525ci qəzet Qlobal istiləşmənin fəsadları: Yer kürəsi üçün Venera sindromu
Amerikanın İqlim Tədqiqatları İnstitutunun alimləri iqlim dəyişikliyinin son altı ildə qasırğaların gücünün artmasına səbəb olduğunu müəyyən ediblər.
Tədqiqat "Environmental Research: Climate (ERC)" elmi jurnalında dərc olunub. Mütəxəssislər 2019-2024-cü illərdə Atlantik okeanında baş verən fırtınaları təhlil ediblər. Ölçmələr göstərib ki, bu dövrdə fəlakətlər zamanı küləyin orta sürəti 29 km/saat (8 m/s) artıb. 2019-cu ildən bu günədək səkkiz fırtına - "Umberto", "Zeta" (2020-ci il), 2021-ci ilin "Sem v Larry", 2022-ci ilin "Erl", 2023-cü ilin "Franklin" və 2024-cü ilin "Rafael"i külək sürətini azı 40 km/saat artırıb. "Umberto" və "Zeta" maksimum 50 km/saat sürət əlavə edib.
Qırx qasırğa üçün isti dəniz suyu növbəti güc kateqoriyasına keçməyə imkan verib.
Bu ilin noyabr ayında tropik "Rafael" fırtınası da daxil olmaqla üç fırtınada iqlim amili küləyin sürətini bir anda iki kateqoriyaya artırıb. Tədqiqatçıların fikrincə, son altı ildə öyrənilən fırtınaların 85 %-də müəlliflər bu təbii fenomenin gücündə iqlim dəyişikliyinin izlərini görüblər.
Əvvəlki araşdırmalar göstərib ki, iqlim dəyişikliyi qasırğaların daha da güclənməsinə və daha yavaş hərəkət etməsinə səbəb olub, nəticədə daha da çox yağış yağıb.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib ki, iqlim dəyişikliyi meşə yanğınları, zərərvericilər və xəstəliklər vasitəsilə meşələri daha da zəiflədir. Bu gün meşələr ciddi təhlükələrlə üzləşir: "İqlim fəaliyyətini və siyasətini gücləndirməliyik, çünki bu, meşələrin qırılmasının qarşısını alan, davamlı torpaq idarəetməsini təşviq edən, deqradasiyaya uğramış meşələri bərpa edən və meşələrin mühafizəsini milli iqlim fəaliyyət planlarına inteqrasiya edən siyasətlərin həyata keçirilməsi və gücləndirilməsi deməkdir. İnnovativ maliyyələşdirmə mexanizmləri - karbon bazarları, ekosistem xidmətlərinə görə ödəniş, ətraf mühitin mühafizəsi üçün borcun restrukturizasiyası və mühafizə nəticələrinə əsaslanan ödənişlər həyati əhəmiyyət kəsb edir. Bu alətlər meşələrin mühafizəsi və bərpası üçün lazım olan resursların əldə edilməsində mühüm rol oynayır. Bundan əlavə, inteqrasiya edilmiş maliyyə modelləri, meşə təsir fondları və dövlət-özəl tərəfdaşlıq investisiyaları katalizə edə bilər. Biz bu həlləri genişləndirmək, maliyyələşdirmə boşluqlarını aradan qaldırmaq və resursların onlara ən çox ehtiyacı olan icmalara və ekosistemlərə çatmasını təmin etmək yollarını araşdırmalıyıq. Meşə maliyyələşməsi ilə bağlı məlumat mübadiləsi və bilik idarəetməsi üçün qlobal arxitekturanı gücləndirməliyik. Meşə maliyyələşdirmə imkanları, bilik mübadiləsi və ən yaxşı təcrübələr üçün qlobal mərkəz yaratmaqla şəffaflığı artıra, əməkdaşlığı gücləndirə və təsirli fəaliyyəti təşviq edə bilərik".
Texniki elmlər üzrə fəlsəfə doktoru Azər Şükürov deyir ki, əvvəlki dövrlərdə də iqlim dəyişiklikləri olsa da, XX əsrin ortalarından bəri insanlar Yer kürəsinin iqlim sisteminə misli görünməmiş dərəcədə təsir göstərib və qlobal miqyasda dəyişikliklərə səbəb olub. Antropogen amillər sırasında azot oksidi, azot-1 oksid və xlor-flor birləşmələri də yer alır. Xüsusən son 30-50 ildə müşahidə olunan qlobal istiləşmə onilliklər ərzində atmosferdə toplanan su buxarı, karbon qazı, metan, azot oksidi kimi Günəş işığı ilə qızdırılan, Yer səthindən infraqırmızı istilik şüalarını udan qazlar tərəfindən əmələ gəlir. Başqa sözlə, Günəşdən gələn şüaların bir hissəsi ozon təbəqəsi və atmosferdəki qazlar tərəfindən sovrulur. Bir qismi litosferdən, bir qismi isə buludlardan geriyə əks olunur. Yer üzünə çatan şüalar geriyə dönərkən atmosferdəki su buxarı və digər qazlar tərəfindən tutulur. Bu hadisə Günəş şüaları ilə istilənən, amma daxildəki istiliyi çölə buraxmayan istixanaları xatırladır. Nəticədə atmosfer istiləşir ki, bu da istixana effekti adlanır.
İqlim dəyişikliyinə səbəb olan digər amil kosmosun istismarıdır. Kosmosa buraxılan raketlər atmosferin yuxarı həddində ozon qatını zədələyir və atmosferdə istixana effekti yaranır. Ozon təbəqəsinin nazilməsi də qlobal istiləşməyə yol açan digər səbəbdir. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun hesabatına görə, son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. BMT-nin hesabatında göstərilir ki, son 150 ildə dünyada temperatur 1 dərəcə yüksəlib. Ekspertlərin ehtimallarına görə, əgər Yer kürəsində temperatur bu sürətlə qalxmaqda davam etsə, 2050-ci ilə qədər hərarət 2-2,5 dərəcə, 2100-cü ilə qədər isə 6 dərəcəyə qədər yüksələ bilər.
Müəyyən olunub ki, temperaturun artması okeanda suyun 1000 metr dərinliyinə qədər hiss olunurdusa, indi bu rəqəm 2000 metrə enib. Bu da isti axınların daha da qızmasına səbəb olur. Bu ümumbəşəri problemi həll etmək üçün 1992-ci ildə Rio-de-Janeyroda BMT-nin Ətraf Mühit və İnkişaf üzrə Konfransında 154 dövlət tərəfindən "insanların iqlim sisteminə təhlükəli müdaxiləsi ilə mübarizə aparmaq üçün" "İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası" imzalandı. Çərçivə konvensiyasının əsas məqsədi "atmosferdə istixana qazlarının konsentrasiyalarının iqlim sisteminə təhlükəli antropogen müdaxiləsinin qarşısını alacaq səviyyədə stabilləşməsidir".
Hazırda bəşəriyyət sürətli iqlim dəyişkliyinin qarşısını almaqda çətinlik çəkir. Bu dəyişkliklər uzun illərdir davam etdiyindən yer kürəsində ciddi fəsadlar yaradıb. Mütəxəssislərin hesablamalarına görə, bu gedişlə 2100-cü ildə yer səthinin temperaturunun 1,5 deyil, hətta 2,8 dərəcə həddini keçmək ehtimalı var. Bu gün dünya 1,5 dərəcədən ehtiyat etdiyi halda, 2,8 dərəcənin törədəcəyi təhlükələr daha ciddi ola bilər. Bu baş verərsə, torpaqların şoranlaşması, su ehtiyatlarının tükənməsi və digər təhlükəli məqamlar qaçılmaz olacaq. Qlobal istiləşmə iri buzlaqların əriməsində mühüm rol oynayacaq. Milyon illərdən bəri buz altında qalan ərazilərdə milyardlarla ton donmuş heyvan və bitki qalıqları mövcuddur. Hazırda donmuş halda olduğundan onların tərkibindəki metan və karbon dioksid qazı atmosferə atılmır. Buzlaqlar əriməsi fərqli mənzərə yaradacaq və qlobal miqyasda ciddi fəsadlar törədəcək. Buzlaqların əriməsi təkcə okean sularının artması anlamına gəlməyəcək. Buzlaqlar şəffaf olduğuna görə günəş şüalarını geri qaytarır. Əgər buzlaqlardakı həmin ağ səth yoxdursa, günəşdən yerə düşən şüalar yer səthi tərəfindən udulur və balans pozulur. Alimlər buna "Venera sindromu" da deyirlər. Araşdırmalar göstərir ki, Venerada da vaxtı ilə həyat mövcud olub. Deməli, Yer kürəsi daha ciddi təhlükə qarşısındadır.
Son otuz il ərzində baş verən iqlim dəyişikləri bir çox problemlərin üzə çıxmasına səbəb olub. Xüsusilə qlobal səviyyədə istiləşmə artır, şimal ərazilərdə buzlaqların əriməsi, intensiv yağışların artması və nəticədə sahilyanı ərazilərin su altında qalması, təsərrüfata, insan sağlamlığına ziyan vurması və s. digər quraq ərazilərdə isə səhralaşma, quraqlığın düşməsi, su çatışmazlığı problemi kənd təsərrüfatı məhsulların azalmasına gətirib çıxarır. Eyni zamanda təhlükəli hidrometoloji hadisələrin baş verməsi və ampermetodun da yüksəlməsinə səbəb olur. Xüsusilə də 40 dərəcədən yüksək hava kütlələri, küləklərin artması get-gedə artmaqdadır. İqlim dəyişikliklərin özünə gəldikdə isə yaranmasının əsas səbəbi atmosferə buraxılan parnik qazlarının miqdarının artmasıdır ki, nəticədə də qloblar istiləşmə get-gedə özünü daha çox büruzə verməyə başlayır. Son on ildə temperatur 1,5 dərəcə artıb. Heç olmasa, temperaturu bu səviyyədə saxlamaq lazımdır ki, daha da artmasın. Buna görə də dövlətlər beynəlxalq tədbirlərdə yığışıb öhdəlik götürüblər ki, öz ölkələrində sənayedə atmosferə buraxılan qazları tələb olunan miqdarda azaltsınlar. Bu dəyişmələrin də sürəti və hüdudu azalsın.
İqlimşünas Qorxmaz İbrahimlinin dediyinə görə, dünyada müxtəlif atmosfer və digər proseslər əsasən 19-cu yüz ildən başlayaraq qlobal qeydiyyata alındığından bu dəyişikliklər haqqında bilgilərin də yaşı çox qədim deyil. Sadəcə dağıdıcı zəlzələlər, vulkanlar arxivləşdirilmişdir. Leysan və digər atmosfer hadisələri də ayrı-ayrılıqda haralardasa baş verərkən not alınmış ola bilər. Demək, söhbət qlobal istiləşmə və ona səbəb olan amillərdən gedə bilər. Qlobal istiləşmə isə 1800-cü illərdə qeydə alınmış orta hərarətdən bir dərəcə üstündə yüksək olduğu alimlər tərəfindən isbatlanıb: "Əgər qlobal istiləşməni gözə alsaq, deyə bilərik ki, son yüz ildə atmosfer qatında ciddi dəyişikliklər olub. Əlbəttə, bu dəyişikliklər biomüxtəlifliyə də təsirsiz ötüşmür. Dəyişikliklərin səbəbi isə birinci növbədə atmosferdə karbon missiyasının xüsusi çəkisinin artması ilə bağlıdır. Karbon dioksidin artma səbəbi isə sənayenin plansız inkişafı, tullantıların çəkisinin artması və s.-dir. Bununla bağlı çoxlu səbəblər göstərmək olar. O cümlədən müharibələri də əlavə edə bilərik ki, 20-ci əsrdə iki Cahan savaşı olub. Atmosferdə baş verən dəyişikliklər insanın təsiri olmazsa, heç bir təhlükə yaratmır. Dərd insanın sayəsində baş verən dəyişikliklərdir ki, onu durdurmaq çox çətindir. Buna baxmayaraq, böyük dövlətlər və BMT təbiətin qorunmasını maksimum təmin edə bilmək üçün müxtəlif beynəlxalq sənədlər imzalayıblar. Kioto protokolu, Paris anlaşması bunlara misal ola bilər. Lakin elə atmosferə zərərli maddələrin daha çox atılması da dediyimiz böyük, inkişaf etmiş dövlətlərdən olur.
Bir kərə atmosferdə gedən proseslərin qarşısını heç bir güclə almaq olmaz. Lakin insanın təsərrüfat fəaliyyəti sayəsində Yer kürəsində gedən proseslər atmosferdə dəyişikliklərə səbəb olmaqdadır. Qarşısını almaq deyil, prosesi qismən zəiflətmək üçün ən azından karbon emissiyasının azaldılması ilə istiləşməni qismən azaltmaq olar. Onun da sayəsində quraqlıq və ya anomal yağıntıların düşməsi kimi məsələlərdə cüzi dəyişikliklər ola bilər. Hər şeydən öncə insan oğlu Tanrının verdiyi bu gözəllik və ehtiyatların bir gün bitmə ehtimalı olduğunu bilməlidir. Bu isə çağımızda olmasa da, min il sonra baş verə bilər. Olmaması üçün əllərimizdən gələnləri etməliyik. Birinci növbədə insanlar çevrəni çirkləndirməkdən çəkinməlidirlər. İsrafçılıqdan qaçmalıdırlar. Su öndə olmaqla bütün istehlak məhsullarını qənaətlə tükətməlidirlər. Ayrıca götürsək, ölkəmizdə qlobal istiləşmə, qıtlıq, səhralaşma və s. kimi problemlərin qismən önlənməsi üçün qərarlar alınmaqdadır".
Sevinc QARAYEVA
![see](https://icma.az/template/assets/see.png)