Icma.az
close
up
RU
25 İLƏ QAZANILMIŞ 1 MÜBARƏK GÜN Rafael Hüseynov yazır

25 İLƏ QAZANILMIŞ 1 MÜBARƏK GÜN Rafael Hüseynov yazır

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rafael HÜSEYNOV
Akademik

Nə yaxşı ki, heç olmazsa, Cahangir Zeynalovu görmüşləri görə bildik. Ekrandan, haqqındakı yazılardan, tələbələrinin söhbətlərindəntanıdığım Rza Təhmasiblə (1894-1980) mən ilk dəfə tələbə ikən görüşəndə o,yaşlı bir insan idi və Azərbaycan kinosunun, Azərbaycan teatrının tarixində silinməz izlərini artıq qoymuşdu.

1970-ci illərin ortaları idi, radio verilişinə səsini yazmaqçün evinə getmişdim, yazılışa hazırlıq əsnasında məndən hal-əhval sorurdu, universitetin şərqşünaslıq fakültəsinin fars bölməsində oxuduğumu bilincə "Nə yaxşı!" - dedi. Və ardınca fars dilində Sədidən bir beyt söylədi. Təəccübləndim.

"Hamı məni aktyor, rejissor, müəllim kimi tanıyır, amma mən bir ara diplomatik işlə də məşğul olmuşam, 1920-ci illərin əvvəllərində Azərbaycanın Türkiyədəki səfarətxanasında tərcüməçi işləmişəm, birinci səfirimiz məşhur İbrahim Əbilovun yanında olmuşam, farscanı, ərəbcəni isə hələ əsrin əvvəllərində Naxçıvanda Məhəmmədəli Sidqinin "Məktəb-i tərbiyə"sində öyrənmişdim".

Həmin gün Azərbaycan radiosunda Mirzə Fətəli Axundzadə haqqındakı verilişə Rza Təhmasibin 1943-cü ildə çəkib tamamladığı "Səbuhi" filmi haqda yaddaşlarını lentə almaqçün getmişdim. Ancaq söhbət uzanmışdı. Radionun ovaxtkı səsyazan reportyorlarını götürəndə bizə hərəsinin yarım saatlıq həcmi olan iki lent dolağı verərdilər. "Səbuhi"dən danışandan sonra Rza Təhmasibə başqa çox suallar vermişdim, lent bitmişdi, vədəsini alıb iki gün sonra Rza Təhmasibin mənzilinə yenidən gəlmişdim, başqa maraqlı xatirələrini söyləmişdi, yazmışdım və o söhbətlərin içindən Cahangir Zeynalov da keçmişdi.

Rza Təhmasib mahir aktyor, qabil rejissor olmaqla bərabər, həm də teatrımız, kinomuz üçün yeni nəsillərin yetişdirilməsinə töhfələr verən bir ustad, dərs verməkdə davam edən təcrübəli müəllim idi. Bu səbəbdən də onun istər haqqında bəhs etdiyi digər sənət xadimləri, istərsə də Cahangir Zeynalov barəsində danışdıqları həm də bir sənətşünasın baxışı kimi idi və o xatirələrdə həmin şəxsiyyətlər bütün çoxrəngliliyi ilə görünürdü. Rza Təhmasib nağıl eləyirdi ki,Cahangir Zeynalovu görməmişdən görüb. Yəni 1915-ci ildə Rza Təhmasib Tiflisdən köçüb gəlir Bakıya, Azərbaycanın teatr həyatı ilə bilavasitə bağlanır. Əlbəttə, Tiflisdə olanda da o, Bakının teatr mühitindən yaxşı xəbərdar idi. Tiflisdəki Azərbaycan teatrının aparıcı simalarından biri kimi Bakıdan oralara səfər edən hər tanınmışla, hər teatr xadimi ilə ilk görüşənlərdən biri elə Təhmasib olurmuş. Yada salırdı ki, o vaxtlar Əbdürrəhimbəy Haqverdiyev ara-sıra Tiflisə gələrdi, azərbaycanlı maarifpərvərlər, teatra bağlı insanlar xəbər tutunca toplaşardıq Əbdürrəhim bəyin ətrafına, suallarımızın arası kəsilməzdi, ən çox da teatr həyatı ilə maraqlanardıq. Əbdürrəim bəy danışardı, bircə-bircə üzdə olan aktyorlardan, rejissorlardan söz açardı, onların ustalıqlarını xırdalayardı, dərinliklərə gedərdi, ancaq iki nəfərin adını xüsusi hüsn-rəğbətlə çəkərdi - Cahangir Zeynalovun, bir də Hüseyn Ərəblinskinin. Hər dəfə onların adlarını xüsusi ahənglə, vurğulayaraq çəkərdi, onlardan danışanda gözləri xüsusi səmimiyyətlə parlayardı.

Bunlar unudulmaz Rza Təhmasibin dəqiq, dilindən qopan sözlərdir. Söyləyirdi ki, 1915-ci ildə gəldim Bakıya və haqqında qəzetlərdən oxuduğum, qaibanə eşitdiyim tamaşalara acgözlüklə baxmağa başladım; Əbdürrəhim bəy Haqverdiyevin vaxtilə söylədikləri ilə, yaddaşımdakısurətlərlə indi səhnədə gördüklərimi tutuşdururdum, Cahangir Zeynalovun ayrı-ayrı tamaşalarda ifa etdiyi rolları görürdüm, belə nəticəyə gəlirdim ki, Əbdürrəhim bəy deyənlər yüz faizli düzmüş.

Və ilk gördüyü tamaşalardan, sonrakı illərdə izlədiyi Cahangir Zeynalovdan Rza Təhmasibin hafizəsində bir mühüm müşahidədə qalmışdı. Deyirdi ki, Kəblə Cahangir səsini dəyişməzdi. Ancaq onun səsinin qəribə xüsusiyyəti vardı. Rollar müxtəlif idi. Bir-birindən tamamilə fərqli rollar, ayrı-ayrı libaslar, ayrı-ayrı səhnə tərtibatı, səssə həmin səs. Ancaq fərqli rollar oynasa da, səs eyni qalsa da, sanki səs dəyişmiş olurdu. İfasının tərzi ilə Cahangir Zeynalov elə təəssürat yaradırdı ki, sanki bu səs o səs deyil. Sanki bu səs artıq başqa bir adamın səsidir. Elə səhnədəki obrazın özünün tək ona məxsus olan, heç kəsdə olmayan səsidir.

Cahangir Zeynalovun səsindəki bu özü kimi qala-qala müxtəlifləşə bilmək xüsusiyyəti haqqında Rza Təhmasibin müşahidəsi yaddaşımda idi. Ancaq günlərin birində Məmmədəli Vəlixanlının Cahangir Zeynalov haqqındakı xatirəsini oxuyanda yenə orada səs söhbətinə rast gəldim və anladım ki, bir aktyor olaraq səslə həssas rəftar, səslə oynamağa xüsusi diqqət elə Kəblə Cahangirin özünəxas sabit yaradıcılıq üslubundan gəlirmiş.

Vəlixanlı da Cahangir Zeynalovla məktəbli ikən ilk dəfə rastlaşmışdı. Xatırlayırdı ki, 1912-ci ildə Cahangir Zeynalovun mənzilində növbəti məşq gedirdi. "Hacı Qara"nı hazırlayırdıq, mənə də Hacı Qaranın oğlu Bədəlin surətini tapşırmışdılar. Bu, kiçik, az sözlü rol idi, tamaşada yalnız bir yerdə görünürdü. O vaxtlar uşaq idim, mənə şəbeh tamaşalarının təsiri güclü idi. Birinci gün Cahangir Zeynalovun izahatlarına qulaq asanda elə zənn edirdim ki, burda da məsciddə göstərilən tamaşalardakı kimi hərəkət etmək lazımdır. Hacı Qara suya düşəndə cır səsimi bir az da eybəcərləşdirib "Ay aman, qoymayın, dədəm batdı" sözlərini elə çığırtı ilə dedim ki, məşqdəkilər özlərini saxlaya bilməyib gülməkdən uğundular. Bu məşqlərdə Cahangir Zeynalovun mənə dediyi sözləri ömrüm boyu unutmamışam və unutmaram da. Yadımdadır, o mənə deyirdi ki, oğlum, özün kimi danış, elə bil ki, boğulan elə, həqiqətən, sənin öz atandır.

 Başqalarına da həmişə səhnədə öz səsi ilə, öz çöhrəsi ilə görünməyi tövsiyə edən, özü də səsini bütün tamaşalarda, rollardan asılı olmayaraq, həmişə eyni saxlayan Cahangir Zeynalovun əslində müxtəlif olan təbiilik saçan səsi Azərbaycan səhnəsinin dünənindən gəlir, bugünündən də dərs və məktəb olaraq eşidilir, arzumdur ki, sabahından da gəlsin.

Çünki o, elə bir iz qoyub, elə bir dəsti-xətt yaradıb ki, həmin səsə biganə qalmaq mümkün deyil.

Və bu səsin ən unudulmaz eşidilişlərindən biri də XX əsrin əvvəllərində baş tutmuş ayrı bir yubiley mərasimində olmuşdu.

1913-cü ildə Nəcəf bəy Vəzirovun yaradıcılığının və ictimai fəaliyyətinin 40 ili tamam olurdu. O dövrdə Nəcəf bəy ədəbi-mədəni mühitin qeyd-şərtsiz ağsaqqalı məqamında idi. Ona görə də "Səfa" cəmiyyəti qərara almışdı ki, bu 40 illik yubileyin keçirilməsi üçün bütün imkanlar səfərbərliyə alınsın,vəsait sərfində qətiyyən tərəddüdlər edilməsin.

Ürəkdən hazırlaşırmışlar və yubilyarın şərəfinə onun öz qələmindən çıxmış "Yağışdan çıxdıq, yağmura düşdük" oynanacaqdı.

Həmin gecədə Nəcəf bəy Vəzirovun özünü də, tamaşa salonuna toplaşanların hər birini də həyəcanlandıran təsirli sözlər söylənmişdi.

Çıxış edənlərdən biri və göndərilmiş təbriknamələri təqdim edən də elə Cahangir Zeynalov olmuşdu.

"Kaspi" qəzeti tarixin dünənindəki o anları tutub saxlayıb, bugünə də çatdırır. Cahangir Zeynalov sevimli müəllifi haqqında danışırdı. Səhnədə idi və səhnədə özünü həyatdakından da rahat aparmağa qadir, bu yerdə başqalaşmağı bacaran insan idi. Ancaq danışır, sözlərini axıra çatdıra bilmir, qəhərlənir, göz yaşında boğulur. Əlbəttə ki, ürəkdəki məhəbbətin əks-sədası idi.

(Bunu o vaxt - 1913-cü il noyabrın 17-də çıxan sayında "İqbal" qəzeti də qeyd edib: "Kərbəlayı Cahangir Zeynalov əvvəlcə mütəəssir ünvanları oxuyub ağlar gözlə təsirli nitq irad etdi").

Çıxışlar bitəcək, Cahangir Zeynalov həmin səhnəyə bir də çıxacaq.

Ayrı qiyafədə - Hacı Qəmbər kimi.

Oçağacan Bakıda da, digər bölgələrdə də, Azərbaycandan kənarlarda da "Yağışdan çıxdıq, yağmura düşdük" dəfələrlə səhnədə olmuşdu. O tamaşaların bir çoxunda da baş rolu elə Cahangir Zeynalov ifa etmişdi. Ancaq bugünkü tamaşa tamam fərqli idi. Bu gün bayram tamaşası idi. Bu gün əsas tamaşaçı Nəcəf bəy Vəzirovun özü idi və həmin gün Cahangir Zeynalov həm də rejissoru olduğu tamaşada xüsusi şövqlə oynamışdı.

Bunun da əks-sədası yenə o çağın, şəhərin səhnə həyatına indinin sayca müqayisəedilməz dərəcədə bol mətbuatından fərqli olaraq, operativ və peşəkar münasibəti dərhal bildirən qəzetlərdə qalmaqdadır. Hacı İbrahim Qasımov "İqbal"da yazırdı ki, "həqiqətən, bu tamaşada Hacı Qəmbər rolunu Kərbəlayı Cahangir bir cavanlıq həvəsi ilə oynayıb öhdəsinə aldığı rolu qayət şücaət ilə oynadı".

Aktyor kimi Cahangir Zeynalovun bir ayrı gücü də onun başqalaşmaq qabiliyyəti, roldan-rola tamam ayrı bir insana çevrilmək məharəti imiş.

Mahiyyətcə, ruhca Cahangir Zeynalov müsəlman səhnəsinə, şərqli müəlliflərin, o sıradan, azərbaycanlı ədiblərin yazdığı əsərlərə səmtlənmişdi. Ancaq o, eyni müvəffəqiyyətlə Qərb müəlliflərinin pyeslərindəki başqa psixologiya, fərqli əhvali-ruhiyyənin daşıyıcısı olan obrazları da ustalıqla canlandırırmış. Səbəb də bu imiş ki, rusdilli səhnəni mütəmadi izləyirmiş. Yerli və qastrola gələn məşhur aktyorların ifalarını araşdırır, onların ifa xüsusiyyətlərini, hərəkətlərini, danışıq tərzlərini incəliklərinə qədər öyrənirmiş. Bunların quruca ehtimal olmadığını təsdiqləyən ən etibarlı şahid elə Cahangir Zeynalov özüdür.

Cahangir Zeynalovdan qalan yadigarların arasında öz xətti ilə qələmə aldığı və 1916, 1917, 1918-ci illərdə baxdığı tamaşalarla əlaqədar qeydlərini əks etdirən, indi Cəfər Cabbarlı adına Teatr Muzeyində qorunan,bəzi vərəqləri düşmüş 24 səhifəlik bir dəftərçə də var ki, lap başlanğıcında bu müşahidələrin nə məqsədlə aparıldığını dəqiq nişan verir: "Əxz etdiyim hərəkətlər".

"Teatro dəftərçəsi"ndə Cahangir Zeynalov qeydlər apardığı tamaşaların da, oyununun ayrı-ayrı cəhətlərinə diqqət etdiyi aktyorların da adlarını yazıb.

"Mister Vu", "Riqoletto", "Filavi Tessei", "Qaçaqlar", "Yalan","Məkr və Məhəbbət", "Hamlet", "Xəsis cəngavər", "Qara qarğalar", "Otello", "Dəyirmançı", "Faust", "17 yaşında sevgi", "Zəncirlər"...

Bunlar XX əsrin əvvəllərində rus teatrlarının səhnələrindən düşməyən əsərlər idi.

Bunlar da o illərin şöhrətli aktyorları ki, Cahangir Zeynalov bal arısı kimi onların hərəsindən bir şirə çəkməyi qənimət bilirdi: Lyubimov, Lanskoy, Voronov, Şorşteyn, Petrov, Morozovski, Safronov...

Adi tamaşaçı kimi yox, sərraf təki baxırmış ki, məşhur sənətkarlardan nələrisə mənimsəsin, öyrəndiklərini, gərəkli saydıqlarını bir az da cilalayaraq öz ifasına gətirsin.

Həm də komik rolların ifaçısı kimi ad çıxarmasına rəğmən müşahidə aparıb təhlillər etdiyi rolların arasında sırf dramatik, tragik obrazlar da az deyildi.

Bu tamaşalardan hansılarındasa Kəblə Cahangir artıq çıxış etmişdi, hansılarınısa səhnəyə hazırlamaq ürəyindən keçirdi, bəzilərində özü də rollar ifa etmək niyyətində idi.

"Teatro dəftərçəsi"ndə Cahangir Zeynalovun günün güclü rus aktyorlarının ifasında xüsusi diqqət ayırdığı cəhət onların səhnədəki hərəkətləri, səs tonları, mimikaları, səhnədaşları ilə rabitələri necə qurması idi.

Düşünmürəm ki, bu qeydlərini tamaşa gedə-gedə edib. Yəqin, hər tamaşadan sonra yadda saxladığı bu ayrıntıları kağıza köçürür, sonra artıq bəlli model üzərində öz əlavələrini də edərək işləyir, beləcə, azərbaycanca tamaşalardakı müvafiq rollarının daha təsirli alınmasına müvəffəq olurmuş.

İfasını ən sürəkli seyr etdiklərindən biri Şorşteyndir. Onun "Hamlet" oynayarkən davranışlarını konspektləşdirir: "Qəmli, başı aşağı daxil olub durur və başını qalxızır. Danışan vaxtda yoldaşlarının əlindən tuturdu və gah onları qolları ilə qucaqlayırdı. Atasının dalınca yüyürdükdə qılıncının dəstəsini atası tərəfə tutdu. Atası ilə görtüşəndən sonra ağladı. Heç bir vaxt bir yerdə aram dayanmayırdı. Bir yerində yenə qəmli daxil olub, əlindəki balaca qılıncı pilləkənə söykəyib "Ola, ya olmaya"nı deyir" (Cəfər Cabbarlının "To be, or not to be"ni "Olum, ya ölüm" kimi sərrast tərcümə kəşfi ilə çevirməsinə hələ çox qalırmış və o ifadə hələ elə Cahangir Zeynalovun yazdığı bu şəkildə verilirmiş - R.H.).

Bu dəfə isə Şorşteyni "Otello"da təqib edir. Həmin tamaşada Yaqonu Voronov oynayır. Cahangir bəy onun da hərəkətlərini ardıcıllığı ilə dəftərinə köçürür.

"Teatro dəftərçəsi"ni vərəqlədikcə bunu da hiss edirəm ki, Kəblə Cahangir bu müşahidələrini yalnız bir aktyor olaraq deyil, həm də rejissor kimi sonrakı fəaliyyətlərində rəhbər tutmaqçün cəmləyirmiş. Şəxsən iqtibas edərək ifasına gətirdikləri öz yerində, hazırladığı tamaşalarda da səriştəli tövsiyələr verməkçün də bu qeydlər çox əhəmiyyətli idi.

"Otello"dan qeydləri iki və dördüncü pərdələrə aiddor: "Axırda Otello Yaqoya pilləkanda (yəni taxtın pilləkanında) oturub sözünü dedi. Sonra birdən durdu dayandı. Əli ilə dik yerə işarə etdi.

Dördüncü pərdədə Yaqo gedəndən sonra Otello yüyürüb çarpayının üstündən atlanır və qapı pilləkanında yıxılır. Tez durub yanakı oturur. Çox vaxt Yaqo Otellonu arxadan qucaqlayırdı. Belə ki, Yaqonun əli onun belində və başı da ərəbin çiynində idi. Çox vaxt boğazdan danışırdı, qəşş eləyən zaman əzzəlasta danışırdı. Barmaqlarını yığıb-açdı. Titrədi. Düz çarpayının üstünə düşdü. Sonra sinəsi qalxıb-endi. Bir neçə dəfə sinəsini qaldırıb və qarnını yığırdı".

Yorucu olmasın deyə bu yerdə "Dəftərçə"dən ayrılıram. Fikir verirsinizmi, ən xırda cizgilərə də ikinci dərəcəli kimi baxmır. Hədəfdə saxladığı aktyorlar necə nəfəs alıb, əlləri necə hərəkət edib, nitqlərin tempi necədir, ahəngi nə sayaqdır.

Tamaşa salonunda əyləşib baxandan ötrü saat yarım, iki saat, üç saat davam edən pyes və aktyorlar oyunu bir bütövdür. Aktyorlar və rejissordan ötrü isə həmin zahirən kiçik vaxt çərçivəsinə yüzlər və minlərlə belə-belə epizodlar sığışır. Və haqqın yoxdur ki, onların birinə də az əhəmiyyətli kimi yanaşasan. Bu qeydlər ki Cahangir Zeynalov aparıb, 1916-1918-ci illərdə seyr etdiyi tamaşalarla bağlıdır. Artıq kifayət qədər oturuşmuş, bişkinləşmiş aktyor və rejissor idi, arxada özünün belə sayını itirdiyi qədər tamaşalar qalırdı. Amma öz üzərində belə işləyirmiş, axtarışlardan doymurmuş, daha çox kamilləşməyə çalışırmış.

Cahangir Zeynalovun bu dəftərçəsi bugün üçün də peşəsinə ürəkdən bağlı hər aktyor və rejissordan ötrü dəyərli örnəkdir.

Düzdür, indi başqalarının ifalarını təhlil etmək, öyrənməkçün ən müasir texniki imkanlar mövcuddur, audio və video yazıları dönə-dənə fırladıb təkrar-təkrar dinləmək mümkündür. Ancaq sənətkarın gərək kağızı və qələmi də ola. Zaman həyatımızı nə qədər elektronlaşdırsa da, teatr öz ilkinliyi, təbiiliyi, həyata yaxınlığı ilə bizi həmişə sınaqlardan çıxmış dədə-baba üsullarından yan keçməməyə də çağıracaq. Müşahidələrimizi, təhlillərimizi bir vərəqdə yazıb düşünəndə o yazdıqlarımızı elə birbaşa beynin lövhəsinə həkk etmiş kimi olacağıq. İndinin tanıdığım aktyorlarının, rejissorlarının neçəsindən soruşdum, ötənlərdəki kimi, "Rol dəftəri", ya Cahangir bəydə olan kimi, səhnə hərəkətlərini və dinamikanı təsvir edən dəftərlər saxlamaq vərdişini çoxdan tərk ediblər.

Teatr, səhnə, tamaşa meydanı vaxtın ən yeyin sürətlərinə rəğmən yüzillər və hətta minillər əvvəldən var olan bir çox adətlərini, qəliblərini, ənənələrini hifz etməkdədir.

Belədirsə, demək, Cahangir Zeynalov kimi ustadların o cür təcrübələrindən də bugünün açdığı intəhasız imkanları da nəzərə alaraq yararlanmaq fayda verər ki, zərər gətirməz.

Onun repertuarı əlvanmış və çoxrəngli mənzərə dövrün mətbuatında - "Açıq söz", "İrşad", "Yeni irşad", "Nicat" qəzetlərindədə, xüsusən də "Kaspi"də silsilə yazılar və rəylərdən boylanmaqdadır. O məqalələrin altındakı imzalar dəyişsə də, hamısında münasibət heyranlıqla dolu, qiymətvermə yüksəkdir.

Cahangir Zeynalov Şillerin "Qaçaqlar"ında Mooru oynamışdı. Əsəri Azərbaycan dilinə çevirən Mehdi bəy Hacınski idi. "Zorən təbib"i çevirən Qəmərlinski idi, o tamaşada da Kəbleyinin rolu vardı. Molyerin digər məşhur əsərini, "Xəsis"i isə tərcümə edərək Azərbaycan səhnəsi üçün işləyən Nəcəf bəy Vəzirov olmuşdu. Orda da Cahangir Zeynalov ifaçılar sırasında idi. Bunların üçündə də Cahangir Zeynalov rollarını elə qərbli, yaxud rus səhnəsinin məşhur aktyorlarından biri kimi ifa etmişdisə, burda həmin dəftərçədə əksini tapmış müşahidə və qeydlərin dəmünbit təsiri birbaşa idi. Bu düşüncələrin də təsdiqi Kəblə Cahangirinsəhnə illərinin qəzetlərindədir.

"Nicat"ın 1910-cu il 27 noyabr nömrəsində qalan təəssürat - qəzetAzərbaycan səhnəsində Şillerin "Qaçaqlar"ının ifasından, Moor rolunda Cahangir Zeynalovun ifasından, fövqəladə ustalığından söz açır. Məqalənin müəllifi həminMehdi bəy Hacınskidir: "Əvvəlinci dəfə olaraq Almaniya ədibi Şillerin "Qaçaqlar" nam faciəsində qoca qrafın rolunu ifa edir. Bir fikir veriniz, hərgiz qrafın nə olduğunu bilməyən və bu rolu oynayan bir şəxsi görməyənCahangir gözəl bir dərəcədə ifa edir. Məzhəkəbaz Cahangir öz istedad-i xudadadi ilə birdən-birə faciəbaz olur. Belə ki, tamaşagər artistlərdən Cahangiri görüb mütərcimdən soruşdular ki (yəni elə Mehdi bəyin özündən - R.H.), Cahangir hansı bir teatr məktəbini itmamə yetiribdir".

Baxın ki, Cahangir Zeynalov hələ tanınmış və təcrübəli rus aktyorlarının ifasını görmədən belə valeh edə bilirdisə, gör ayrı-ayrı tamaşaları izləyərək daha da təkmilləşəndən sonra tamaşaçılarını necə mat qoyurmuş.

Xoş şaşqınlıqlar, heyranlıqlar yarada bilmək "cadugərliyi" bizim XX əsrin əvvəllərindəki bir çox səhnə xadimlərimizə xas olan məziyyət idi. Eyni şəkildə Hüseyn Ərəblinski də heyrətləndirirdi, Hüseynqulu Sarabski də,Mirzağa Əliyev də, Sidqi Ruhulla da.

Onların parlaq ifalarını görən əcnəbi yüksək peşəkarları diksindirən ilk növbədə bu idi ki, axı onların heç biri xüsusi teatr məktəbi keçməmişdi, özləri özlərini yaratmışdılar.

Daim daha çox öyrənməyə, biliyə can atan Cahangir Zeynalovda həmin hissiyyat bu daxili ehtiyacı da yaradıbmış ki,gənclərin,teatra qəlbən bağlı olanların səhnə savadının artmasına, ümumən maariflənməyə imkanı çatan köməyi göstərsin.

Bakıda qiraətxanaların açılmasına maddi yardım göstərib, mövcud qiraətxanalara kitablar alıb bağışlayıb. Özü yolunun başlanğıcında "Əncümən" məktəbində təhsil almışdı. Farscanı, ruscanı bilirdi, fransızcaya bələd idi.

Əlindən qəzet, jurnal düşməzmiş. Cahangir Zeynalovun teatr salonuna çevrilmiş ikimərtəbəli mülkünə gedib-gəlmiş Məmmədəli Vəlixanlının da, Hacağa Abbasovun da, Rza Təhmasibin də hafizəsində qalmışdı ki, həmin ev daim qəzet-jurnallı olardı. Bunu da görmüşdülər ki, Cahangir Zeynalov hər il bitəndə həmin jurnalları, qəzetləri ayrıca cildlətdirərmiş və sonra da bunları Bakının qiraətxanalarına paylarmış ki, başqaları da oxusun.

...O uzaq günlərin xoşbəxtliyi uçub-getməyib, unudulmayıb, soyumayıb. Nə yaxşı ki, bu qəzetlər qalır. Saralmış vərəqlər o günlərin solmaz təəssüratlarını bu gün də diri saxlayır, yəqin, milli təəssübkeşliyi olanlardan ötrü həmişə belə də qalacaq. Amma sonralar, artıq Kəblə Cahangirin həyatda olmadığı çağlarda təkcə övladı Nəsibə Zeynalova üçün həmin köhnə qəzetlərin hər biri sonsuz iftixar və sevinc mənbəyi idi. Vaxt yetişdi, bu yadigarlar elə onun özü kimi, qızı kimi həyatını teatra bağlamış adaşı - nəvəsi Cahangiri qürrələndirdi. Bu gün və bütün sabahlarda mədəniyyətimizə qəlbən bağlı insanları fərəhləndirəcək, qürurlandıracaq.

1904-cü il sentyabrın 11-də "Şərq-i Rus" qəzetinin növbəti, 161-ci sayı işıq üzü görmüşdü. Məqalə oxucuları ayın 1-dəki tamaşa gününə aparırdı. Həmin axşam ünlü doktor və yazıçı Nəriman Nərimanov da digər iştirakçılarla birgə səhnəyə çıxaraq yazdığı əsərdəki rollardan birini özü oynamışdı. Məqalə müəllifi ifaçılar arasında birinci Cahangir Zeynalovun adını çəkərək ardınca Doktorun da oyununu tərifləyirdi. Ancaq həmin məqalədə diqqəti çəkən bir özgə məqam da var. O axşam tamaşaçıların sayı mindən çoxmuş: "Bu sentyabr ayının əvvəlinci günü cənab-i müstətabi Hacı Zeynalabdin Tağıyev teatrında müsəlman truppası müsəlman studentlərinin nəf`i üçün iki komediya oynadılar. Biri cənab-i Nərimanovun əsəri "Dilin bəlası" və o biri cənab-i Sultan Məcid Qəniyevin vodevili "Axşam səbri xeyir olar" idi. Oynayanların hamısı öz rollarını çox yaxşı əmələ gətirdilər. Xüsusən cənab-i Cahangir Zeynalov, Mirzə Muxtar Vəlibəyov, Mixaylov. Mindən ziyadə olan cəmiyyəti artıq dərəcədə həyəcana gətirdilər. Amma "Dilin bəlası" təsni-fi cənab-i Nərimanov ki özləri yazdığı komediyanın hər bir fikrinə yaxşı aşinadır, həmin komediyada Yusif bəyin rolunu oynamaqla camaatı o dərəcədə mat və heyran etdilər ki, hər məclis tamam olub, pərdə salınan vaxtı cəmi hazirun əl çalıb, ayaqlarını yerə vurub "Bravo, sağol" ilə Nərimanovu çağırıb müsənnif üçün teatrın səhninə, gül və sair belə hüquati mütədavil şeylər atırdılar".

"Həyat" qəzetinin 1906-cı il aprelin 27-sindəki sayı isə srağagünkü teatr axşamında baş vermiş gözlənilməz, bir az da məzəli hadisəni nəql edirdi.Məqaləni elə o tamaşada oynayanların məsləkdaşlarından biri - Mehdi bəy Hacınski "Sədrəddin Ürfizadə" imzası ilə qələmə almışdı. Yəqin, həmin hadisəni və yazını sonrakı illərdə dostlarla birgə gülüşlə xatırlayan Cahangir Zeynalov, təbii ki, tamaşa əsnasında, o hadisə baş verərkən əsla gülmək halında deyilmiş: "Çərşənbə günü aprelin 2-də Bakı Artistiçeski Klubun yay mənzilində əvvəlinci müsəlman teatr dəstəsi könüllü cavanların həmiyyəti ilə "Əvvəlinci şərabçı" nam komediyanı tamaşaya qoydular. Nə isə, tamaşa sürünə-sürünə axıra yetdi. Axırda "Dursunəli və Ballıbadı" vodevilini oynadılar. Bunda Cahangir Zeynalov artıq dərəcədə camaatı güldürdü. Bu dəfə dəxi qəzav ü qədər razı olmadı ki, teatr heç olmazsa axıra yaxın yaxşı çıxsın. Oynayanların mətləbi axıra yetdikdə rejissor tərəfindən hökm cari olmadı ki, öz vaxtında pərdə düşsün. Biçarə Cahangir nə qədər yalvardısa da, nə qədər özündən artırır isə də, rejissor tərəfindən əsla etina olmurdu. Axır ul-əməl Cahangir öz ağasından 5-6 çubuq yeyəndən sonra elə qışqırdı ki, rejissor birdən-birə ayılıb pərdə salmaq hökmünü icra etdi".

"Tərəqqi" qəzetinin 1909-cu il fevralın 17-də çıxan sayında dərc edilən məqalə isə nə teatrdan bəhs edir, nə də aktyorların hansısa ifalarından. Ancaq bu yazıda təsvir olunanlar da elə bir tamaşa kimidir.

Son vaxtlar baş vermiş qətl-qarət və cinayətlərə bir çarə tapmaqçün hələ ötən ay yaradılmış məxsusi komissiyanın dəvətilə Bakı şəhər Dumasının böyük zalında dünən - fevralın 16-da iclas keçirilibmiş. Dəvətlilərdən biri də şəhərin nüfuzlu kişilərindən olan Cahangir Zeynalovmuş. Ümumilikdə dəvət edilənlərin sayının 500 nəfərə yaxın olması da müzakirənin ciddiliyindən xəbər verir. Narahatlıq yaradan mövzu şəhərdə başıpozuqluğun artması, qoçuların meydan sulaması idi. Qan-qan deyən, "mən ölüm-sən öləsən" bilməyən qoçular haqqında o günlərdə tənqidi bir söz söyləmək hər oğulun işi deyildi. Bir anın içində o sözü deyəni şil-küt də edərdilər, lap kefləri gəlsə, canına qəsddən də çəkinməzdilər. Fəqət bu sözlər gərək deyiləydi də! Gərək hamını təlaşda saxlayan bu vəziyyətə əncam çəkilməsi üçün kimsə deyilməli sözləri demək cəsarətini üstünə götürəydi də!

Cahangir Zeynalov danışır, hamının qulağı ondadır: "Həzərat! Mən bu gün evimdən çıxıb bura gələndə öz-özümə demişəm ki, gərək burda ürəyimdəki sözlərimi deyəm və sonra öldürsələr də, qoy öldürsünlər. Çox adam var ki, onlar bilə-bilə elə işlər görürlər ki, bir dəfə həbsxanaya düşsün ki, çıxandan sonra öz kefi istəyəni eləsin. Çörək sahibi, hörmət sahibi, bəlkə də rəis, nümayəndə olsun. Bir gün mən teatrda idim. Gördüm ki, bir nəfər şəxs hüzuruma gəlib qulağıma pıçıldadı ki, hər kimi istəyirsən de, bu gün öldürüm. Mən dedim ki, balam, nə üçün öldürəsən? Mən göstərdiyim şəxs ki sənə bir pislik eləməyib. O şəxs cavab verdi ki, çörək sahibi olmaq istəyirəm. Ay camaat, indi baxınız görünüz taxsır kimdədir? Bu işlərin, bunların baş səbəbi kimdir və kimlərdir?"

Cahangir Zeynalov bu sözləri deyir. Hamı başlayır əl çalmağa. Ancaq o gün Dumanın iclas zalında əyləşən qeyri millətlərdən olan xeyli insan varmış. Onlar təkidlə xahiş edirlər ki, Cahangir bəyin söylədikləri ruscaya da tərcümə olunsun. Cahangir Zeynalov tərcüməçiyə ümid olmayaraq özü nitqini təzədən rusca edir. Bayaq ana dilində danışanda hamı gurultulu əl çalmışdı, rusca danışıb qurtarır, yenə alqışlar qopur.

Qəzet davam edirdi ki,Kərbəlayı İsrafil Hacıyev camaata müraciətlə "Siz bu komissyonun layihəsini təsdiq eləyirsinizmi?"soruşanda yer-yerdən səslər qalxır, bir parası deyir, qəbul edirik, bir qismi deyir ki, xeyr, qəbul eləmirik. Cahangir Zeynalov yenə ayağa qalxır: "Razı olmağına biz o komissiyaya razıyıq. Hərgah həmin komissiyada qoçubazlar və qoçu saxlayanlar olmasa. O komissiyanın adamlarıdır ki, bu işlərin bu dərəcəyə gəlməsinə bais olublar. İndi özlərini kənara çəkmişlər".

Cahangir Zeynalov kinayə ilə bu sözləri dilə gətirəndə camaat yenə çəpik çalır. Qəzetin yazmasınca, İbrahimpaşa Hüseynov adlı birisi o sözləri eşidincə bərk qışqırıb Cahangirin üstünə yeriyir: "Burda heç bir qoçusuz adam yoxdur. Mənim düşmənlərim var, ona görə də qoçu saxlayıram".

Demək, Cahangir Zeynalov doğru deyirmiş, hədəfi düz nişan alıbmış. Deməli, baislərin neçəsi, qoçu saxlayanların çoxu elə bu iclasda iştirak edənlərmiş...

...Cahangir Zeynalovun ömründən bir insan da keçib ki, gərək hökmən anıla. Cahangir Zeynalovun nəvəsi və adaşı, aktyor və rejissor Cahangir Novruzov nənəsinin xatirələrinə əsaslanan anasının söylədiklərini mənə çatdırır ki, Nəriman Nərimanov Cahangir Zeynalovun şəxsi həkimi imiş, həm də yaxın dostmuşlar.

1896-cı ilin 15 dekabrında İsmayıl bəy Qaspıralının "Tərcüman"ı yazırdı ki, Hacı Zeynalabdin Tağıyevin teatrxanasında Nağıyevin himayədarlıq etdiyi millətpərvər gənclər Nəriman Nərimanovun "Dilin bəlası" əsərini tamaşaya qoyublar.

Həmin tamaşa 1896-cı ilin 23 noyabrında baş tutmuşdu və baş rolda Cahangir Zeynalov çıxış etmişdi. Ancaq o axşamnümayiş etdirilən yalnız "Dilin bəlası" deyildi. "Qırt-qırt" da oynanmışdı. Cahangir Zeynalov həm "Dilin bəlası"nda çıxış eləmişdi, həm "Qırt-qırt"da.

"Tərcüman" qəzeti fəxrli bir təqdirlə yazırdı ki, tamaşaların ikisində də əvvəldən-sonacan "Əhsən!", "Afərin!" sədaları kəsilmirdi.

Oyun bitincə tamaşaçılar sürəkli alqışlarla Nəriman Nərimanovu səhnəyə dəvət edir.

O, səhnəyə qalxır, ardınca baş rolun ifaçısı Cahangir Zeynalovu alqışlarla dəvət edirlər.

O da gəlib durur Nərimanla yanaşı. Hər ikisinə hədiyyələr verirlər. "Tərcüman" qəzeti həmin gün minnətdar tamaşaçılar adından Nəriman Nərimanova almaz qaşlı bir üzük, Cahangir Zeynalova isə altun saat bağışlandığını tarixləşdirib.

Nəriman Nərimanovla Cahangir Zeynalovun o başlanan əməkdaşlığı və səmimi dostluğu axıracan davam edir.

"Tərcüman" qəzetində Səfərəli Vəlibəyovun "Bakıdan məktub" sərlövhəsi ilə dərc edilmiş məqaləsi ibrətli sözlərlə bitirdi: "Milli teatronun şəhərimizdə görüşə başladığı 6-7 ildir. Əhalinin bunun faydasını fəhm etdiyi hər oyunda görülməkdədir. Xoruz vuruşdurmaq, qoç çırpışdırmaq kimi qaba əyləncədən teatronun daha yaxşı olduğu anlaşılır".

...Cahangir Zeynalov uzun həyat yaşamayıb. Söz yox, hər ömür kimi, onun da yaşadığı illərin içərisində elə gün olub ki, fərəhləri ilə "min ayə" dəyib, elə günlər də olub ki, hər dəqiqəsi zəqqutuma çevrilib. Lakin sənətkarın çox da uzun olmayan həyatındakı illərin, ayların, həftələrin, günlərin içərisində, yəqin ki, ən xoşbəxti 1910-cu ilin 30 noyabrıdır.

Həmin bəxtiyar gündə Azərbaycanınmədəniyyət həyatında bənzəri olmayan hadisə baş verirdi - yubiley keçirilirdi.

Olmağına müxtəlif yubileylər əvvəllər də bayram edilmişdi - ömrünü sürüb getmiş hansısa məşhur şairlərin, yazıçıların, millət adamlarının, mədəniyyət xadimlərinin xatirəsinə mərasimlər təşkil olunmuşdu. Amma Azərbaycanda ilk dəfə idi ki, səhnədə olan, fəaliyyət göstərən bir aktyorun yuvarlaq ildönümü qeyd ediləcəkdi.

Gözlənilən mərasimə sadəcə bir sənətkarla bağlı byramsayağı axşam deyil, ictimai həyatın vacib hadisəsi kimi baxılmasının göstəricisi budur ki, artıq 1910-cu il noyabrın əvvəllərindən həmin məsələ aparıcı qəzetlərdə gündəlikdə saxlanan sabit mövzulardan birinə döndərilmişdi.

Hələ yarım ay əvvəl - noyabrın 15-də "Kaspi" qəzeti xəbər yaydı ki, "Nicat" Cəmiyyətinin yaxın vaxtlarda Cahangir Zeynalovun müsəlman səhnəsindəki artistlik fəaliyyətinin 25 illiyi şərəfinə yubiley tamaşası təşkil edəcəyi haqda eşitmişik.

2 gün sonra - noyabrın 17-də "Baku" və "Kavkazskaya kopeyka" qəzetləri də yaxın vaxtlarda gerçəkləşəcəyi vəd olunan həmin yubileydən yazırdı.

Noyabrın 19-da isə artıq "Kaspi" daha ağızdan-ağıza eşitdiyi sözlə yox, dəqiq xəbəri ilə qarşıdakı yubileylə əlaqədar önəmli məlumatı yaymışdı. Qəzet keçirilməsi nəzərdə tutulan təntənə səbəbiylə "Nicat"da Cəmiyyətə bağlı dram və opera artistlərinin yığıncağının baş tutduğunu, 3 aktyordan ibarət məxsusi yubiley komissiyasının yaradıldığını bildirir, noyabrın 19-dakı sayında isə həmin komissiyanın milli səhnənin köhnə və püxtə təmsilçilərini, ictimai xadimləri də cəlb edərək ikinci iclasa toplandığını, yubiley ətrafında müzakirələr apardığını çatdırırdı.

Noyabrın son həftəsində işıq üzü görən qəzetlərdə - "Baku"da, "Kavkazskaya kopeyka"da, "Səda"da isə artıq tədbirin dəqiq günü açıqlanırdı. "Nicat" noyabrın 27-də yazırdı ki, 3 gün sonra-ayın 30-da, Qurban bayramı günü Tağıyevin təzə teatrında "Nicat" məclis-i maarifi tərəfindən Mirzə Fətəli Axundzadənin "Sərgüzəşt-i xan-i Sərab" əsəri oynanacaq və dəqiqləşdirilirdi: "Dördpərdəli bu əsər artist Cahangir Zeynalovun 25 illik yom-i alisi münasibətilə mövqe-yi tamaşaya qoyulacaqdır. Pərdə arasında sazəndə və nəvazəndə çalıb-oxuyacaqdır".

Səs-səsə verən qəzetlərin ardıcıl xəbərlərindən artıq hər kəsə aydın idi ki, noyabrın 30-da göstərilən tamaşa həmişəkilərdən fərqlənəcək, ümumən, o gün adi bir gün olmayacaq. Odur ki, Bakının sənət xiridarları həmin axşamı səbirsizliklə gözləyirdi. Amma bunu da təsəvvür etmək çətin deyil ki, həmin bircə günə çatmaq üçün 25 illik səhnə yolu keçmiş Cahangir Zeynalov 30 noyabr axşamını sıravi tamaşaçılardan qat-qat artıq olan hansı həyəcanlı intizarla gözləyirmiş.

18 mart 2025

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:23
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Aprel 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Maşını 2 azyaşlı olan avtomobilin üzərinə sürüb qorxulu anlar yaşatdı VİDEO

07 Aprel 2025 10:01see132

Premyer Liqa futbolçusu əməliyyat olundu mövsümü erkən bitirib

06 Aprel 2025 00:07see127

Uşağı aparmaqdan imtina edən taksi sürücüsü yoxlanılacaq…

05 Aprel 2025 23:06see124

Mask Avropada terror təhlükəsi barədə xəbərdarlıq etdi

06 Aprel 2025 03:36see122

Bakı bazarında qiyməti “od tutub yanan” meyvələr

07 Aprel 2025 01:42see121

İlon Maskdan dəhşətli proqnoz: Kütləvi qətliamlar olacaq

05 Aprel 2025 21:25see121

“Komandanı bu durumdan çıxarmaq üçün öz yolumuzdan əl çəkməyəcəyik”

05 Aprel 2025 21:20see118

Bacısı qızının toyuna gedən şəxs öldü

05 Aprel 2025 23:20see118

Dedik güldük, dalaşdıq, indi iş vaxtıdı, Abasov! YAZI

07 Aprel 2025 00:54see117

HƏMAS İsrailə raket atdı Yaralılar var gərginlik artır

07 Aprel 2025 01:10see117

Fidandan müxalifət liderinə CAVAB

06 Aprel 2025 21:30see116

Britaniyadan olan iki deputat İsrailə buraxılmayıb və deportasiya edilib

06 Aprel 2025 08:22see116

Sabah Kəpəz ə qarşı

06 Aprel 2025 09:00see115

“Kəpəz” “Sabah”a, “Zirə” “Qarabağ”a qarşı YENİLƏNİR

06 Aprel 2025 08:23see113

Əhalinin diqqətinə: Sabah Bakının iki qəsəbəsində işıq olmayacaq

06 Aprel 2025 19:48see113

Virus insanlara keçə bilər BÖYÜK TƏHLÜKƏ

06 Aprel 2025 17:31see112

Liqa 1 tarixinin rekordu

06 Aprel 2025 15:49see111

Bayer 90+1 ci dəqiqədə sevinib, Ştutqart dan səfərdə 4 cavabsız qol VİDEO

05 Aprel 2025 23:03see111

Ceyhun Sultanov: Santuş ad olaraq gəlib, lakin ortada bir iş yoxdur

06 Aprel 2025 22:27see108

Gəncədə 23 yaşlı kişi bıçaqlandı, şübhəli şəxs saxlanıldı KONKRET

06 Aprel 2025 10:16see106
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri