Icma.az
close
up
RU
525ci qəzet Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova: Ailəyə iqtisadi dəstək göstərən qadının hörməti də çox olur

525ci qəzet Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova: Ailəyə iqtisadi dəstək göstərən qadının hörməti də çox olur

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünya bina olandan insan yer üzünün əşrəfi sayılıb. Deyilənə görə, yeri-göyü, füsunkar təbiəti, uzandıqca uzanan gözəlliyi yaradan Tanrı bir boşluğun olduğunu duyaraq insanı xəlq edib ki, dünya öz tamlığına yetsin. Torpaqdan yoğrulub cisminə can verdiyi ilk insan tək olmasın deyə, Tanrı ona bir yoldaş, həmdəm də qoşmaq niyyətilə daha birini də xəlq edir. Lakin bu yaratdığı əsla ilk kişiyə heç də bənzəmədi. Daha zərif, daha incə, daha gözəl bir varlıq oldu ki, adına qadın dedilər.

Bir fransız məsəli var: "Qadın istəyəni Tanrı da istəyir". Qadın adına verilən ən bitkin tərifdir, zənnimcə. Etiraf edim ki, onlarla həmsöhbət olmaq mənə daha maraqlıdır. Müxtəlif xarakterlərin, hansısa bir məsələyə münasibətdə fərqli düşüncələrin, fikir ayrılıqlarının özü belə, onların simasında eyni bir ada söykənəndə, sanki bir həmrəylik yaranır. Bu, yaşımızdan asılı olmayaraq hər zaman sevgi və kövrəkliklə andığımız ana adıdır.

Düzü, qadın haqqında belə bir düşüncələrim bugünkü müsahibimizin fəaliyyət sahəsinin adından irəli gəldi. Və budəfəki şənbə qonağımız Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri  Gülbəniz Qənbərovadır.

- Təşkilatınızın adından bilinir ki, torpağa bağlısınız...

- Həm də çox bağlı... Özüm buğa bürcündənəm və bu bürcdə də torpağa bağlılıq var. Torpağı o qədər sevirəm ki, istirahəti də təbiətin qoynunda keçirməyə üstünlük verirəm, çünki orada torpaq var.

- İndiki Azərbaycan Dillər Universitetini ingilis-alman dilləri üzrə bitirmisiniz, amma tamam fərqli bir istiqamətə üz tutmusunuz...

- Qısa müddər pedaqoji fəaliyyətim oldu, lakin iş elə gətirdi ki, mən beynəlxalq təşkilatların inkişaf və dövlət proqramlarında fəaliyyət göstərməyə başladım. Sonra Azərbaycan Kənd Qadınları Assosiasiyasının rəhbəri oldum. Bura çatana qədər Kanadada kurs keçmişəm, Haaqa Akademiyasında yerli inkişaf üzrə daha bir uzun müddətli kursu başa vurmuşam. Dünyanın bir çox ölkələrində Azərbaycanda ictimai inkişafla bağlı, özümün fəaliyət göstərdiyi kənd investor layihələrilə bağlı təqdimatlara imza atmışam. Təhsilimin əsas istiqaməti layihə idarəçiliyi, ictimai inkişaf, monitorinq üzrə olub.

- Assosiasiyanın yaradılması maraqlı bir ideyadır...

- Bu təşkilatı Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi təsis edib. 2005-ci ildən başlayaraq 15 il Dünya Bankının Azərbaycan dövlətilə birlikdə həyata keçirdiyi böyük bir layihədə ictimai inkişaf üzrə menecer kimi fəaliyyət göstərdim. Layihənin əsas məqsədi nə idi? Kəndlərdə icma səfərbərliyinin, insanların təlimləndirilməsinin, kənddə vacib prioritet məsələlərin üzə çıxarılması istiqamətində vacib olanlarla insanlar həmin dövlət proqramına müraciət edə bilirdi. Nəticədə dövlət proqramının köməyilə kəndlərə su çəkilirdi, kəndarası yollar salınırdı, məktəblərdə əlavə sinif otaqları tikilirdi. Həmin dövrdə Dünya Bankının icma səfərbərliyində yaranan qruplarda qadınların sayının çox olması kimi bir kriteriyası vardı. Bu, sayın kişilərdən çox olması anlamına gəlmirdi. Əgər doqquz nəfərlik bir qrupda bir-iki qadın olurdusa, çalışırdıq ki, nisbətdə fərq az olmasın. Yəni kəndin ağrılı məsələlərinin ortaya çıxmasında qadınların da fikri dinlənilsin. Layihə kifayət qədər bəlli bir dövrü əhatə etdi və biz bu zaman ərzində çox ölkələrin, ölkəmizdə başa çatan layihələrin təcrübəsindən istifadə etdik ki, daha çox qadının cəlb edilməsinə nail olaq. Layihə bitəndən sonra onun bir çıxış strategiyası kimi kənd qadınlarının sosial və iqtisadi inkişafına dəstək məqsədilə bu assosiasiya yaradıldı. Məqsəd regionların sosial-iqtisadi inkişafına kənd qadınlarının töhfəsini artırmaq və onu dayanaqlı etmək idi. O zaman kənd təsərrüfatı naziri olan İnam Kərimov özü  Azərbaycan Kənd Qadınları Assosiasiyasının inaqurasiyasını keçirdi.

- Dediniz ki, digər ölkələrin təcrübəsindən istifadə etmisiniz. Məsələn...

 - Azərbaycanda layihələr əsasən infrastruktur sahəsində olurdu. Yol çəkilişi, məktəb təmiri, tibb məntəqəsinin tikilməsi, suvarma suyunun çəkilməsi və sairə. Biz İndoneziyada gördük ki, xüsusi layihələr var ki, iştirakçıları yalnız qadınlardır. Maraqlandım ki, necə oldu bizimlə görüşə bu qədər qadın dəvət edə bilmisiniz? Dedilər ki, biz qadınlar üçün xüsusi layihələr edirik - dərman bitkilərinin toplanması, kokonat qozunun qurudulması və sairə kimi. Bu, bir təcrübə. Qayıdandan sonra gəlir gətirən bu təcrübəni Azərbaycandakı layihələrimizə əlavə etdik. Bunu necə etdik? Qadınlara cücə inkubator sexi, tərəvəz yetişdirilməsi üçün istixana verdik. Daha sonra Hindistanda təcrübə səfərində olduq. Orada kəndlərdə "Qadın özünə kömək" qrupları fəaliyyət göstərir...

- Maraqlı addır...

- Deməli, bu gün Banqladeşdə müvəqqəti hökumətin sədri olan Məhəmməd Yunus 70-ci illərdə bankdan kredit götürmək üçün qadınlardan ibarət kredit qrupları yaradır. İllər sonra bir bankir kimi özünün təsis etdiyi "Grameen Bank"ın rəhbərinə çevrilir. Məhz bu qadın qrupu modelinə görə o, Nobel sülh mükafatına layiq görülüb. Bu modeldən əlavələr etməklə digər ölkələrdə istifadə edənlər oldu. Hindistan bu modelə qadınların sosial fəaliyyəti, özlərinin biznes qurmağı və genişləndirməsi kimi elementləri əlavə edərək, onu inkişaf etdirdi. Model bizim də xoşumuza gəldi. Biz orada gördük ki, Hindistanda imkanı hədsiz aşağı olan qadınlar necə bir araya gələrək, həftədə çox cüzi miqdarda pul yığmaqla özlərinə necə iş qurmağa nail olublar. Təsəvvür edin ki, bazarda bir neçə dəstə göyərti sataraq onu artırmaqla, sərbəst ayaqları üstə qalxa bilmişdilər. Hətta aralarında bir qadın dedi ki, qızım həkimlik sənəti üzrə təhsil alır. Buradan da "Qadın özünəkömək" modelini götürdük.

Kənd investisiya layihəsi çərçivəsinin axırıncı ilində pilot olaraq altı qadın qrupu yaratdıq. Hindistan səfirliyinin öz ölkələrindən dəvət etdikləri ekspertlərin köməyi və iştirakı ilə Masallıda, Lənkəranda və Balakəndə bu qadın qrupları yaradıldı. Ekspertlər gedəndən sonra biz Ağdamda və İsmayıllıda da bu qrupları yarada bildik.

İnanın ki, bu qadın qrupları özünü çox yaxşı doğrultdu. Qruplar yaranandan sonra onlara müxtəlif təlimlər keçdik, bizneslə, pulun idarə olunması ilə bağlı qadınları təlimləndirdik. Hər qrup öz daxilində bir yerə yığışır, müzakirələr aparır, bir-birinə dəstək olmaq üçün təkliflər irəli sürürlər. Özlərinə cüzi miqdarda depozit fondu yaradırlar. Yığılan vəsaitin hesabına qurduqları işi get-gedə böyüdərək öz sıralarına işsiz qadınları cəlb edir və beləcə, iş də genişlənir, maraq da artır, qadınlarda özünə güvən inkişaf edir. Etiraf etmək lazımdır ki, qadınlarımız həm savadlı, həm yeniliyə maraqlı, həm də işgüzardılar. Və bu üç amil bir yerdə olanda çox şeyə nail olmaq mümkündür, çünki qadının bacara bilmədiyi iş yoxdur.

- Bu vaxta qədər qrupların sayı artmış olar...

- Bu gün 23 rayonda 50 qadın qrupumuz var. İlkin mərhələdə 25-30 nəfərdən ibarət olan qrup ələnə-ələnə gəlib 10-15 nəfərdə dayanır, yəni bir-birilə dil tapan, bir-birinin sözünü eşidib qəbul edənlər işə birlikdə davam edir. Artıq belə qrupların öz adı, şüarı, depozit fondu, loqosu olur. Və getdikcə onların böyüyən biznesi yanına işsiz qadınları cəlb etməyə başlayır. Kəndin hər tərəfində gəlir var və işini düzgün qurmağı bacaran insan bundan həm özü bəhrələnir, həm yanına cəlb etdiyi adamlara qazanmaq şansı yarada bilir. Azacıq həvəsi, marağı olan qadın kənddə özünə yaxşı güzəran və şərait qura bilər.

- Amma bu qruplar yəqin ki, inkişaf da edir...

- Yaxşı sual verdiniz... Qrupların təcrübəsini artırandan sonra biz onları qadın kooperativlərinə çevirdik. Hazırda dövlət tərəfindən qeydiyyata alınmış 14 Qadın kooperativi var. Dövlət proqramlarından, beynəlxalq təşkilatlardan onlara biznes avadanlıqları verilir. Qadın qruplarına maraq böyükdür, çünki kollektiv əməkətrafına daha çox işçi qüvvəsi cəlb edə bilir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatı qadın qruplarını çox avadanlıqlarla təmin edir. Meyvəqurutma, tikiş sexləri, traktor, qoşqu avadanlıqları qrant olaraq verilir. Bu model ölkədə özünü yüksək səviyyədə doğrultdu deyə bilərik. Azərbaycanda bu modelin tətbiqinə görə təşkilatlarla iş birliyimizi davam etdiririk. Ailəyə iqtisadi dəstək göstərən qadının yaxınlarının yanında hörməti də çox olur. Biz də onların bu dəstəyinin daha yüksəlməsi üçün bir təşkilat olaraq əlimizdən gələni əsirgəmirik.

- Gəlin etiraf edək ki, kənd qadının yükü daha ağırdır...

- Bilirsiz niyə? O yükün ağırlığı kəndin infrastrukturunun mükəmməl olmaması səbəbindəndir. Əgər kənddə uşaq bağçası yaxşı deyilsə, tələblərə cavab vermirsə, qadın uşağını harda qoymalıdır ki, fikri onun yanında qalmasın və rahat işini görsün? Kənddə elektrikin tez-tez kəsilməsinin zərbəsi qadına dəyir. Və yaxud kəndin yollları bərbad vəziyyətdədir və uşaq məcburən palçıqlı yolla məktəbə gedib-gəlirsə, bunun da əziyyətini qadın çəkir. Dizə qədər palçıq içində evə gələn uşağın paltarlarının təmizlənməsi, yuyulub-qurudulması qadının öhdəsinə düşür. Bir məsələyə də münasibətimi bildirmək istərdim. Bilmirəm, bəlkə də bu, mentalitetə bağlıdır, bizdə qadınlar tarlada, kənd təsərrüfatı sahələrində işləməyə 35 yaşdan sonra çıxır. Bunun da səbəbləri müxtəlifdir. Amma qadın qruplarının bu istiqamətdə müsbət tərəfi odur ki, 10-15 qadınla birlikdə işləməyə gənc qadınlara evdən icazə verirlər.  Biz iş prosesində statistikalar aparırıq, sorğular keçiririk, rəyləri öyrənirik və nəticədə görürük ki, gənc qadınların sayı kifayət qədər azlıq təşkil edir. Ümid edirik ki, tədricən onların sayı artacaq.

- Deyirlər ki, həyatda zəif qadınlar var...

- Zəif deməzdim, zəiflədilmiş qadın var. 2017-ci ildə pilot qadın qruplarının rəhbərlərini Brüsseldə keçirilən Avropanın iqtisadi inkişaf günləri adlı beynəlxalq tədbirə aparmışdıq. Orada dünyanın ən güclü gender mütəxəssisləri öz çıxışı ilə iştirak edirdi. Onlardan biri öz çıxışında bir neçə çağırış elədi. Onlardan biri belə idi: Biz zəif doğulmadıq. Digər çağırış belə idi: Siz böyük hədəflər götürün, lakin onlara tərəf kiçik addımlarla gedin. Bir reallıq da var ki, güclü qadınların övladları çox cəsarətli və diribaş olur. O ailədə ki qadın öz zəifliyi üzündən danlanıb, döyülüb, əziyyət görüb, onların övladları da çox qorxaq, küskün olur. Yəni qadını zəiflədən eyni zamanda öz övladını da zəiflətmiş olur.

- Artıq bizim azad olunmuş torpaqlarımız da var...

 - Bu torpaqlara hər kəs öz sahəsi üzrə töhfəsini verməlidir  . Bu istiqamətdə ilk olaraq dövlətimiz, daha sonra sahibkarlar, sosioloqlar buna şərait yaradır və çox yaxşı layihələr həmin ərazilərdə həyata keçirilir. Bizim həmin ərazilərdə görəcəyimiz iş ilk növbədə qadınların rəqəmsal bacarıqlarının artırılması ilə bağlı olacaq. Daha sonra qadın qruplarının, kooperativlərinin yaradılması istiqamətində işlərimizi quracağıq. Yəni böyük hədəflər götürüb kiçik addımlarla o hədəflərə doğru irəliləyəcəyik.

SÖZARDI: Söhbətimizin sonuncu sualı belə idi: Qadın gülərsə... Sualı eşidən kimi müsahibimin üzündə təbəssüm yarandı və dedi ki, qadın gülərsə, dünya gülər. Təəssüf ki, dünya bu gün heç kəsi ürəkdolusu gülməyə qoymur. Amma biçarə dünya neyləsin ki, onu daha da gözəlləşdirmək üçün Tanrının xəlq etdiyi insanın əli ilə qan çanağına çevrilib. Bu qanı silməyə yenə də insan əli qadirdir. Düşünən başlar bu qanı dayandırsınlar ki, qadın gülüşü dünyanı öz ovqatına bələsin.

Tamilla M-ZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Noyabr 2024 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see200

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see186

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see175

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see161

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see155

Putinin “təhlükəsizlik” mesajının gizli tərəfləri: Kreml rəhbərinin əsl hədəfi kimlərdir? KONKRET

01 Sentyabr 2025 17:32see148

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see139

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see133

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see131

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see129

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see127

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see126

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see126

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see123

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see123

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see123

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see123

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see123

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see122

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri