525 ci qəzet Mənəvi əxlaqi kamilləşmə yolunun bədii əksi
525.az-dan verilən məlumata görə, Icma.az xəbər verir 525 ci qəzet Mənəvi əxlaqi kamilləşmə yolunun bədii əksi.
Əslində şeir şair ömrünün misralara hopan izləridi. Bu baxımdan yanaşdıqda, Məmməd İsmayılın şeirlərinə həmin prizmadan nəzər saldıqda uşaqlıqdan qocalığa, vətəndən qürbətə uzanan şair ömrünün poetik mənzərələri göz önündə canlanır. Ömrün fəsilləri poeziya aynasına köçürülür:
- Bahar, hardan gәlirsәn?
- Haqqı bulduğum yerdәn.
- Yay, hayandan gәlirsәn?
- Yaşa dolduğum yerdәn.
- Güz, hayandan gəlirsәn?
- Xәzan olduğum yerdәn.
- Qış, hayandan gәlirsәn?
- Unudulduğum yerdәn.
Ötәn ömrün yasında,
Quzey yaxasında mәn.
Gün bulud arxasında,
Qürbәt arxasında mәn.
Varmı verәn bir soraq
Nerdәyәm mәn, nerdәyәm?
Yaddaşına yaxşı bax,
Unutduğun yerdәyәm.
(https://manera.az/index.php?newsid=7630)
Uşaqlıqda evlərinin bacasından teleskopdan ulduzlu göylərə baxırmış kimi baxan, öz tale ulduzunu axtaran, arzuların qanadında gələcəyə uçan şair ömrün müdriklik çağında keçdiyi yollarla geriyə dönmək, analı günlərinə, doğulub boya-başa çatdığı məkana qayıtmaq xəyalları ilə yaşayır...
Sən demə, gələcəyə getmək keçmişə qayıtmaqdan daha asan imiş... Sən demə, zamanın geriyə yolu yox imiş... Bu imkansızlığı reallaşdırmaq üçün isə şairin sənətin sehrli gücünə güvənməkdən başqa çarəsi qalmır.
Sonuncu ümid dә közәrdi, söndü,
İtdi möcüzәsi, bitdi ovsunu.
Sonuncu adam da xәyala döndü
Söndürüb sonuncu papirosunu.
Bu gecә his çәkir, hәyәcan çәkir
Sonuncu odundan sonuncu ocaq.
Nә imiş qәlbimdәn keçәn ilk fikir
Sonuncu fikir dә hәmin olacaq.
Hardasa uzaqda bir it hürürdü,
Sonuncu sinәdә sonuncu ürәk.
Hardasa dәrd yığıb, qәm süpürürdü
Sonuncu şәhәrdә sonuncu külәk.
Sonuncu duamı qulaq asdığım,
Birinci kim olub, sonuncu mәnәm.
Sonuncu şeirdi bәlkә yazdığım,
Bәlkә fikirlәrin son ucu mәnәm
Bu necә tәnhalıq Allah, amandı,
Göydәn - adam adam iyisi gәlir.
Yoxsa bu duyulan Sahib zamandı,
Yoxsa yer üzünün yiyәsi gәlir?
(https://manera.az/index.php?newsid=7630)
Mətbuatda çap olunan “Dağlar” (1966) adlı ilk şeir, zaman nəhrinin üstündə sehrli addamaclar kimi sənətkarı gələcəyə aparan, onu müdrikləşdirən istinad nöqtələri, sıralanan kitablar: “Ana əlləri” (1966), “Dünyaya baxıram” (1969), “Söz vaxtına çəkər” (1976), “Qoymayın dünyanı adiləşməyə” (1978) “Bəxtimə düşən gün” (1980), “Hələ yaşamağa dəyər” (1981); “Döyüş, qələbə” (1983), “Dünya bizim evimizdir” (1984), “Aman təklik əlindən” (1987), “Seçilmiş əsərləri” (1993), “Yaş altmışa dayandı” (2000), “Yoxun varlığı” (2007), “Sazın söz karvanı” (2008), “Poemalar” (2010), “Sevgi şeirləri” (2014), “Yetmişdən sonra” (2014), “İz” (2015), “Gəlməyə vaxtmı tapdın səksən yaşım” (2019), “Arzuların yolu” (2020), “Duyğuların işığında” (2021), yeni üfüqlər, həyat və yaradıcılıq yollarının yeni mərhələsi, bir zaman əlçatmaz, ünyetməz olan türk dünyasının yeni Vətənə çevrilməsi, böyük dünyanın dərkinə doğru gedən, sonu görünməyən axtarış yolları, Türkiyədə, dünyanın bir çox ölkələrində çap olunan kitablar...
Hərdən mənə elə gəlir ki, Məmməd İsmayılın çoxsaylı kitabları onun ucaltdığı möhtəşəm sənət sarayının halallıqla yoğrulan kərpicləridir... Bu möhtəşəm sənət sarayında hər bir müsafir üçün zövqünə uyğun hücrə var. Uşaqlığının həsrətini çəkənlər, gəncliyinin həsrətini çəkənlər, bir zaman uzaq, çox uzaq görünən qocalığın düşüncələr dünyasına qonaq olmaq istəyənlər...
Ömrün qocalıq zirvəsindən dünya bir qədər fərqli görünür. Hələ bu yaşda qürbətdən vətənə baxmaq bu fərqi bir az da artırır. Gedəndə hansı ümidlə getmişdin, gələndə hansı istəklə, arzu ilə qayıdırsan?
Ümid, ümidini kәs demәzdi ki,
Arzu yaşamağa bәs demәzdi ki,
Ürәk qocalığı istәmәzdi ki,
Çıxıb ürәyindәn gendә qocaldın.
Hardasan yerişi yer yaran oğlan
Dәhnәsi dağılan, suyu soğulan
Cavanlıq görmür ki, yetim doğulan
Dünyaya gәldiyin gündә qocaldın.
Başının üstündәn gәl deyir evrәn,
Ayağın altını qazmada çevrәn.
Әl-әlә verdilәr zamanla dövran
Sәni dә saldılar bәndә qocaldın...
Çoxala-çoxala ömrün illәri
“Ağ günә çıxartdı” qara tellәri
Qocalmam deyirdin, qürbәt ellәri
Sәni dә qocaltdı, sәn dә qocaldın.
Qəribədir ki, “Dağlar”dan başlayan yaradıcılıq yolunun istiqaməti yenə də üzü dağlara sarıdı... İnsan dərk eləyəndə ki, qarşıda əcəl sıldırımından başqa heç nə yoxdu, geri qayıtmağa can atır. Bax onda ömrün ayrı-ayrı dönəmlərində, ayrı-ayrı ovqatlarda yazılan şeirlərin hər bir misrası sehrli cığırlara dönür. Bu cığırlarla ilkinliyə qayıdışdan başqa çarə, əlac, yol qalmır. Şirin təskinliyi isə bu olur ki, “Nə yaxşı ki, Vətən var”!
Məmməd İsmayılın məşhur bir şeirindəki “Vətən seçilməz” qənaəti də təsadüfi deyildir. İnsan hara gedirsə getsin, harda olursa olsun, doğulduğu torpaqdan cismən ayrılsa belə, mənən ayrıla bilmir. Sənətkar bütün dünyaya öz xalqının mənəvi-əxlqi dəyərləri prizmasından baxır. Genetik kod ən aparıcı amil olsa belə, ədəbi zövqü formalaşdıran mühitin də rolu danlmazdır. Ədəbi mühit müəyyən mənada şairin könül sazını kökləyən bir sehrli qüvvədir. Məmməd İsmayılın həm gözəlliklər diyarında dünyaya göz açmasının, həm saz-söz mühitində böyüməsinin onun yaradıcılıq üslubunun formalaşmasında rolu böyükdür.
Bu qənətin doğruluğunu onun folklor motivli əsərləri təsdiqləməkdədir. Təkcə ruh, düşüncə yox, janr seçimində də mühit istiqamətverici rola malikdir. Məmməd İsmayılın xalq yaradıcılığının ədəbi formalarından bəhrələməklə yaratdığı qoşmalar, gəraylılar, nəğmələr öz milli koloriti ilə diqqəti cəlb edir. Ənənəvi formada seçilmək, yeni söz deyə bilmək isə hər qələm sahibinə nəsib olmur.
Şairin müxtəlif mövzulu və janrlı şeirlərində həm folklor ruhu, həm də folklor ritmi aydınca duyulmaqdadır. Bu baxımdan “İşlə, kotanım, işlə”, “Xırman aç, vəli sazla”, “Ah bu saralan zəmilər”, “Dən gətir hey, dən gətir” və sair bu tipli şeirlərində əmək nəğmələrimizin ahəngi var. Digər tərəfdən, Məmməd İsmayılın şeirlərindəki təsvirlər xalqın etnoqrafiyasını öyrənmək baxımından səciyyəvidir. Tutalım, “Köç arana qayıdır” şeirində gözəl bir mənzərə göz önündə canlanır. Bu mənzərəni isə fəhmlə deyil, görüb-götürməklə, səciyyəvi detallardan, bədii təsvir vasitələrindən istifadə ilə yaratmaq mümkündür:
Düşərgələr çadırdan
Yenə təpə-təpədir,
Dağların ətəyində
Sürü ləpə-ləpədir,
Yollar bulud karvanı,
Yollar bulud tayıdır,
Köç arana qayıdır.
Gün yorulub dincəlir,
İndi də ay oxusun.
Nağıl kimi uzanan
Yol çobanın yuxusu.
Yaddaşında sürülər
Ulduzların tayıdır,
Köç arana qayıdır.
Yollar nəğmə oxuyur
“Çobanbayatı” üstə,
Kimi piyada enir,
Kimi də atın üstə.
Əkizlərin hərəsi
Xurcunun bir tayıdır,
Köç arana qayıdır.
(“Seçilmiş əsərləri”, Bakı, Azərnəşr, 1992, s.221)
“Dağlar”, “Bənövşə”, “Əzizim”, “Mənim deyil”, “Bilirəm”, “Hardasan”, “Qayıt gəl”, “Niyə gülürsən”, “Tovuzda”, “Üstə”, “İndi”, “Unutmaz”, “Gözəldir”, “Xəbərsiz”, “Sevirəm səni”, “Qızların”, “Açılmaz” və sair rədifli qoşmaları, ”Arasında”, “Ürəyimcə”, “Getdi”, “İmiş”, “Görək”, “Qala”, “Düşür”, “Deyiləm”, “Doğulur” və sair rədifli gəraylıları şairin bədii formadan bəhrələnmə bacarığının göstəricisidir. Bu tipli şeirlərdə forma nə qədər ənənəvi olsa belə, məzmun tamamilə yenidir:
Ömür taleyin vədidi,
Ölüm ömür sərhədidi,
Nə heçdi, nə əbədidi,
Gün doğur, uşaq doğulur.
Birəm, birdən min yaranır,
Sirrəm, sirdən din yaranır,
Dünəndən bu gün yaranır,
Bu gündən sabah doğulur.
Sözün yalanı, düzü var,
Hər gecənin gündüzü var,
Hər üzün bir iç üzü var, -
Doğulan ortaq doğulur.
Hanı yuvam, yurdum hanı,
Qəmə boyun burdum, hanı?!
Gəldi yazın kor dumanı,
Yəqin yalquzaq doğulur.
Ovunu tələ səsləyir,
Kərəmi Lələ səsləyir,
Kimini tale səsləyir,
Kimi baxtabaxt doğulur.
Ayaqlar izdən əvvəldi,
Çaylar dənizdən əvvəldi,
Bu dünya bizdən əvvəldi,
Bəxt bizdən qabaq doğulur...
(“Seçilmiş əsərləri”, Bakı, Azərnəşr, 1992, s.289)
Şairin əsərlərində həm xalq dilini şəhdi-şirəsi, həm də ifadə formalarının orijinallığı, yeniliyi özünü göstərməkdədir. Əslində sənətkarlığın əsas şərtlərindən, göstəricilərindən biri də elə budur.
Məmməd İsmayıl xalq dilini incəliklərini, deyimlərin sətiraltı mənalarını gözəl duyduğundan, onun qələmindən çıxan bədii mətnlərin hamısında folklor ab-havası duymaq, sezmək mümkündür.
Məmməd İsmayılın əsərlərinə səpələnən saysız-hesabsız bədii suallar poetik düşüncənin hərəkətverici qüvvəsi kimi diqqəti cəlb edir: “Örtülü qəbirlər ölüm səddimi? Bu torpaq həyatın son sərhəddimi?”; “Bizdən üz çevirib küsən torpağın Dilini bilməyi kimdən öyrənək?”; “Əlini əlinin üstünə qoyub, Bəs nəyi, bəs kimi gözləyir bəşər?”, “Yerin dodağında tütəkmi şamlar?”; “Şairi ad üçün, san üçün ölən Bir xalqın taleyi nə olar axı?”; “Gör, gəlib hayanda “haqq mənəm” dedin, Haqq yatan torpağa qürbət deyimmi?”; “Həyatın yüz cürə tapmacası var – Bağlı könüllərdən gələn soraqmı?!” və i.a.
Bu tipli suallar düşüncənin hərəkətverici qüvvəsinə çevrilir. Onlar həm də yaradıcı insanı özünün, eləcə də dünyanın dərkinə istiqamətləndirir.
“Bəlkə” sualının konkret cavabı olmasa belə, şairin gələcəyə olan ümidlərindən xəbər verir. Əslində elə bu da qarşıdakı günləri istəyə uyğun kodlaşdırmanın sınaqdan çıxmış bir üsuludur:
“Arazı qınından çəkib sıyır gəl:
Cənublar, şimallar bir ola bəlkə?
Ayrılan mahallar bir ola bəlkə?
Məqsədlər, amallar bir ola bəlkə?”
(“Savalanda yatan igid”, “Seçilmiş əsərləri”, Bakı, Azərnəşr, 1992, s.13)
Göy yerə kök atıb, yoxsa yer göyə,
Yer göyə, göy yerə calaqdır bəlkə?!”
(“Yerlə göy arasında”, “Döyüş, qələbə”, Bakı, Yazıçı, 1983, s.101)
“Axşam düşər gözlərimdən günəş eynəyim,
Bu vərdişim tükənməyən səbrimdir bəlkə?!
Bəlkə elə kəfənimdir gecə köynəyim,
Gecələr də haqdan gələn qəbrimdir bəlkə?
(“Gecələrin sirr sandığı”, “Döyüş, qələbə”, Bakı, Yazıçı, 1983, s.111.)
“Qəlbimi toxum tək səpin torpağa
Yanıq arzularım göyərdi bəlkə?”
(“Bəlkə”, “Hələ yaşamağa dəyər”, Bakı, Gənclik, 1981, s.38)
Bəndə nə valideynlərini, nə millətini, nə də doğulduğu torpağı seçmək iqtidarındadır. Digər tərəfdən, insan harda yaşamağı, harda işləməyi, kimi dost, kimi sevgili seçməyi özü eləsə belə, burda da gözəgörünməz bir diktə, alın yazısı, tale məsələsi var. Şairin özü demişkən: “Bəxt bizdən əvvəl doğulur”.
Şairin də taleyində qürbətdə yaşamaq qisməti var imiş. O, qürbəti hörümçək toru adlandırırdı bir vaxt. Ancaq zaman keçdikcə bu qürbət vətənin, doğulduğun torpağın gözəlliyini, bənzərsizliyini, əvəzolunmazlığını dərk eləmək vasitəsinə çevrildi, şairin yaradıcılıq üfüqlərini əhəmiyyətli dərəcədə genişləndirdi.
Məmməd İsmayıl bir vaxt öz dərdini çəkirdi, öz ağrılarını yaşayırdı, sonra bütöv Azərbaycanın taleyini düşündü, Türk dünyasının problemləri onu ilgiləndirdi, ömrün müdriklik çağında isə bütöv bir dünyanın dərdini çəkmək missiyası düşdü boynuna...
Hələ 1982-ci ildə yazdığı “Ana vətəni” şeirinin bu misraları şair fəhmi ilə gələcəyə ünvanlan tale yazısının kodları imiş bəlkə?
Çəkər bu kədərin xəritəsini
Alnımın qırışı, saçımın dəni.
Öldün, ölümünlə yer kürəsini
Elədin ömrümün ana vətəni...
(“Döyüş, qələbə”, Bakı, Yazıçı, 1983, s.67)
Anasının ölümü ilə bağlı yaranan bu düşüncələr həm də sənətkarın mənəvi kamilləşmə yolunun başlanğıcı idi sanki... “Sübh namazları” şeiri sovet dönəmində din, yaradan haqqında bir qədər fərqli düşünən yaradıcı insan imanının kamilləşmə prosesinin göstəricisi kimi maraqlıdır:
...Bahar gecəsində sübh namazları,
Bulaqda su olur, könüldə arzu
Gecə yerlə göyün bu təmasları...
Bir gəmi dənizdə açır səhəri
İman namazından keçir bir gəmi,
Tanrı gözəllikdən pay əsirgəmir.
İlahi səslərə qulaq kəsilən
Sahil qayaları donmuş fikirdir,
Səcdəyə qapanan təkbirdi hər dağ.
O boğaz suları, o sahil, bu mən
Səhər namazına olmuşuq ortaq...
(https://525.az/news/13356-memmed-ismayilin-seirleri)
Vətəndən ayrı düşən şairin qürbət nəğmələri də bu ucalıqdan baxanda fərqli göründü mənə... Dünyanın bədii dərki prosesinin poeziyada əksi sənətkarın kamilləmə prosesinin göstəricisi kimi yadımda qaldı.
Bir zaman “Qoymayın dünyanı adiləşməyə” deyirdi şair. Əslində dünya adi insan üçün adidi, dünyanı tərk elədikcə kamil insan yer, göy, kainat harmoniyası qarşısında heyrətini gizləyə bilmir. Elə Məmməd İsmayıl kimi...
Rafiq Yusifoğlu,
Şair, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor

