525 ci qəzet Yoxluğun dən saldı qara telimə... Şəhidin həyat yoldaşı ilə müsahibə
Icma.az bildirir, 525.az-ə əsaslanaraq.
Qələbəmizdən sonra üçtərəfli sazişin 4-cü bəndindəki "beş il" ifadəsi o zaman çoxumuza bir narahatlıqla yanaşı, həm də uzun görünmüşdü. Buna haqlı səbəblərimiz də vardı, çünki illərlə çox təhlükəli düşmənlə üz-üzə qalmışdıq. Yurd-yuva həsrətilə iki nəsil yaşadı və gözlədi. Səbrimizin tükəndiyi zamanda, hamının gözlədiyi o əmr verildi və artıq yetişən üçüncü nəsil Ali Baş Komandanın əmri ilə silaha elə sarıldı ki, 30 il sanki bir göz qırpımına çevrildi. Bir atalar məsəli var: "El bir olsa, dağ oynayar yerindən". Bu həqiqəti biz 44 gündə yaşadıq... Vətən fədaisi olan hərbçilərimizin peşəkarlığı, qeyri-adi şücaəti sayəsində qələbə sorağı bütün dünyanı heyrətə gətirdi.
Şanlı qələbəmizin beşinci ildönümünə doğru yol almışıq. Bu gün haqqında söz açacağımız qəhrəmanımız əslən Göyçə mahalından olan, ailəsilə birlikdə el-obasından köçkün düşən, intiqam hissilə böyüyərək peşəkar zabitə çevrilən, Vətən müharibəsində Murovdağ döyüşlərində həlak olan şəhid mayor Elşad Həsənov, müsahibimiz isə övladlarını əmanət etdiyi ömür-gün yoldaşı Aksana xanım Həsənovadır.
- Söhbətə haradan istəyirsinizsə, oradan da başlayaq...
- Elşadla tanışlığımızdan...
- Buyurun...
- Elşadla qohum idik, lakin bir-birimizi görməmişdik. İlk dəfə məni toyda görüb və dediyinə görə, ilk baxışdan da bəyənib. Sonra valideynlərinə deyib ki, öyrənin o qız kimdir, kimlərdəndir. Bir həftədən sonra Elşadın elçiləri qapımızı döydü. Lakin mən razılıq vermədim. Səbəb onu bəyənməməyim deyildi. Əvvəla, yaşım az idi, ikincisi, Elşadı tanımırdım. Onun hərbçi inadı qərarından geri çevirmədi, təkrar gələn elçilərə bu dəfə "hə" dedim. 2004-cü ilin may ayında nişanlandıq, beş aydan sonra isə ailə qurduq. Toyumuzdan iki həftə sonra isə Elşad işinə qayıtdı. Çətin günlərim elə o zaman başladı. Bir tərəfdən onun yoxluğu, digər tərəfdən qayda-qanunlarına riayət etməyə məcbur olduğum yeni bir ailə. Əslində buna uyğunlaşmaq olardı, əgər Elşad yanımda olsaydı. Mənim üçün çətin olduğunu o bilirdi və yanımda olduğunu hiss etdirmək üçün tez-tez mesajlar yazırdı. Onları təkrar oxumaq üçün yazdıqlarını dəftərə köçürmüşdüm, çünki təkrar oxumaq mənə bir təsəlli idi. O dəftəri indi də saxlamışam.

- Amma hərbçilərin ailələri adətən yanlarında olur...
- Elşad Gədəbəydə xidməti vəzifədə olduğundan yanına gəlməyimə razılıq verməyib deyirdi ki, burada qaz, su yoxdur, sənə çox çətin olacaq. Bu, təqribən iki il çəkdi, artıq qızımızın bir yaşı vardı. Növbəti məzuniyyətə gələndə mən qəti olaraq bildirdim ki, ailəmizin bir yerdə olmağını istəyirəm. Yenə də çətin olacağını bildirəndə Elşada bir cavabım oldu: "Mən hərbçilə ailə qurmuşamsa, bütün çətinlikləri də gözə almışam". Bu sözlərimdən ürəklənərək məzuniyyətdən sonra ev kirayələyib bizi yanına apardı. Təbii ki, şəhər mühitində böyüyən biri üçün ucqar dağ kəndində yaşamaq, odun peçi qalamaq, su daşımaq o qədər də asan deyildi. Lakin həm Elşada olan məhəbbətim, həm ailənin bir yerdə olması bütün çətinlikləri kölgədə qoydu.
- Və bir körpə uşaqla gəldiniz Gədəbəyin dağ kəndinə...
- Tərəddüd etmədən gəldim və yeddi il hər şeyə rəğmən, orada çox xoşbəxt yaşadım. Qızımız böyüdü, birinci sinfə getdi. Elə həmin ildə Elşadın təyinatını Naxçıvana verdilər. Buna o qədər sevindi ki... Çünki orada hərbçi ailələrinin yaşaması üçün şəhərciklər vardı və çətinliklərimiz olmayacaqdı. Mən çətinlik haqqında artıq heç düşünmürdüm də, əsas Elşad yanımızda idi. Orada oğlumuz Səid dünyaya gəldi və bu minvalla aradan səkkiz il də ötdü. 2019-cu ilin son ayları idi. İşdən gələndən sonra dedi ki, otur sənə deyəcəyim var: "Bilirəm, bura sizin üçün rahatdır, artıq uyğunlaşmısınız da. Amma mən bir zabitəm və harada oluramsa-olum, Vətənin hər yeri mənə doğmadır. Əmrim gəlib, təyinatımı Şəmkirə veriblər". Əvvəlcə mənə qərar vermək çətin oldu. Sonda biz yığışıb Bakıya gəldik, uşaqlarla anamgilə yerləşdik, Elşad Şəmkirdə xidmətinə başladı. Əslində özümüzə aid evimiz vardı, lakin orada heç yaşamamışdıq. İkilikdə belə qərara gəldik ki, öz evimizə köçək. Elşad bizim üçün hər bir şərait yaratdı, yerbəyer etdi, özü isə əbədi olaraq cənnətə qovuşdu.
- Ata və iki övladı...
- Elşad körpə vaxtından nənə himayəsində böyüdüyündən valideyin sevgisinə ehtiyacı olub. Ata-ana qayğısından uzaq olduğundan Elşadın içində böyük bir boşluq vardı. Ona görə də boş vaxtlarını ancaq övladlarına həsr edərdi, çalışırdı ki, onların yanında çox olsun, birlikdə zaman keçirsin. Qızımız dünyaya gələndə, birinci sinfə gedəndə Elşad yanımızda ola bilmədi. Bu, bizə o qədər təsir etmişdi ki... Yalnız bunu demişdi o zaman: "Mən Vətənin keşikçisiyəm". Qızımız Aysunu tələbə kimi də görmək Elşada qismət olmadı. 15 sentyabr 2020-ci il... Səid birinci sinfə gedəcəkdi. Uzun zaman idi Elşadı görmürdük, həm pandemiya vardı, digər tərəfdən də Tovuz hadisələrində də iştirak etdiyindən gələ bilməmişdi. 14-ü axşam saatlarında gözlənilmədən Elşad gəldi, çox sevinirdi ki, Səidin ilk dərs günü yanımızda olacaq. Amma müəyyən səbəblərdən 15-i dərs olmadı. Biz Səidə məktəbli formasını geyindirdik, gül dəstəsini aldıq və müəlliməsigilə getdik. Elşadın sevincinin həddi yox idi, biz çox bixəbər idik.

- Sentyabrın 27-nə sayılı günlər qalmışdı...
- Mən hər şeydən bixəbər idim. Ayın 16-sı o, hərbi hissəyə qayıtmalı idi və mən onun çantasını hazırlayırdım. Uşaqların otağına keçib yuxuda olan övladlarını öpüb çıxandan sonra üzünü məndən gizlətsə də, göz yaşlarını gördüm. Dedim ki, ay Elşad, niyə pis olursan ki... Bu il məzuniyyətini götürməmisən, tez bir vaxtda götürüb gələrsən, uşaqlarınla da bol vaxt keçirərsən. Sözlərimə əhəmiyyət vermədən tez-tez ayaqqabılarının ipini bağlayırdı. Mənə heç nə bildirməsə də, çox dolmuşdu. Hiss edirdim ki, mənə demək istədiyi nələrsə var, amma susurdu. Taksi gəldi, qapının ağzında məni qucaqlayıb dedi: "Səni Allaha, uşaqları sənə əmanət edirəm. Özünə də, onlara da yaxşı bax". Pilləkənlərdən düşəndə arxasınsa su atıb dedim ki, su kimi get, su kimi də gəl. Hardan biləydim ki, Elşadı sonuncu dəfə yola salıram.
Sentyabrın 26-sı Elşaddan bir mesaj gəldi: "Nə olacağını bilmirəm. Amma sən çox güclü qadınsan, sevgiylə dolu anasan. Səni Allaha, uşaqları sənə əmanət edirəm. Sonun nə olacağını bilməsəm də, bil ki, səni həyatda hər bir varlıqdan çox, həm də lap çox sevmişəm. Biz çıxdıq". Əlim-ürəyim əsməyə başladı. Tez zəng çaldım ki, nə baş verdiyini özündən eşidim. Cavab vermədi, lakin sonra özü görüntülü aradı. Bilmirəm niyə, amma Elşadın o görüntüsünü tez telefonun yaddaşına saldım. Düzdür, keyfiyyəti aşağıdır, lakin bu, Elşaddan qalan son şəkil oldu. Gecəni gözümü yuma bilmədim, səhər açılanda isə bütün telekanallarda, sosial şəbəkələrdə müharibə xəbəri yayılmışdı. Dayanmadan Elşada zəng vursam da, əlaqə yox idi. Az keçmədən özündən zəng gəldi. Dedi ki, mən yaxşıyam, sən heç narahat olma, tezliklə Göyçəmizdən sənə şəkillər göndərəcəyəm. Beləcə imkan olan kimi gündə bir dəfə zəng vururdu, səsini eşidirdim. Bütün Azərbaycanda olduğu kimi, nə gecəmiz vardı, nə də gündüzümüz. Səksəkə içində qalmışdım. Hər zəng gələndə diksinirdim, elə bilirdim deyəcəklər ki, Elşad şəhid olub. Baxmayaraq ki, müharibənin itkisiz olmayacağını bilirdim.

- Bu olanları təkrar xatırlamağın çox üzücü olduğunu anlayıram...
- Müharibənin altıncı günü idi - 2 oktyabr 2020-ci il... Gecə Elşaddan zəng gəldi. Həm sevindim, həm də narahat oldum. Həyəcanla telefonu açdım, səsini eşidəndə qəhərdən boğulsam da, bunu bildirməməyə çalışdım. Səsi mənə qəribə gəldi. Soruşdum ki, yaralanmısan? Dedi: "Yox, hər şey yaxşıdır. Sadəcə yorğunam, yuxusuzam". Heç demə, sentyabrın 30-da qolundan və çiynindən qəlpə yarası alıbmış. Sonra uşaqların oyaq olub-olmadığını soruşdu. Aysunun yatmadığını bilib onunla danışmaq istədi. Həmişəki kimi ona tapşırıqlarını verdi. Sonda Aysun atasına: "Ata, səni və əsgərlərimizi Allaha əmanət edirəm" deyib ağladı. Elşad bir hərbçi kimi nə qədər sərt xarakterli olsa da, bizə qarşı çox həssas idi. Aysunun göz yaşlarına dözməyib telefonu bağladı. Üstündən az keçməmiş yenə zəng çaldı. Həmişə qısa və konkret danışan Elşad sanki sağollaşmaq istəmirdi. Yenə tapşırıqlarını verdi və sağollaşdı. Bu danışıq sanki mənə sonuncu kimi gəldi. Səhər açılar-açılmaz zəng çaldım, lakin əlaqə yox idi. Gözlədim, zəng gəlmədi. Bir gün keçdi, yenə də xəbər olmadı. Yalnız oktyabrın 4-də xəbər bilmək üçün Toğanaya gedən qardaşıma deyiblər ki, oktyabrın 2-si saat 11-12 arası Elşad və dəstəsi Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid olub. Bunu məndən 21 gün gizlətdilər.
- Bilmək haqqınız idi...
- Təbii ki, bilməli idim və mən bu xəbəri Elşadın xidmət etdiyi hərbi hissədə onun otağında aldım. Güclə özümü toplayıb bunu deyə bildim ki, bəs hanı mənim şəhidim? Verin şəhidimi, aparım hamı kimi dəfn edim. Cavabında bunu eşitdim: "Xanım, sizin şəhidi vermək üçün gərək ağ bayraq qaldırıb müharibəni dayandıraq. Bir zabit xanımı kimi buna razısınız? Razısınızmı bu qədər oğullarımızın qanı batsın?" O zaman anladım ki, Elşadın nəşi düşmən tərəfdə qalıb.
- Amma qalmadı...
- 68 gündən sonra tapıldı, 74-cü günündə - 16 dekabr 2020-ci ildə II Şəhidlər xiyabanında dəfn edildi. Ailə səadətimiz cəmi 16 il sürdü və artıq beş ildir ki, nə səsini eşidirik, nə üzünü görürük. Amma bir an da olsa, onu özümüzdən uzaqda hiss etmirik. Tək bir arzum var - onun verdiyi tapşırıqları layiqincə yerinə yetirmək, övladlarını Elşadın görmək istədiyi səviyyəyə çatdırmaq və cənnətdə onunla görüşmək. Tanrı bunu mənə nəsib etsin.
SÖZARDI: Ağır müsahibənin sonunda öyrəndim ki, Aksana xanımın arada şeir yazmağı da var. Elşad həmişə ondan soruşarmış ki, bəs mənə nə zaman şeir həsr edəcəksən? Xanımı da zarafatla deyərmiş ki, sən qocalanda... Elşad isə cəmi 39 il yaşadı və həyat yoldaşının ona həsr etdiyi ilk şeirin məzmunu da başqa oldu, oradakı hisslər də...
...Sən getdin, bürüdü evi duman, çən,
Həsrətlə yolunu gözləyərkən mən,
Üçrəngli bayraqdan kəfən geyən sən,
Ən uca zirvədə qanla yazdın ad,
Səni unutmaram, şəhidim Elşad!
Tamilla M-ZADƏ
