Icma.az
close
up
RU
“Sevgi vardır...” Sevinc Mürvətqızı yazır

“Sevgi vardır...” Sevinc Mürvətqızı yazır

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Sevinc MÜRVƏTQIZI

Əsrlər boyu şairlərin qələmində qutsallaşdırılıb az qala Yaradana paralel ucaldılan, lakin bəzən həyatın gedişatında sarsılan əzəli-əbədi bir anlayış hallanır: Sevgi... Sevginin... Sevgiyə... İnsanın duyğu durumundan asılı olaraq zaman-zaman ümidin, var olmağın, yaşam ehtirasının, həyata tutun(l)mağın, tamamlanmağın, mifin, illüziyanın başqa adı... Uzaqdan poetik baxsan - əfsanəvi ruh haləti, yaxından tibbi-bioloji təhlil etsən, hər canlı varlıq kimi ömrü olan kimyəvi düzən... Bəs əsl(ində) sevgi hansıdır? Məsələ də sualın bu cür səhv qoyuluşundadır. Sevgi məhz - arıtlamadan, didikləmədən, göyün üzünə qaldırıb ilahiləşdirmədən, yerin dibinə soxub çirkinləşdirmədən - olduğu halıyla - işığı və qaranlığı ilə tam olaraq qəbul ediləsi canlı məfhumdur.

Unudulmaz nakam şairimiz Mikayıl Müşfiq “Sevgilər...”in özünə, özülünə bütün bu duyğuları cəmləyib daxil edərək könül üçün rasional “sevgi resepti” yazıb. Reseptdə isə acı-zəqqum dərmanlar da olur, şirin siroplar da, sadəcə plasebo effektli təsirsiz həblər də... Kimə hansı xoşdursa, onsuz da özünü sağaltmağa oradan başlayır. Şeirin başlanğıcı romantikdir, ümidvericidir, ilk misrada ilkinliyin gözəlliyi verilsə də, şair oxucunu xəyal dünyasında uyutmur:

Sevgi vardır ki, dodaqlarda açar güllərini,

Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir.

Sevginin dualist mahiyyətini elə ilk misradan xatırladır ki, hissin qanadlarında “göylərə uçanların” yerə çırpılmasının çox da faciəvi nəticələri olmasın. Bu təzadlı ikilikdə - sevginin həm ruhu sevindirən, həm də yadlaşan halı ilə dodaqlarda gül kimi açan öpüşlərdən qar soyuqluğuna keçidi beləcə sürətli ola bilir - aralarında cəmi bir misralıq məsafə ilə...

Amma Müşfiqin gənc qəlbi o bir misralıq məsafəyə belə dözə bilmir... Çünki insan mahiyyəti etibarilə sevildiyi-sayıldığı, könlünün dəyərli, xətrinin əziz tutulduğu, ruhunun oxşandığı yerə meyl edir:

Sevgi vardır, oxudur qəlbdə bülbüllərini,

Böylə bir sevgi mənim ruhumu oxşar kimidir.

Sakitcə insanın içinə axan, haray-həşir salmadan könlündə şərqilər oxuda bilən sevgi daxildən gələn ahənglə ruhun musiqisinə çevrilir. Bu cür sevgi nə əlavə bəzəkdir, nə də iztirab - həyatın sakit, təbii axışında insanı özüylə barışdıran, özünü sevdirən sükunətdir. Belə bir ifadə var, gerçək sevgili iki dəfə aşiq edir: əvvəlcə öz varlığına, sonra sənin özünün varlığına... Məhz belə sevgi şairin yazdığı kimi, ruhani bir toxunuşdur. Bu, yalnız sevilmək hissi deyil, həm də sevgidə özünü tanımaq, özünü tapmaq halıdır. Bəzən sevgi kiməsə nəyisə sübut etmədən, sadəcə o duyğunu gözləntisiz, qarşılıqsız, sakitcə bölüşmə, olduğu kimi varolma, olduğu kimi özünü ifadə etmə halətidir. Amma bəzən də:

Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür,

Ona yaxlaşmayalım, çünki o, zülmətlə dolu...

Burada isə artıq başqa bir aləmə bədii keçid başlanır. Bu misralar uzaqdan baxıldıqda işıq kimi görünən, amma içində həm də qaranlığı daşıyan, zahiri parıltısının altındakı uçurumu gizlədən sevgilərin ifadəsidir. Parıltı, cazibə aldadır, yaxınlaşdıqca zülmətin boşluğuna yuvarlanmaq ehtimalı da var. Bununla da şair sevginin həqiqətinə çatmaq üçün illüziyalardan sıyrılmaq lazım olduğunu xatırladır:

Sevgi vardır ki, düşür yerlərə, daim sürünür,

Öylə bir sevgi də min dürlü xəyanətlə dolu.

Sevgi təkcə qanadlanmaq, qanadlandırmaq deyil ki... Bəzən o, insanın zəifliyində gizlənir, bəzən səssiz məğlubiyyətlərdə öz yerini tapır. Elə buna görə də sevgini yalnız bir sifətlə təsvir etmək mümkün deyil - o, həm fərəhin, həm də sarsıntının dilidir. Gah saf nəğmə, gah kədərli ağıdır. Və insan hansı sevgini yaşayırsa, o sevgidə bir az da özünü yaşadır, özünü tapır, özünü itirir... Gerçəyin gözünün içinə düz baxa biləndə, sevgi tərəzisinin əyilən tərəfində daim yalnız özünü görəndə isə sevsə belə, itirdiyi yerdən özünü tapıb götürüb gedir. Çünki bəzən sevgi bitməsə də, səbrin bitdiyi məqamlar olur. O məqamda ən çılğın ehtiraslar, ən dərin tutqular da arxa plana atılır. Sevilməyin vazkeçilməz dadını biləndə bəzən birtərəfli sevmək yetmir. Və Müşfiqin də yazdığı kimi, xəyanət “dürlü-dürlü”dür. Xəyanət təkcə başqası ilə duyğu- vücud bölüşməsi deyil, bəzən (və daha çox) insan özünə səssiz xəyanət edir, öz dəyərini görməzdən gəlir, özünü qorumağı unudur. Amma sevginin də sirli paradoksallığı burdadır: yadlara dərs keçən ustadkən doğma sevgilinin qarşısında mövzunu yanlış yerdən xatırlayan, suallara səhv cavab verən tələbəyə çevrilmək... Amma bu da həyatdır. Hər sevgi ideal qiyafəsində göylərdə yaşanmır. Hər eşq nağıl deyil, göydən bəzən başına üç alma əvəzinə daş düşə bilir. Bəzən insan keçmişin dadlı illüziyası, yaddaşın dərin qatlarında yaşayan xatirələrin əks-sədası, bəzən də indinin anlıq ehtiras impulsları ilə sevginin hər halına bürünə bilir və hər kəs mahiyyəti boyda sevir. Bu qınanılası durum deyil, çünki sevgini qınayan onunla sınanmamış ölmür. Axı sevgi yalnız ucaltmaz, o həm də yıxılar, sınar, bəzən sındırar. Hər sevgidə bir az sarsılmaq, bəzən də səssizcə məğlub olmaq, təslim olub sakitcə kənara çəkilmək var. Amma məhz elə bu halları ilə sevgi insanın nə qədər insan ola bildiyini, gah nə qədər möhkəm və gah da necə zəif olduğunu göstərən ruhunun, vicdanının və ürəyinin güzgüsünə çevrilir. Sevgidə də bircə yarpaq belə Yaradanın izni olmadan düşmür... Ona görə də Müşfiqin bu misraları təkcə poeziya deyil, real həyatın səssiz izahıdır.

Sevgi vardır ki, bahardan bizə güllər gətirir

İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar.

Sevgi yalnız duyğuların şərbəti deyil ki, son qurtumunacan başına çəkib “məst olub dünyadan keçəsən”, sevgi bəzən də üzüyün qaşında “dar gün” üçün gizlədilən zəhərdir. Burada sevgi artıq bədii obrazını soyunur, çılpaq faciəyə çevrilir. Şair zəqqum sevgilərdən bəhs edir - ilk baxışda sehrli, amma mahiyyətcə dağıdıcı...

“Qəlbin qanaması” - necə işıqlı-müşfiqanə, dərin və təsirli ifadədir! Həyatdakı hər kəsin və hər şeyin hələ də yaralaya bildiyi bir idrak- şüur səviyyəsində olanlar üçün “qəlbin qanaması” - ağrıların ən dözülməzidir. Bu dözülməzlikdə mənəvi, emosional yaralanma da var, xəyal qırıqlığı, güvənin zədələnməsi və aldanma da. Elə də olsa, belə də - qan qəlbin içindən keçib gedir fiziki mənada, amma bir də qəlbin içindən keçənlərin onu qanatması var. Bu ağrı həm də ona görə ağırdır ki, kənardan görünmür. Bu, “görünməyən” dərdlərin metaforasıdır.

Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar...

Burada insan ruhunun ziddiyyətli, mürəkkəb duyğularından biri - sevginin riyakar tərəfi - həm cazibədarlığı, həm də təhlükəsi vurğulanır. Üzdən xoş, işıqlı, bəzən hətta aldadıcı parlaqlığı olan sevgi ağrıda bilər, sarsıda bilər, insanı içdən yeyə bilər. Onda artıq Yar Yaraya çevrilir... Sevgi bir tərəfdən, insana ən gözəl duyğuları yaşadır, digər tərəfdən isə onun zəif nöqtəsini tapıb orada gizli yara açır. Belə sevgi insanı gücləndirməyə də, sınaqdan keçməyə də məhkum edir - bu, həyatın amansız reallığının, insan qəlbinin mürəkkəb labirintinin təzahürüdür. Ona görə də, müəllif “üzü xoş, daxili qorxulu yar”ı təkcə şirin nağıl kimi yox, həm də acı gerçəklik kimi qəbul etməyə çağırır.

Sevgi vardır bizə çox dadlı əməllər gətirir,

Fəqət həpsində qaranlıq gecələr kölgəsi var.

Bu misralarda isə sevgi bir tamaşadır, səhnədə göz önündə gözəllik, arxa fonda qaranlıq. Sevgi özlüyündə təzad daşıyır: həm mələklərin nəğməsi, həm şeytanın pıçıltısı ola bilər. Sevginin gerçəkliyi, vazkeçilməzliyi də bunda(n)dır. Şair şeirin sonuna bu həqiqəti möhürləyir:

Sevgilərdə qarışıq bilməcələr kölgəsi var.

Bu şeir bir çağırışdır: sevgini tanı, anla, ayırd et. Onu nə yerdə, nə göydə axtarma - içindəki aydınlıq və qaranlıqla üzləş. Hər sevgi bir güzgüdür, hər güzgü bir imtahandır. Şair bu güzgüdə bizə təkcə özümüzü yox, sevginin özünü də bütün simalarıyla göstərir. Bu şeir qəlbi oxşamaq üçün deyil - oyandırmaq üçündür. Sevginin mifini dağıtmaq, bəzən də eşq adına sırınan keçici ehtirasın saxta pərdəsini cırmaq üçündür. Burada sevgi romantik nağıl deyil, dərs alınmalı novelladır, sevginin gözüyumulu şəkildə idealizasiyasına etirazdır. Müşfiqin “Sevgilər”ində mifdən gerçəyə sərt keçid var. O, sevgini nə inkar edir, nə də onu bütləşdirir. Sevgini bəzən süni olaraq ucaltdığımız yerdən endirib ona realistik forma və məzmun verir. Burada sevginin tərənnümü də var, deşifrə edilməsi də. Misralarda sevgiyə Nitsşevari üsyankar poetik qarşıdurma ruhu da sezilir. Müşfiqin “Sevgilər”i təkcə gözəllik yox, təzadların və faciənin qovşağıdır. Ən ali hiss belə “zəhərlənə” bilər. Bu, insanın özü ilə olan ziddiyyətini də göstərir. Bütün hallarda sevgi hakimi -mütləq deyil, o, xilaskar olduğu kimi, həm də dağıdıcı bir gücə çevrilə bilər. Bu dualizm - sevginin əsl mahiyyətidir və bəşər yaranandan bəri insanın imtahanıdır... Şeirlərində daim ilham dolu romantikanın zirvələrində dolaşan Müşfiq bu şeirində realizmin ətəklərində sevginin varlığının gerçək mahiyyətini açır.

lll

Yeniyetməliyini, gəncliyini ötən əsrin sonlarında qoyub gələnlərin yaxşı yadında olar: o vaxtlar vərəqləri rəngli-boyalı, səhifələrinin aralarında şəkillər və qurudulmuş çiçəklərlə dolu “Xatirə dəftərləri” vardı... O köhnə dəftərlərdə ilk gəncliyin sadəlövhlüyü, səmimi utancaqlığı ilə yazılan sualların başında “Sevgi varmı?” gələrdi. Qəlbimiz həyəcandan çırpına-çırpına, əlimiz titrəyə-titrəyə oraya konkret cavab əvəzinə elə əfsanəvi, qarışıq, sirli, qeyri-müəyyən, bəzən də candərdi mətləblər yazardıq ki, heç kim heç nə anlaya bilmirdi, hünərin vardı o xaotikliyin içində başa düş görək, sevgi varmı?.. Dumduru, aydın ruhlu Müşfiqin özü kimi unudulmaz nəğməyə dönən bu şeiri o sadə sualın gözəl, təzadlı və orijinal cavabı kimi yaddaşımızda daim yaşamağa davam edəcək: Sevgi vardır...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://525.az
archiveBu xəbər 05 İyun 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ankara-Şam reysləri başlayır. İlk uçuş 17 iyun çərşənbə axşamı günü olacaq

06 İyun 2025 07:42see293

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin etmək iqtidarındadır...

06 İyun 2025 00:17see123

Qurban bayramı: Səxavət, yardımlaşma və mənəvi təmizlənmə rəmzi

06 İyun 2025 07:31see123

Həcc ziyarətinə 2 milyondan çox müsəlman gedib

06 İyun 2025 12:32see119

“Real” 17 yaşlı istedadı transfer etdi

05 İyun 2025 19:13see119

Rusiya Nigeriya matçı azərbaycanlı hakimə həvalə olundu

06 İyun 2025 03:57see119

Daha bir sual abituriyentlərin xeyrinə hesablanacaq DİM qərar verdi

05 İyun 2025 19:42see117

Xronika: Paşinyan seçkidə əlavə 10 faiz səsi Qərbi azərbaycanlılardan toplamağa çalışır?

05 İyun 2025 23:17see116

Bu liseyin şagirdi də ən yüksək bal topladı FOTO

06 İyun 2025 03:15see116

Azərbaycan dilində şeir oxuyan Pezeşkian Ermənistanda nə deyəcək? KONKRET

06 İyun 2025 15:05see115

Paşinyanla Kilsə arasında açıq qarşıdurma: Ermənistan daxilində yeni siyasi cəbhə

05 İyun 2025 14:34see113

Azərbaycanın təbii qazını Bolqarıstana nəql edən IGB nin tədarük həcmi açıqlanıb

06 İyun 2025 22:03see113

Ukrayna ordusu Rusiya qırıcılarının yerləşdiyi iki aerodromu vurdu

06 İyun 2025 12:23see113

Lebedev: MDB dövlət başçılarının görüşü oktyabrın 10 da Düşənbədə keçiriləcək

05 İyun 2025 19:02see112

İnfeksionist: A qrip virusları yüksək mutasiya qabiliyyətinə malikdir...

05 İyun 2025 14:35see112

Romalıların sabiq çalışdırıcısı Turin klubunda RƏSMİ

05 İyun 2025 19:17see112

“Narkotik: yeni çağırış və təhlükələr!” layihəsinə start verilib

05 İyun 2025 19:03see112

Rusiyada erməniəsilli blogerə qarşı “ekstremizm” ittihamı irəli sürülüb

05 İyun 2025 17:14see112

Dəmir yolunda partlayış lokomotiv relsdən çıxdı

06 İyun 2025 11:37see111

Putin Rusiyadakı müsəlmanlara jest etdi

06 İyun 2025 11:10see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri