Icma.az
close
up
RU
31 mart soyqırımı XX əsrdə azərbaycanlılara qarşı etnik təmizləmə və kütləvi soyqırımı cinayətlərinin tərkib hissəsidir RƏY

31 mart soyqırımı XX əsrdə azərbaycanlılara qarşı etnik təmizləmə və kütləvi soyqırımı cinayətlərinin tərkib hissəsidir RƏY

Pravda.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

Həmin faciənin üzərindən düz 107 il ötür.

Mövzu ilə əlaqədar Pravda.az-a fikirlərini bölüşən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri, beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib ki, Azərbaycan xalqı son iki yüz il ərzində erməni millətçilərinin davamlı etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasətinə məruz qalaraq öz tarixi torpaqlarından didərgin salınıb, qaçqın və məcburi köçkünə çevriliblər:

“Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biri də budur ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalıblar.  Tarixi faktlar göstərir ki, strateji baxımdan mühüm əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən erməni əhalisinin kütləvi şəkildə köçürülməsinə XIX əsrin əvvəllərində başlanıb. 1804-1813-cü, 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələrinin gedişində, həm də sonralar ermənilərin İran və Türkiyədən kütləvi surətdə Cənubi Qafqaza, o cümlədən Qarabağa köçürülməsi nəticəsində burada onların sayı ilbəil artdı. Bunu Rusiya ilə İran arasında bağlanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri kimi sənədlər də təsdiq edir. Bu faktları N.N.Şavrov belə təsvir edir: “1828-1830-cu illər müharibəsi qurtardıqdan sonra biz 40 mindən çox İran və 84 min Türkiyə ermənisini köçürüb onları, demək olar ki, ermənilər yaşamayan Yelizavetpol və İrəvan quberniyalarında, Tiflis, Borçalı, Axalsix, Axalkələk qəzalarının ən yaxşı dövlət torpaqlarında yerləşdirdik. Həmin ermənilər Yelizavetpol quberniyasının dağlıq hissəsi (Qarabağın dağlıq hissəsi nəzərdə tutulur) və Göyçə gölünün sahillərində məskunlaşdırıldılar. Bunu da nəzərə almaq lazımdır ki, rəsmi olaraq köçürülən 124 min ermənidən başqa, buraya qeyri-rəsmi köçənlərlə birlikdə onların sayı 200 min nəfərdən çoxdur”.

Bununla yanaşı, ermənilərin köçürülməsi hesabına İrəvan quberniyasında da demoqrafik vəziyyət dəyişdi. Ermənistan SSR-in Mərkəzi Statistika İdarəsinin 1962-ci ildə nəşr olunmuş statistic məcmuəsində göstərilir ki, 1831-ci ildə İrəvan şəhərinin 18 min 766 nəfər əhalisinin 15 min 992 nəfəri, 1866-cı ildə isə 27 min 246 nəfərdən 23 min 627 nəfəri azərbaycanlı olub, yəni əhalinin 85,2%-i. Erməni tədqiqatçısı Zaven Korkodyanın 1932-ci ildə İrəvanda nəşr olunmuş “Sovet Ermənistanının əhalisi 1831-1931” kitabında da qeyd edilir ki, İrəvan quberniyasının İrəvan, Eçmiədzin, Yeni Bəyazid, Aleksandropol qəzalarında, Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur və Qazax-Dilican qəzalarında, Tiflis quberniyasının Lori-Pəmbək (Borçalı mahalı) qəzasında 2310 yaşayış məntəqəsindən 2000-i azərbaycanlılara məxsus olub. İrəvanda yaşayan 10 min nəfər əhalinin 7 min nəfəri azərbaycanlı olmaqla yanaşı, eləcə də xanlığı idarə edən 40 nəfərin hamısı azərbaycanlılar idi. 1920-ci ilədək İrəvan quberniyasında, xüsusilə İrəvan qəzasında azərbaycanlı əhalinin sayı xeyli çox olub, yəni qəzada olan 99 min nəfər əhalinin 62,6 min nəfəri (66%) azərbaycanlı, 36,4 min nəfəri (34%) isə erməni olub. Bütün XIX əsr boyunca ermənilərin köçürülmə prosesi davam etdirilmiş və nəticədə regionda demoqrafik vəziyyətə təsir göstərib, nəticədə onların Cənubi Qafqazda süni surətdə çoxaldılması XX əsrin əvvəllərindən başlayaraq azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasətinin baş qaldırmasına səbəb olub. Erməni millətçiləri “Daşnaksütyun” partiyasının proqramında irəli sürülən “böyük Ermənistan” ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətini genişləndirərək öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından qovmaqla etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başladılar. Belə ki, 1905-1906-cı illərdə ermənilər Bakıda, Şuşada, Gəncədə, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə dinc azərbaycanlılara qarşı qırğınlar törədib, əhali amansızlıqla qətlə yetirilib, şəhər və kəndlər yandırılıb, dağıdılıb. 1917-ci ildə Rusiyada baş verən fevral və oktyabr hadisələrindən sonra “Daşnaksütyun” partiyası və Erməni Milli Konqresi daha geniş fəaliyyətə başladılar. Eyni zamanda, V.Lenin tərəfindən 1917-ci ilin dekabrında Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissar təyin edilən S.Şaumyan azərbaycanlıların kütləvi qırğınının təşkilatçısı və rəhbərinə çevrildi. 1918-ci ilin əvvəllərində Leninin himayəsi altında Şaumyan Bakı Kommunasının rəhbəri oldu. Bu səbəbdən, 1918-ci ilin əvvəllərində, yəni mart qırğını ərəfəsində bilavasitə bolşevik maskası geyinmiş Şaumyana tabe olan erməni silahlı qüvvələrinin sayı 10 minə yaxın idi. Şaumyanın başçılığı ilə 1918-ci ilin yazında ermənilər tərəfindən azərbaycanlılara qarşı əsl soyqırımı törədildi. Belə ki, həmin il martın 30-da silahlı daşnaklar azərbaycanlıların evlərinə hücum edərək amansız qətllər törətdilər. Martın 31-də və aprelin ilk günlərində qırğınlar kütləvi xarakter aldı. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edildi. Həmin günlərdə erməni-bolşevik birləşmələri Bakıda 12 min dinc azərbaycanlını qətlə yetirdilər. Bu qanlı hadisələr zamanı insanlar evlərində diri-diri yandırılıb, eləcə də xüsusi işgəncələrlə və amansızlıqla öldürülüb. Ermənilərin silahlı hücumu nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında 16 mindən çox insan xüsusi qəddarlıqla qətlə yetirilib, 167 kənd dağıdılıb ki, onlardan 35-i hazırda mövcud deyil. Erməni-daşnak dəstələrinin Quba qəzasında azərbaycanlıları kütləvi şəkildə qətlə yetirmələrinə dair aşkar edilmiş faktlar son vaxtlar bir daha sübuta yetirilib. Belə ki, 2007-ci ildə Quba şəhərində kütləvi məzarlıqların aşkar edilməsi erməni vandalizmini təsdiqləyən faktlardır. Onu da qeyd etmək lazımdır ki, Amazaspın rəhbərliyi ilə erməni hərbi birləşmələri Qubada türk-müsəlman əhalisi ilə yanaşı, yəhudilərə qarşı da qırğınlar törədiblər. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, 1918-1919-cu illərdə Qubada ermənilər tərəfindən 3 min nəfərə qədər yəhudi qətlə yetirilib. Bundan əlavə, erməni daşnakları tərəfindən 1918-ci ilin mart-aprel aylarında Bakıda və digər Azərbaycan ərazilərində 50 minə yaxın insan xüsusi işgəncələrlə qətlə yetirilib. Zəngəzur qəzasında 10 mindən çox, Şamaxı qəzasında 10 min 270 nəfər azərbaycanlı amansızlıqla öldürülüb. Eyni zamanda 1918-1920-ci illərdə indiki Ermənistan Respublikasının ərazisində yaşamış 575 min azərbaycanlının 565 min nəfəri öldürülüb və yaxud doğma torpağından didərgin düşüb. Bu rəqəmi Z.Korkodyan özünün “Sovet Ermənistanının əhalisi 1831-1931” kitabında təsdiq edərək yazır: “1920-ci ildə sovet hökumətinə daşnaklardan cəmi 10 min nəfərdən bir qədər artıq türk (azərbaycanlı) əhali qalıb. 1922-ci ildə 60 min qaçqın geri qayıtdıqdan sonra azərbaycanlılar burada 72 min 596 nəfər, 1931-ci ildə isə 105 min 838 nəfər olub”.

Bundan əlavə, ermənilər tərəfindən Azərbaycanın yüzlərlə yaşayış məntəqəsi, o cümlədən Qarabağda 157 kənd dağıdılaraq yandırılıb, eləcə də Şuşada azərbaycanlılara qarşı amansız qırğınlar törədilib. Bu dövrdə Quba qəzasında 167, Şamaxı qəzasında 110, Zəngəzur qəzasında 115, İrəvan quberniyasında 211, Qars vilayətində 92 yaşayış məntəqəsi yandırılıb, dağıdılıb və talan edilib. 1919-cu ilin son iki ayında İrəvan quberniyasının Eçmiədzin və Sürməli qəzalarında 96 kənd, İrəvan qəzasının isə bütün kəndləri məhv edilib, İrəvan quberniyasında 132 min azərbaycanlı qətlə yetirilib. Ümumilikdə, 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə amansız şəkildə davam etdirilməsi nəticəsində on minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilib. Tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən bu vəhşiliklər törədilərkən məktəblər, məscidlər yandırılmış, maddi-mədəniyyət nümunələri məhv edilib. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Fövqəladə Təhqiqat Komissiyası yaradılmış və ermənilərin törətdikləri cinayətlər araşdırılmağa başlanıb. Hökumətin qərarı ilə hər il (1919-cu və 1920-ci il martın 31-də Ümummilli Matəm Günü kimi qeyd edilmişdir) mart ayının 31-nin Matəm Günü kimi qeyd edilməsi qərara alınıb. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işi başa çatdırmağa imkan vermədi. Qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən regionda mövcud olan geosiyasi vəziyyət 1918-ci il mayın 29-da İrəvan şəhərinin ermənilərə siyasi mərkəz kimi verilməsinə səbəb oldu. Beləliklə, 1918-ci ildə Azərbaycan torpaqlarında – keçmiş İrəvan xanlığının ərazisində Ermənistan Respublikası yaradıldı. Cənubi Qafqazın sovetləşməsindən öz məqsədləri üçün istifadə edən ermənilər, 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-ə daxil etməyə nail oldular. Bununla da, Naxçıvanın Azərbaycandan ayrı salınması və quru əlaqələrin kəsilməsi baş vermişdir. Sonrakı dövrlərdə isə ermənilər Ermənistana verilmiş Zəngəzurda və digər ərazilərdə də tarixən yaşamış azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirdilər. Hər üç Cənubi Qafqaz Respublikasının müstəqilliyinin itirilməsi ərazi-sərhəd məsələlərinin qoyuluşunun özünü mənasız etdi. Lakin Cənubi Qafqazda sovet hakimiyyətinin qurulması Qarabağ məsələsini gündəlikdən çıxarmadı. Sovet dövründə - 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolxozçu və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarına əsasən, 1948-53-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından, xüsusilə də İrəvan və onun ətraf rayonlarından kütləvi şəkildə deportasiya olunması nəticəsində 150 minə yaxın soydaşımız zorakılıqla Azərbaycanın aran rayonlarına köçürülmüşdür. Nəticədə, Ermənistan SSR hökuməti SSRİ rəhbərliyindəki himayədarlarının köməkliyi sayəsində 1948-1953-cü illərdə Ermənistan SSR ərazisində yaşayan azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldu. Xaricdən gətirilən ermənilər isə repatriasiya adı ilə Ermənistan SSR-dən planlı şəkildə deportasiya edilən azərbaycanlıların yaşayış üçün hər cür şəraiti olan evlərində yerləşdirildilər. XX əsrin 80-ci illərinin sonunda ermənilər “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycana dair əsassız ərazi iddiaları irəli sürdülər. Eyni zamanda, 1988-ci ilin sonunda Ermənistanda genişmiqyaslı etnik təmizləmə – azərbaycanlıları tarixən yaşadıqları torpaqlardan təmizləmək cinayətini həyata keçirdilər. Belə ki, keçmiş SSRİ rəhbərliyinin himayəsi ilə Ermənistan tərəfindən 1988-1989-cu illərdə azərbaycanlılar yaşayan 22 rayonda 170 təmiz və 94 qarışıq (ermənilərlə) yaşayış məskənləri boşaldıldı. 1991-ci il avqustun 8-də Ermənistanın Meğri rayonunun Zəngilan rayonu ilə həmsərhəd bölgəsində qalmış axırıncı azərbaycanlı kəndi olan Nüvədidən də azərbaycanlılar zorakılıqla qovuldu. Ümumiyyətlə, həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində indiki Ermənistanın 22 kənd, rayonundan və 6 şəhərindən təxminən 250 mindən çox azərbaycanlı tarixi torpaqlarından təcavüzə məruz qalaraq qovuldular. Ermənistanın bu hərbi təcavüzü nəticəsində 1991-ci il oktyabrın sonunda və noyabr ayı ərzində Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Xocavənd, Meşəli, Cəmilli, Umudlu, Qaradağlı, Kərkicahan və s. bu kimi digər strateji əhəmiyyətə malik kəndlərimiz yandırıldı, dağıdıldı və talan edildi. Minlərlə mülki əhali isə soyqırımı və təcavüzə məruz qalaraq doğma yurdlarından didərgin düşdü. Ümumilikdə 1988-1993-cü illər ərzində günahsız mülki əhalini özünə hədəf seçən Ermənistanın insanlıq əleyhinə törətdiyi bu cinayət əməlləri təsadüfi xarakter daşımır, belə əməllərin törədilməsi sistemli xarakter daşıyır və cinayətkar Ermənistan həm işğal zamanı, həm də işğalın davam etdiyi 30 ilə yaxın müddət ərzində mütəmadi olaraq cəbhəyanı ərazilərdə Azərbaycan vətəndaşı olan mülki əhalini, əsasən də qadınları və azyaşlı uşaqları xüsusi qəddarlıqla qətlə yetirmişdir. Qeyd etmək lazımdır ki, Xocalı soyqırımı Ermənistanın Azərbaycan xalqına qarşı məqsədyönlü soyqırımı siyasətinin tərkib hissəsidir və bu soyqırımı beynəlxalq cinayət kimi qəbul edilməli, insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi qiymətləndirilməlidir. Çox təəssüf ki, Ermənistanın yürütdüyü etnik təmizləmə və soyqırımı siyasəti uzun illərdir dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir. Halbuki soyqırımı ən ağır beynəlxalq cinayət olmaqla yanaşı, beynəlxalq hüquqa görə sülh və təhlükəsizliyə qarşı yönələn cinayətlər qrupuna aid edilir. Beynəlxalq hüquqa görə soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilmiş və 1951-ci il yanvarın 12-dən qüvvəyə minən “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması” Konvensiyasında soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur. Azərbaycan Respublikası 31 may 1996-cı ildə adıçəkilən Konvensiyaya qoşulub”.

Professor xatırladıb ki, XX əsrin sonunda ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilib: “Fərmanda vurğulanır ki, Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edir. Bununla yanaşı, Heydər Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli Fərmanı da Ermənistan SSR ərazisindən azərbaycanlıların deportasiyasının hərtərəfli tədqiq edilməsi, bu cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu fərmanlar təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi və yaddaşlarda həkk olunması deyil, eləcə də erməni şovinizmi və terrorizminin ifşa olunması baxımından da əhəmiyyətlidir. Azərbaycan Prezidenti İlham Əliyevin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında imzaladığı Sərəncamda deyilir: “Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır”.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirilməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasını tamamilə dağıtmış oldu. Bununla yanaşı, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü 30 ildən artıqdır ki, yürütdüyü işğalçılıq siyasəti, xüsusilə müharibə cinayətlərinin mahiyyətini açmaqla bunun bütün region üçün yaratdığı ciddi təhdidləri, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, ölkəmizin haqlı mövqeyinin konkret faktlarla dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi. Nəticədə Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi bir ildən sonra, xüsusilə 44 günün ərzində reallığa çevrildi. Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir, xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək və biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Bu baxımdan qeyd etmək lazımdır ki, Azərbaycanın milli maraqlarını uca tutan, Prezident İlham Əliyevin prinsipial mövqeyi hərb, diplomatiya meydanında olduğu kimi informasiya savaşında da uğurlarımızı şərtləndirirdi və tarixi Qələbəmizin əsası qoyuldu. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi biz döyüş meydanında da, informasiya məkanında da, siyasi müstəvidə də Qələbə qazandıq. Nəticədə, İkinci Qarabağ müharibəsi son yüz ildə Zəfər və qəhrəmanlıq salnaməsi kimi Azərbaycan tarixinə yazıldı. Bu gün üçrəngli müqəddəs bayrağımız Azərbaycanın bütün işğaldan azad edilmiş ərazilərində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Ağdamda, Şuşada, Xocavənddə, Hadrutda, Ağdərədə, Xocalıda və Xankəndidə qürurla dalğalanır. Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu mühüm tarixi hadisənin əhəmiyyətini xüsusi vurğuladı: “Xocalıda Bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xankəndidə isə Bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi”. Xalqımızın bütün təbəqələrinin öz işi ilə bu Qələbəni yaxınlaşdırdığını söyləyən Prezident İlham Əliyev bildirdi ki, bu, ümummilli bir məsələyə, ümummilli hərəkata çevrildi və 30 il ərzində bu mövzu unudulmadı. 1919-cu ildən 104 il sonra - 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində keçirilən və Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad Azərbaycanın hərb tarixinə də şərəfli bir gün kimi yazıldı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev hərbi paradda çıxış edərək bildirdi ki, torpaqlarımızın işğaldan azad edilməsi üçün ordu quruculuğu birinci nömrəli vəzifə idi. Əziz şəhidlərimizin xatirəsinin bizim qəlbimizdə əbədi yaşayacağını və bütün dünyaya  Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu göstərdiyimizi vurğulayan Prezident İlham Əliyev demişdir: “XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız  yaxşı bilirik, bunu dünya da bilsin”.

Milli Məclisin deputatı Azər Badamov isə deyib ki, Azərbaycan xalqı tarix boyu zaman-zaman erməni soyqırımları ilə üzləşib:

“Ermənilər azərbaycanlılara qarşı soyqırımlar törətməklə, öz əzəli yurdlarından deportasiya etməklə torpaqlarımızda məskunlaşaraq çirkin arzularını reallaşdırmağına çalışıblar. Azərbaycan tarixinə soyqırımı kimi düşmüş 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovublar. Azərbaycanlılara qarşı törədilmiş qırğınlarda 6 min rus əsgəri və eyni zamanda Daşnaksütyun Partiyasının 4 minlik silahlı dəstəsi iştirak edib.  Təpədən dırnağa qədər silahlanmış ermənilər kəndlərimizi yandırır və xalqımıza qarşı etnik təmizlənmə aparıblar. O cümlədən 1918-ci ilin mart ayına qədər İrəvanda azərbaycanlıların yaşadığı 198 kəndi darmadağın edərək etnik təmizlənmə aparılıb.  Ermənilər azərbaycanlılara qarşı soyqırımlar törətməklə fəxr edib və xalqımıza qarşı törətdikləri  qırğınları etiraf edərək, bunu özlərinin mifik xəyallarına və  məqəsdlərinə çatmaları kimi qələmə verirdilər”.

Deputat bildirib ki, 2007-ci ildə Quba stadionunun təmiri zamanı aşkar olunmuş kütləvi məzarlıq da erməni vəhşikllərini bir daha sübut edib: “Aşkar olunmuş 500-dən çox kəllə sümüyünün əsasən uşaqlara və qadınlara məxsus olduğu təsdiqlənib. Aparılan araşdımalar zamanı qətlə yetirilmiş insanların işgəncələrə məruz saxlamaqla küt alətlərlə öldürüldüyü müəyyən edilib. Təbii ki, ermənilərin bu vəhşikliləri zaman-zaman davam edib və 1992-ci ilin 26 fevralında törədlmiş Xocalı soyqırımında da eyni senari təkrarlanıb. Bu həm də ermənilərin bir vəhşi toplum olduğunu göstərir. Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il fərmanı ilə martın 31 tarxinin Azərbaycanlıların Soyqırımı Günü elan edilməsi tarixmizdə xalqımıza qarşı törədilmiş çoxsaylı etniktəmizlənmə siyasətinin dünya ictimaiyyətinə çatdırılması baxımından çox əhəmiyyəli oldu. Umummilli lider Heydər Əliyev deyib: ”Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”. Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb, ölkədə və ölkə hüdudlarından kənarda soyqırımla bağlı silsilə tədbirlər təşkil olunub,  30 mart 2018-ci ildə Milli Məclisə soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclas keçirilərək  dünya ictimaiyyətinə ünvanlanan bəyanat qəbul olunub. Hər ilin 31 martı Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından çox əhəmiyyətlidir.  Bu gün Azərbaycan qalib ölkədir. Soyqırmına məruz qalmış soydaşlarımızın qanları yerdə qalmayıb. Bu gün  Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında  heç vaxt olmadığı qədər güclüdür və əbədi olaraq öz suverənliyini və hüquqlarını müdafiə edə biləcək bir dövlətə çevrilib. Qələbəyə imza atmağımıza baxmayaraq tarix boyu bizə qarşı soyqırımıları törədən düşmənlərimizin vəhşikliləri heç vaxt unudulmayacaq.  Allah şəhidlərimizə rəhmət eləsin!”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə dərc olunub. 

Aytəkin Qardaşova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxda narkokuryerlər saxlanıldılar

30 Mart 2025 14:50see124

III Çarlz xəstəxanaya yerləşdiridikdən sonra ilk bəyanatını verdi

30 Mart 2025 13:33see123

Nasaz və idarə olunmayan avtomobilə cərimə gəldi DİN dən AÇIQLAMA VİDEO

30 Mart 2025 20:46see119

Mançester Siti də ciddi itki stadionu qoruyucu ayaqqabı ilə tərk etdi

31 Mart 2025 00:38see119

BVF Ukraynada münaqişənin 2025 ci ilin sonuna qədər bitəcəyini proqnozlaşdırır

30 Mart 2025 03:06see115

Qarabağ erməniləri İrəvanda toplaşdı

30 Mart 2025 20:46see114

Xankəndinin mərkəzindəki edam otağı ndan TÜKÜRPƏDƏN GÖRÜNTÜLƏR

31 Mart 2025 00:49see113

Dünya nizamının dəyişməsinə təsir edən gizli razılaşmalar

30 Mart 2025 22:14see113

Ukrayna demək olar ki, ABŞ la yeni müqavilə şərtləri ilə razılaşmayacaq

30 Mart 2025 02:46see113

Tramp İranı heç vaxt görmədikləri partlayışlarla hədələyib

30 Mart 2025 18:55see111

Aleksandr Turçin Əli Əsədovu təbrik etdi

30 Mart 2025 13:46see111

Pentaqon ABŞ nin Çini cilovlamaq üçün əsas müttəfiqini açıqlayıb

30 Mart 2025 08:42see110

Volkan Konak səhnədə huşunu itirdi, xəstəxanaya aparıldı VİDEO

31 Mart 2025 01:16see109

“Qarşıdakı matçlara da xallar qazanmaq üçün çıxacağıq” Rəşad Sadıqov

30 Mart 2025 21:03see108

Təqaüddə olan polkovnik oğlu ilə eyni universitetdə OXUYUR

30 Mart 2025 15:49see108

Trampdan Rusiyaya növbəti sanksiya xəbərdarlığı...

30 Mart 2025 18:48see108

Həbsxanada halı pisləşən Mahir Polat xəstəxanaya aparılıb

30 Mart 2025 10:44see108

Mask NASA nın insanların Marsa göndərilməsinə dair proqramlarına yenidən baxacaq

31 Mart 2025 04:33see108

Xaçmaz və Qubadakı yanğınlar söndürüldü

31 Mart 2025 23:39see107

Chery öz brendini ləğv edir

31 Mart 2025 05:01see106
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri