525ci qəzet Dəm qazı təhlükəsi
"Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi"... "Dəm qazından zəhərlənən qadın öldü"... "İki nəfər dəm qazından boğularaq ölüb"... Son zamanlar bu kimi xəbərləri demək olar ki, hər gün eşidirik. Qış ayları başlar-başlamaz insanlar arasında dəm qazından boğulma hallarının sayı artmağa başlayıb.
Həkim-terapevt Şəhla Babayevanın sözlərinə görə, dəm qazından boğulma zamanı insanın mərkəzi sinir sistemi iflic ola bilər: "Dəm qazı zəhərlənmələri çox vaxt 1-ci, 2-ci, güclü, orta, zəif dərəcədə olur. İlk növbədə dəm qazından boğulmuş insan bunu hiss etmir. Yüngül formada baş gicəllənməsi olur, ürəkbulanma, yavaş-yavaş halsızlıq yaranır. İlkin simptomlar yaranan kimi insan bunu hiss etmədiyi üçün həmin otaqda qalmaqda davam edir. Sonra keçir ikinci situasiyaya. Burada artıq dəm qazının mərkəzi sinir sisteminə təsiri başlayır və insan artıq huşunu itirir. Belə ki, təzyiq aşağı düşür, nəbz sürətlənir və hətta dezrefleksləri də itir. Bu, artıq ağır formalı dəm qazı ilə zəhərlənmə hesab olunur".
Mütəxəssislər deyir ki, dəm qazından zəhərlənmiş şəxsi ilk növbədə, dəm qazı yayılmış otaqdan çıxarmaq və havası təmiz olan məkana aparmaq, qapını, pəncərəni açaraq otağı havalandırmaq lazımdır. Tənəffüsün normallaşması üçün xəstənin dilini çölə çıxarmaq, ağız boşluğunu təmizləmək vacibdir. Əks halda, xəstə zəhərlənmə deyil, boğulma nəticəsində də həyatını itirə bilər. Həmçinin dəm qazından zəhərlənən xəstə huşunu itirdikdən 2-3 dəqiqə sonra özünə gəlsə də, tibbi müdaxiləni yekunlaşdırmaq olmaz. Təəssüflər olsun ki, zəhərlənmə iki mərhələli ola bilər. Həmin vaxt zəhərlənmə qandan toxumaya, hüceyrə səviyyəsinə keçə bilər. Bu, nevroloji ağırlaşmalara gətirib çıxarar. Ona görə də dəm qazından zəhərlənən xəstə həkim tərəfindən mütləq müayinə olunmalı, lazım gələrsə, xəstəxanaya yerləşdirilməlidir. Ağır zəhərlənmə zamanı beyin hüceyrələri hətta bir neçə saniyə ərzində məhv ola, yəni geridönməz zəhərlənmə baş verə bilər. Dəm qazının konsentrasiyası nisbi orta olarsa, zəhərlənmə 5-10 dəqiqə sonra da müşahidə edilə bilər. Ümumiyyətlə zəhərlənmə dəm qazının qana keçərək oksigen əvəzinə hemoqlobinlə birləşməsi və zəhərləyici maddə əmələ gətirməsi nəticəsində baş verir. Nəticədə, orqanizmdə, xüsusilə də ürək və beyin kimi həssas orqanlarda oksigen çatışmazlığı yaranır. Dəm qazı günlər sonra da ağır fəsadlaşmalara səbəb ola bilər. Xəstənin hətta iflic olmaq, yaddaşını və ya görməsini itirmək təhlükəsi də var. Dəm qazına "görünməz qatil" deyirlər, çünki onun rəngi və qoxusu yoxdur.
Dəm qazı xroniki xəstəliyi olanlara daha tez təsir göstərir. Ürək çatışmazlığı, beyin xəstəlikləri olanlar, hipertoniyadan əziyyət çəkənlər dəm qazı təhlükəsi ilə daha çox üz-üzədirlər.
"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, havaların soyuması ilə əlaqədar olaraq dəm qazından zəhərlənmələrlə bağlı məlumatlar daxil olmaqdadır. Qış fəsli ilə əlaqədar təbii qaza olan tələbat artıb. Ancaq normativ tələblərə əməl edilmədikdə təbii qazın istehlakı zamanı arzuolunmaz hadisələr baş verir. Bu, əsasən dəm qazından zəhərlənmələrlə müşahidə olunur.
Qeyd olunub ki, dəm qazı yanma prosesinin pozulması nəticəsində yaranır. Natamam yanma prosesində əmələ gəlir. Əgər düzgün standartlara uyğun qaz qurğularından istifadə edilərsə, tüstü bacalarına düzgün quraşdırılma həyata keçirilsə, eləcə də tüstü bacaları vaxtında təmizlənərsə, dəm qazı yaranmaz: "Dəm qazının əmələ gəlməsinin əsas səbəbi oksigen çatışmazlığıdır. Çünki tam yanma prosesinin həyata keçməsi üçün oksigenə ehtiyac var. 1 kub metan qazının yanması üçün 10 kub hava və 2 kuba qədər oksigenə ehtiyac var. Əgər qaz qurğusu yerləşdirilən otağa oksigenin daxil olmasının qarşısı alınırsa, düzgün ventilyasiya kanalından istifadə edilmirsə, qaz yandıqca oksigenin azalması baş verir. Beləcə yanma prosesi pozularaq dəm qazı əmələ gəlir. Həmçinin tüstü bacası düzgün quraşdırılmayıbsa, tüstü bacasında sovurma yoxdursa, bu zaman yanma prosesi pozulacaq. Bundan qorunmaq üçün qaz qurğuları quraşdırılan otaqların ölçüləri standartlara uyğun olmalıdır. Hamamın ölçüsü 7,5 kub metr, hündürlük 2,2 metr olmalıdır. Hamamın qapısının altında dəliklər olmalıdır. Tüstü bacası normal vəziyyətdə olmalı, ildə bir dəfə təmizlənməlidir. Mətbəxdə də bu normalara əməl edilməlidir. Standartlara uyğun cihazlardan istifadə edilməlidir. Mətbəx otaqlarında iki gözlü qaz piltəsi quraşdırılarsa, mətbəxin ölçüsü 8 kub metrdən aşağı olmamalıdır. 3 gözlü olduqda otağın ölçüsü 12 kub metr, dörd gözlü qaz piltəsi quraşdırıldıqda mətbəxin ölçüsü minimum 15 kub metr olmalıdır. Əgər həm su qızdırıcısı, həm də dördgözlü qaz cihazı mətbəxdə quraşdırılırsa, o zaman mətbəxin ölçüsü minimum 21 kub metrdən az olmamalıdır. Mətbəxə təmiz havanın daxil olması üçün nəfəslik olmalıdır".
Vurğulanıb ki, fərdi evlərdə tüstü bacaları qoyulmur, kustar üsulla quraşdırılmış tüstü bacalarından istifadə olunur ki, bu da öz növbəsində dəm qazının yaranmasına səbəb olur: "Dəm qazını vaxtında xəbər verən detektorlar var ki, onları alıb mənzillərə quraşdırmaqla dəm qazından zəhərlənmə və ölümün qarşısını almaq olar. Bu avadanlıq dəm qazı əmələ gəlməsi zamanı insana ölümcül təsir etməmiş işə düşərək siqnal verir. Bununla da təhlükədən uzaqlaşmaq mümkündür".
Bildirilib ki, Prezidentin təsdiq etdiyi "Qaz təsərrüfatı haqqında" Qanuna və "Tüstü bacalarının istismarı haqqında" qaydalara əsasən, tüstü bacalarının təmizliyi iyulun 1-dək həyata keçirilməlidir. Qaydalara uyğun olaraq, qaz paylayıcı xidməti göstərən qurum tərəfindən noyabrın 1-dək yoxlanılmalıdır. Qurum tərəfindən tüstü bacalarının təmizlənməsinə texniki baxış keçirilir. Amma vətəndaşlar tüstü bacalarını öz maddi vəsaitləri hesabına podratçı şirkətlərə müraciət edərək həyata keçirməlidirlər. Qaydalara əsasən tüstü bacaları ildə iki dəfə təmizlətməlidirlər.
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, yaşayış binalarında yanğın və partlayış təhlükəsizliyi ciddi problemdir: "Bütün təyinatlı obyektlər - yaşayış binaları, iş yerləri, zavodlar və s. təhlükəsizliklə bağlı təlimatlara ciddi riayət etməlidir. Obyektin yanğın təhlükəsinə qarşı təchizatı - su çəni, yanğın hidrantları və dolabları, təxliyyə yolları, yanğınla bağlı xəbərdaredici siqnalizasiya vasitələri, ilkin od söndürmə vasitələri saz vəziyyətdə olmalıdır. Bu, təmin olunarsa və insanların yanğın təhlükəsizliyinə dair bilik və bacarıqları olarsa, hadisə baş verdikdə vaxt itirmədən qarşısını almaq mümkündür".
Ekspert qeyd edib ki, bəzən binalarda sərbəst keçid yerlərində nəqliyyat vasitələri park edilir və bu, yanğın zamanı əraziyə gələn nəqliyyat vasitələrinə çətinlik yaradır: "Nəticədə yanğının yayılmasına şərait yaranır. Bundan başqa, ehtiyat su çəninin, yanğın hidrantlarının ətrafı boş olmalıdır ki, yanğın zamanı yanğınsöndürən maşınlar oradan rahat su çəkə bilsinlər. Təxliyə planı binanın girişində, hər kəsin görə biləcəyi yerdə olmalıdır. Bəzən ilkin yanğınsöndürmə vasitələrinin yerləşdiyi dolabın ağzını bağlayırlar, ya da əlçatmaz yerə qoyurlar ki, oğurlanmasın. Ancaq bu, doğru deyil. İlkin yanğınsöndürmə vasitələri əlçatan yerdə olmalıdır ki, bu cür hadisələr zamanı onu götürüb istifadə etmək mümkün olsun".
Elmar Nurəliyev qaz təsərrüfatında təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirməyin vacib olduğunu da vurğulayıb: "Qaz düzgün istismar olunmadıqda dəm qazı yaranır. Ona görə də, mütləq qaz təsərrüfatı olan yerdə qaz sızması əleyhinə detektorlar olmalıdır. Bu, qanunvericilikdə də təsdiq olunub. Belə detektorlar dəm qazı əmələ gəldikdə xüsusi səs siqnalları ötürür və istifadəçinin məlumatı olur. Qaz sızması əleyhinə detektorlarda isə sızma zamanı klapan bağlanır və qazın təchizatı dayanır".
Fövqəladə Hallar Nazirliyin Mətbuat xidmətindən bildirilib ki, havaların soyuması məişətdə dəm qazı təhlükəsini daha da artırır. Belə ki, istiliyə tələbatın artdığı bu mövsümdə qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsi sonda acı nəticələrə səbəb ola bilər. Bu istiqamətdə Fövqəladə Hallar Nazirliyinin apardığı kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, hələ də dəm qazının səbəb olduğu faciəli hadisələr baş verir. Yuxarıda qeyd olunanları, habelə dəm qazının iysiz olduğunu və hiss edilmədiyini nəzərə alaraq, mümkün fəsadların qarşısının alınması üçün Fövqəladə Hallar Nazirliyi aşağıda göstərilən təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladır: Yadda saxlamaq lazımdır ki, qaz cihazının olduğu məkandakı insanlarda başağrısı, başgicəllənməsi, ürək bulanması, halsızlıq dəm qazından zəhərlənmənin əsas əlamətləridir. Dəm qazından zəhərlənmə baş verdikdə dərhal zərərçəkmişi təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır. Dəm qazından zəhərlənmə hallarında ilkin tibbi yardımın köməyi ilə zəhərlənəni həyata qaytarmaq mümkündür: "Hər kəs bilməlidir ki, əgər yanacaq məhsullarının xaric olması üçün yer yoxdursa və ya həmin yer tutulubsa, natamam yanma nəticəsində dəm qazı əmələ gəlir. Ona görə də yanacaq yandırarkən çox ehtiyatlı olmalıyıq. Qaz iysiz, rəngsiz olduğundan insan bunu hiss etmir. Oksigendən fərqli olaraq, qazın havada az miqdarda olması belə kifayət edir ki, 5-6 dəqiqəyə insan zəhərlənsin. Dəm qazının oksigenlə birləşməsi nəticəsində karboksihemoqlobin yaranır. Məhz bu birləşmənin hesabına toxumalar oksigensizləşir, hipoksiya yaranır. Zəhərlənmə 3 dərəcədə - yüngül, orta, ağır ola bilər. Belə halda, ilk növbədə, zəhərlənən həmin sahədən çıxardılmalı, hipebarik oksigenasiya tətbiq olunmalıdır. Süni tənəffüs verilməlidir. Daha sonra zəhərlənənə amonium tərkibli məhlul iylətmək lazımdır".
Dəm qazı ilə zəhərlənmənin ilk əlamətləri meydana çıxan kimi təcili yardım çağırmaq lazımdır. Əgər ilk tibbi yardım düzgün yerinə yetirilərsə, sonrakı yardımlar həkimlər tərəfindən aparılacaq. Odur ki, zəhərlənən şəxsə həkim gələnə qədər göstərilən ilkin tibbi yardım mühüm, həyati əhəmiyyət kəsb edir: "Əgər həmin şəxsin huşu özündədirsə, dərhal qapalı mühitdən təmiz havaya çıxarmaq lazımdır. Sonra ilk növbədə zərərçəkənin üstü örtülməlidir ki, bədən hərarəti düşməsin. Bununla bağlı isti çay, kofe verilməlidir. Sonra mütləq mütəxəssisə müraciət olunmalıdır. Huşu özündə olmayan insanı da təmiz havaya çıxarmaq, ağız boşluğunu selikdən təmizləmək, nəfəs almasını bərpa etmək, süni nəfəs vermək lazımdır. Digər tədbirləri görmək üçün zərərçəkəni mütəxəssisə çatdırmaq zəruridir. Əgər insan sadə suallara reaksiya verir, cavablandırırsa, bu o deməkdir ki, onun huşu itməyib. Yox, cavab verə bilmirsə, reaksiya yoxdursa, hər an təhlükəli sayılmalıdır. Bu məsələdə hər saniyə çox önəmlidir. Vaxt itirilsə, beyin hüceyrələri, toxumaları ilə bağlı az bir zamandan fəsadlaşma başlayır. Bundan başqa, ən yüngül halda belə, dəm qazından zəhərlənən şəxs sonradan fəsadların yaranmaması üçün bir sutka ərzində həm toksikoloqun, həm də nevropatoloqun nəzarətinə olmalıdır".
Sevinc QARAYEVA