525 ci qəzet BƏHLULUN BEŞ BARMAĞININ BİR CÜTÜ Rafael Hüseynov yazır
Icma.az, 525.az-dan verilən məlumata əsaslanaraq, xəbər verir 525 ci qəzet BƏHLULUN BEŞ BARMAĞININ BİR CÜTÜ Rafael Hüseynov yazır.
Rafael HÜSEYNOV
Akademik
Yazını daşa həkk etmək ta qədimlərdən sözü sabaha çatdırmanın ən etibarlı üsullarından olub. Dünyanın müxtəlif ölkələrində keçib-getmiş minillərin və yüzillərin yadigarı olan üstü yazılı daşlar qalır. Dünənlərin xəbərlərini bizə ötürən qədim əlyazmalar da az deyil. Ancaq xalq yaddaşı da elə qayalar-daşlar kimi, əlyazmalar sayaq lazım bildiyi sözləri qoruyaraq sabahlara çatdırmağı bacarıb. Bəhlul sözlərinin lap daş üzərinə nəqş edilənlərinə də daşın möhkəmliyindən daha çox xalq hafizəsinin etibarlılığı bitməz ömür bağışlayıb.
Harun ər-Rəşid Abbasilər dönəminin ən qüdrətli və şöhrətli xəlifəsi idi və təbii ki, o öz ehtişamına layiq saray da tikdirmişdi.
Rəvayət edilir ki, o imarətin divarlarına artıq Harunun vəfatından sonra Şeyx Bəhlulun növbəti xəlifəyə və əslində, əlində ixtiyar olanda dünyada əbədilik qalacaqmış kimi ömür sürənlərin hamısına aid olan sözləri yazılıbmış: "Ey Məmun! Mənim nəsihətimi qəbul et və bu uca, əzəmətli qəsrə baxaraq çox da qürrələnmə! Heç şübhəsiz, sən də bu dünyadan gedəcəksən. Necə ki, atan Harun ər-Rəşid də gedib".
Əlbəttə ki, Bəhlulun sözü yerini tutub. Harun getdiyi kimi, Məmun da gedib, elə Bəhlulun özü də ömrünü yaşayaraq torpağa qovuşub, lap çoxdan həmin qəsr də yoxdur, o imarətdən sonra tikilmiş çox saraylar da dünənlərdə qalıb. Ancaq əsrlərdən bəri həyatda olmayan Bəhlulun min ildən də əvvəl indi artıq çoxdan uçulub getmiş divarlara həkk edilmiş sözləri həmin köhnə əyyamların içərisindən sıyrılaraq bugünə çatıb, sabaha doğru uçur, elə ötmüş çağların hər ilində və günündə də diri olub.
Söz - elə bu deməkdir!
Bəhlulun ən böyük istedadı sözün yerini bilməsi olub. Hansı sözü harda demək lazım olduğunu həmişə dəqiq müəyyən etdiyindən heç bir sözü yellərlə sovrulub getmirmiş, heç bir sözü yerə düşmürmüş, birbaşa yaddaşlara, könüllərə qonurmuş.
Sözünün də, özünün də yerini bildiyindən hansısa sözünü ağıllı, hansısa sözünü divanə kimi söyləyirmiş və dediyi ən deşici sözlərə görə də heç kim ona cəza verməyə can atmırmışsa, deməli, sözünün ağrıdıcıllığının, yandırıcılığının da həddini gözləyirmiş.
Odur ki, o, Harunla lap ən yaxın qohum olsa belə, Harun ona hər ərköyünlüyə ixtiyar versə də, heç vədə ifrata varmazmış və ehtimal ki, onunla heç vaxt, bizə çatan lətifələrdəki kimi, yava danışmaz, kobudvari rəftar etməzmiş.
Yəqin, bu deyiş tərzi sözü ötürəndə adətən üstünə qoymağı da xoşlayan insanların işidir və səbəbsiz də deyil.
Harun Abbasilər dönəminin, Bəhlul dövrünün ən qadir və qabil hökm sahiblərindən olub. Hər qarşılaşmasında Bəhlulun Harundan üstünlüyünü, hökm yiyəsi ilə sadəcə ərklə deyil, ondan da güclü şəxsiyyət kimi danışa bilməsini qabartmaqla əslində xalq Bəhluldan əvvəl elə öz "mən"ini yüksək tutmaq ehtiyacını ödəyib.
Yəni mən sözümü pərdələyərək, malalayaraq yox, elə bütün açıqlığı və sərtliyi ilə ən ali rütbə sahibinin də üzünə qarşı deməyə qadirəm.
XIV yüzilin salnaməçisi Həmdullah Mustoufi Qəzvininin "Tarix-e qozide"sində Bəhlulun saray divarına ayrı bir hikməti yazması ilə bağlı əhvalat da qalıb.
Gözəlliyi ilə göz qamaşdıran ali bir imarət tikdirən Bəhlul müasiri növbəti xəlifə Şeyxə tapşırır ki, bu mülkün divarında nəsə yaz.
Bəhlul bir parça kömür götürüb divara bu sözləri yazır: "Sən torpağı yuxarı qaldırıb, dini aşağı endirmisən. Əhəngi, gəci yuxarıya qaldırıbsan, dinin tələb etdiklərini aşağıya endiribsən. Əgər bunu öz yığdıqların, şəxsi var-dövlətin hesabına tikdirmisənsə, israfdır, Allah da israfçılıq edənləri sevməz. Yox, əgər bu qəsri başqalarının sərvəti hesabına ucaldıbsansa, sitəm etmisən. Sitəmgərlər isə Pərvərdigar Özünə dost saymaz".
Bu sözlərin altına imza qoyulacaq olsa, gərək Bəhlulla yanaşı "XALQ" da yazıla. Bu, həm Bəhlulsayağı deyişdir, həm də ədalətsizliklərə etiraz edən xalqın səsidir.
Şərqdə insan haqları uğrunda ən əski mübarizlərin sorağı ilə tarixlər vərəqlənəndə Bəhlul həmişə ən başda yada düşəcək. Olsun ki, onun vaxtilə etdikləri və söylədiklərinə nəsə atrırıblar da, bəzək-düzək vurublar da. Amma hər halda elə özü də hekayətlərində göründüyü ötkəmlikdə, dikbaşlıqda, əyilməzlikdə və iti ağıllılıqda olub ki, artırmalar da elə doğru kimi qəbul edilib.
Bəhlul kimi dünyanın ayrı xalqlarında da, elə Şərqdə də onlarla, bəlkə yüzlərlə lətifələr qəhrəmanı olub. Ancaq nə Qərbdəkilərin, nə Şərqdəkilərin heç biri Bəhlulca olmayıb.
Qəhrəmanlar yaradıb onların ardınca getməyi sevən sadə insanlar öz yerində, axı Bəhlula böyük zəka və ilham sahibləri də inanıb, onun sözündən bəhrələnib.
Bəhlulun köks qabağa verməsinin, sözünü cəsarətlə dilə gətirməsinin, hazırcavablığının, daşdan keçən məntiqinin təsirli izləri bir neçə əsr boyunca qələmə alınmış və mötəbər müəlliflərə məxsus əsərlərdə qalmaqdadır.
Sənai Qəznəvi (1080-1131) saysız təsəvvüf mütəfəkkirləri arasında həmişə bu xəttin ilk ən böyük şairi sayılıb. Son Qəznəvilər dönəminin mədhiyyə qəsidələr ustasından sufiliyin şeirdəki ən mahir və kamil mübəlliğlərindən biri mərtəbəsinə yüksələn Sənainin ən həcmli və ən şöhrətli əsəri olan "Hədiqət ül-həqiqə" ("Gerçəklər bağı") məsnəvisindən sonrakı çox şairlər qidalanıb, istinadlar ediblər. Sənai özü isə ruhca ona çox yaxın olan (şairin yalnız yaradıcılığının ümumi mənzərəsini deyil, ömür yolunu izləyəndədə buna şahid kəsilirik) Bəhlula üz tuturdu.
"Hədiqət ül-həqiqə"də nəzəri müddəalarını daha görümlü və çatıcı bir şəkildə ifadə etməkçün Bəhlulun müdrik kəlamlarını xatırladan Sənai əslində Danəndəni böyük poeziya orbitinə çıxaran ilklərdən idi.
Bir aqil söylədi bir gün Bəhlula,
Hədiyyə istərmi kətan bir çuxa?
Dedi, istəyərəm, iki yüz kötək
Vurulsun əvvəlcə cübbəyə gərək.
Sordu, axı niyə çubuq vursunlar,
O gözəl cübbənin nə təqsiri var?
Bəhlul dedi, fani qürur evində
Yanaşı həmişə rənc də, sevinc də.
Bivəfa dünyada tapmaz bir adam
Əziyyət çəkmədən rahatlıq, aram.
Əzab ilə dinclik qoşa hər vədə,
Bu hiylə, təkəbbür imarətində
"Cübbə" sözü oxşar "Cənnət" sözüylə,
Gərək içərinlə çölün düz gələ.
Kişinin cübbəsi mənəviyyatı,
Aza qaneliyi, dürüst həyatı.
Bahalı cübbədən mənə nə səmər!
Bu, bəxşiş edənə şöhrət gətirər.
Ələmlər və şadlıq sarayında, bil,
Əsas olan addır, bər-bəzək deyil.
Nəyi lazım bilib veribsə fələk,
Mənə şox əzizdir kətan cübbətək.
Dünyada hər dərd-qəm tamahdan gəlir,
Kamil ağıl isə bir xəzinədir.
Axı niyə çörək alasan ki sən
"Matə yəmut" dərsi öyrənənlərdən?!
(Gətirdiyimiz bütün şeir parçalarının bədii tərcümələri özümündür və bu ədəbi incilər Azərbaycan oxucusu ilə ilk dəfə görüşür. Şərq klassik poeziyasının hansısa bəlli bir xalqın deyil, elə əvvəldən bütöv Şərqinki kimi yaradılmış və hamımızın ortaq sərvətimiz olan seçmə örnəklərinin dilimizdə səsləndirilməsinin XX yüzilin 50-60-70-80-ci illərində var olmuş misilsiz tərcüməçiləri də, bu nəcib ədəbi-mədəni fəaliyyətin ənənələri də, təəssüflər ki, keçmişdə qalıb və aradan gedən bu gərəkli təcrübənin nə şəkildəsə bərpasına, mənəvi zənginləşməyə xidmət edəcək bu yolun davam etdirilməsinə ehtiyac böyükdür. Elə yazıda verəcəyimiz və ümmandan kiçicik damla sayıla biləcək nümunələr də nişan verir ki, hələ tərcüməçisini gözləyən nə qədər qiymətli söz abidələri var).
Sənai Bəhlulun diliylə "Matə yəmut" - "Hər şey fanidir" deyirdi. Dünyadakı hər şey kimi, elə fanilik anlayışı da nisbidir. Faniliklər mühasirəsində olsaq da, fikrin, sözün maddiləşərək fanilikdən qurtulması, yaşamaqda davam etməsi, o fikrin və sözün sahibini də sonu olmayan zaman kimi diri saxlaması var.
Təsəvvüf şeirinin digər zirvəsi, elə Sənai kimi yaratdıqları sonrakı çox şairlərin ilham qaynağına və təkan nöqtəsinə çevrilən Fəridəddin Əttar (1145-1221) da Bəhlul vurğunlarından olub. Həm də Əttar, başqalarından fərqli olaraq, Bəhlula sarı bir-ki dəfə ötəri yox, dönə-dönə boylanıb, onun hikmətlərlə daşan məsnəvilərində Bəhlul sövləri və davranışları dəfələrlə və uzun-uzun qələmə gətirilir.
Əttar "İlahinamə"sində Pərvərdigarın ən bəyənilməz insan naqisliyi hesab etdiyi təkəbbürdən söz açanda Bəhlulu köməyə çağırır, onun hekayətini xatırladır, onun söyləyişlərindən yararlanırdı:
Bağdadda at üstdə biri gedirdi,
Sanki o, dünyanın sahibi idi.
Sağında-solunda dəstəylə sərhəng,
Hər tərəfdə sıxlıq, yol olmuşdu təng.
"Yol açın!", "Yol verin!" qışqırırdılar,
Hey bağırırdılar: "Kənar dur, kənar!"
Bir ovuc torpağı götürdü Bəhlul,
Nəzər salıb dedi o, məlul-məlul:
"Torpaqdan olana deyildir rəva
Özün Firon saya, ya da ki, Xuda.
İlan təbiətli mərdümazarlar
Murdar əməllərə meyilli olar.
Murdarlığa elə aludədirlər,
Onlarda qalmayıb ağıldan əsər.
O kəsin ki fikri murdarlıq ola,
Mərd olan kəslərlə gedərmi yola?"
Əttar "İlahinamə"sində sonra yenə bir neçə dəfə Bəhlula istinad edir, "Müsibətnamə"sində də onu dönə-dönə yada salır.
Əttar parlaq istedad sahibi olan şair idi, dərin mütəfəkkirdi - bunlar öz yerində. Ancaq o həm də alim, araşdırıcı, tarix, ədəbiyyat, mədəni irs bilicisi idi. O mənada ki, məsnəvilərini vərəq-vərəq çevirirkən görünür ki, Əttar Xorasanın, İranın, Mavərənnəhrin, ərəb Şərqinin ədəbi və mədəni mirasını, yaşamış olduğu tarixi mükəmməl öyrənib və bu öyrənməni də bariz işarələriylə yaradıcılığına gətirib. Elə bircə Bəhlulun nümunəsi və ona müraciətləri Əttarın sələflərə həssas münasibəti haqqında dolğun təsəvvür oyadır.
"Müsibətnamə"də Əttar vaxtilə Bəhlulun Haruna verdiyi dərsi xatırladır, bütün müstəbidləri, taxt-tacından bərk-bərk yapışıb "dünya mənimdir" deyənləri haçansa gələ biləcək haqq-hesab saatını unutmamağa dəvət edirdi:
Məst olub gəlmişdi Bəhlul dərbara,
Gördü yox kimsə, oturdu taxtda.
Hər tərəfdən tez qaçıb naib-nökər
Bəhlulu hey söydülər, heydöydülər.
Üz-gözündən Bəhlulun axdıqca qan
Söylədi Haruna: "Yox ta məndə can.
Sən cahan şahı, yerin hər gün bu taxt,
Mən oturdum taxtda lap azca vaxt.
Mən ki şil-küt olmuşam bir dəm üçün,
Sür-sümük qalmaz ki səndə, bir düşün.
Bir ömür əyləşmisən, sən et fikir,
Gör səni hansı cəzalar gözləyir".
Cəlaləddin Ruminin (1207-1273) ədəbi tərbiyəsini aldığı qaynaqlardan biri Sənai idisə, digəri Əttar idi. Müəllimləri saydığı o böyüklərin yolu ilə Mövlana da getdi, o da "mənzum "Quran" adlandırılacaq qədər ali qiymətlə şərəfləndirilən "Məsnəvi"sində Bəhlula biganə qalmadı, öz hikməti ilə Bəhlul ibrətlərini qovuşdurdu. "Mənəviyyat Məsnəvisi"nin üçüncü dəftərində Mövlana Bəhlulun bir dərvişlə söhbətini verir və bu mükalimə Bəhlulun tanış lətifələri və rəvayətlərinə əsla bənzəmir. Bu, iki müdrik düşüncə adamının, iki filosofun eyni mətləblər ətrafında fikir gəzişmələridir.
Və Bəhlul dərvişə vacib bir məsləhət verir - bəyan etmək istədiklərini sadə anlat, alim də dərk etsin, sadə bir insan da. Deyir ki, kamal sahibi bilik süfrəsini elə açmalıdır ki, orda hər qonaq yeyə biləcəyi təamı tapa bilsin, heç kəs bu süfrədən umsuq aralanmasın. Allahın Kitabını - "Quran"ı misal çəkir ki, bu da bir İlahi Süfrəsidir, hər izhar etdiyinin yeddi mənası var, bu səbəbdən ondan xalq da doyur, bilikdə, irfanda irəli gedənlər də.
Mövlananın təsvir etdiyi bu səhnədəki Bəhlul müxtəlif qaynaqların ardıcılları, yetirmələri olan mütəfəkkir sima kimi təqdim etdiyi şəxsiyyətdir.
Və bu lövhədə Mövlana diqqəti Bəhlulun mühüm bir keyfiyyəti üzərində cəmləyir. O köhnə mütəsəvviflər, düşüncələrini risalələrində zikr edən müdriklər çox zaman elə qəliz yazırdılar ki, həmin əsərlərin ən yaxşılarına sıra-sıra şərhlər qələmə alınırdı. Bəlkə elə Bəhlulun bir az tərkidünya, bir az laübalı, bir azasketik həyatı özünə yaşayış tərzi kimi qəbul etməsindən öncə, alim kimi tanındığı çağlarda onun da belə əsərləri varmış? Hər halda Bəhlul aralarında çox güclü alimlərin də olduğu həmin xətdən ömrün müəyyən mərhələsində aralanır və hər kəsin ola bilən, sözlərinin hikməti aqilə də, cahilə də eyni rahatlıqla çata bilən tanıdığımız Dəlisov Ağıllıya çevrilir.
Orta çağın təhsil şəbəkəsi elə qurulmuşdu ki, hərtərəfli biliklərə yiyələnən insan yetişdirirdi və nücumdan, cəbrdən, sərf-nəhvdən tutmuş məntiqəvə fiqhə - İslam hüququnadək şaxələnən bu sırada şeir və şeirşünaslığın da məxsusi yeri vardı. Mükəmməl təhsil görmüş Bəhlul da, yəqin, bir çox başqa çağdaşları kimi, şeirlər də yazırmış, şairanəlik onsuz da Bəhlulla əlaqələndirilən hər rəvayətdə, onun dilindən verilən hər deyişdə duyulmaqdadır.
Hər halda mənbələrdə Bəhlulunku deyə yer alan mənzumələr də gözə dəyir. Belə şeirlərindən birində yenə Bəhlul Harun ər-Rəşidlə üz-üzədir:
Hakim təbiətli insanlar var ki,
Tacı olmasa da, sanki hökmdar.
Həsirdən kilimi Cəmşid taxtıdır,
Xirqə geyibsə də, şah vüqarı var.
Dünya nemətindən bu gün göz çəkib,
Sabah Cənnətə də gözütox baxar.
Ayaqyalın görüb ikrah eləmə,
Müdriklər yanında çox əziz onlar.
Buğdaya satmışdı Adəm Behişti,
Bunlar arpadan da ucuz tutarlar.
Bəhluldan bəhrələnmiş daha bir böyük Şərq şairi Əbdürrəhman Camidir (1414-1492).
Caminin 1487-ci ildə tamamladığı "Baharistan" Sədinin (1210-1292) "Gülüstan"ına (1258) yazılan cavablardan idi və şirazlı sehrkar öz əsərində Bəhlulsuz keçinmədiyi kimi, Cami də iynəli və ibrətli bir Bəhlul hekayətini nəql edərək söhbəti bir qitə ilə tamamlayırdı: yenə bir gün Bəhlul Harun sarayında imiş. Vəzirlərdən biri onu dolamaq məqsədilə deyir ki, Bəhlul, muştuluq səndən, yaxşı xəbər var, əmirəlmöminin sənə vəzifə verdi, öküzlərlə eşşəklərə sərkərdə təyin olunmusan.
Ağlı başında olan Bəhlula belə sataşardımı? Bu sözün müqabilində Bəhluldan beş qat kəskin cavab nə təhər gəlməyəydi: "Elə isə itaətimdə dayan, çünki artıq sən də mənim rəiyyətimdən sayılırsan".
Hekayəti Cami Bəhlulun dilindən bu qitə ilə bitirir:
Öküzə, eşşəyə şah olmamı verdin müjdə,
Ay ulaqbaş, eləsə mən sənə də sərkərdə.
Söylədin ki, qoşunumda ayı, donquz olacaq,
Əvvəlinci sən imişsən ki, mənim dəstəmdə.
Məcd Xafi "Rövze-ye xüld" ("Cənnət bağçası") əsərində (hicri-qəməri təqvimi ilə təqribən 684-cü [1285] ildə doğulmuş, VIII [XIV] əsrinbirinci yarısında Hindistanın tanınmış farsdilli tarixçi və ədiblərindən olmuş Məcdəddin Xafi 19 fəsildən ibarət bu əsərini Sədinin "Gülüstan"ına bənzətmə kimi 733-cü [1332] ildə yazıb. İlk dəfə 1329-cu [1911] ildə Hindistanda "Xaristan" adı ilə nəşr edilib. Bu kitabı ilə Məcd Xafi çoxsaylı Sədi müqəllidləri arasında dörd ən qabil qələm sahibindən biri kimi şöhrətlənib) Bəhlula həsr etdiyi hekayətdə yazır ki, bir gün Şeyx qarşısına iki kəllə qoyaraq yol qırağında oturubmuş. Harun onu görüncə soruşur ki, bu nə kəllələrdir belə?
Bəhlul cavab verir ki, mənin atamla sənin atanın kəllələridir. Bunları qabağıma qoyub diqqətlə baxıram ki, aralarında olan fərqi tapım.
Bəhlul, Molla Nəsrəddin və bu qəbil xalq mizah qəhrəmanlarının bir xüsusiyyəti də əsas mətləbi dilə gətirmədən onu demiş olmaq gücüdür.
Burda Bəhlul xəlifəyə demədi ki, səninlə mənim heç bir təfavütüm yoxdur, bütün insanlar - istər hökmdar olsun, istər rəiyyət-mahiyyətcə bərabərdir.
Bunu açıq söyləmədi, ancaq bircə cümləsiylə həm də dedi ki, əvvəl-axır vaxt tərəzisində ikimiz də eyni olacağıqsa, aramızdakı fərqi də tapmaq mümkünsüzləşəcəksə, həmin bərabərliyi bu gün də unutmayaq.
...Çox oxumuş, çox bilgin olduğundan Bəhlul həmişə insanları dünəndən öyrənməyə, keçmişdən ibrət almağa, tarixin dərslərini unutmamağa çağırıb. Ancaq insan o vaxt da sadə həqiqəti unudurdu, indi də eyninə almır - Yer Kürəmiz özü boyda barıt çəlləyinin üstündə olan kimidir. Hədələyən qoruyuculuğu ilə mütləq məhvediciliyi tən gələn nüvə düyməsini qəsdən deyil, lap səhvən biri basmış olsa, eyni düyməsi olan digəri də hərəkətsiz qalmayacaq, ona bir ayrısı da qoşulacaq, dünyamız da tar-mar olacaq, üstəlik parça-parça olan Yuvamız sonsuz Kainatın da sahmanını pozacaq. Bunu bilə-bilə insan dinc oturmamaqda davam edir. O buna həmlə edir, bu ona. O orda təzə silahlar icad edir, bu burda köhnə silahlarını xırıd eləməkçün balaca müharibələr qızışdırır.Nə olsun ki, min il qabaq ballistik raketlər yox idi, əllərdəki indinin top-tüfənginin yanında oyuncaq kimi görünən silahlar idi. Ancaq o silahlar da, elə indikilər kimi, Allahın gözəl əsəri insanı bir anda cansız qoya bilirdi.
Ona görə də günlərin birində Bəhlul bazara girərək bir dəstə adamın ox-yay düzəltdiyini, o biri tərəfdə ayrı bir dəstənin qılınc qayırdığını, digər səmtdə başqalarının nizə hazırladığını görüncə soruşmuşdu ki, bunlar nə üçündür? Demişdilər ki, bunlar bir dəstə adamın o biri dəstə adamlardan özünü qorumasından ötrü lazımdır. Bəhlul gülmüşdü: "Beşcə gün gözləsələr, həmin müdafiə olunmaq istəyənlərin özləri dəf olub gedəcəklər. Nə onlar qalacaq, nə bunlar. İnanmırsınızsa, köçüb-getmişləri yada salın".
Anladırdı ki, dünya beşgünlükdür, ömür müvəqqətidir, qısa həyatı ədavətə, qarşıdurmalara sərf etmək əbəsdir. Bu gerçəyi dərk etməkçünsə sadəcə keçmişə baxmaq, bizdən əvvəlkilərin aqibətini xatırlamaq yetər.
...İtalyan yazıçısı Canni Rodarinin (1920-1980) "Celsemino Yalançılar ölkəsində" kitabını mən uşaq vaxtı oxumuşdum, çox bəyənmişdim, amma artıq universitet illərində bir də həmin kitabı başqa başla və gözlə oxuyanda təəccüblənmişdim ki, necə olub senzura bu əsərin tərcüməsinə, nəşrinə icazə verib. Çünki o əsərdəki kimi, sözlə əməlin tərs gəldiyi ölkədə elə biz də yaşayırdıq və həmin kitabı Sovet İttifaqından olan hansısa nasir yazmış olsaydı, nəinki çap edərdilər, hətta müəllifi həbsə, yaxşı halda ruhi xəstələr arasına atardılar.
Vaxtilə elə vətəni İtaliyada Canni Rodarinin də kitablarını oxşar səbəblərdən uzun müddət yasaq etmişdilər, katolik kilsəsinin təmsilçiləri isə onun kitablarını od vurub yandırmışdılar da.
Çünki Rodarinin təsvir etdiyi elə bir ölkə idi ki, orda hamı yalan danışmalı, düşündüyünün əksini deməli idi. Nəinki adamlar, hətta bu ölkədə itlər miyoldamalı, pişiklər hürməli idi. Ölkənin baş qəzetinin də təntənəli adı vardı: "Axşam yalanları".
Uşaqlar üçün nəzərdə tutulmuş bu əsərin aşkar və "qan-qan" deyən siyasi qatı olduğu halda yazıldığı 1959-cu ildən az keçməmiş SSRİ-də nəşr edilməsinin və burda müxtəlif dillərə tərcüməsinin səbəbi o idi ki, yazıçı italyan kommunist partiyasının üzvü idi, bu kitabı da sovetlər özlərini o yerə qoymadan guya kapitalist dünyasını ifşa edən əsər kimi qəbul edirdilər. Ancaq həmin kitabı 1960-cı illərdə yalnız mənim kimi uşaqlar deyil, çörəyi burnuna yeməyən yazıçı və şairlər də oxuyurdular, nəşr olunmuş belə əsərlər onlara da ağıl öyrədirdi ki, siz də totalitarizmin iç üzünü bu cür fəndlə faş edin. Bu kitabın və xarici kommunist ədiblərin həqiqətçi əsərlərinin Sovet İttifaqındakı çapına yandırılmış yaşıl işıq bizim gözüqıpıq ədiblərə yol göstərirdi ki, beyninizdə, ürəyinizdə gizli saxladığınız ifşaçı mətləbləri yazanda hadisələri başqa ölkələrə keçirin, əsərləriniz də artıq SSRİ-də senzuradan keçərək nəşr edilmiş (və istər-istəməz ifadə sərbəstliyinin çərçivəsini genişləndirmiş) bu cür kitabların sayəsində maneəsiz işıq üzü görə bilsin. Avropa və Amerika ədəbiyyatında, elə Yaxın və Orta Şərq xalqlarının söz sənəti tarixində də, Canni Rodaridəki kimi, müəyyən mütərəqqi məfkurələrin məkanına çevrilən xəyali ölkələr, şəhərlər ülgüsü çoxdan var olub, dönə-dönə münasib bir qəlib kimi istifadə edilib. Ancaq belə modellərin ən klassiklərindən biri elə Bəhlulun yadigarıdır. Həm də burası maraqlıdır ki, bizdə və başqa xalqlardakı bir çox lətifə qəhrəmanlarının yeni zamanlara dildə-ağızda dolaşa-dolaşa, şifahi olaraq gəlib yetişən müdriklik saçan gülməcələrindən fərqli olaraq, Bəhlulla əlaqədar söyləmələrin əksərini zəmanəmizə yazılı qaynaqlar çatdırıb.
Məxəzlərdə qalan o qəbil rəvayətlərdən birində deyilir ki, Bəhlul günlərin birində Harun ər-Rəşidin təşkil etdiyi məhrəmanə məclisə varid olur.
Xəlifə özü, vəziri Cəfər Bərməki, xəlifənin cəlladı Məsrur, Harunun yaxın adamlarından bir neçə nəfər əyləşiblərmiş. Xəlifə Bəhluldan hardan gəldiyini soruşanda o, dərhal qayıdır ki, Yalançılar şəhərindən gəlirəm. Harun maraqlanır ki, o şəhər hardadır? Bəhlul cavab verir ki, həmin Yalançılar şəhəri Bağdaddan dışarıda, şəhərin böyük darvazasının yaxınlığındadır. Xəlifə təəccüblə vəzirinə sarı qanrılır ki, sən bu şəhər haqda bir şey bilirsən? Cəfər Bərməki çiyinlərini çəkir ki, xəbərim yoxdu, heç adını eşitməmişəm. Xəlifə məclisdəkilərə müraciət edir ki, bəlkə sizdən kimsə o şəhər barədə bir şey bilir? Onlar da deyirlər ki, biz adətən hər gün bir dəfə Bağdad darvazasından şəhərə daxil oluruq, işlərimizi qurtarandan sonra da elə həmin darvazadan çıxıb gedirik. Ancaq indiyə qədər belə bir şəhəri görməmişik. Bağdadın yaxınlığında belə bir yer yoxdur.
Harun çevrilir Bəhlul tərəfə: "Buna nə sözün?"
Bəhlul dillənir ki, xəlifənin vaxtı olsa, mənə qoşulub gedə bilsə, həmin yeri göstərərəm.
Bu söz Harunun marağını lap artırır, ona görə də əyləşənlərə üz tutaraq buyurur ki, ayağa qalxın, birlikdə gedib yaxınlıqdakı o şəhəri seyr edək.
Xəlifə qarışıq hamı qalxır, yola düzəlirlər, Bağdad darvazasından çöl tərəfə çıxırlar və Bəhlulun ardınca gələrək böyük və köhnə qəbiristanlığın yanında dayanırlar.
Harun soruşur ki, yaxşı, bu da Bağdad darvazasının yanı, bəs sən deyən şəhər gözə dəymir axı!
Bəhlul qəbiristanlığa işarə edir ki, elə dediyim şəhər budur, siz indi həmin şəhərin ərazisində durmusunuz.
Bəhlulun şakərinə bələd olan Harun deyir ki, yaxşı, buranın Yalançılar şəhəri olduğunu başa düşdük, izhar elə görək mətləbin nədir, niyə buranın adı məhz Yalançılar şəhəridir?
Bəhlul belə cavab verir ki, indi bu qəbirlərdə yatanların hər biri sənin kimi, mənim kimi, bu vəzir, onun yanındakı adamlar kimi diri olublar, hərəsinin də hər şeyi varmış. Həmişə deyirmişlər ki, bu, mənim bağımdır, bu, mənim mülkümdür, bu, mənim dəvəmdir, bu, mənim arvadımdır, bu, mənim tayfamdır. Amma indi qəbirlərinə yaxınlaşanda baxırsan ki, burda onlardan qalan yalnız bir ovuc sümük, bir də əriyib qarışdıqları toz-torpaqdır, dünən "mənimkidir" dediklərindən burda heç nə yoxdur. Demək,"filan şey mənimkidir" demələri quru iddiadan başqa bir şey deyilmiş, yalan danışırlarmış, onların olmayana "mənimkidir" deyib camaatı aldadırlarmış. Ya xəlifə, bir gün səni, bir gün məni də öz iradəmizdən asılı olmayaraq bura gətirəcəklər. Onda başa düşəcəyik ki, biz heç nəymişik. Nə toplamışdıqsa, hamısını dünyada qoyub bura özümüz tənha gətiriləcəyik. Bax, indi sən xəlifəsən, Şərqdən Qərbə, Şimaldan Cənuba bu qədər torpaq sənin ixtiyarındadır, o qədər qüdrətin var ki, hətta buluda da hara yağıb hara yağmamağı əmr edə bilirsən. Ancaq son nəfəs gələndə bu cah-calaldan, bu şan-şöhrətdən, yerə-göyə sığmayan həşəmətdən əsər-əlamət qalmayacaq. Özümüzü müvəqqəti bizim olanların daimi sahibi sayıb bunu dilə gətirdiyimizə görə əslində biz hamımız yalançıyıq...
Bəhlul Danəndə hekayətlərinin adətən filosof şairlərin məsnəvilərində və məntiq alimlərinin risalələrində iqtibas edilməsi səbəbsiz deyildi. Bəhlulun ibrətamiz, digər tərəfdən də dəmir məntiqə söykənən hekayətləri alimlərin risalələrini, şairlərin mənzumələrini bəzəyərək onların oxuculara təlqin etmək istədikləri fikirlərə sanballı dayağa, əlverişli illüstrasiyaya çevrilirdi.
Şəmsəddin Məhəmməd bin Mahmud Ameli (vəfatı 753 hicri - 1352 miladi) XIV əsrin görkəmli təbib və və filosoflarından idi, bir müddət Təbrizdəki Qazaniyyə mədrəsəsində dərs demişdi, fars və ərəbcə yazdığı çoxlu elmi əsərlər arasında İbn Sinanın "Qanun" risaləsinə şərhləri məşhur olmuşdur) "Nəfais əl-fünun" əsərində məntiqi dəlillərin gücündən bəhs edərkən Bəhlul Danəndədən misal çəkirdi ki, həcc ziyarətinə yola düşən bir nəfər 1000 misqal qızılı götürərək qazinin yanına gəlir: "Uşaqlarım hələ xırdadır, özüm də uzun yola çıxıram, başıma hər iş gələ bilər, qayıtmaram, sənə vəsiyyət edirəm, bu qızılları ürəyin istəyən miqdarda kimi balalarıma verərsən", - deyir. Qismət elə gətirir ki, həmin adam ziyarətdən qayıdıb gələ bilmir, yolda canını tapşırır. Mərhumun övladları həddi-büluğa çatanda qazinin yanına gedərək atalarının qoyduğu əmanəti istəyirlər. Qazi onlara 100 misqal verir, and da içir ki, atanızın tapşırığını düppədüz yerinə yetirirəm, o necə demişdisə, o cür də edirəm. Hamı tədricən bu qəziyyədən xəbər tutur, Məcnun Bəhlul da (Məhəmməd bin Mahmud Ameli Bəhlulu məhz bu cür tanıdır) əhvalatı eşidir və yollanır qazinin yanına. Qazi Bəhlulun nə məqsədlə gəldiyini bilincə söyləyir ki, o uşaqların atası mənə şahidlərin yanında 1000 misqal qızıl verdi, elə onlar da eşidə-eşidə dedi ki, bu məbləğdən balalarıma ürəyin nə qədər istəyir, o qədər də verərsən. Mən də vəsiyyətə tam əməl etmişəm, uşaqlara 100 misqal verməyi lazım bilmişəm. Bəhlul etiraz edir ki, yox, düz danışmırsan, məntiq ayrı şey deyir. O vəsiyyət edən ağıllı adam olub, bilib nə deyir. O deyib ki, 1000 misqaldan ürəyin nə qədər istəyir o qədərini uşaqlara ver. Sənin əslində həmin məbləğdən ürəyinin istədiyi 900 misqalmış ki, onu özünə götürmüsən. Qazisən, vəsiyyətə dürüst əməl et, gətir uşaqların pulunu qaytar...
Bəhlulun bu cür hədəfi məntiq silahıyla vuran daha bir hekayətini Fəridəddin Əttar da nəzmə çəkib, ondan xeyli sonra Şayiq Loristani kimi məşhurlaşmış Hadi bəy Saki də. "Məcmə ül-füsəha"nın yazmasınca, Hadi bəy hicri-qəməri 1229-cu (1813) ildə İsfahanda fəfat edib və həmin təzkirənin yazarı Rzaqulu xan Hidayət bu şairin 4 min beylik "Divan"ını görübmüş. Bu Bəhlullu şeir elə həmin "Divan"dandır:
Bəhlula bir tabaq yemək gətirdi
Harunun qulamı qaş qaralanda.
Qıraqda uzanan iti göstərib
Bəhlul dedi: "Qabı apar qoy ora".
Qulam dedi, bu pay xəlifədəndir,
Onu itə vermək deyildir rəva.
Rişxəndlə dilləndi Bəhlul: "Asta de,
Bu sözü eşidə o it məbada.
Bilsə Harundandır bu boşqabdakı,
Heç dilini vurmaz yeməyə o da".
...Ünlü vaiz və müctəhid olmuş Şeyx Əli Əkbər Nihavəndi (1278-1369) [1861-1949] "Xəzinət ül-cəvahir" əsərində Bəhlulun yanına müxtəlif vaxtlarda məsləhətə gələn və birinin ona "Aqil Bəhlul", digərinin "Divanə Bəhlul" kimi müraciət etdiyi, aldıqları tövsiyədən birinin yarıdığı, digərinin peşman qaldığı əhvalatı gətirir.
Başqa cür necə olmalı idi ki? Bəhlul onu dəli hesab edənə ağıllı məsləhəti niyə verməli idi ki? Hansı qiyməti qoyursansa, o cavabı da alacaqsan. Bəhlul elə bu gün də həminki kimidir. Ondan yadigar qalan sözləri sadəcə gülmək üçün oxuyacaqsan, elə faydan müvəqqəti təbəssüm qədər olacaq, o hekayətlərdən nəsə öyrənmək üçün oxuyacaqsan, həm güləcəksən, ürəyin açılacaq, həm də Bəhlul zəkasından sənə bir zərrəcik də olsa pay düşəcək və həmişə yadında olacaq, səninlə birdəfəlik qalacaq.
Bəhlul belə Bəhluldur. Onunla zarafat olmaz. Çox da özü zarafatcıl olub! Ən salamatı Bəhlulla dostluq etməkdir. Bəhluldan gələn və dostluq şərtləri ilə bağlı bir hekayəti bizə həm də şair olmuş Mövlana Fəxrəddin Əli Səfi (867-939) [1462-1532] "Lətaif ül-təvayif" adlı qiymətli əsərində (bu kitab üzü Bəhluldan ta müəllifin yaşadığı XV-XVI yüzillərədək olan mizahçıları əhatə edir) yetirib.
Bir gün Harun Bəhluldan soruşur ki, sənə ən yaxın dost olan kimlərdir? Cavab verir ki, o adam ki, qarnımı doydurur. Harun yenə soruşur ki, yaxşı, işdi-şayəd, mən indi sənin qarnını doydursam, məni dost hesab edəcəksən? Bəhlul qımışır: "Nisyə dostluq olmur!"
Bəhlul min ildən xeyli çoxdur ki, nəsil-nəsil insanlarla nisyə deyil, nağd dostluq edir və hələ bizdən sonra da bu səmimi dost nə qədər insanın ruhunu doyurmaqda davam edəcək.
Şərq aləminin böyük nəsihətçisi Müslihəddin Sədi Şirazi "Bustan"ında (1257) öyüd verirdi ki, çalış düşməni də dosta döndərə biləsən və pıçıldayırdı ki, bu məsləhət əslində Bəhluldan qalmadır:
Dalaşqan bir arifin yanından keçən dəmdə
Necə gözəl deyibdir bunu Bəhlul Danəndə:
"Dost gözüylə baxsaydı rəqibinə o adam,
Heç düşmən olmazdılar, ürək tapardı aram.
Haqqın varlığından ki xəbərdar oldu insan,
Daha başqa heç nəyi o, keçirməz ağlından".
...Bəhlulun Bəhlulluğu onda idi ki, dünyada hər adamın bilməli olduğu işarə dilindən agah idi və ömrü boyu da çalışdı ki, o dilin gizlinclərini insanlara aşılasın.
Bir gün görür ki, çay kənarında izdiham var. Özünü çatdırır, nə baş verdiyini soruşur. Deyirlər ki, bir məchulla üzləşmişik. Sudan bir əl çıxır, yaxınlaşırıq ki, görək nə məsələdir, əl girir suyun altına, bir az aralanırıq, yenə əl qalxır suyun üzünə. Nə illah edirik, bunun nə sirr olduğunu qana bilmirik.
Bəhlul qayıdır ki, narahat olmayın, o əlin sözü var. Ona görə suya girib-qalxır ki, nə söyləmək istədiyini başa düşmürsünüz, bu dəqiqə onunla danışaram.
Bəhlul azacıq qabağa gəlir, sağ əlinin üç barmağını ovcuna sıxır, iki barmağını yuxarı qaldırır. Bəhlul bunu edən kimi suyun üzündə olan, barmağının beşi də açıq həmin əl çayın dibinə çəkilir, daha görünmür. Camaat mat-məəttəl qalır. Maraqla soruşurlar ki, o əl nə istəyirdi, sən ona nə dədin?
Bəhlul dillənir: "O əl deyirdi ki, əgər beş adam birləşsə, çox iş görə bilər, dünyanı fəth edər. Mən də dedim ki, iki nəfər də öz arasında birləşib o beşdən ayrılsa, çox işlər pozulub baş tutmaz".
Yəqin, elə həmişə üzdən gülən kimi görünsə də, içəridən qəmli olan Bəhlulun dərdi bu imiş ki, beşdən ayrılıb qatlanan, əli yumruq olmağa qoymayan bir cüt barmaq var. Çalışırmış ki, sözüylə, əməliylə, hərdən məsxərəsi, hərdən məsləhətiylə elə etsin ki, boy-buxunları fərqli barmaqlar birgə olsunlar, birləşib qura bilmək əvəzinə ayrılaraq olanı da qırmasınlar.
Min il əvvəl də, Bəhlul çağlarında da əl əl idi, barmaqlar barmaq. Dünya çox dəyişib, insan az. Yenə beş barmaqdan bəzən birinin, hərdən ikisinin, yeri düşəndə lap üçünün o biri barmaqlardan ayrılıb bükülməsi var. Nə qədər ki belədir, qoca Bəhlul bizə min ilin uzaqlarından əl yelləməkdə davam edəcək. O yazıq onsuz da min ildir ki, bunu edir. Əsas odur ki, biz onu eşidək, görək, düzələk...
2 fevral 2025