Icma.az
close
up
RU
525ci qəzet Nizami və Azərbaycan mədəniyyəti Bir rəsmin dedikləri

525ci qəzet Nizami və Azərbaycan mədəniyyəti Bir rəsmin dedikləri

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Bakı Xoreoqrafiya Akademiyasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aysel Məmmədəliyevadır. Onunla Xalq rəssamı Oqtay Sadıqzadənin "Nizami və dünya mədəniyyəti" silsiləsindən "Nizami və Azərbaycan mədəniyyəti" əsəri haqqında danışmışıq.

Oqtay Sadıqzadə sənətin mənəvi və bədii dərinliyini mükəmməl ifadə edən sənətkardır. Xalq rəssamı mədəniyyətimizin zəngin irsini müasir rəssamlıq üslubu ilə birləşdirərək incəsənət tariximizdə unudulmaz iz qoyub. Onun əsərləri milli kimliyi ifadə edən yüksək bədii nümunələrdir. Rəssamın yaradıcılığının səciyyəvi xüsusiyyətləri kimi klassik kompozisiya qurmaq məharətini, əsərlərinin məna və məzmun dolğunluğunu, surətlərinin dəqiq bədii işlənilmə həllini və xarakterik xüsusiyyətlərinin ifadəliliyini, kolorit zənginliyini, əlvan işləmə manerasını və digər xüsusiyyətlərini də qeyd etmək olar. Onun sənət dünyası təkcə rənglərin harmoniyasını deyil, həm də mənəvi dərinliyi və estetik kamilliyi ifadə edir. Oqtay Sadıqzadə ədəbiyyatı təsviri sənətə gətirən sənətkar kimi sözə rəng qatmağı bacarırdı. 

Rəssamın Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin portretlərindən ibarət rəsmlər qalereyası milli mədəniyyətimizə dərin hörmət aşılamaqla yanaşı, nadir kolorit bütövlüyü və səlisliyi ilə də səciyyələnir. Yaratdığı portretlər Azərbaycan ədəbiyyatı və tarixinin ölməz şəxsiyyətlərinin ruhunu yaşadan bədii salnamələrdir. Rəssamın hər bir əsərində tarixin izləri, mənəvi dəyərlər və zamanın iztirabları insan ruhunun ifadəsi kimi təqdim edilir.

Oqtay Sadıqzadənin obrazların təkrarolunmazlığı, kompozisiya üsullarının müxtəlifliyi və rəngkarlıq həllinin mükəmməlliyi ilə seçilən "Nizami Gəncəvi və dünya mədəniyyəti" adlı monumental silsilə əsərləri, Qətran Təbrizinin, Xurşidbanu Natəvanın portretləri, "1937-ci il repressiyasının qurbanları" tablosu və "Hüseyn Cavidin aləmi" triptixi məhz bu qəbildəndir.

- Aysel xanım, "Nizami Gəncəvi və dünya mədəniyyəti" silsiləsi necə yaranıb?

- 1993-cü ildə Nizami adına Ədəbiyyat muzeyi mərkəzi salonununda asılacaq ekspozisiya üçün Xalq rəssamı Oqtay Sadıqzadəyə sifariş verilir. Divarın böyük sahəsi rəssamın öz mülahizəsinə görə doldurulmalı idi. İstedadlı sənətkar uzun müddət düşündükdən sonra bir-birilə əlaqəli 5 böyük silsilə əsər yaratmaq qərarına gəlir. Ortada (235x130) ölçüdə, onun sağ və sol tərəflərində nisbətən kiçik (220x100) ölçüdə tablo yer alır. Rəssam böyük hazırlıq işləri görüb Nizaminin dövrü, o dövrün memarlığı, incəsənəti, geyimləri barədə material toplayır. Bu tablolara Oqtay Sadıqzadə 6 ildən çox vaxt sərf edir və nəhayət, 1999-cu ildə əsərlərin təqdimat mərasimi keçirilir.

Silsiləyə daxil olan hər bir kompozisiyanın bədii həllində obrazların dəqiq və ekspressiv formada təsviri diqqəti cəlb edən nüanslardandır.

- Sözügedən əsərin rəng həlli necədir?

- Rəssam zəngin sənət metodlarına əsaslanaraq, uğurlu kolorit həlli, əlvan rəng keçidləri və mahiranə rəng yaxıları ilə uğurlu əsərlərin yaradılmasına nail olub. İstifadə olunan qızılı, mavi və torpaq rəngləri həm mənəvi əzəməti, həm də doğma torpağın ruhunu əks etdirir. Oqtay Sadıqzadənin rəng palitrası və kompozisiya quruluşu Azərbaycan miniatür sənətinin elementlərini xatırlatsa da, tamamilə müasir təsviri sənət dilində təqdim olunur. Əsərdə isti, soyuq, torpaq tonları və tünd rənglərdən istifadə olunub. İsti rənglər əsərin ön planda olan fiqurlarında daha çox nəzərə çarpır. Göygöl mənzərəsinin rəng palitrası sakit və təbii tonlardan ibarətdir. Mavi və göy rənglər mənzərənin əsasını təşkil edir. Yaşıl tonlar isə təbiətin zənginliyini və həyatla harmoniyasını simvollaşdırır. Bu rənglər, həmçinin Gəncə ərazisinin özünəməxsus landşaftını göstərir və təbii gözəlliklərə olan bədii münasibəti ifadə edir.

- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?

- "Nizami və Azərbaycan mədəniyyəti" Azərbaycan təsviri sənətində monumental bədii irs nümunəsidir. Bu əsər rəssamın Nizami Gəncəvi şəxsiyyətinə və onun yaratdığı mədəni irsə olan dərin ehtiramını əks etdirir. Əsərin kompozisiyası sənətkarlıq baxımından çoxşaxəli və konseptual baxımdan zəngin quruluşa malikdir. Bu işdə rəssamın əsas prinsipi ciddi və sakit ritmdə böyük müstəvi üzərində qurulmuş kompozisiyanı inkişaf etdirmək idi. Monumental tablonun sağ və sol hissəsində  yeddi fiqur yerləşdirilib. Tabloda yalnız Nizami Gəncəvi obrazı deyil, həm də Azərbaycan mədəniyyətinin inkişafında mühüm rol oynamış tarixi şəxsiyyətlər, ədəbiyyat və sənət xadimləri təsvir olunub. Bu, milli mədəniyyətin zaman və məkan daxilindəki təntənəsini sənət vasitəsilə əks etdirən bənzərsiz kompozisiyadır. Hər bir fiqur O.Sadıqzadənin üslubunda, öz dövrünün və sosial rolunun xüsusiyyətlərinə uyğun olaraq incə detallarla işlənib.

Yuxarıdan aşağıya doğru istiqamətlənən kompozisiyanın mərkəzində, bir qədər yuxarı hissədə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin ayaq üstə dayanmış obrazı yer alıb. Şairin təsviri dərin düşüncələrə qərq olmuş, əbədiyyətlə danışan müdrik obraz kimi təqdim edilir. Obrazın əlindəki kitab həm biliyin, həm də maarifin simvoludur. Nizami Gəncəvi obrazının fonunda Azərbaycanın füsunkar təbiəti, əsrarəngiz təbiət incisi Göygöl, uzaq planda əzəmətli Kəpəz dağı təsvir edilib. Ətrafda isə müxtəlif tarixi və mədəni simalar Azərbaycanın zəngin mədəni irsinin canlı şahidləri kimi sıralanıb. Mərkəzi obrazın ətrafında və aşağı planda rəssam böyük mütəfəkkirin müasirlərini və sonrakı dövrlərin tanınmış simalarını əks etdirib.

Nizamiyə yaxın planda, tablonun sol hissəsində milli geyimdə, başından yerə qədər uzanan üzəri nəbati naxışlarla bəzədilən zərif tülünü əli ilə tutan vəziyyətdə Məhsəti Gəncəvinin, əlində müəllifi olduğu Möminə Xatun türbəsinin maketini tutmuş Əcəmi Naxçıvaninin obrazları yer alır. Onların diqqətli nəzərləri ehtiramla şairə dikilib. Aşağı planda isə Oqtay Sadıqzadə Şah İsmayıl Xətainin, Məhəmməd Füzulinin və Nəsirəddin Tusinin obrazlarını oturan vəziyyətdə əks etdirib. Rəssam kompozisiyada dinamik harmonikliyə nail olub, obrazları bir-biri ilə əlaqələndirib, onların arasında sanki canlı təmas yaradıb. Müxtəlif dövrlərdə yaşamasına baxmayaraq, bu şəxsiyyətlərin arasında təbii bağlılıq, həmrəylik hiss olunur. Tabloda Məhəmməd Füzuli ilə Şah İsmayıl Xətai söhbət edən yerdə təsvir edilib, onlardan xeyli əvvəl ömür sürmüş Nəsirəddin Tusi isə əlini qoynuna qoyaraq maraqla onları dinləyirmiş kimi təsvir olunub.

Nizaminin sağ tərəfində rəssam Üzeyir Hacıbəylinin və Səməd Vurğunun surətlərini yaradıb. Səməd Vurğunun Nizamiyə dikilmiş nəzərlərində həm diqqət, həm də şair dalğınlığını görmək mümkündür. Səməd Vurğun Azərbaycan ədəbiyyatının ən böyük şairlərindən biri olaraq, əsərdə müasir dövrün ədəbi təmsilçisi kimi yer alır. Üzeyir Hacıbəyov Azərbaycanın musiqi mədəniyyətinin əsasını qoyan şəxsiyyət olaraq əsərdə yer alır. Onun fiquru Azərbaycan musiqisinin inkişafını və bu sahəyə verdiyi böyük töhfələri simvollaşdırır.

- Bir sözlə, portret janrının ustası kimi şöhrət qazanan sənətkar bu janrın verdiyi imkanlardan məharətlə yararlanıb.

- Bəli. Bu əsərdə kompozisiyanı təşkil edən hər bir obrazın güclü xarakteri, zəngin daxili aləmi yüksək sənətkarlıqla təsvir edilib. Portretlərin hər birində insan xarakteri, intellektual dərinlik və mənəvi zənginlik hiss olunur.

- Tablo hazırda harada saxlanılır?

- "Nizami Gəncəvi və Azərbaycan mədəniyyəti" əsəri də daxil olmaqla "Nizami Gəncəvi və dünya mədəniyyəti" silsiləsindən olan bütün əsərlər Nizami adına Ədəbiyyat muzeyinin mərkəzi salonunda saxlanılır.

- Oqtay Sadıqzadə yaradıcılığının özünəməxsus xüsusiyyətlərini bu əsərdə necə görürük?

- Oqtay Sadıqzadənin yaratdığı əsərlərin fərqli və ortaq cəhətlərini analiz edərkən zəngin rəng palitrası, klassik kompozisiya qurmaq məharəti və bədii surətlərin dəqiq işlənməsi diqqəti çəkir. Rəssam həm qrafika, həm də rəngkarlıq sahələrində işləyərək portret, monumental tablolar və tarixi mövzulara aid silsilələr yaradıb. Bədii-fəlsəfi məna, kolorit və rəng həllini rəssamın əsərlərinin ortaq cəhəti kimi götürə bilərik. Oqtay Sadıqzadə yaradıcılığında milli mədəniyyət və tarixə bağlılıq ön plandadır. "Nizami və dünya mədəniyyəti" silsiləsi, "Hüseyn Cavidin aləmi" triptixi və "Qətran Təbrizinin portreti" kimi işlərində milli və bəşəri dəyərlərin ahəngdar birləşməsi görünür. Həmçinin rəssam əsərlərində canlı və simvolik rənglərdən istifadə edərək kompozisiyaya daha təsirli təsvirlər verir. Bu xüsusiyyətlər onun həm tarixi portretlərində, həm də monumental əsərlərində özünü göstərir.

Oqtay Sadıqzadə həm tarixi-mədəni mövzulara, həm də sosial problemlərə toxunan əsərlər yaradıb. "1937-ci il repressiyasının qurbanları" əsəri daha dramatik ruhda işlənib, digər tarixi portretlər isə simvolizmlə zəngindir. O, müxtəlif janrlarda - portret, mənzərə və süjetli tablolarla yanaşı, bədii qrafika sahəsində də mühüm işlər görüb. Əlvan boyalar və detallı təsvirlər rəssamın fərqli üslublarını ortaya qoyur.

- Sizcə, rəsm bizə nə deyir?

- "Nizami və Azərbaycan mədəniyyəti" əsərində rəssam bədii təsvir vasitəsilə keçmişlə gələcək arasında körpü yaradır. Burada tarixi ənənələrə dərin bağlılıqla yanaşı, gələcəyə inam və mədəni davamlılıq ideyası da öz əksini tapır. Rəssam  mədəniyyətin zamanla necə inkişaf etdiyini, tarix və mədəniyyətin bir-birini necə tamamladığını və bu inkişafın davamlılığını simvollaşdırır. Bu əsər bizə mədəniyyətimizi qorumağa və zənginləşdirməyə olan məsuliyyətimizi xatırladır.

Aytac SAHƏD

seeBaxış sayı:15
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri