Adəmin aldanışı Sevinc Mürvətqızı yazır
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Sevinc MÜRVƏTQIZI
Söz bəzən kiçicik buğda dənəsi kimi könül torpağına düşür. İlk baxışda sadə görünsə də, mayasında dünyalıq sürgünün sirrini daşıya bilər. Adəm bir buğdaya (qadağan olunmuş nemətə) aldanıb cənnətdən məcburi ayrılmalı olub, ondan sonra gələnlər də buğda xalın əsiri olub bəlaya, zillətli "sürgün"ə könüllü boyun əyiblər. Buğdanı cənnətdən qoparan qüdrəti gözəlin yanağındakı xal şəklində qayıdıb yer üzünə - yenə həminki sınaq, yenə eyni aldanış...
Klassik ədəbiyyatımızdakı ustadların - Seyid Əzim Şirvaninin və Mirzə Ələkbər Sabirin qələmində buğda buğda olmaqdan çıxıb - eşqin, aldanmanın və ilahi qovulmanın rəmzinə çevrilib. Bu, sadəcə Adəmə aid deyil, onun soyundan gələn hər kəsə "yoluxub". Adəmin aldanışı sadəcə buğda dənəsinə meyilli deyildi, insan oğlunun ilk yanılqısı, ilahi eşqin ilk sirli - kədərli sınağı idi ki, özündən sonrakılara da bir mistik miras kimi ötürülüb. Hər insanın ağrısında bir zamanlar Adəmin çəkdiyi o acının izləri qalmaqdadır.
Seyid Əzimin "Dil ki şəmi-ruyinə bir dilbərin pərvanədir" mətləli qəzəli ilə Sabirin "Qoyma gələ saqiya, zahidi meyxanayə" başlanğıclı qəzəli ilk baxışda fərqli mövzulardan bəhs edirmiş kimi görünsə də, hər ikisində bir ortaq məqam var: Adəmin aldanmasının təbii davamı və tarixin təkrarlanmasından yaranan duyğuların təsviri... Başlanğıclar fərqlidir, fəqət sonra yol eyni "qəsəbəyə" doğru aparır. Seyid Əzim yazır:
Dil ki şəmi-ruyinə bir dilbərin pərvanədir,
Yansa ol şəmin odundan, bilməzəm pərva nədir.
Qorxu-hürkü bilmədən gözəlin şam kimi parlaq çöhrəsinə pərvanə olmağa çoxdan hazırdır. Pərva (qorxu) sözü çoxdan onun lüğətindən çıxıb. Sabirin qəzəlində oxşar motiv isə belə işlənib:
Şəmi də yaxmaqdadır atəşi-sevdayi-eşq,
Şöleyi-pərtövfüruz xasmı pərvanəyə?
Şamın yanması da, işıq saçması eşqdən, sevdadandır, şama xas xüsusiyyətdir. Pərvanənin işıq saçması mümkündürmü ki? Klassik ədəbiyyatın "şam-pərvanə" cütlüyündən söz açan Sabir pərvanənin fədakarlığını deyil, şamın yanmasını mərifət kimi təqdim edir əslində. Sabirə görə, gerçək fəzilət yananda deyil, "yandırandadır"... Seyid Əzim də bu fəziləti bildiyindən şamın oduna yanmağa razıdır. Adəm də tarixin başlanğıcındaca Həvvaya inanıb dirigözlü oda atmışdı özünü...
Bu "yanıb-tutuşmalar"ın "dəliliyə" qədər yolu olur adətən. Seyid Əzimə görə, könül zülfün zəncirinə bağlanıbsa, qəlb əldən gedibsə, əl-ayağın zəncirə vurulmasının bir önəmi qalmır:
Eybi yox, bağlansa könlüm, ey pərivəş, zülfüvə,
Layiqi-zəncir olur hər kimsə kim, divanədir.
Şairin özünəbəraəti var - divanə olan hər kəs bu cür "zəncir"ə layiqdir. Zülfə bağlanıb gözəlin cazibəsinə düşmək - aşiqliyin şərəfidir. Zəncir burada sevgiliyə əsir olmaqdır, amma bu əsirlikdən qaçmağı düşünən yoxdur... Əksinə, bu "zəncir" ləyaqətdir, seçilmişlər üçündür. Seyid Əzimin aşiqi məmnundur, halından razıdır, öz ilahi eşq divanəliyində məcnunanə ekstaz yaşayır...
Sabirin beytindəki "paralel"də isə zülfdən əli üzülən aşiqin küskünlüyü var. Seyid Əzimin beytindəki seçilmişlər məqamında Sabirin aşiq qəhrəmanı qərar tuta bilmir, onun divanəliyi ancaq dərdini danışmaqla məhdudlaşır:
Şimdi ki, üzdün əlin zülfi-pərişandən,
Barı gəl izhar qıl dərdi-dilin şanəyə.
Əli yardan üzülüb, ümidləri sönüb. Zülfün zəncirinə layiq görülməyib, amma o da mübtəladır - zülmdən zövq alınan mərhələdə şanəylə dərdləşəsi hala düşüb. Tipik, klassik Şərq aşiqi - şikayətlənən, sızıldayan... Əslində bu dərd izharı Sabirin ilk beytindən başlanmışdı, şikayətlər içində özünü meyxana künclərinə vuran aşiq sevda sərxoşluğuna elə qərq olub ki, riyakar zahid(lər)i də olduğu məkanda istəmir... Çünki bilir zahidlərin saxta enerjisi gerçək sevdaların qənimidir:
Qoyma gələ, saqiya, zahidi meyxanəyə,
Dönməyə meyxanəmiz məscidi-viranəyə...
Ümumiyyətlə, "pərişan zülf" məsələsi klassik Şərq poeziyasında o qədər ciddi, vazkeçilməz, hətta həyati nəsnədir ki, Sabir onun cazibəsindən digər beytdə də qurtulmağı bacarmayıb:
Urma gireh zülfünə, eylə həzər, ey sənəm!
Oxşamasın şəkldə səbheyi-səddanəyə.
...O saçlar məhz dağınıq olmalıdır, hörülüb düyünləndisə, yüz muncuqlu zikr təsbehinə bənzəyəcək. Gerçək sevgi hissindən ilahi eşqə keçid anında dayanan Sabirin bu ilahi gözəllik qarşısında niyyəti zikr çəkmək deyil, zövqünü nağd istəyir - o dağınıqlıqdan gözü-könlü bayram etmək həvəsindədir. O hörüyün hər düyününü də təsbehlə tək-tək zikr çəkər kimi açmaqdır arzu-istəyi...
Sabir zahidi görmək istəmədiyini konkret dilə gətirir, Seyid Əzim isə zahidin riyakarlığını və eşq sərxoşluğuna istehza edəcəyini bildiyi üçün özünü bəribaşdan səmimi şəkildə "sığortalayır":
Məsti-mey gördükdə zahid, tən qılma çox mənə
Kim, əzəldən sərneviştim guşeyi-meyxanədir.
Sabirdə "zahid-meyxana" məsələsi daha realistdir, Seyid Əzimin beytində isə ilahi eşq havası əsir. O zahidə "əzəli" sərxoşluğunu, yerinin-yurdunun elə əvvəldən meyxana guşəsi olduğunu xatırladır.
Hər iki şairin qəzəlində məna paralelliyi digər beytlərdə də davam edir. Hər iki müəllifdə eşqindən "kor olan" aşiqin halı fərqli təsvir vasitələri ilə, amma bənzər məzmunda verilib. Seyid Əzim daha çox ilahi eşqin yolunda olduğuna görə sevgidən yaranan divanəliyi də, könlünün viranəliyi də şükür səbəbidir:
Xali-olmaz bir zaman çeşmin xəyalından könül,
Şükr, olub mərdümnişin, hərçənd kim viranədir.
Beytə mistik-irfani pəncərədən nəzər salsaq, klassik şeirdə könül həm eşqin məkanıdır, həm də ilahi təcəllinin evi. Bu beytdə də "viranə" könül həm yerlə bir olmuş eşq abidəsidir, digər tərəfdən isə sevgilinin gözlərinin xəyalı ilə onun gözündə yüksəlib. Seyid Əzim eşqin paradoksal mahiyyətini açıb: aşiq xarabalıq kimi darmadağındır, amma eyni zamanda sevgilinin gözündə ən qiymətli yerdədir. Elə ən gözəl, ən ali məqam da kiminsə gözünün əzizi olmaq deyilmi? Gözdən düşənlərin "tikəsinin ələ gəlmədiyini" yaşadığımız ömür boyunca görmürükmü? Həyatın qara-boz çalarlarını rəngləndirib ömrü daha yaşanmalı edən sevdiyinin gözündə-könlündə olmaq deyilmi?! Həvvanın gözündən düşməmək üçün Allahın qadağasını belə pozmağı gözünün altına alan Adəmin də hekayəsinin başqa çalarda xatırlanmasıdır bu... Bu beytlərdə dolayı yolla aşiq Adəmin Həvvaya uyub cənnətdən çıxmağa hazır olduğu mətnaltı mənada verilib. Kişi sevdiyi qadına gözüyumulu inanır, hətta məkrini sezsə də... Allahın cənnətindən aşağıya - yer üzünə atıldıqdan sonra viranə olsa da, onun zənnincə, ən önəmlisi qadınının sözünə inanıb gözündə yüksəkdə qalması idi... Adəmin fikrincə, o yüksəklikdə qalmaq üçün cənnətin ucalığından da enməyə dəyərmiş yəqin. Belə çıxır ki, sevgilinin gözündəki məqam cənnətdən daha qiymətli imiş yəni?! Sabirdə isə o cünunluq sağalmaz həddə çatıb, heç sehr-tilsim də təsir edəsi kimi deyil:
Hirz ilə, əfsun ilə olmaz ilaci-cünun,
Eşq sözündən səva söz demə divanəyə...
Seyid Əzimdə könül sevgilinin xəyalından ayrı ola bilməz, Sabirdə aşiq eşq sözündən savayı heç nəyi anlamır... Bu iki beytdə görünüşcə fərqli obrazlardan istifadə edilsə də, məna eyni ruhi təməl üzərində dayanıb. Seyid Əzim eşqin könüldə yaratdığı xəyal dünyasını təsvir edir - könül viran olsa da, sevgilinin göz xəyalı ilə dolu olduğu üçün şükür edilməyə layiq vəziyyətdir. Sabir isə aşiqliyin dəlilik halını azad və müqəddəs bir məqam kimi verir - bu halı müalicə etməyə çalışmağın özü yanlışdır, çünki bu hal insanı Allaha yaxınlaşdıran divanəlikdir. Hər iki şairin beytlərində eşq halı bir "dərd" kimi görünür, amma bu dərd fiziki-maddi dərddən fərqli olaraq, insanı yandırıb-yaxmır, əksinə, onu saflaşdırır, ucaldır...
Hər iki şairin qəzəlinin zirvəsi isə yarın "gəndümi-xal"ından (buğda xalı) bəhs edilən beytlərdir. Zirvədir, həm də ona görə ki, insanlığın tarixinə qara xal kimi düşən ilkin "günah" "bir danə" simvolizmi ilə möhtəşəm bədii sənətkarlıqla təsvir edilib. Hər iki şairdə "buğda yeyib cənnətdən çıxan Adəm"in taleyini təkrarlamamaq üçün ehtiyat, çəkingənlik beytlərdə öz əksini tapıb. Seyid Əzim qəti xəbərdarlıqla özünə də, özündən sonrakılara da xatırladıb:
Gəndümi-xalın görüb aldanma yarın, ey könül,
Bu, bəlayi-Adəmə bais olan bir danədir.
Sabir isə daha yumşaq, ironiya ilə "az qala aldanacağının" ehtimalını yazıb:
Sabir o cənnətrüxün gəndümi-xalın görüb,
Az qalıb Adəm kimi aldana bir danəyə...
Bu şah beytlərdə iki şairin fərqli ruh halı ortaya çıxıb: Burada Seyid Əzim müdrik və sufi ruhlu, könlünün ilahi eşq yolunda yanmasından məmnun bir dərvişdir, Sabir isə realist və tənqidi baxışı ilə yeri gəldikcə, klassik lirikanı ironiyaya çevirərək eşqin cazibəsindəki gerçək təhlükəni açıb göstərir. Hər iki şair öz "birdənə"sinin bir danəsinin oduna düşən Adəmin simasında bəşəri ehtirasın, aldadılmanın, ovsunlanmanın sözlə şəklini çəkib. Biri könlünü təslim edir, digəri könül verərkən şübhəyə düşür... Bəşər tarixinin qədim arxetipik hekayəsini - metafizik yıxılışını, insanın aldanışa meyilli, bəsirətsiz, səbatsız təbiətini Seyid Əzim ciddi, Sabir ironik təqdim edib. Bu qəzəllər - adəmlərin itirdikləri behiştin izinin cənnətüzlü yarın buğda xalında əbədi poetik axtarışı kimi qələmə alınıb. Və hər iki qəzəldə Adəmin taleyindən qaçışının "kodlar"ı yazılsa da, əslində elə məhz Adəmin aqibətini yaşadıqlarının fərqində deyillər. Eşqin ağlı dumanlandıran halı elə budur, "bir danə" təxribat nöqtəsinin vəcdi ilə düşdüyün durumun ciddiliyinin fərqinə vara da bilmirsən. O "danə" təkcə hansısa gözəlin yanağında qərar tutmayıb, Adəmin buğdaya aldanışından bəri ürəyimizə də qara xal düşüb. Bizə necə qəzəllərlə neçə belə bədii "xəbərdarlıq olunsa" da, itirilmiş cənnətin həsrətindən ürəyimizə düşən xal hər qövr elədikcə Adəmli-Həvvalı yenə və yenidən "bir danə"yə aldanmağa məhkumuq.


