Icma.az
close
up
RU
525ci qəzet Xroniki ssenari qıtlığımız Günel Musa yazır

525ci qəzet Xroniki ssenari qıtlığımız Günel Musa yazır

Günel MUSA

Dünya kino tarixinə damğasını vuran Alfred Hitçkok "yaxşı film çəkməkdən ötrü üç şeyə ehtiyac var: ssenari, ssenari və ssenari" deyirdi. Hiçkokun fikrini təsdiq edən digər bir rejissor isə məşhur fransız kinorejissoru və ssenaristi Rene Kler olub. O da, eynilə Hiçkok kimi düşünməklə, "yaxşı bir ssenaridən pis film ortaya çıxa bilər, amma pis bir ssenaridən heç vaxt yaxşı film ərsəyə gələ bilməz" deyərək ssenarinin əhəmiyyətinə diqqət çəkib. Hazırda Azərbaycan kino sənayesinin ən başlıca problemlərindən biri də məhz uğurlu ssenari qıtlığıdır. Bu problem üzündəndir ki, son illər çəkilən yerli film və serialların əksəriyyəti sabun köpüyünü xatırladır. "Ölməzlik" zirvəsinə çatan yerli ekran işlərinin sayı bir əlin barmaq sayını belə tamamlaya bilmir. Əksəriyyəti süni şəkildə səs-küyə, müzakirələrə səbəb olan bu filmlər qısa müddət sonra unudulur. Ötən əsrdə çəkilən Azərbaycan filmlərinə təkrar-təkrar baxmaq ehtiyacı hiss etdiyimiz halda, yeni filmlərə premyera günü baxdıqdan sonra kitabını elə kinoteatrda bağlayırıq. Son 20 ildə çəkilən hansı yerli filmdən dilimizə replikalar düşüb? Xatırlamaq üçün xeyli düşünmək lazım gələcək, yəqin ki.

Günlərdir sosial şəbəkədə müzakirələrə səbəb olan "Vətəndaş A" serialı da, məncə, bu aqibətdən sığortalanmayıb. Yayımlandığı gündən bəri güclü təbliğatı aparılsa da, serial geniş tamaşaçı auditoriyasının rəğbətini qazana bilmədi. Küçədə sorğu keçirilsə, çox adam söhbətin nədən getdiyini bilməyəcək. Ekran işini dayanmadan paylaşan yalnız filmin yaradıcı heyəti, yaradıcı heyətin yaxın ətrafı və İctimai Televiziyanın əməkdaşları oldu.

Bir filmin, ya da serialın uğurlu alındığını göstərən çox bəsit detallar var ki, onlar "Vətənaş A"da mənim nəzərimə çarpmadı. Serialın ssenarisi Cəfər Cabbarlının "Almaz" pyesindən təsirlənməklə qələmə alınsa da, burada baş verən hadisələr "Almaz" pyesindən tamamilə fərqli şəkildə cərəyan edir. Ssenarist C.Cabbarlının ideyasını dövrümüzə uyğunlaşdırmağa, strukturu saxlamaqla, yaşadığımız dövrdə baş verən problemlərə ayna tutmağa çalışıb. Filmdə rejissor, operator işi, aktyor oyunu qənaətbəxş olsa da, ssenaridəki boşluqlar, dialoqlardakı bəsitlik, təzadlı məqamların çoxluğu, klişelər izləyicinin filmin atmosferinə daxil olmasını kəskin şəkildə əngəlləyir. Məsələn, ən bəsit detallardan birinə diqqət çəkmək istəyirəm. Serialda ucqar dağ kəndinin camaatının Bakı ləhcəsində danışmasını ciddi nöqsanlardan biri hesab etmək olar. İkinci bir məsələ serialın hədindən artıq sosial mesajla yüklənməsidir. "Vətəndaş A" serialında işıq salınan problemlərin günümüzdə olmadığını, şişirdildiyini iddia etmək olmaz, əlbəttə.

Cəmiyyətimiz 100 il bundan əvvəlki problemləri, çox təəssüf,  21-ci əsrə qədər "uğurla" daşısa da, bu problemlərin həlli yolu hələ də görünmür. Bütün dövrlərdə erkən nikah problemi yaşayan bir cəmiyyət olaraq, təhsil, din məsələlərindəki düşüncə tərzində də cəmiyyətimizi Cəfər Cabbarlının yaşadığı dövrlə müqayisə etdikdə çox da uzun yol qət etmədiyimiz faktlarla qarşımızda dayanır. Ancaq bir film və ya serial cəmiyyətin fərqində olduğu problemlərin yükünə çiyin verirsə, orda mütləq problemin həllinə dair bir işıq ucu da qoymağı bacarmalıdır. "Vətəndaş A" serialı, təəssüf ki, bu missiyanın öhdəsindən gələ bilmədi. Almaz müəllimə serial boyu ancaq kənd camaatı ilə deyişir. Qısa və konkret desək, tamaşaçı serialda gənc müəllimənin effektli mübarizəsinə şahid olmur. Almaz problemlərin həlli üçün özünün yenilikçi ideyalarına söykənən, qəti arqumenti olan fikirlər irəli sürə bilmir. Ssenarist obrazı ağıllı, savadlı göstərməyə çalışsa da, baş qəhrəmanın etiraz nidaları ilə zəngin dialoqlar havadan asılı qalır.

Serialda klişelər həddindən artıq çoxdur. Bir filmin uğurlu alınması üçün vacib nüanslardan biri də rejissorun və ssenaristin klişelərdən uzaq durmasıdır. Bu serialda da ssenarist klişe tələsinə düşüb. Səthi yanaşılan, çeynənmiş mövzular, atmaca xarakteri daşıyan replikalar müasir film və seriallarda yamaq kimi görünür. Bölümlərdən birində ailə-məişət mövzulu verilişlərin aparıcılarının adı çəkilir və açıq-aydın ironiya hədəfinə çevirilir. Müəyyən bir kütlə tərəfindən bu epizod uğurlu, hədəfə atılan ox kimi dəyərləndirilsə də, peşəkarlıq baxımından müzakirəyə xeyli açıq nüanslardandır. Bu üsula türk kinematoqraflar müraciət edirlər. Əsasən komediya janrında olan film və seriallarda qalmaqallı tok-şoular, ailə-məişət problemlərinin müzakirə olunduğu proqramların imitasiyasına rast gələ bilərik. Ötən il Hikmət Rəhimov "Apatiya" filmində bu mövzunu peşəkarlıqla işləmişdi. Obrazı yox, süjeti danışdırmışdı. Bu da ekran işində ən mükəmməl manevrlərdən hesab olunur. "Vətəndaş A"da isə bu detal naşı və süni alınıb.

Daha ciddi nöqsanlardan biri də serial boyu dialoqların süjetin önünə keçməsidir. Dialoq ssenaridə ən güclü vasitə olaraq personajlara öz düşüncələrini, duyğularını ifadə etmək, hekayəni irəli aparmaq imkanı yaratsa da, qısa, orijinal olmalı, personajlar və onların münasibətləri haqqında məlumat ortaya qoymalıdır. "Vətəndaş A" serialında bu baxımdan da xeyli boşluqlar mövcuddur.

Əlbəttə, nöqsansız iş olmur.  Sözügedən serialı yerdən-yerə vurmaq çəkilən zəhməti görməzlikdən gəlmək niyyətindən uzağam. Nəticədə ortada bir əmək var. Əməyi keçən hər kəsin əməyinə sağlıq. Xüsusilə Azərbaycanda serial sektorunun yeni-yeni nəfəs almağa başladığı bir dövr yaşayırıq. İstedadlı aktyorlar, rejissorlar yetişir. Bu səbəbdən də Azərbaycan kino sənayesinin, serial sektorunun inkişafında ssenarist probleminin ən böyük manelərdən biri olduğu gözardı edilməməlidir.

lll

Dünyadakı milyonlarla insanı bir-birinə bağlamağı bacaran sosial media trendləri gündən-günə böyüyərək hadisələrə istiqamət vermək gücünə yiyələnir. Xüsusilə təhsil və psixologiya ilə bağlı trendlər fərqində olmadığımız şeylərin əhəmiyyətini bizə xatırladır. Məsələn, ötən həftə bütün dünyada trendə çevirilən müəlliməyə şokolad sürprizi ölkəmizdə də geniş kütləni əhatə etdi. Bu trend sayəsində, uzun müddətdən bəri cəmiyyətin ən çox tənqid hədəfinə çevirilmiş müəllimin nə qədər dəyərli olduğunu sanki yenidən dərk etdik. Təbii ki, tənqidimizdən də geri qalmadıq. Məlum məsələdir ki, cəmiyyətimizin hər şeyə neqativ bir məna yükləmək üçün hökmən bir "B" planı var. Sevginin şokolad formasında təqdimatını müəllim peşəsini təhqir etmək kimi dəyərləndirənlər, dilənçilik adlandıranlar, bu məsum addımı rüşvət sayanlar da tapıldı. Hər zaman olduğu kimi, pafoslu çıxışlar da bizi çox intizarda qoymadı. "Müəllimə şokolad yox, kitab verilməli idi" kimi fikirlər də səsləndirildi. Belə anlaşıldı ki, çox az adam bu trendin geniş kütləyə hesablanmış bir sosial mesaj olduğunu dərk edib. Halbuki bu trend əsasən sevginin, xoşbəxtliyin paylaşılan bir duyğu olduğunu xatırlatmışdı bizə.

Müasir həyatın yorğunluğu, keşməkeşi və stressi ən çox insan psixologiyasına zərbə vurur. Yorğun psixologiya isə özünü sağaltmaq üçün müxtəlif yollar axtarışına çıxır. Məsələn, dərs boyu gərgin, əsəbi olan bir müəlliməyə qəfil dərsin ortasında qalxıb belə bir jest etmək həmin gərginliyi aradan qaldırırsa, bunu necə bəyənməmək olar?

Şokolad yemək beyində endorfin adlanan "xoşbəxtlik hormonları"nın ifrazını artırır. Eyni zamanda şokolad beyində serotonin səviyyəsini artıra bilər. Qədim zamanlarda hətta Tanrının qidası olaraq adlandırılan şokoladın phenethylamine adlanan maddə (ПEA) ifraz etdiyi elmi araşdırmalar vasitəsilə sübut olunub. Bu maddə sinir sisteminə siqnal ötürür, ağrıları sakitləşdirir və insanın özünü yaxşı hiss etməsinə yol açır. Həmin videolar vasitəsilə bütün dünyaya yayılan sevgi, qısa müddətə də olsa, kainata müsbət enerji ötürmüş oldu. Yəni uzun sözün qısası, uşaqların paylaşdığı yalnız şokolad yox, həm də xoşbəxtlikdir.

seeBaxış sayı:102
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri