Icma.az
close
up
RU
525ci qəzet Məmməd Arif Dadaşzadə: Ağayana ziyalılıq Məmməd Arif Dadaşzadə120

525ci qəzet Məmməd Arif Dadaşzadə: Ağayana ziyalılıq Məmməd Arif Dadaşzadə120

Yavər NEYMƏTLİ
Sənətşünaslıq üzrə fəlsəfə doktoru

Bu il görkəmli ədəbiyyatşünas alim, tənqidçi, pedaqoq, mütərcim, ictimai xadim, akademik Məmməd Arif Dadaşzadənin mövludunun 120-ci ildönümüdür. O, 1904-cü il iyunun 10-da dünyaya göz açmış,  1975-ci il dekabrın 27-də isə dünyadan köçmüşdür. Bu yazımın məqsədi - həmişəyaşar irs qoyub getmiş alimin həyat yolunun bəzi fraqmentləri barədə düşüncələrimi bölüşmək, tarixin bir çox sınaqlarından üzüağ çıxan, saf ziyalı əsilzadəliyini, milli əqidəsini qoruyub saxlayan insanın obrazına xas bəzi cizgiləri vurğulamaqdır.

Noyabrın 27-də Beynəlxalq Muğam Mərkəzində Məmməd Arifə həsr olunan "Ədəbi üfüqlərdə" bədii gecəsində (ssenari müəllifi Qafar Əsgərzadə) akademik Rafael Hüseynovun parlaq çıxışı maraqlı faktlarla zəngin idi. R.Hüseynovun səsləndirdiyi həmin ibrətamiz faktlar, fikirlər Məmməd Arifin bir alim və insan kimi obrazını Zaman  kontekstində dəyərləndirmək baxımından olduqca əhəmiyyətli idi. Ötən əsrin 30-cu illərinin xəbis ideoloji mövhumatından qorxmayaraq, "Kitabi-Dədə Qorqud" kimi ümumtürk ədəbiyyatının yeganə yazılı eposunun əleyhdarlarına qarşı M.A.Dadaşzadənin həmkarı Həmid Araslı ilə bahəm tutduğu qəti mövqe haqqında Rafael müəllimin dedikləri o illərdə milli musiqimizin iftixar zirvələrindən biri - Üzeyir Hacıbəylinin "Koroğlu" operasının yaranması  ilə bağlı apardığım araşdırmamın bəzi məqamlarını yadıma saldı.

Məsləkdaşlar

XX əsrin birinci yarısında yaşayan Qərbi Avropa ədəbiyyatının zəkalarından biri, 1936-sı ildə Franko rejimi tərəfindən güllələnən ispan şairi Federiko Qarsia Lorkanın belə bir fikri var: "Cahan artıq insan deyil, kainat qüvvələrinin mübarizə meydanıdır. Hər dəfə yer üzündə baş verənləri müşahidə edərkən, özümə sual verirəm: "Mən nə üçün yazıram, yaradıram?" Amma işləmək, yenə də işləmək və şərəfli insanları dəstəkləmək lazımdır. Bütün səylərin əbəs olduğu qənaətinə etiraz əlaməti olaraq yaradıb qurmaq eşqin sönməməlidir. Çünki elə gün yoxdur ki, sən yaradıcı ilhamının zirvəsindən haqsızlıqlar dünyasına müraciətlə: "Mən etiraz edirəm, etiraz edirəm, etiraz edirəm" deməyəsən..."

1937-1938-ci illərdə amansız  Stalin repressiya dalğasının axarında H.Cavidin, M.Müşfiqin, Ə.Cavadın, S.Mümtazın, A.M.Şərifzadənin, neçə-neçə başqa  aydınların məhv olunduğu zaman, Üzeyir bəy gec, ya tez haqqında çıxan qiyabi hökmün əyani şəklə keçəcəyini gözləyirdi. Azərbaycan Demokratik Respublikası himninin musiqisinin müəllifi, ilk addımlarını atmağa başlayan dövləti öz beşiyində boğmaq üçün daxili və xarici qüvvələri mövcud imkanlarla dəstəkləyən bolşevik Rusiyasını tənqid edən məqalələr, Fransada məcburi mühacirət həyatı yaşayan qardaşı Ceyhun bəylə məktublaşma - bu "dəlillərin" hər biri, Üzeyir bəyin həyatını məhv etmək üçün kifayət qədər "ciddi ittiham aktı" ola bilərdi. Başqa sözlə, bəstəkarın boynuna atılan gözəgörünməz ilgək tədricən sıxılaraq öz gerçək üzünü göstərməyə başlamışdı.

Amma böyük sənətkar qaragüruhun təpkisindən çəkinməyərək qibtə olunacaq iradəsi ilə, bütün daxili imkanlarını səfərbər etməklə "Koroğlu" kimi monumental operanı tamamlaya bilir. 1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında operanın ilk tamaşasının yaratdığı qeyri-adi coşqu təkcə müəllifin deyil, cəmiyyətin də böyük bir hissəsinin real durumunun pərdəarxasını özündə əks etdirirdi. 1938-ci il aprelin 5-də Moskvada "Bolşoy Teatr"ın səhnəsində sərgilənən "Koroğlu"nun misli görünməyən müvəffəqiyyəti bəlli hadisədir.

Məhz həmin tarixdə, aprelin 5-də "Ədəbiyyat qəzeti"ndə M.A.Dadaşzadənin "Koroğlu" dastanı" adlı məqaləsi işıq üzü görür. Düşünürəm, operanın Bakı və Moskva premyeraları ilə məqalənin çapı tarixlərinin  ardıcıllığı dəyərli oxucuların diqqətindən yayınmaz. Yeri gəlmişkən, onu da deyək ki, məqalənin rus versiyası Moskva dekadası üçün nəşr olunan "Üzeyir Hacıbəyov. "Koroğlu" bukletinin giriş məqaləsi kimi çap olunmuşdu.

Həssas qəlbli alim, mövcud dönəmin sarsıntılarını Üzeyir bəy kimi bütün vücudu ilə yaşayanlardan idi. Bəstəkar operanın musiqi dilində soy-kökümüzün genetik yaddaşına hopan azadlıqsevərlik, qorxmazlıq, cəsarət, ülvi məhəbbət kimi ali keyfiyyətləri böyük ustalıqla təcəssüm etdirir. Bu baxımdan yaradıcı yanğısı aşıb daşan hər iki sənətkar arasında mənəvi bağlılıq açıq-aşkar özünü göstərirdi.  

Məqalədə Məmməd Arifin  Koroğlu xarakterinin səciyyəvi cəhətləri barədə yazdıqlarına diqqət yetirək: "...Koroğlu azadlığı sevir, köləliyə nifrət edir ...Xalq maraqları uğrunda mübarizə aparan Koroğlunun obrazında Azərbaycan xalqının ən yaxşı xasiyyətləri təcəssüm etdirilmişdir: mərdanəlik, qəhrəmanlıq, zalımlara qarşı nifrət, azadlıq sevgisi, hazırcavablıq, müdriklik və şairlik, sənətkarlıq Koroğlunun əsas xasiyyətləridir..."

Operanın libretto müəllifi yazıçı Məmməd Səid Ordubadinin "Böyük sənətkar barəsindəki xatiratım" məqaləsindən bir epizoda üz tutmaq yerinə düşər: "...Böyük mübahisəyə səbəb olan səhnələrdən birisi də "Çənlibel" səhnəsi oldu. Mən, Koroğlu kimi bir qəhrəmanın çox tez inanan və sadəürəkli bir adam göstərilməsinə razı ola bilmirdim. Onun keçəl Həmzəni (mehtərliyə) qəbul etməsini yersiz hesab edirdim. Lakin Qıratı oğurlatdırmaq üçün də başqa bir yol yox idi. Üzeyir bir çox əsərlərdə göstərilən qəhrəmanların sadəürəkli olmalarından misallar gətirib dedi:

- Qəhrəmanlarda tez inanmaq və sadəürəklilik təbii bir xarakterdir, eyni zamanda bu hadisə əsərin gedişi ilə üzvi surətdə bağlı olduğundan, başqa cür göstərməyimiz mümkün deyil". Yenidən M.A.Dadaşzadənin "Koroğlu" dastanı" məqaləsinə dönsək, bu sətirlər diqqətimizdən yayınmaz: "...Belə qüvvət, cəsarət və igidlik sahibi olan Koroğlu eyni zamanda sadə, təvazökar, şəfqətli, həssas və diqqətlidir..."

2020-ci il sentyabrın 17-də Milli Musiqi Günü, Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin 135 illiyi münasibətilə keçirilən beynəlxalq onlayn konfransda Türkiyə, Rusiya, Çin və ABŞ, həmçinin Azərbaycanı təmsil edən alim və mütəxəssislər iştirak edirdilər. Tədbir iştirakçıları arasında Məmməd Arif nəslinin layiqli nümayəndələrindən biri musiqişünas Zümrüd xanım  Dadaşzadə də var idi. O, Üzeyir bəyin "Koroğlu" operasının yaranmasına gətirən səbəblərə müasir müstəvidən ətraflı baxış nümayiş etdirərək: "..."Koroğlu" operası təkcə qəhrəmani xalq dastanının musiqi təcəssümü deyil, bütünlüklə türk dünyasının və onun ayrılmaz parçası - Azərbaycanın  şərlə mübarizə simvolu kimi dəyərləndirilməlidir" fikri ilə çıxışını yekunlaşdırdı. Necə deyərlər, "ot kökü üstündə bitər".

Muğam Mərkəzindəki yubiley gecəsinin sonunda söz alan Zümrüd xanımın çıxışı da səciyyəvi idi. O, gecənin məhz bu məkanda keçirilməsinin təsadüfi olmadığını,  Məmməd Arifin 1930-cu ildə, milli irsə qarşı hücumların vüsət aldığı dövrdə "Aprel alovları" toplusunda dərc etdirdiyi "Tar çalınır" hekayəsinin milli-mədəni dəyərlərin, muğamın və tarın müdafiəsində nə kimi rol oynadığına diqqət yetirdi. O zaman hələ çox gənc olan Məmməd Arif Mikayıl Müşfiq, Üzeyir Hacıbəyli, Əfrasiyab Bədəlbəylinin  məsləkdaşı kimi çıxış edirdi.

Məmməd Arif Dadaşzadə, məlum olduğu kimi, XX əsr milli ədəbiyyatşünaslıq tarixinə Cəfər Cabbarlı irsinin nüfuzlu araşdırıcısı kimi daxil olmuşdur. 1941-ci ildə SSRİ EA-nın Azərbaycan filialı  "Azərbaycan ədəbiyyatında xalq qəhrəmanları" adlı məqalələr toplusu nəşr etdirir. Topluda yer alan "C.Cabbarlının dramasında Babək obrazı" adlı məqaləsində M.A.Dadaşzadə tədqiqatçı diqqətini  C.Cabbarlının "Od gəlini" tarixi faciəsinin əsas qəhrəmanı Babəkə (Elxana) yönəldir: "Böyük qəhrəmanlar öz ölümləri ilə belə düşməni sarsıdır və məğlub edirlər. Babək də belə qəhrəmanlardandır. Öz sevimli doğma qardaşını, öz sevgilisini və nəhayət öz həyatını cəsarət və dönməzliklə böyük azadlıq və xoşbəxt vətən idealına qurban verir. Bu dönməzlik və qətiyyət, bu dəmir iradə Babək (Elxan) obrazını qüvvətli xalq qəhrəmanı obrazı kimi yüksəyə qaldırır. O, ölümü böyük mərdlik və cəsarətlə qəbul edir. Bu fiziki ölüm - mənəvi həyat və qalibiyyət timsalıdır..." Burada müəllif yenə də xalqımızın azadlıq sevgisini,  həmin azadlığa nail olmaq naminə heyrətamiz fədakarlığını vurğulayır. 

Ana dilinin saflığı uğrunda

Məmməd Arif müəllimin milli təəssübkeşliyi haqqında danışarkən, alimin ana dilinin qorunması, yad kökənli tərkiblərdən uzaq olması üçün apardığı maarifləndirici fəaliyyətindən yan keçmək mümkün deyil. Çağdaş dövrümüzdə müasir texnologiyaların tətbiqi ilə inkişaf edən kütləvi informasiya vasitələrinin cəmiyyətin bütün sahələrini ehtiva edən fəaliyyətinin aktuallığı qaçılmaz reallıqdır. Amma bu fonda ana dilimizin bir çox qrammatik normalarının pozulması, dilə qeyri-peşəkar yanaşmadan doğan problemlərin ifrat şəkil alması barədə çox deyilir və yazılır. Gözəl və ibrətamiz atalar sözü var: "Aşıq gördüyünü çağırar". Başqa sözlə, KİV-in vəzifələrindən biri də dilin bütün incəliklərinə həssas yanaşmaq, saflığını qorumaq, onu ardıcıl inkişaf etdirməkdir. Lakin həmin sahədə   kəmiyyət və keyfiyyət arasında qeyri-tarazlıq təəssüfləndirməyə bilməz.

Dil problemlərinin müzakirəsi Məmməd Arif tədqiqatlarının əsas leytmotividir. Məsələn, onun 1948-ci ildə qələmə aldığı "Dil və üslub" adlı irihəcmli məqaləsinə müraciət edək. Alim yazır ki, "1905-ci ildən sonra xüsusilə şiddətlənən dil mübahisələrində "Molla Nəsrəddin" jurnalının daha düzgün bir yol tutduğu hamıya məlumdur. Bu yolun əsas cəhəti onun xalq dilinə, canlı  xalq şivələrinə, xalq yaradıcılığına əsaslanması, dili sadələşdirməyə çalışması idi... Deməli, mollanəsrəddinçilər nəinki sadə dil tərəfdarı idilər, onlar həm də sadə dilin qızğın təbliğatçıları idilər. Xalqa xidmət etməyi ən şərəfli bir vəzifə hesab edən bu demokrat yazıçılar dil sahəsində də çox düzgün yol tutmuşdular".

Həmin məqalədə M.Arif  söz axtarışlarında olana yazıçıların işgəncə və əzablarından danışır, münasib bir obraz yaratmaq üçün yuxusuz gecələr keçirtdiklərini,  bəzən qələmin acizliyindən, hünərsizliyindən şikayət etdiklərini  də qeyd edir. Bu da onların, alimin təbirincə, sözə verdikləri əhəmiyyəti göstərir. Eyni zamanda M.Arif dilə etinasız, bəzən hətta hörmətsiz yanaşma hallarına etiraz səsini ucaldır. "Dil bizim çoxumuz üçün ancaq qaba bir material, inşaat ləvazimatı rolunu oynayır, biz dilə  ancaq qara fəhlə kimi baxırıq", - ifadəsində alimin həyəcanını sezməmək qeyri-mümkündür. 

Sözü ram etmək iqtidarında olan yazarlar isə M.Arifi heyran edirdi. Onun Mikayıl Müşfiq haqqında yazdıqlarında nə qədər sevgi var: "...Vəznlər, misralar, qafiyələr, rədiflər onun əlində çox itaətkar idi. Müşfiq mahir bir sehrbaz kimi onları istədiyi şəklə sala bilir, istədiyi kimi onlardan istifadə edirdi..."       

Məmməd Arif müəllimin doğma dilin qorunması yolunda, milli ədəbiyyatın yad ünsürlərdən uzaqlaşdırılması məqsədi güdən fəaliyyəti barədə daha bir faktı  Zümrüd xanımın dilindən eşidək: "40-cı illərdə M.C.Bağırovun Azərbaycan ədəbiyyatına dair iradlarından təngə gələn M.Arif onun Azərbaycan dilində məruzə etmək istədiyini eşidib,  ehtiyatsızlıq edib: "Kişi (el içində Bağırovu belə adlandırırdılar) heç azərbaycanca düz-əməlli danışa bilir ki, hələ bir bu dildə məruzə etsin?" - deyə bir qədər istehza ilə gileylənmişdi. Həmin söhbət əlüstü rəhbərə çatdırılmışdı. Növbəti müşavirədə Bağırov: "Hə, Məmməd Arif, nə deyirsən, deməli, mən azərbaycanca danışa bilmirəm?" - deyə tənə ilə söyləmişdi..." Təbii, o illərdə belə bir fikri dilə gətirmək son dərəcə təhlükəli idi. Amma xatırlanan epizod Arif müəllimin əqidəsi haqqında çox şey deyir.

Görkəmli alimin doğma ana dilinə, ədəbiyyatına, ümumən milli mənəviyyata sayğısı nəsil şəcərəsinin nümayəndələrinin fəaliyyətinə sirayət etmişdir. Akademikin oğlu, uzun illər Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında baş redaktorun birinci müavini, son iki ildə elə baş redaktoru kimi işləmiş Araz Dadaşzadənin: "Qoy mənim xalqımın da Ensiklopediyası olsun! Qoy mənim xalqım da bütün dünya haqqında öz doğma dilində oxusun!" amalı necə də səciyyəvidir. Onu da deyək ki, Araz müəllimin məhz azərbaycandilli ədəbiyyatın, XVIII əsr poeziyasının, əsasən də Molla Pənah Vaqif yaradıcılığının tədqiqində müstəsna xidmətləri var ki, bu da heç də təsadüfi deyil.

Araz müəllimin yadigarlarından biri olan Zümrüd xanımdan eşitdiyim xatirə də çox şey deyir: "Hələ Bülbül adına məktəbdə oxuyarkən, bizim ailəni tanıyanlar mənim Məmməd Arifin nəvəsi, Araz müəllimin qızı ola-ola niyə rus bölməsində deyil, Azərbaycan bölməsində təhsil aldığıma təəccüblənirdilər. Həmin zamanlarda özlərini ziyalı sayan şəxslər ana dilinə biganə yanaşır, övladlarının rusdilli məktəblərdə oxutdurulmasına üstünlük verirdilər. Səbəbini isə belə əsaslandırırdılar ki, rus bölməsində təhsilin səviyyəsi daha yüksəkdir. Atamı bəzi həmkarlarının belə öz övladlarını rus şöbəsində oxutdurması ələlxüsus narahat edirdi. O deyirdi: "Biz, ədəbiyyat adamları da  doğma dilimizə xor baxsaq, onda yazdıqlarımız kimə lazımdır?"

Lirik haşiyə

Məmməd Arifin Muğam Mərkəzindəki yubiley gecəsində tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru, "Humay" və H.Zərdabi mükafatları laureatı Zöhrə xanım Əliyeva ilə söhbətləşmək fürsətini qaçırmadım. Zöhrə xanımın atası - ünlü filoloq Qulamhüseyn Əliyev M.A.Dadaşzadənin aspirantlarından biri olmuşdur. O zamandan bəri  ailələr arasında möhkəm dostluq bağları yaranmışdır. Zöhrə xanımın M.A.Dadaşzadəni müdrik ustad və nurlu şəxsiyyət kimi səciyyələndirən xatirələrindən birini  təqdim edirəm: "Hər bir insanın həyatında elə bir şəxsiyyət olur ki, ömrünə sönməz məsəl kimi işıq salır. Mənim atam Qulamhüseyn Əliyevin alim və şəxsiyyət kimi formalaşmasında Məmməd Arif müəllimin rolu heç bir müqayisəyə gəlməz.

Atam filoloq kimi elmi tədqiqat aləminə Azərbaycan Dövlət Universitetini (indiki BDU) bitirdikdən və bir çox məsul vəzifələrdə çalışdıqdan sonra gəlmişdi. Bakıya qayıdıb aspiranturaya qəbul olunanda, məhz Məmməd Arif müəllimin təklifi ilə "Azərbaycan-özbək ədəbi əlaqələri (1920-1960-cı illər)" adlı dissertasiya mövzusu üzərində işə başladı.

Atam Məmməd Arif müəllimin alicənablığı, mükəmməl elmi zəkası, ensiklopedik biliklərini yüksək dəyərləndirirdi. Odur elmi rəhbər qismində ancaq ustadı A.M.Dadaşzadəni görürdü. Ata dissertasiya üzərində işlədiyi əsnada  özbək dilini mükəmməl öyrənmiş, dəfələrlə Özbəkistanda  uzunmüddətli yaradıcılıq ezamiyyətlərində olmuşdu: yerli ədəbiyyatın bir çox görkəmli nümayəndələrinin yaradıcılığına da, təbii, yaxından bələd idi. O dönəmdə Bakıya qayıdaraq elm sahəsində kimliyini göstərmək, öz mövqeyini təsdiqləmək heç də asan deyildi. Məhz Məmməd Arif müəllimin müdrik məsləhətləri və təmənnasız dəstəyi atama böyük dayaq olmuşdu. Təsadüfi deyil ki, Qulamhüseyn müəllim dissertasiyanın müdafiə gününü  özünün ikinci mövludu hesab edirdi. "Azərbaycan-özbək ədəbi əlaqələri (1920-1960-cı illər)" dissertasiyası bu mövzuda yazılan ilk monumental tədqiqat işi idi. İndi isə çoxları üçün bu araşdırma bir mənbə rolunu oynayır.

Yeri gəlmişkən, illər keçdikdən sonra, həmin dissertasiyanın yenidən redaktə və çapa ehtiyacı yarananda biz, övladlar bu missiyanı öz üzərimizə götürdük. 2019-cu ildə isə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan və özbək dillərində çap olunan "Azərbaycan-özbək ədəbi əlaqələri (1920-1960-cı illər)" kitabının təqdimatı keçirildi. Təqdimatda Azərbaycan-özbək ədəbi əlaqələrini araşdıran hər iki ölkənin tədqiqatçıları, ədəbiyyatşünasları üçün elmi-nəzəri mənbə olan bu nəşrin faktiki materiallarla, əsaslı təhlillərlə zəngin olduğu nəzər-diqqətə çatdırıldı.

Atamla Məmməd Arif müəllimin elmi rəhbər - aspirant münasibətləri tədricən ailələrimiz arasında dostluq körpüsünün yaranmasına gətirib çıxardı. Onun oğlu, görkəmli ədəbiyyatşünas və tənqidçi Araz Dadaşzadə, həyat yoldaşı Aida xanım və iki gözəl övladları - Aqşin və Zümrüdün ailəmizin həyatında xüsusi yeri vardı və bu indi də belədir. Həmişə də belə olacaq. Zaman amansızdır: təəssüf, nə Məmməd Arif müəllim, nə mənim atam, nə anam, nə Araz dayı ilə Aida xala artıq həyatda yoxdurlar.

Amma biz, varislərin yaddaşına həmin günlərin xatirələri əbədi həkk olunub. Hər dəfə Zümrüd və ya Aqşinlə görüşərkən yaşadığımız o qayğısız günləri dönə-dönə yadımıza salır, ən xırda incəlikləri xatırlayırıq. Mən Azərbaycan televiziyasında çalışarkən Məmməd Arifin xatirəsinə həsr olunan bir proqram hazırladım: mərhum  Gülrux Əlibəyli, Cabir Novruzun iştirakı ilə. Aida xala da həyatda idi, bizi bir süfrə ətrafına topladı. Hər kəs öz kövrək xatirəsinə dönüb Məmməd Arifi sevgi ilə yad etdi, onun müstəsna keyfiyyətlərindən - intellektinin zənginliyindən, nadir saflığından, haqsızlığa, qeyri-peşəkarlığa qarşı dözümsüzlüyündən danışdı. Gülrux xanım M.Arifi özünün "ən amansız və ən xoşniyyət müəllimi" adlandırıb, elmdəki həyatının çox ağır məqamında ona dəstək olduğunu səmimi minnətdarlıqla qeyd etdi.

Daha sonra Aqşin və Zümrüdlə bərabər Fəxri xiyabana - Məmməd Arifin məzarını ziyarətə getdik. Verilişin son kadrarxası müəllif  cümlələri belə idi: "Atam Bakıda dəfn olunmayıb. Tez-tez gedə bilmirəm məzarının üstünə, amma Fəxri xiyabanda Məmməd Arif müəllimi ziyarət edərkən, həmişə mənə elə gəlir ki, atamı da ziyarət etmiş oluram. Nə yaxşı ki, bizim həyatımızda məhz Məmməd Arif Dadaşzadə kimi son dərəcə şərəfli və işıqlı bir şəxsiyyət olub".

Akademik M.A.Dadaşzadə əsl ziyalı örnəyi idi. Bəstəkar Fikrət Əmirovun qeyd etdiyi kimi, "o, öz ədəbi vicdanı qarşısında heç zaman qeyri-səmimilik etməmiş, necə deyərlər, "gözü kölgəli" olmamışdır..." Böyük bəstəkarın olduqca sərrast müşahidəsi Üzeyir bəyin "Koroğlu"sunun əsl məna yükünün vurğulanmasında, ana dili və milli ədəbiyyatın paklığının qorunmasında, hətta vəzifə və partiya sıralarından xaric ediləcəyindən (partiyadan çıxarılmağın o zalım zamanda nə demək olduğunu artıq dəfə izah etməyə ehtiyac yoxdur)  qorxmayaraq həmkarı, məsləkdaşı filosof Heydər Hüseynovu qaralamaqdan imtina etməsində və bir məqalə çərçivəsinə sığmayan daha neçə-neçə fədakarlıq nümunələrində öz inandırıcı təsdiqini tapır.

Sözügedən yubiley gecəsində Rafael Hüseynov yazıçı Elçinin Arif müəllimi səciyyələndirərkən "ağayanalıq" sözünü vurğuladığını  nəzər-diqqətə çatdırdı. Həqiqətən də, bu söz Məmməd Arifin obrazını  necə də dəqiq, dolğun əks etdirir!

Ruhun şad olsun, sevərək yaşayan və sevilərək haqqa qovuşan Məmməd Arif Dadaşzadə!     

seeBaxış sayı:21
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri