Icma.az
close
up
RU
4 əsrin faciəsi...

4 əsrin faciəsi...

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Rusiya Pyotrun vəsiyyətini necə davam etdirir?

Rusiya şovinizmi, Rusiya işğalçılığı, imperializmi Cənubi Qafqaz da daxil olmaqla Avrasiyanın mərkəzi üçün 4 əsrlik bir kabusdur. Xüsusilə, Xəzərin Qərb sahilləri 400 ilə yaxındır ki, bu işğalın ağır və acı nəticələrini yaşayır. Bir maraqlı fakt diqqəti cəlb edir - arxada qalan 3 əsrin hər birinci rübü Azərbaycan da daxil olmaqla Qafqazın rus işğalına məruz qalması ilə nəticələnir. Rus imperializminin planlı şəkildə həyata keçirdiyi bu proses 1701-ci ildən start götürərək son mərhələ kimi 1920-ci ildə yekunlaşmışdı. Həmin tarixə bir də nəzər salaq...

Pyotrdan başlayan işğal - vəsiyyətin Zəngəzur “möhürü”...

Qeyd edildiyi kimi, 1701-ci ildə iki erməninin fitvası və şirnikləndirməsi ilə Qafqaza yön çevirən (onun da əlinə bəhanə olmuşdu) I Pyotr sonradan bu əraziləri özünün tarixi intriqalarının, imperialist planlarının mərkəzinə qoymuş oldu. XVIII əsrin ilk ilindəcə erməni kilsənin iki nümayəndəsi - Ori və Tiqranyan Moskvada çar Pyotra verdikləri “söz”ün qarşılığını bolluca aldılar. Pyotra erməni məlikləri tərəfindən yazılmış məktubda ermənilərin Pyotrdan başqa ümidlərinin qalmadığı qeyd edilmişdi. Pyotr İsveç ilə davam etməkdə olan Şimal müharibəsinin bitməsindən sonra ermənilərə yardım edəcəyinə dair söz vermişdi. Etdi də...

Beləcə rus işğalı sözün böyük mənasında Qafqaza, Azərbaycana ayaq açdı. Şimal müharibəsinin 1721-ci ildə sonlanmasından sonra I Pyotr Xəzər dənizi sahillərinə hücum etmək qərarına gəldi. O, Xəzər dənizi hövzəsini ələ keçirib, Mərkəzi Asiyadan və Hindistandan gələrək Rusiya ərazisindən keçib Avropaya gedən ticarət yolu qurmaq niyyətində idi. Bəli, tarix çox şeylərdən dərs və nümunə götürmək üçün əsl vasitədir - bu gün olduğu kimi, XVIII əsrin ilk iyirmi ilində də Avrasiyada yeni bir dönəm başlayırdı. Ticari yollar təmərküzləşirdi. Dövlətlərarası münasibətlər yeni iqtisadi qanunauyğunluqlara əsasən formalaşdırılırdı. Bunu çar Rusiyası və onun başında olan Pyotr da görürdü. Hətta Pyotrun vəsiyyətində  Qafqaz -  Kiçik Asiya xəttini nəzarətə götürmək məsələsi təsadüfən qeyd edilməmişdi - Rusiya çarı işğal nəticəsində hələ 400 il öncə dünyanın əsas iqtisadi aortasına çevriləcək yolu, Zəngəzur dəhlizini işğal edib nəzarətinə keçirmək istəyirdi. Bu ticarət yolunun qurulması Rusiya imperiyasının tacirlərinə böyük pullar qazandırmaqla birlikdə, Rusiya xəzinəsinə də böyük maliyyə gəlirini təmin etmiş olacaqdı. Ticarət yolu quru xəttlə Hindistan, İran ərazisindən, ya da dəniz yolu ilə keçərək oradan Kür çayı üzərindəki rus qalasına, oradan isə Gürcüstandan keçərək Həştərxana, oradan bütün Rusiya imperiyasına malların daşınması nəzərdə tutulurdu. Eyni zamanda Rusiya bu dəhliz boyunca sirli Ərəb dünyasına keçid üçün yol axtarırdı.

Amma istəkləri gözlərində qaldı - düzdür, tarixə “rusların ilk Xəzəryanı yürüşü” kimi düşən birinci işğal faktı ilk illərdə imperializmin qələbəsi ilə nəticələndi. Səfəvi imperiyası ilə 1723-cü ildə imzalanan Peterburq müqaviləsi nəticəsində Rusiya imperiyası Xəzər sahilində mühüm torpaqlar əldə etsə də, bunu sona qədər qoruyub saxlaya bilmədi. Yeni Səfəvi şahı II Təhmasib bu müqaviləni ratifikasiya etmədi. Nadir xan Əfşarın (o zaman hələ baş komandan idi) uğurlu hərbi yürüşləri nəticəsində 1735-ci il Gəncə müqaviləsi ilə ruslar bölgəni tamamilə tərk etdilər. Beləliklə, Pyotrun arzusu gözündə qaldı...

Xain işğalın izi ilə...

Aradakı 100 il ərzində epizodik meyillənmələr olsa da, Rusiya imperializmi bir də Rusiya çariçası II Yekaterinanın son illərində Qafqaza doğru daha güclü işğal planları hazırlamağa başladı. II Yekaterina Rusiya imperiyasının ekspansiya siyasətinin əsas memarlarından biri idi. Onun dövründə ermənilərlə qurulan münasibətlər əsasən Osmanlı imperiyasına və Azərbaycana qarşı siyasətin tərkib hissəsi idi. II Yekaterina erməniləri Rusiya imperiyasına yaxınlaşdırmağa çalışırdı və 1768-1774-cü illər Rus-Osmanlı müharibəsi zamanı və sonra ruslar erməniləri Osmanlıya və Azərbaycana qarşı potensial müttəfiq kimi görürdülər. II Yekaterina dövründə rus siyasətçiləri ermənilərdən Qafqazda “xristian dayağı” kimi istifadə etmək məqsədi güdürdülər. Rus diplomatı Simeon Yerevantsi (erməni tarixçisi) II Yekaterinaya məktublar yazaraq “Erməni dövlətinin” yaradılması ideyasını dəstəkləyirdi. II Yekaterina və knyaz Potyomkin erməni kilsə rəhbərləri ilə əlaqələr quraraq “Qafqazda xristian dövləti” ideyasını gündəmə gətirmişdilər. Bu layihə tam gerçəkləşməsə də, regiondakı gələcək etnik dəyişikliklərin əsasını qoydu.

Həmin dövrdə Azərbaycanda müstəqil xanlıqlar meydana gəlmişdi və onlar bu və ya digər şəkildə birləşərək müstəqil, bütöv Azərbaycan dövləti yaratmaq uğrunda addımlar atmağa hazırlaşırdılar. Bütöv Azərbaycanı gözəl bir gələcək gözləyirdi. Bir bayraq altında, bir səma altında birləşəcək xanlıqlar yeni bir Azərbaycanın təməlini atacaqdılar. Amma... Çar Rusiyası yenə də öz xain planları ilə Azərbaycanın gələcəyinin üzərinə qara kölgələr salmağa başladı. 1796-cı ilin aprelində Quba xanlığının ərazisi olan Dərbəndi işğal edən çar generalı Zubov sonradan Bakı, Şamaxı və Gəncə xanlığını da Rusiya imperiyası adı altında işğala məruz qoydu. II Yekaterinanın ölümü isə bu işğal prosesini yarıda saxladı - yeni çar Pavel rus qoşunlarının Azərbaycandan çıxarılması ilə bağlı fərman imzaladı. Və beləliklə də, Azərbaycan torpaqlarının ruslar tərəfindən işğalı bir az ertələndi.

Sisianovun “Qarabağ-Zəngəzur planı”...

XIX əsrin ilk illərində Rusiya yenidən Azərbaycanın işğalı ilə bağlı planlara başladı. I Aleksandrın imperator elan olunmasının ardından gürcü əsilli Sisianov böyük “şövqlə” yenidən Qafqazın işğalı uğrunda işə başladı. 1804-cü ildə Gəncə xanlığının süqutunun və Cavad xanın xaincəsinə qətlinin ardından Rusiya imperiyası ilə Qarabağ xanlığı arasında Kürəkçay sülh müqaviləsi imzalandı - müqaviləyə görə, Qarabağ xanlığının bütövlüyünün saxlanmasına imperator tərəfindən zəmanət verilirdi. Müqaviləni həmçinin Şəki xanı Səlim xan da imzaladı. Amma Rusiya özünün dönüklüyünü və imperialist maraqlarını bir daha biruzə verdi - imzaladığı əhdə sədaqət göstərməyən rus qoşunları 1 il keçməmiş - 12 iyun 1806-cı ildə İbrahimxəlil xanı Şuşa yaxınlığındakı Xanbağında 17 nəfər ailə üzvləri ilə birlikdə qətlə yetirdi. Bu cinayətkar hadisəyə rus mayoru Lisaneviç başçılıq edirdi. Beləliklə, Kürəkçay sülhü öz əhəmiyyətini itirdi. Sisianov isə ard-arda Gəncə, Qarabağ, Şəki, Şamaxı xanlıqlarını Rusiya imperiyasının tərkibinə qatdı. Amma nəticədə Bakı qalasının divarı altında öldürüldü. 1805-ci ildə general Sisianov Bakı xanlığına hücum etdi və şəhəri mühasirəyə aldı. Bakı xanı Hüseynqulu xan danışıqlar aparmaq üçün onu Qala qapısının yanına çağırdı - 8 fevral 1806-cı ildə general Sisianov Bakının Qala qapısının yanına gəldi. Burada o Hüseynqulu xan ilə danışanda Hüseynqulu xanın əmisi oğlu İbrahim bəy tərəfindən öldürüldü.

Sisianov Qafqazda xristian əhalini, xüsusilə erməniləri daha güclü yerləşdirmək üçün şərait yaradırdı. O xatirələrində yazırdı ki, “rusları və erməniləri Qafqaza köçürməklə biz buranın əbədi sakinlərinə çevriləcəyik”. Məqsəd, müsəlman-türk əhalini sıxışdıraraq rusların və ermənilərin nüfuzunu artırmaq idi. Maraqlı bir epizod isə gözdən yayınmır - yenə də hədəf kimi Zəngəzur və Qarabağ seçilmişdi. Sisianovun çar Aleksandra göndərdiyi hesabatlarda da ermənilərin məhz bu ərazilərdə - daim iqtisadi fəallığın yaşandığı bölgələrdə yerləşdirilməsi nəzərdə tutulurdu.

Nəticədə, Azərbaycanın Rusiya tərəfindən işğalı 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqaviləsi ilə o dövr üçün başa çatdı. Bu işğal nəticəsində isə Azərbaycan həm müstəqilliyini itirdi, həm də XIX əsr kimi qızıl inkişaf dövrünü boyunduruq altında keçirmək məcburiyyətində qaldı. Həmin illərdə baş verən neft bumu, şəhər inkişafı, maarifçilik hərəkatları rus işğalının bizim üçün müəyyənləşdirdiyi yol üzrə inkişaf etdi...

Müstəqil Azərbaycanın “qırmızı” işğalı...

Nəhayət, XX əsr... Dünyanın yeni siyasi, hərbi, iqtisadi şəkillənməsinin getdiyi, müasir tendensiyaların təməllərinin atıldığı zaman. I Dünya Müharibəsi bitmiş, Rusiya imperiyası dağılmış, dünyada yeni bir siyasi konfiqurasiyasının əsası qoyulmuşdu. Rusiyanın işğal etdiyi regionlar hər biri, o cümlədən Azərbaycan müstəqillik əldə etmişdi. 1918-ci ilin mayında Azərbaycan ərazisində Türk və müsəlman dünyasında ilk dünyəvi demokratik respublika və parlament respublikası quruldu. Bu tarixi bir nailiyyət idi və Azərbaycan dövləti qısa zaman ərzində böyük bir yol qət etdi - milli atributlar hazırlandı, qlobal miqyasda əlaqələrin qurulması üçün addımlar atıldı, beynəlxalq aləmlə əlaqələr quruldu. Amma bu dəfə də rus işğalı qara bulud kimi dövlətimizin üzərinə çökdü - bu dəfə bolşeviklərin əli ilə bölgəni özünün plastdarmına çevirən Rusiya Azərbaycanı işğal etdi. 1920-ci ilin aprelində işğal olunan Azərbaycan yeni imperiyanın - SSRİ-nin tərkibində asılı bir dövlət kimi fəaliyyət göstərdi. Bu işğal nəticəsində isə Azərbaycanın yerüstü və yeraltı sərvətləri talandı, Rusiyaya daşındı. II Dünya müharibəsində SSRİ-nin qəbəbəsində ən vacib rollardan birini oynamasına baxmayaraq, Bakıya qəhrəman şəhər adı verilmədi. Tam əksinə, Rusiya hakimiyyəti Pyotrdan qalma vəsiyyəti tam yerinə yetirmək üçün Zəngəzuru, Göyçəni, bir sözlə, Qərbi Azərbaycan torpaqlarını ermənilərə peşkəş etdi. Rusların ermənilərə səxavətlə verdikləri Azərbaycan torpağında erməni dövləti yaradıldı. Məhz buradan qaynaqlanırdı ki, əsrin sonunda rus şovinizmi Qarabağın ermənilər tərəfindən işğal edilməsində mühüm rol oynadı. 20 Yanvar, Xocalı kimi tarixi faciələr məhz rusların Azərbaycana qarşı olan işğalçı, militarist siyasətinin nəticələri idi.

Güclü, qətiyyətli, iradəli...

Amma XX əsrin sonu tam fərqli bir siyasi şərait formalaşdı - Azərbaycan bir əsrdə ikinci dəfə müstəqillik əldə etdi. Bu müstəqillik isə əbədi və dönməz oldu. Ulu ?ndər Heydər Əliyevin siyasi dühası, Prezident İlham Əliyevin liderlik bacarığı qısa zamanda ölkəmizi dünya birliyinin tamhüquqlu üzvünə çevirdi. Müstəqilliyimizin ilk illərində işğala məruz qaldıq - yenə də rusların əli ilə ermənilər Qarabağı və ətrafındakı rayonları işğal etdilər və 30 il bu işğal faktını sürdürdülər. Amma Azərbaycan artıq yeni, müasir, güclü və mərkəzləşdirilmiş bir dövlət kimi çıxış etdi - dövlətimiz qısa zamanda uğurlu iqtisadi - siyasi inkişaf kursu müəyyən etdi, nizami və müasir ordu formalaşdırdı. 2020-ci ilin Vətən müharibəsində qazanılan qələbə, antiterror tədbirlərində nümayiş etdirilən əzm Azərbaycanın gücünü, iradəsini, qətiyyətini ortaya qoydu. Azərbaycan artıq bölgənin aparıcı aktoru kimi müstəqil siyasətini yürüdür, hər kəslə “öz dilində” danışır. Amma deyəsən, bizim müstəqilliyimiz, suverenliyimiz və birliyimiz, vəhdətimiz, bütövlüyümüz şimal qonşumuzunu “xoşuna gəlmir”. Axı, onlar öyrəşiblər hər əsrin əvvəlində qarşılarında zəif Azərbaycan görməyə. Bu dəfə tam fərqli bir Azərbaycanla üz-üzədirlər. Müasir Azərbaycan ona qarşı yönələn bütün təhdidlərə layiqli şəkildə cavab vermək iqtidarındadır.

Biz heç bir zaman işğala və ya təcavüzə, talana və ya qəsbə yol verməmişik - artıq bizə qarşı yürüdülən işğalçı siyasətə də dözmək fikrində deyilik. Deyirlər, tarix təkrarlanır - amma öz tarixini yaradan xalqın, dövlətin və Liderin vəhdəti bu tarixi yenidən yazır, dünyaya nümayiş etdirir. Azərbaycanın müasir tarixi kimi...

Pərviz SADAYOĞLU

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 İyul 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see1967

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see257

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see241

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see233

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see213

DİN “9990” və “7770” ilə bağlı məlumat yaydı

14 Noyabr 2025 18:29see210

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see187

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see186

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see163

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see163

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see153

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see153

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see151

Bu qidalar bağırsaq xərçənginin düşmənidir

14 Noyabr 2025 20:08see150

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see149

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

15 Noyabr 2025 00:07see134

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see134

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see132

“9990” və “7770” dən gələn zəng təhlükəlidir? RƏSMİ

14 Noyabr 2025 18:36see128

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri