Icma.az
close
up
RU
525ci qəzet Alef: Başlanğıcdan sona sehrli Borxes gerçəkliyi Sevinc Mürvətqızı yazır

525ci qəzet Alef: Başlanğıcdan sona sehrli Borxes gerçəkliyi Sevinc Mürvətqızı yazır

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sevinc MÜRVƏTQIZI

Aradan illər keçəndən sonra yenidən Xorxe Luis Borxesə "qayıtmaq" ehtiyacı hiss etdim. Bu səfər əvvəlkindən fərqli, özgə bir əhvalla, başqa ovqatla, ayrı təfəkkürlə... Necə deyərlər, Borxesi "bilməyən" onu mütaliə etməyin aclığını duymaz, amma bir dəfə Borxesi "tanıyan" onu təkrar oxumamağın əskikliyini çox dərindən hiss edər.

İnzivada ikən birdəncə ürəyim istədi, yenə Borxesin qaranlıq zirzəmilərinə enim, başgicəlləndirən labirintlərində dolaşım, surətimi çoxüzlü güzgülərdə fərqli proyeksiyadan izləyib hansısa paralel dünyadakı "mən"in zəka sərhədinin uc nöqtələrində bütün bunların yuxudamı, reallıqdamı baş verdiyini xatırlamağa çalışım...

Borxeslə ilk dəfə 2016-cı ildə İstanbuldakı kitab mağazalarının birindən aldığım "Alef" vasitəsilə "tanış oldum". "İlk görüş"ün umduğum qədər isti keçdiyini deyə bilmərəm. Kitabdakı hekayələri bircə-bircə oxumuş və bu qənaətə gəlmişdim ki, deyəsən, Borxes mənim yazıçım deyil. Amma sonrakı günlər ərzində yuxu ilə gerçəklik arasındakı mistik sərxoşluğa bənzər halətdə dolaşmışdım. Qəribə mütaliə təəssüratı idi: "Alef" kitabında oxuduqlarımı sanki necəsə öz həyatımda yaşamışdım, oradakı bütün çoxqatlı bilgilər, hətta təhkiyə tərzi də sirli bir şəkildə tanış gəlirdi. Bunlar yaddaşımın hansısa mərtəbəsində vardı, amma heç cür xatırlaya bilmirdim... Röyamı, dejavümü, ya içinə "həbs olunduğum" o sehrli ilk hissiyyat hər nədirsə, qaranlıq zirzəmidə nə vaxtsa yerini bilib sonra unutduğum çıxış qapısını axtarmağa bənzəyirdi: qapı açıldımı, içəri dolan işıq selində hər şeyi anidən xatırlayacaqdım... Onda başa düşmüşdüm ki, ilk qənaətim yanlış olub, Borxes elə tam mənim yazıçımdır, sadəcə hələlik zehni çərçivələrin məhdudiyyətindən "çölə daşa bilmirdim"...

Fəqət o zaman Borxesi oxuyarkən ruhuma hopan o mistik hissiyyat illərlə zehnimin fonunda qaldı. Ta ki məntiqlə izahını verə bilmədiyim, ancaq intuisiyama güvənib qəlbimlə inandığım ruhani təcrübələrin müşayiəti ilə keçən son illərdə Borxesin göyqurşağı parlaqlığındakı Alefini detallarınacan, yuxu ilə gerçəkliyin arasında qəribə beyin dalğasında, bir gün "görənə" qədər... Və özümdəki bilgini (əslində hamının şüuraltında o ilahi bilgi kodlanıb, sadəcə doğulanda hər kəsə də yaxşıca unutdurulub...) az qala hüceyrə yaddaşımla xatırladım!.. O an Borxesi, məncə, tam mahiyyətiilə anladım, elə onu anlamayanları və anlamaq istəməyənləri də... Çünki "xatırlamaq" da elə unutmaq qədər ağrılı və əziyyətli işdir...

Kitabda yer alan "Alef" hekayəsindən ayrıca bəhs etmək istəyirəm. Yəqin "Alef"in həm də müəllif üçün vazkeçilməz mistik sehrindəndir ki, Borxes sonralar hekayələrini yenidən nəşr etdirəndə növbəti kitabı "Alef və digər hekayələr" adlandırmışdı. Hekayədə məkan və zamanın bütün ölçülərinin bir nöqtədə birləşdiyi sehrli fenomen - Alef haqqında danışılır. Alef - hekayədə bir zirzəminin küncündə gizlənən və bütün kainatın bir an içində müşahidə edilə bildiyi metafizik obyekt kimi təsvir olunur. Alef ideyası Borxesin insanın bilgi, şüur və varoluş haqqındakı suallarını metaforalarla ifadə etməsi üçün əvəzolunmaz bir rəmzdir... Bu konsept fəlsəfi baxımdan məkan və zamanın təkamülü, insan idrakının hədləri və sonsuzluq anlayışını özündə ehtiva edir. Alef təkcə bir nöqtə deyil; o, hər şeyin eyni zamanda mövcud olduğu "təcrübə mərkəzi"dir. Burada insan şüuru kainatın ağlagəlməz, gözişləməz ənginliyinə şahid olur, lakin bu genişliyi anlamaqda aciz qalır.

"Alef" hekayəsi Borxesin dil və üslub baxımından zəngin, mürəkkəb və müxtəlif qatlarda işlənmiş əsərlərindəndir. "Borxesanə sehr"ə daha yaxşı vaqif ola bilmək üçün hekayəni türkcədə Fatma Akersonun, rus dilində Yevgeniya Lısenkonun tərcüməsində oxuyub müqayisə etmək fürsətim oldu və xüsusilə rus dilinə tərcümənin keyfiyyətini bəyəndim.

İnsafən, əsərin dilimizə "Əlif" adı ilə edilmiş tərcüməsini də, bəzi dil və üslub xətalarını çıxmaq şərtilə, qənaətbəxş saymaq olar. Yeri gəlmişkən, bir haşiyə çıxıb əsərin orijinaldakı "Alef" adının dilimizdə "Əlif"lə əvəzlənməsini doğru hesab etmirəm. İbrani əlifbasının ilk hərfini bildirməklə yanaşı, yəhudi Kabalasında ezoterik "bütün sayların sonsuzluğunu özündə birləşdirən ilkin başlanğıc" anlamındakı "Alef"in tərcümədə olduğu kimi saxlanması lazım idi. Aydındır, "əlif" fonetik olaraq Azərbaycan dilinə uyğunluq məqsədilə istifadə edilib, amma Borxesdə "Alef" həm də xüsusi bir isim olaraq daha çox fəlsəfi və simvolik bir məna daşıyır. "Əlif" sözü isə Azərbaycan dilində ümumi olaraq ərəb əlifbasından hərf kimi qəbul edilir (klassik ədəbiyyatdakı "əlif"in müxtəlif sufistik anlamlarını nəzərdə tutmuram hazırkı kontekstdə). Qısaca, "Alef" adı bu kontekstdə dilimizə "Əlif" olaraq tərcümə edilməməliydi, çünki buradakı məxsusi anlam və fəlsəfi mənanın qorunması önəmlidir.

...Borxesin yaradıcılığına xas dəqiqlik, metaforalar və simvolizmlə birləşən üslubun intellektual və fəlsəfi dünyagörüşü ilə birgə tandemi "Alef"i daha da dolğunlaşdırıb. Yazıçının hərtərəfli mütaliəsi hər cümlədən fəlsəfi mətnlərə göndərmələr və bol sitatlar vasitəsilə xoş rayihə kimi yayılaraq həm də onun intellektual əzəmətini göstərir. Borxes "Alef"də təhkiyəçi müəllif olmaqdan əlavə, əsərin qəhrəmanı rolunda qarşımıza çıxır. "Alef" nöqtəsini müşahidə etməsi ona dünyadakı hər şeyi görmə imkanı verir, amma bu zaman sanki öz məkanının və zamanının oriyentasiyasını itirir. "Bütün kainat"ı gördüyü halda, özünün kənarda qalması bir paradoks yaradır: İştirakçı - Müşahidəçi... Borxes zaman və məkanın qeyri-müəyyənliyini vurğulayan bu tərslik və ironiya ilə hazırlıqlı oxucuya fərqli fəlsəfi təcrübə təqdim edir. Hekayə dilinin gözlənilməz konstruktivizmi heyranedicidir. Bir-birini izləyən, bəzən iç-içə keçib mətnin təbəqələnməsinə şərait yaradan cümlələr sanki səliqəli, gözoxşayan, mükəmməl strukturla hekayəyə "qutu kimi oturub". Bu üslub həm hər cümlənin, həm də ümumi mətnin strukturu içində çoxsaylı məna qatları yaradıb.

Borxes "Alef"də hazırlıqlı oxucunu yalnız süjetlə deyil, həm də təsvir etdiyi mənzərələrin sirli gözəlliyi ilə bədii ədəbiyyatın misilsiz qüdrəti qarşısında təzimə vadar edir. Alefə baxış səhnəsinin təfərrüatlı təsviri Borxesin misilsiz bədii ustalığını nümayiş etdirir. O, sözlərlə bir tablo yaradır: oxucu Alefi həm görür, həm dədərindən hiss edir. Borxesin yazı məharəti təsəvvür gücümüzü hərəkətə gətirir və bizi real dünyadan qoparıb mistik bir səyahətə aparır. Məhz o təsvirdə Borxesvari magik realizmin qarşısıalınmaz cazibəsinin meditativ orbitindən çıxmaq olmur...

O, dil imkanları ilə mürəkkəb fəlsəfi anlayışları, paradoksları və metaforaları birləşdirərək oxucuya içində "hər şey" və "heç nə"yin yer aldığı zəngin Alef nöqtəsi açır. Borxesin məşhur "hər şey və heç nə" ekzistensialist kimlik paradoksunu bir daha görürük: Alef həm "hər şey" ehtişamı ilə var, həm də "heç nə" simvolikası kimi yoxdur...

Borxesin Alefi Platon fəlsəfəsindəki ideyalar aləmini - fiziki dünyanın fövqündə yerləşən, əbədi və dəyişməz həqiqətlərin olduğu metafizik məkanı yada salır. Platonun fikrincə, bu dünyadakı hər bir obyekt və hadisə yalnız ideyalar aləminin mükəmməl formalarının əksidir. Eyni şəkildə, Alef də adi məkan və zaman ölçülərinin fövqündə dayanır, fiziki dünya onun içində cəmləşir. Hər iki halda həqiqət mövcuddur, lakin onu qavramaq üçün insanın düşüncə çərçivəsi kifayət etmir. Platonun fikrincə, insan ruhu ideyalar aləmini bir vaxtlar tanıyıb və bilik bu unudulmuş həqiqətləri xatırlamaq prosesidir. Borxesin Alefinə baxmaq insan ruhunun hər şeyi bir anda xatırlaması ilə eyniləşdirilə bilər. Burada Borxesin insan idrakına skeptik yanaşması və Platonun mütləq bilik idealı arasında müəyyən fərq nəzərə çarpsa da, "Alef" hekayəsi Platonun fəlsəfi konsepsiyaları ilə gözəl "dialoqa girir". Alef Platonun ideyalar aləminin modern və mistik bir təzahürü kimi görünür.

Alef fenomeni insan şüurunun qeyri-adi, məntiqlə izah olunması mümkünsüz təcrübələr yaşadığı vəziyyətlərə işarə edir. Hekayədəki qəhrəmanın Alefi izləyərkən yaşadığı heyrət transsendent bir hal kimi izah olunur. Bu, insan beyninin sonsuzluğu anlamaqda çətinlik çəkdiyi zaman verdiyi təbii reaksiyanın təsviridir.

Yunqun "kollektiv şüuraltı" nəzəriyyəsinə əsaslansaq, Alef həm də insan şüurunun simvolik kainatını təmsil edir: burada həm universal rəmzlər, həm də fərdi şüuraltı xatirələr mövcuddur. Alef həm də insanın daxili mənliyinə - şüuraltına səyahətidir. Şüuraltı seanslarında da insan qaranlıq təhtəlşüur zirzəmisinə qorxmadan enib yaraları və qorxuları ilə üzləşə biləndə (əslində öz Alefi ilə qarşılaşaraq) şəfalanır... Hamımız bir Alefin (alovun da demək olar...) içindəyik, eyni zamanda hər insanın bütöv Alef içində də öz fərdi Alefi var: xatirələr, arzular, gözləntilər, ümidlər və təcrübələrin bir nöqtədə toplandığı daxili dünya! Alefi vəcd içində seyr o daxili dünyanın kəşf olunmasıdır. Lakin bu kəşf həm də insanın öz məhdudiyyətlərini dərk etməsidir. Bu paradoksal vəziyyət insan təbiətinin əsas xüsusiyyətlərindən biridir.

"Alef" hekayəsində İlahi yaddaşın iki üzü - "Akaşa" və "Lövhi-məfhuz" anlayışlarının paralelliyi də sezilir. Akaşa - qədim hind fəlsəfəsində kainatın yaddaşı, bütün hadisələrin, fikirlərin və enerjilərin qeydə alındığı metafizik sahə, Lövhi-məhfuz isə İslam sufizmində Allahın iradəsi ilə kainatın keçmiş, indi və gələcək bütün hadisələrinin, olmuş və olacaqların yazıldığı ilahi lövhədir. Hər iki konsept sonsuz, əbədi ilahi bilgi mənbəyini təmsil edir və insan idrakının fövqündə dayanır. "Alef"də də kiçicik bir kürəcikdə görünənlər Akaşadakı və Lövhi-məhfuzdakı kimi məkanın və zamanın fövqündə, hər şeyin bir anda eyni nöqtədə mövcud olması təcrübəsinin inanılmaz bədii ifadəsidir...

Burada "kvant sicili" nəzəriyyəsi də əsərin ruhuna ahəstəcə nüfuz edib. Alefdə kvant superpozisiyasına bənzər vəziyyət - bütün mümkün hadisələr bir aradadır, yəni zaman və məkan bir-birindən ayrı deyil, əksinə, bütün kainatın hər bir anı eyni (zam)anda mövcuddur.

Borxes"Alef"də həm də ölümü "işləyib": ölüm insan təcrübəsinin ayrılmaz bir parçasıdır, hər şey təkrarlanaraq sonsuz şəkildə var olur, beləliklə, müəllif ölümün əslində düşünüldüyü qədər qorxulu olmadığına inandırır.

Borxes real və xəyali olan arasındakı sərhədi elə ustalıqla silir ki, magiya içində reallıqda, gerçəkliyin özəyində isə sehrə bürünmüş hiss edirsən. Bu aspektdən - Borxesin düşüncə aləminin bədii sehri əslində elə real dünyanın gerçəkliyi kimi qavranılır. Çünki Borxesin anlatdığı hər şey insan düşüncəsinin bəhrəsidir və insana aid olan hər şey bütün sehri ilə elə gerçəkliyin özüdür...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Yanvar 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see150

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see143

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see138

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see133

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see132

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see127

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see127

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see123

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see122

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see121

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see120

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see119

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see117

Mourinyo yenidən Realı çalışdıra bilər

14 Aprel 2025 13:31see115

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see113

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see113

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see113

Şəhriyar Əsgərov: Hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı

14 Aprel 2025 16:40see110

Çin ABŞ a nadir torpaq metallarının ixracını dayandırıb

14 Aprel 2025 12:15see108

Goldman neft qiymətlərinin 2026 cı ildə daha da düşəcəyini gözləyir

14 Aprel 2025 11:53see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri