23 dekabr Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyasına dair cinayətkar qərarın imzalandığı gün
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 23 dekabr, Elmir Səftərov, AZƏRTAC
Bu gün dekabrın 23-ü XX əsrdə Azərbaycan tarixində növbəti faciəyə imza atıldığı gündür. Belə ki, 1947-ci il dekabrın 23-də Stalin 100 min nəfər azərbaycanlının Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisindən deportasiyası ilə bağlı SSRİ Nazirlər Sovetinin 4083 nömrəli qərarını imzalamışdı.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli söyləyib.
O, bu tarixin necə baş verməsindən danışıb: "1945-ci il mayın 9-da SSRİ-nin Almaniya üzərində qələbəsindən dərhal sonra ermənilər üç istiqamətdə hərəkətə keçdilər. Birincisi, ovaxtkı Ermənistan rəhbəri Qriqori Arutyunov 1945-ci il mayın 15-də İ.Stalinə müraciət edərək xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına köçürülməsini xahiş etdi. İkincisi, Q.Arutyunov bir az da irəli gedərək “1945-ci il noyabr” tarixli məktubla "Dağlıq Qarabağ"ın Azərbaycandan alınıb "Ermənistan"a verilməsini istədi. Üçüncüsü, Katolikos VI Gevorq 1945-ci il noyabrın 27-də SSRİ rəhbəri İ.V.Stalinə, ABŞ Prezidenti N.S.Trumenə, Böyük Britaniyanın Baş naziri K.R.Ettliyə müraciət edərək “Türkiyə Ermənistanı” adlandırdığı Şərqi Anadolunun Sovet Ermənistanına birləşdirilməsini xahiş etdi. İ.Stalin Arutyunovun məktubunu UIK(b)P MK-nın katibi Malenkova, o isə öz növbəsində 1945-ci il noyabrın 28-də rəy bildirilməsi üçün Azərbaycan K(b)P MK-nın katibi M.C.Bağırova ünvanlanladı. M.C.Bağırov 1945-ci il dekabrın 10-da verdiyi cavabı ilə həmin iddianı diplomatik şəkildə rədd etdi.
Üç iddiadan ikisi - Azərbaycandan və Türkiyədən torpaq qopartmaq iddiası boşa çıxan ermənilər, təəssüf ki, üçüncü iddialarını həyata keçirməyə nail oldular: İ.Stalin 1945-ci il noyabrın 21-də “Ermənilərin xaricdən Sovet Ermənistanına qayıtmalarına dair tədbirlər haqqında” sərəncam imzaladı.
Bundan az sonra ermənilər növbəti məkrli plana əl ataraq, xaricdən "köçürülüb gətirilən" ermənilərin məskunlaşdırılmasındakı çətinlikləri bəhanə edib, Ermənistanda yaşayan azərbaycanlı əhalinin bir hissəsinin Azərbaycana köçürülməsi məsələsini ortaya atdılar. Q.Arutunyov və M.C.Bağırov Moskvaya çağırılaraq 1947-ci il dekabrın 10-dakı birgə məktubla İ.V.Stalinə müraciət etdirildilər və bir neçə gün sonra - dekabrın 23-də İ.V.Stalin həmin məktub əsasında azərbaycanlıların Ermənistandan deportasiyası barədə qərar imzaladı.
Çox təəssüf ki, bu tarixi cinayət Ermənistanın Azərbaycan xalqına və Azərbaycan dövlətinə qarşı sonrakı cinayətlərinə yol açdı və 1987-1991-ci illərdə Qərbi Azərbaycandan soydaşlarımızın sonuncu adamına qədər qovulması və 1992-1993-cü illərdə Azərbaycanın suveren ərazilərinin işğalı ilə nəticələndi".
İcma sədri əlavə edib ki, Azərbaycanda yalnız 50 il sonra bu tarixi cinayətə tarixi-siyasi qiymət vermək mümkün oldu. Bunu da 1997-ci il dekabrın 18-də azərbaycanlıların 1948-1953-cü illərdə Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından deportasiyası haqqında imzaladığı Fərmanı ilə Ulu Öndər Heydər Əliyev etdi. Nəhayət, Qarabağ Zəfəri ilə adını Azərbaycan tarixinə əbədi həkk edən Prezident İlham Əliyev Ulu Öndərin adıçəkilən Fərmanının 25-ci ildönümündə – 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasına gələrək ermənilərin son 200 ildə Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərə və tarixi ədalətsizliklərə siyasi qiymət verərək soydaşlarımızın tarixi torpaqlarına qayıdışının anonsunu verərək bildirdi ki, "hər şey tarixi ədalətə və beynəlxalq hüquqa uyğun həll olunmalıdır".
“Son 200 ildə dəfələrlə etnik təmizləmə, deportasiya və soyqırımlarına məruz qalan, 10 minlərlə şəhid verən bu insanlar hər dəfə də qayıdıb öz ata-baba torpaqlarını yurd ediblər, yaşayıblar. Yenə də qayıdacaqlar, yenə də yaşayacaqlar. Dinc yolla, öz avtomobilləri ilə qayıdacaqlar.
Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın sülh çağırışları artıq beynəlxalq güclər tərəfindən də dəstəklənməkdədir. Bunu Vaşinqton görüşü bir daha təsdiq etdi. Ümid edirik ki, Ermənistan rəhbərliyi və erməni ictimaiyyəti də dövlətimizin başçısının bölgəyə gətirmək istədiyi sülhün davamlı və dayanıqlı olması üçün iki xalq arasındakı birgəyaşayışın vacibliyini lazımınca dəyərləndirəcək və biz Qərbi Azərbaycan qaçqınları sülh yolu ilə və tam hüquqlu vətəndaş olaraq öz evlərimizə qayıda biləcəyik", - deyə Ə.Ələkbərli bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 23 Dekabr 2025 18:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















