Icma.az
close
up
RU
525ci qəzet Sürücülük peşəsi tarixə qovuşur So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525ci qəzet Sürücülük peşəsi tarixə qovuşur So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Fərid Pərdəşünas, texnobloger:

- Bir həftəlik texnologiya şousu başa çatdı. Bəs 2025 trendləri bizə nə vəd edir, nələr gördüm, nələr paylaşdım?

* 2025-ci ilin bir nömrəli texnoloji mövzusu yenə də süni intellekt olacaq. Artıq şirkətlər yeni cihazlar təqdim etməkdənsə, mövcudları proqram təminatı və süni intellekt ilə təkmilləşdirməyə fokuslanıblar.

* Süni intellekt demək olar ki, soyuducu, paltaryuyan, ev əşyaları, avtomobil və internetə çıxışı olan hər şey üçün mövcuddur.

* Tamamilə avtonomlaşan sürücülük - Bir neçə ilə sürücülük peşəsinin tarixə qovuşacağı artıq dəqiqdir. Bütün elektromobil və avtomobil brendlərinin hədəfi tam avtonom və sürücüsüz proqram təminatı yaratmaqdır. Bunu ən yaxşı edən isə hələ ki, "Tesla"dır.

* Ətraf mühitin qorunması və karbon emissiyasının azaldılması. Əksər texnoloji şirkətlərin bir hədəfi var - istehsal prosesində təbii xammalın emalını azaltmaq və təkrar istehsala fokuslanaraq məhsul yaratmaq. Çünki hazırda texnoloji istehsal təbiəti ciddi şəkildə təhdid altında saxlayır. Burada böyük pay da batareya materiallarının payına düşür.

* Humanoid və robotlar: Əsas hədəf sənaye və zavodlarda son qalan insanları da dəmirlərlə əvəzləməkdir. Yaradıcı süni intellekt ilə artıq qərarvermə qabiliyyəti əldə edən maşınlar insanlıq (işsizlik) üçün ciddi təhdid yaradacaq. İnqilabi dəyişikliklər növbəti 10 ildə baş verəcək.

Bu seçdiyim başlıqlar son bir həftədə olan təcrübələrimə əsaslanır.

İbrahim Nəbioğlu, jurnalist:

- ABŞ-da ALİ TƏHSİL ALAN TƏLƏBƏLƏR

Birləşmiş Ştatlar dünyanın hər yerindən çoxlu beynəlxalq tələbələrə ev sahibliyi edir. 2022/2023-cü tədris ilində ABŞ-da 210-dan çox ölkədən 1.057.188 xarici tələbə təhsil alıb.

Bu tələbələrin ən çox gəldiyi ölkələr bunlardır:

* Çin: 289,526 tələbə

* Hindistan: 268,923 tələbə

* Cənubi Koreya: 40,755 tələbə

* Səudiyyə Ərəbistanı: 21,933 tələbə

* Kanada: 20,990 tələbə

Türkiyədən ABŞ-da 8657 tələbə təhsil alır və Türkiyə ABŞ-a ən çox tələbə göndərən ölkələr arasında 19-cu yerdədir.

Bu məlumatlar göstərir ki, ABŞ beynəlxalq tələbələr üçün üstünlük verilən təhsil məkanıdır.

Elçin Rüstəmli, jurnalist:

- Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində Ermənistanla sülh müqaviləsi, sərhədlərin dəqiqləşməsi prosesi, Zəngəzur dəhlizinin açılması barədə sərt mövqe sərgiləməsindən sonra maraqlı hadisələr oldu.

Türkiyə xarici işlər naziri Hakan Fidan erməni həmkarı Ararat Mirzoyana zəng etdi;

Prezident R.T.Ərdoğan Prezident İlham Əliyevlə danışdı;

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əhmədian Bakıya və İrəvana səfər etdi.

Baş nazir Nikol Paşinyan isə Azərbaycanın şərtlərini qəbul etmədən sülh müqaviləsinin imzalanmasına hazır olduğunu, eskalasiyadan qaçacaqlarını bildirdi. Daha sonra o, sosial şəbəkədə Azərbaycanla sülh sazişi, normallaşma prosesi ilə bağlı 10 bəndlik təkliflərini yazdı. Arxasınca İrəvandan Bakının tələbinə uyğun olaraq Minsk qrupununun buraxılması ilə bağlı ATƏT-ə müraciət olunacağı açıqlandı.

Maraqlı məqamlardan biri isə Türkiyə XİN rəhbərinin açıqlamasıdır. Hakan Fidan Ankarada mətbuat konfransında bildirib ki, regionda davamlı sülh, sabitlik və çiçəklənmə üçün "tarixi" imkan pəncərəsi açılıb:

"İnanıram ki, Ermənistan da uzunmüddətli maraqlardan çıxış edir və Baş nazir Paşinyanın bu istiqamətdə müsbət müraciətini vacib hesab edirik. Paşinyan dinc mövqe ifadə edir və nizamlanmada irəliləyişə kömək edir. Biz tərəflər arasında vasitəçisiz danışıqları dəstəkləməyə davam edirik. İki ölkə arasında sülh bağlanması regionda yeni imkanlar açacaq".

Taleh Şahsuvarov, jurnalist:

- Sekulyar dünya mediası Los-Ancelesdəki yanğınları (yeri gəlmişkən orada evlərin çoxu taxtadandır) yad planetlilərə bağladısa, axşama İran mediası ABŞ-a od daşıyan mələkləri, metafizik quşları, iri buynuzlu cinləri gözü ilə görməsin, neyləsin?

İradə Tuncay, Əməkdar jurnalist:

- Gürcüstanda olanlarınız çoxdur yəqin. Orda küçə adlarının, ümumiyyətlə ünvanların necə yazıldığına da diqqət eləmisiz yəqin... Əksər hallarda öz əlifbaları ilə yazırlar. Hamı gürcü əlifbasın bilmir və bilməyə də borclu deyil...

Təxminən 12 il əvvəl Tiflisdə, bir parkda heykəl gördüm və maraqlandırdı məni. Əlifbanı oxuya bilmədim və ətrafdakı insanlardan soruşdum. Kimdi bu adam,niyə heykəl qoyublar? Bilmədilər. Nəzərə alsaq ki, hələ sovet dövründən çox uzaqlaşmamışdıq. Bir oğlana dedim oxu və ifadə et. Bəlkə tanıyıram? Dedi Georgi Leonidze yazılıb, deyəsən, müharibə iştirakçısıdı. Dedim həə - mən tanıyıram. Bizim Səməd Vurğun kimi. Şairdi... Yadımdadır, mən məktəbdə oxuyurdum - atam və anam onun 100 illik yubileyinə getmişdilər. Xatırlayıram. Sovetin belə xasiyyətləri də vardı da, şairə yubiley keçirirdi, heykəl qoyurdu.

İndi öz əlifbasını qoruyur guya, amma tanımırlar. Niyə yadıma düşdü? Bizim qız post yazmışdı -məşhur aktyorumuzun adına küçə qoyublar, əbədiləşdiriblər. Şərh yazdım ki, aktyor onu xatırlayanlar olduqca yaşayır. Bu adamlar isə hər il azalır. Nə qədər böyük aktyorlar olub, tutalım 100 il əvvəl. Tanıyırıq? Böyük olublar, təbii. Amma biz görə bilməmişik. Rəssamı, yazıçını, bəstəkarı tanımaq olar. Aktyor bu mənada əbədi ola bilmir. Zamanı azdır.

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi:

- Kitabın insan həyatındakı rolu əvəzsizdir. Hər bir kitab, xüsusən poeziya, insan ruhuna dərin təsir göstərir, onun duyğularını zənginləşdirir, düşüncələrini saflaşdırır. Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə işıq üzü görən "Yaşılım yaşılım, hara gedirsən?" adlı şeir antologiyası məhz bu missiyanı daşıyır.

Bu kitab müxtəlif şairlərin yaradıcılıq sərvətini bir araya gətirərək, oxucuları milli poeziyanın zənginliyi ilə tanış edir. Hər bir şeir təbiətə, insana və həyata dərin sevginin təcəssümü kimi könüllərə yol tapır. Antologiya, yalnız poeziyanı sevənlər üçün deyil, həm də yeni nəsli vətənə, təbiətə və insani dəyərlərə daha da yaxınlaşdırmaq baxımından əhəmiyyətli bir töhfədir.

"Yaşılım yaşılım, hara gedirsən?" şeir antologiyasının ərsəyə gəlməsi Azərbaycan ədəbiyyatı və poeziya həvəskarları üçün əlamətdar bir hadisədir. Bu dəyərli kitabın hazırlanmasında bir çox insanın əvəzsiz xidmətləri olub. Xüsusilə, Azərbaycan Yazıçılar Birliyinin sədri hörmətli Anar müəllimin, Yazıçılar Birliyinin sədr müavini hörmətli Rəşad Məcidin, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri hörmətli Arzu Bağırovanın, görkəmli şairlərimizdən Vaqif Bəhmənlinin və şairə Xatirə Fərəclinin dəyərli əməkləri xüsusi qeyd olunmalıdır.

Azərbaycan Yazıçılar Birliyinin sədri hörmətli Anar müəllimin ədəbiyyata, mədəniyyətə və maarifləndirmə işlərinə verdiyi yüksək dəyər və diqqətə bir daha şahid olduq. Təşkilatımızın sədri, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin rəhbəri hörmətli Arzu Bağırovaya "Yaşılım yaşılım, hara gedirsən?" şeir antologiyasına göstərdiyi dəstəyə görə hörmətli sədr Anar müəllim tərəfindən təşəkkürnamə ilə təltif edildi. Bu təltif bizim üçün böyük qürur və sevinc mənbəyidir.

Asif Nərimanl, jurnalist:

- Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyi nəzərdən keçirir. Bunu Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan deyib. Lakin belə bir müraciət etməyiblər, sadəcə nəzərdən keçirdiklərini elan etməklə Bakıya "razı ola bilərik" mesajını verirlər.

Ermənistanın Minsk qrupu məsələsindən siyasi bazarlıq üçün istifadə edəcəyi haqda yazmışdıq. İndi bu məsələni nəzərdən keçirmələri də sülh sazişinin bir maddəsini icra etməmələrindən qaynaqlanır.

17 maddəlik mətnin iki maddəsi - beynəlxalq iddialardan imtina və üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılması (Avropa İttifaqı müşahidə missiyası) - razılaşdırılmamışdı. Paşinyan 9 yanvarda Bakıya ünvanladığı təkliflərdə beynəlxalq iddialardan imtina edilməsinə razı olduqlarını bəyan etdi. Lakin üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılmasına toxunmadı.

Bir gün sonra - 10 yanvarda Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaja Kallas Ermənistandakı missiyasının müddətinin daha iki il uzadılmasını təklif etdi. Kallasın sözçüsü Anitta Hipper bildirdi ki, üzv dövlətlər təklifi alqışlayıb və məsələnin həlli üçün prosedur qaydalar həll edilir, yaxın həftələrdə missiyanın müddətinin uzadılması ilə bağlı rəsmi qərarın açıqlanacağı gözlənilir.

Gözlənildiyi kimi, Ermənistan üçüncü ölkələrə məxsus qüvvələri - Aİ missiyasını sərhəddən çıxarmaq tələbini yerinə yetirmədi. Və Bakıya "Aİ missiyası" tələbinin əvəzinə "Minsk qrupu tələbi"ni icra edə biləcəkləri mesajını verir, sülh sazişini də bu razılaşmalar çərçivəsində imzalamaq istəyirlər. Bakının qəbul edəcəyi ehtimalı sıfıra bərabərdir, çünki sülh sazişi üçün vacib olan Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbi hələ də qalır. İrəvan da Minsk qrupunun ləğvi üçün ATƏT-ə müraciət məsələsini "güzəşt" kimi danışıqlarda aktual olaraq saxlayacaq.

seeBaxış sayı:107
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri