525 ci qəzet Ünsiyyətdə səmimiliyi həmişə qorumağa çalışmışam
Yeni il deyə-deyə artıq bir ayını yola saldıq. Qayğılarımızla, öhdəliklərimizlə, məsuliyyətimizlə yanaşı, narahatlığın ab-havasını da yaşayırıq. Nəsillər arasındakı fikir ayrılığında hərə özünə görə haqlıdır. Yaşlı nəslin sürdüyü ömrün qayda-qanunları yenilərə o qədər əcaib görünür ki, bəzən mübahisəyə qədər gedib çatır. Amma olacağa çarə yoxdur. Yer öz məhvərində fırlanmaqda, cəmiyyət inkişafında, texnologiya qaçaqaçda, informasiya bolluğu aşıb-daşmaqda. Hamı fürsətdən yararlanmağa çalışır, bəzən haqlını haqsız çıxarırlar, dünyada sıxlığı bəhanə edərək pandemiya adlı ölümlə insanları qırırlar və daha nələr, nələr... Amma bir düşünən varmı ki, axı bu dünyanı xəlq edən Tanrı hamıya yer ayırıb? Onun mizan-tərəzisinə əl uzatmaq olarmı? Heç düşünən varmı ki, biz bu dünyadan nə istəyirik? Bax, elə bu sualı oxucularımızın görüşünə gələn müsahibimizə ünvanlayanda qəribə bir cavab aldım: "Biz bu dünyanı çox incidirik..."
Bu şənbənin qonağını lap çoxdan tanıyıram. Həm bir tamaşaçı kimi, həm bir əməkdaş kimi. Və onunla görüşə gəldiyim məkan mənə çox uzaqlarda qalan qaynar bir həyatı xatırlatsa da, zaman artıq o deyildi. Müsahibim isə tələbə ikən daxil olduğu qapılar arxasında pillə-pıllə qalxan telejurnalist, Respublikanın Əməkdar artisti və bu gün Azərbaycan Televiziyasında Mədəniyyət telekanalının direktoru Dilarə Səlimdir.
- Haqqınızda kiçik bir araşdırma aparakən öyrəndim ki, atanız jurnalist olmaq istəyinizə "Bu, qız işi deyil" deyərək qarşı çıxıb...
- Hətta onu da dedi ki, əlində mikrofon küçə-küçə gəzməyinə icazə verə bilmərəm. Atam ya həkim, ya da müəllim olmağımı istəyirdi, mənim isə heç birinə həvəsim yox idi. Dillərə marağım olduğundan indiki Azərbaycan Dillər Universitetinə üz tutdum. Həmin il ilk açılan Alman dili tərcüməçisi fakültəsinə daxil oldum və həmin fakültənin ilk buraxılışı bizim kurs oldu. Yuxarı kursda təhsilimizi davam etdirmək üçün bizi Almaniyaya göndərirdilər ki, buna yenə də atam razılıq vermədi. Elə həmin ərəfədə dövlət televiziyasında müsabiqə elan olundu və o, fikrimi yayındırmaq üçün dedi ki, jurnalist olmaq istəyirdin, get qatıl müsabiqəyə. Mən də getdim, lakin bilmədim ki, bu gəliş taleyimi birdəfəlik televiziyaya bağlayacaq.
- Televiziyaya gəlişiniz 90-cı illərin əvvəllərinə təsadüf edir. O zaman ölkədə çox gərgin vaxtlar idi. Tamaşaçı sizi əsas diktor kimi tanıdı, daha sonra telejurnalist kimi də gördü, müəllif proqramının aparıcısı kimi də...
- Qəliz sual oldu, lakin bir cümlə ilə belə deyə bilərəm - jurnalist zamanı əks etdirən insandır. Yaxşı olardı ki, o, zamanını daha dürüst, qərəzsiz göstərə bilsin, obyektivlik deyilən bir nüansı həmişə öndə saxlasın. Bir də jurnalistin mütləqdir ki, özünün mövqeyi olsun, haqq-ədalət prinsipinə önəm versin və təbii ki ünvanına - mükəmməl qələm sahibidir desinlər. Jurnalist söz sahibi olan bir insandır, ona görə də hər adın qarşısında bu kəlməni işlətmək olmaz.
- Ömrünüzün 35 ili televiziya ilə bağlıdır. Bu müddət ərzində çox şey dəyişib - efir də, verilişlər də, aparıcılar da, yaradıcı heyət də, lap texnika da. Dəyişməyən bircə ad qalıb - televiziya...
- Televiziya tarixi yazan, onu əks etdirən bir vasitədir. Televiziya günümüzü canlandıran, onu tamaşaçıya təqdim edən və sonunda yenə də hər gördüyümüzü öz yaddaş tarixində qoruyan bir aynadır. Televiziya gələcək nəsillər üçün bir salnamədir. Mənim aləmimdə televiziya böyük bir sənətdir və bizim cəmiyyətə təqdim etdiyimiz nə varsa, məhz bu sənətə xidmət edir. Televiziyanın obyektindən yalnız obyektivlik saçmalıdır ki, yazdığımız tarixdən gələcək utanmasın.
- Deyir, televiziya güzgüdür. Amma bu aynada əyri görünən verilişlər də var...
- Televiziya cəmiyyəti əks etdirir. Ad çəkmək istəmirəm, lakin çox kanallardan gileylənirlər ki, bayağı, səviyyədən uzaq, bir-birini təkrarlayan verilişlərlə efirləri doldurublar. Amma bunun qarşı tərəfi də var axı, onu da demək lazımdır. Belə verilişlərə baxan tamaşaçını niyə unuduruq? Bu verilişlərin geniş tamaşaçı auditoriyası var, yəni cəmiyyət özü bunu istəyir. Telekanal da baxış sayını görür və deyir ki, niyə reytinqdən geri qalım? Beləcə, tamaşaçıya onun istədiyini verir və gündəmdə qalır. Heç uzağa getməyək, həyatımızın yaşam tərzinə çevrilən sosial şəbəkələrə nəzər salaq. Qalmaqallı bir paylaşımla bir mədəniyyət xəbərinin baxış sayını müqayisə edək. Nəticəni siz də bilirsiniz, biz də. Müasir tamaşaçı şou, qalmaqal, səs-küylü verilişlərə daha üstünlük verir. O tamaşaçını mədəniyyət kanalı, maarifləndirici verilişlər heç maraqlandırmır. Uzağı iki-üç dəqiqə baxan kimi kanalı dərhal dəyişəcək.
- Amma tamaşaçıya bu verilişləri televiziya təqdim edir, bunu inkar etmək olmaz axı...
- Sizə bir fakt deyim, indi televiziyanın auditoriyası böyük deyil, cəmiyyət birmənalı şəkildə sosial şəbəkələrdədir. Bütün məlumatlar, xəbərlər orada var, üstəlik, qalmaqal, hay-küy və istədikləri şou. Açıb baxırlar və bu, tamaşaçı üçün uzun-uzadı televiziyaya baxmaqdan daha rahatdır. Müasir dünyada televiziyanın sosial şəbəkə ilə rəqabəti mümkün deyil. Biz televiziyaya sənət kimi baxırıq. Sənət isə tələskənliyi, qalmaqalı, ajiotajı sevmir. Amma zaman bir yerdə dayanmır, sürətlə qaçır və cəmiyyət də bu axından heç cürə geri qalmaq istəmir. Açıq deyək ki, bu gün əksər telekanallar tamaşaçının istədiyini ona verir. Amma əslində televiziya ekranın o tayındakı toplumun səviyyəsinə enməli deyil, onu özünün dayandığı mərtəbəyə çatdırmağı bacarmalıdır. Bununla belə, bütün kanallarda maraqlı verilişlər var, amma onun tamaşaçısını barmaqla saymaq olar. Gəlin günahı televiziyada axtarmayaq, çünki necə deyərlər, medalın iki üzü var. Televiziyanın tərbiyəvi əhəmiyyəti sovet epoxasında qaldı, bu gün isə "tərbiyəni" "TikTok"lar, "İnstaqram"lar və daha nələr verir. Düşünməyə vadar edən mövzu olsa da, hələ ki günümüzün reallığı budur.
- Telejurnalist Dilarə Səlim danışdı, amma siz müəllif proqramlarının aparıcısı da olmusunuz...
- Burada mən bir vacib məqamı mütləq vurğulamalıyam. Mənim televiziyadakı fəaliyyətim diktorluqla başlayıb və nə yaxşı ki, bu, belə olub, çünki çox böyük məktəb keçə bildim. Çox təəssüflənirəm ki, indiki aparıcıların heç birinin mənim gördüyüm klassik məktəbi yoxdur. Nə yaxşı ki, mən Rafiq Hüseynov, Roza Tağıyeva, Tamilla Ələkbərova, Natavan Hacıyeva, Şərqiyyə Hüseynova kimi ustadları görə bildim, onlardan öyrəndim. Mən televiziyaya elə bir dövrdə gəldim ki, diktorluq vardı, lakin artıq yavaş-yavaş aparıcılığa keçid başlayırdı. Keçdiyim məktəbin bünövrəsi bir aparıcı kimi fəaliyyətimə böyük kömək oldu. Aparıcının geniş dünyagörüşü, mütaliəsi, təhsili olması mütləqdir. Dünyada hadisələr elə sürətlə cərəyan edir və dəyişir ki, əgər aparıcısansa, daima onlardan xəbərdar olmağa borclusan. El arasında belə bir məsəl var ki, filankəs hər yerdən xəbər verir, bax, aparıcı belə olmalıdır. Televiziyada bir əvvəldən çəkilmiş verilişlər var, bir də canlı. Əsl aparıcılıq bacarığı və keyfiyyətləri məhz canlı verilişlərdə özünü büruzə verir. Canlı veriliş isə ekstraordinar vəziyyətdən sığortalanmayıb və bu situasiyadan məharətlə çıxmağı bacarandır aparıcı. İstər xəbərlər olsun, istər analitik, bədii, əyləncəli proqramlar olsun, aparıcı birmənalı şəkildə bunların hamısına hazır və məlumatlı olmalıdır. Bu, mənim düşüncəmdir.
- Sirr deyil ki, AzTV-nin qızıl dövrü olub, bu, sizə də tanışdır. Hər gün daxil olduğunuz bu məkanda yəqin ki, bəzən nostalji hisslər oyanır...
- Olur... Bilirziniz, daha çox nələri xatırlayıram? Burada elə korifeylər, elə sənət fədailəri olub ki... Onlar artıq həyatda yoxdular, lakin onlarla olan müsahibələrim, söhbətlərim, ünsiyyətim üçün çox darıxıram. Səmimi deyirəm, o insanlarla ünsiyyətin əhəmiyyətini, dəyərini mən indi dərk edirəm. Amma müasir dövrlə ayaqlaşmaq üçün, müasir televiziyanı təqdim etmək üçün, üstəlik, tamaşaçını cəlb etmək üçün biz daha çox sabaha yönlənməliyik, gənclərin nəbzini tutmağı bacarmalıyıq. İki qızım var - biri 25, o biri 26 yaşında. Baxışlar, təsəvvürlər o qədər fərqlidir ki, mən onlarla eyni dalğada ola bilməyim üçün maraq dairələrinin içində olmağa çalışıram. Televiziya isə mənim sənətimdir, peşəmdir və mütləq şəkildə burada zamanla ayaqlaşmağım vacibdir.
- Söhbətimizin məcrasını bir qədər açıq və səmimi istiqamətə tərəf yönləndirsəm, yəqin ki, etiraz etməzsiniz...
- Ümumiyyətlə, ünsiyyətdə səmimiliyi həmişə qorumağa çalışmışam. Yerində açıq danışmağa da qapalı biri deyiləm.
- Televiziya elə bir qurumdur ki, ora rəhbərlik etmək üçün sırf peşəkarlıq, təcrübə, səriştə gərəkdir. Çalışdığınız illərin böyük hissəsi yeddi rəhbərin dövrünə təsadüf edib. Təbii ki, onların arasında mükəmməl televiziyaçı olub...
- Əlbəttə, mərhum Elşad Quliyev... O, televiziyanın əlifbasını əvvəldən sona qədər ardıcıl, yerli-yerində bilən, bütün sahələrə düzgün istiqamət verən bir televiziyaşünas və rəhbər olub. Söhbətimizə açıq və səmimi davam ediriksə, o zaman cavabıma bir əlavə etmək istərdim. Heç kəs bunu yararlanmaq, yaxud gəlişi gözəl fikir kimi qəbul etməsin. Amma mən bu gün yenə də müasir dövr televiziyasında yeniliklərə çox açıq, peşəkar bir sədrin rəhbərlik etdiyi qurumda çalışıram. Mən yalnız göz önündə olan bir faktı vurğulamaq istəyirəm. İndiyə qədər heç bir televiziya rəhbəri hər həftə tamaşaçı qarşısına analitik informasiya proqramı ilə çıxmayıb. Rövşən Məmmədov kabinetdən studiyaya doğru getməyi bacaran həm cəsarətli, peşəkar jurnalist, həm humanist insan, həm də zamanın nəbzini tuta bilən bir rəhbərdir.
- İstər çəkiliş zamanı, istər canlı yayımlar fors majordan sığortalanmayıb...
- Nə qədər istəsəniz olur... Yaradıcı heyət buna hər an hazırlıqlı olmalıdır desək də, yenə də belə situasiyada ani də olsa, çaşqınlıq olur. Canlı efirdəsən, birdən lampa partlayır, dəvət etdiyin qonaq son anda gəlmir və s. Bütün bunları tamaşaçıya hiss etdirmədən çıxış yolunu tapmalısan. Canlı efirin özü aparıcı üçün bir məktəbdir. Çəkiliş zamanı baş verən hadisələrdən birini danışım. Kinostudiyada milyonçu Musa Nağıyev haqqında "Yük" adlı film çəkilirdi. Ordan reportaj hazırlamağa getdik. Atın yanında dayanıb bir əlimlə onu sığallayırdım, o biri əlimdə mikrofon danışırdım. Görürəm ki, operator qarşı tərəfdən mənə işarələr edir. Çevriləndə gördüm ki, at əlimi ağzına salıb yaxşıca çeynəyir əlimdə əlcək olduğundan bunu hiss etməmişdim. Əslində belə gözlənilməzliklərin olması yaxşıdır, yaddaşda özünə yer edən belə xatirələr üçün sonralar darıxırıq.
- Beş il qürbətdə yaşamısınız, Vətəndən ayrı...
- Bu, ailə vəziyyətilə əlaqədar oldu və mən getməyə məcbur idim. Qızlar məktəbə orada getdi və mən həmin müddətdə işsiz qaldım. Amma nə yaxşı ki, mənim yağlı boyalarla rəsm çəkmək kimi bir hobbim var və qürbətdə bu, köməyimə gəlsə də, Vətənsiz özümə yer tapa bilmirdim. O vaxtlarda Puşkini tez-tez xatırlayırdım, Vətənini ən çox tənqid edən şair olub. Onun yaxşı bir deyimi var, şüar kimi yadımda saxlamışam: "Vətənini ölkəsində tənqid edən onu sevən, kənarda tənqid edən isə Vətəni sevməyən insandır". Qürbətdə Vətənim haqqında xoşagəlməyən kəlmə eşidəndə, o danışan dilləri kəsməyə belə, hazır idim. Vətənimə çox bağlı olmuşam hər zaman, qürbətdə isə onu həqiqətən sevməyi öyrəndim.
- Bu Vətənin içində 30 il Vətənsiz yaşayanlar oldu, lakin uzun yolun sonu qələbə ilə başa çatdı...
- O zaman "Mədəniyyət xəbərləri"nin baş redaktoru idim. Hər saniyə qulağımız səsdə idi. Şuşanın azad olunması xəbərini eşidəndə hönkür-hönkür ağladım. Qızım qaçaraq gəldi ki, sənə nə olub? Bircə onu dedim ki, Şuşanı aldıq. O mənə çox qəribə baxışlarla baxdı və anladım ki, bu hissi duymaq üçün o itkilərinn ağrı-acısını içdən yaşamaq lazımdır. İllərin dözümü, səbri sonda sözünü dedi.
- Söz vaxtına çəkər, ötən ilin bu vədəsində sizinlə müsahibə üçün əlaqə saxladıq. Dediniz ki, söz deyib danışmaq üçün iş görmək lazımdır, mənə vaxt verin ki, yeni yaradıcılıq işlərimizlə qarşınıza çıxaq. Artıq deməyə sözünüz var...
- Düşünürəm ki, var... Mədəniyyət kanalının özünün spesifik tamaşaçıları var. Bu auditoriya digər tamaşaçıdan tamam fərqlidir. Sözlərim heç kəsin xətrinə dəyməsin, Mədəniyyət telekanalının tamaşaçısı daha çox mütaliəyə, ciddi musiqiyə önəm verən, incəsənətə böyük marağı olan insanlardır. Məhz bu tamaşaçı kanaldakı dəyişikliyi hiss edər. Yeni layihələrimiz var və onların davamı gəlir. Bir neçə nümunə çəkim. Kanalımızın canlı tamaşaları var. Yəni birbaşa teatrda gedən tamaşalara canlı olaraq qoşuluruq və efirdə nümayiş etdiririk. Bu bağlantını əksər böyük teatrlarla qurmuşuq, hətta uşaqları belə, unutmamışıq. Layihəyə bölgə teatrlarını da daxil etmişik, bu, onların bir növ paytaxt tamaşaçısı ilə ünsiyyəti deməkdir. Daha sonra musiqi alətlərimizlə bağlı kiçik çarxlar hazırlayırıq. Bizim elə qədim alətlərimiz var ki, əksəriyyət onu tanımır və çarxlar vasitəsilə onları tamaçaşıya təqdim edirik. Belə çarxları milli rəqslərimiz üçün də hazırlamışıq, onların yaranma tarixi, ifaçıları haqda qısa məlumatlar burada öz əksini tapır. "Bir də belə baxaq" adlı maraqlı bir layihəmiz var. Sosial şəbəkədə diqqətimizi çəkən bir görüntüdən sonra həmin gənclərlə əlaqə saxladıq. Filmlərimizdəki məşhur hissələrdən kiçik parçaları, dillərdə məsələ çevrilən fikirləri onlar ingilis dilinə birə-bir tərcümə edərək özləri səsləndirir. Nəticədə gördük ki, bu, tamaşaçının çox xoşuna gəldi. "Müasir Azərbaycan filmləri" rubrikasını açmışıq. Gənc rejissorların yeni işlərini bu rubrikada təqdim edirik ki, tamaşaçı onları tanısın. Mənim üçün ən əhəmiyyətli bir layihədən mütləq danışmalıyam. Yəqin ki, sizi də xatırlayırsınız, bizim köhnə televiziya tamaşalarımız olub. Təəssüf ki, vaxtında onlar düzgün saxlanılmadıqları üçün o tamaşaların vəziyyəti qənaətbəxş deyildi. Hazırda onların üzərində işləyərək bərpa etməyə çalışırıq ki, bu gözəl sənət əsərlərini yaşadaq və yenidən televiziyaya qaytaraq. "Göz həkimi", "Mehmanxana sahibəsi", "Atayevlər ailəsi", "Ordan-burdan", "Yaşıl eynəkli adam", "Evləri köndələn yar", "Ötən ilin son gecəsi", "Səni axtarıram" trilogiyası böyük tamaşaçı rəğbəti qazanmaqla yanaşı, korifey sənətkarların yer aldığı unikal teletamaşalardır. Sadaladığım bu tamaşaların bir neçəsi artıq efirə gedib və bu prosesi öz gücümüz daxilində davam edirik. Amma bir gileyim var ki, cizgi filmlərimiz çox azdır. Azərbaycan cizgi filmlərindən əlimizdə olanlar kifayət deyil. Ona görə də balacaların qarşısına istədiyimiz kimi çıxa bilmirik. Başqa kanallarda olmasa da, biz onlar üçün "Nağıl vaxtı" deyilən uşaq saatı ayırmışıq və hər axşam onların görüşünə gəlirik. Bu istiqamətdə edə biləcəklərimiz haqqında düşünürük. Bir il ərzində az da olsa, yeniliklər etməyə çalışdıq, tamaşaçıdan xoş rəylər də eşitdik. Ümid edirəm ki, Mədəniyyət kanalının kiçik, lakin elit tamaşaçısı zamanla ətrafına geniş ziyalı kütləsini cəm edə biləcək.
SÖZARDI: Tanış binadakı otağa daxil olanda ilk gözümə dəyən divardakı rəsmlər oldu və düşündüm ki, mədəniyyəti təbliğ edən bir insanın zövqünə uyğun yanaşmadır. Lakin söhbət əsnasında bu rəsmlərin öz əl işi olduğunu biləndə, düşündüm ki, hər kəs öz yerində olanda, bu, bir uyğunluğun zərif harmoniyası deməkdir.
Tamilla M-ZADƏ