25 ildir həbsdədir, onkoloji xəstəliyi var, onu bu dəfə azadlıqda görmək istəyirik MÜBARİZ NİYAZOVUN XANIMI PREZİDENTƏ SƏSLƏNDİ
Icma.az, Gununsesi portalına istinadən məlumat verir.
“Uzun illərdir ki, hər dəfə əfv məsələləri gündəmə gələndə həyat yoldaşım Mübariz Niyazovun da adının bu siyahıda olacağına ümid edirdik. Ümid heç zaman bitmir. Həyat yoldaşım 25 ildir ki, həbsdədir. Son 10 ilini onkoloji xəstəliklə yaşayır. Mən Sizin media orqanı vasitəsilə Cənab Prezidentimizdən həyat yoldaşımı azadlığa buraxmağı xahiş edirəm. Bilirik ki, gələn ay əfv sərəncamı imzalanacaq”.
Bunu Gununsesi.info-ya açıqlamasında ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Mübariz Niyazovun həyat yoldaşı Tünzalə Niyazova deyib.
Tünzalə Niyazovanın sözlərinə görə, mayın 5 -də həyat yoldaşının həbsxanada olmasının 25 ili tamam olur: “Yoldaşım bu 25 ildə çox ağır həyat yaşayıb. Nəvələri olub, onların üzünə həsrət qalıb. Son 10 ilini isə onkoloji xəstəliklə mübarizəyə həsr edib. Milli Onkologiya Mərkəzində 4 dəfə cərahiyyə əməliyyatı keçirib. Ağır şəkər xəstəliyindən əziyyət çəkir. Dəfələrlə Prezidentə, Əfv Komissiyasına yazmışıq. Bu dəfə səsimizin eşidilməsini istəyirik”.
Gununsesi.info olaraq, onu da xüsusi qeyd etmək istəyirik ki, Mübariz Niyazov sabiq baş prokuror Zakir Qaralovun qərəzi nəticəsində ömürlük azadlıqdan məhrum edilib.
Elmar
Gununsesi.info


