən ustad dərsləridir: “Baxın, öyrənin, insanlarla belə davranın və onlarda dövlətə yüksək inam və etibar formalaşdırın”.
Şəhid ailələri, əmək veteranları, ziyalılar və sadə vətəndaşlar dövlət rəhbərinin tapşırıqlarının yerlərdə bu şəkildə icra olunmasını böyük rəğbətlə qarşılayır və haqlı olaraq bu qənaətdədirlər ki, bu cür səmimi və açıq görüşlər dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmlənməsinə, dövlətə olan inamın güclənməsinə xidmət edir. Onlar çox istərdilər ki, bütün dövlət məmurları dövlət başçısının tövsiyyə və tapşırıqlarına məhz general-polkovnik Vilayət Eyvazov kimi sədaqətlə, intizamla və səmimiyyətlə əməl etsinlər.
Əlbəttə, vətəndaşı məmnunluqla qarşılayan, yaşlı insanlara, şəhid ailələrinə böyük ehtiram göstərən, onların problemini səbrlə dinləyən və həllinə çalışan dövlət məmuru, şübhəsiz xalqın hörmətini qazanır və bu da birbaşa Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin parlaq göstəricisinə çevrilir. Bu gün Azərbaycanda elə bir region yoxdur ki, polisə bu hörməti qazandıran naziri doğma oğulları kimi səbirsizliklə gözləməsinlər və ondan məmnunluqla ayrılmasınlar.
Şəhid ailələrinin, əmək veteranlarının, ziyalıların və adi vətəndaşın toplaşdığı məclisdə səslənən əsas fikirlərindən biri də, yüksək çinli dövlət məmurlarının bölgələrdə keçirilən bu görüş və qəbullarının təşkilinə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezidentimiz cənab İlham Əliyevin ünvanına səsləndirilən minnətdarlıqlar və ağzı dualı anaların alqışları oldu: “Allah dövlətimizi, xalqımızı və Prezidentimizi qorusun!”.
Biz də öz növbəmizdə dövlətinə və Prezidentin bu alqışları qazandıran, elin doğma oğlu kimi sevdiyi daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazova səmimi təşəkkürlərimizi və ehtiramımızı çatdırırıq.
Yeri gəlmişkən, 2 iyul-polis işçilərinin peşə bayramıdır. Şanlı mübarizə yolu keçən, I və II Qarabağ Müharibələrində gücləndirilmiş iş rejimində işləyən, böyük zəfərin qazanılmasında danılmaz xidməti olan Azərbaycan Polisinin də bayram təntənəsini yaşamağa haqqı var. Nəzərə almaq lazımdır ki, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən və xüsusi təyinatlılarından 66 nəfər şəhid olmuş, 346 nəfər hərbi qulluqçu isə yaralanmışdır. 2023-cü ildə Qarabağda keçirilən lokal xarakterli Antiterror əməliyyatında da polis əməkdaşları yenə də nizami orduyla bərabər çiyin-çiyinə olmuşlar. Bu əməliyyat zamanı şəhid olanlar sırasında polis əməkdaşları da vardır. Doğma yurdumuzun işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşmüş Daxili Qoşunların hərbi qulluqcularından və polisin xüsusi təyinatlılarından 1690 nəfər Prezident, Ali Baş Komandan İlham Əliyevin imzaladığı sərəncamlarla müxtəlif orden və medallara, o cümlədən 4 nəfər əməkdaş Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür. Qarabağ uğrunda vuruşan polislərimiz indi də işğaldan azad olunmuş torpaqlarda asayişin keşikçisinə çevrilmişlər. Azərbaycan polisinin İkinci Qarabağ müharibəsində göstərdiyi qəhramanlıqlar dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirilmişdir.
Fürsətdən istifadə edib peşə bayramı münasibətilə cənab nazir Vilayət Eyvazov başda olmaqla, DİN-in bütün əməkdaşlarını, polis işçilərimizi təbrik edir, xalqın asayişi və ictimai sabitliyin qorunmasında onlara uğurlar arzulayırıq.

Bəxtiyar HÜSEYNOV,
yazıçı-publisist, təqaüddə olan dövlət qulluqçusu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 27 İyun 2026 21:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















