525ci qəzet Zəngəzur dəhlizi məsələsində həlledici dövr Sosial şəbəkədə yazılanlar
Rəşad Məcid, Mətbuat Şurasının sədri:
- Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi əhatəliliyi, qaldırdığı məsələlərin miqyasının genişliyi, məzmun zənginliyi və digər üstün cəhətləri baxımından son dərəcə uğurludur. Dövlətimizin başçısının toxunduğu hər mövzu, ümumən, verdiyi bütün cavablar dərin araşdırmalar, təhlillər mənbəyidir. Əminəm ki, bu müsahibə artıq müxtəlif dövlətlərin siyasi dairələrində diqqətlə incələnir və öyrənilir.
Ayrıca onu da deyim ki, Prezidentin yeni dünya nizamından tutmuş, yaxın və uzaq ölkələrlə, beynəlxalq qurumlarla bağlı söylədiyi fikirlər qarşımızda müdrik və qüdrətli siyasi liderin obrazını bir daha, bütün aydınlığı ilə canlandırır.
Azərbaycanın belə bir liderinin olması isə xalqımız üçün sonsuz qürur, iftixar mənbəyidir.
Belə sanballı müsahibəyə görə dövlətimizin başçısına dərin təşəkkürümü bildirir, müsahibəni götürən televiziya əməkdaşlarını dolğun və aktual suallara görə təbrik edirəm.
Ərşad Hüseynov, hüquqşünas:
- Prezident dünənki müsahibəsində Bakı metropoliteninin 10 yeni stansiyasının inşa ediləcəyi barədə məlumat verdi. Özü də qeyd etdi ki, həmin 10 stansiyanın tikintisi, bəlkə də beş il çəkər. Bu məlumat paytaxtın ictimai nəqliyyatının gələcəyinə ümidləri artırır.
Dəfələrlə vurğuladığımız kimi, paytaxtda tıxac və elementar yol hərəkəti təhlükəsizliyi probleminin həlli istisnasız olaraq ictimai nəqliyyatdan asılıdır. Mükəmməl ictimai nəqliyyatsız dayanıqlı mobillik və təhlükəsiz (yəni qəzasız, ölüm-itimsiz) yol olmur. Ona görə də həm metropolitenə, həm avtobus marşrutlarına, həm də şəhərətrafı qatarlara ciddi sərmayə qoyulmalı, imkan daxilində tramvay marşrutları bərpa edilməlidir.
10 yeni stansiyanın harada tikiləcəyi deyilmədi. Lakin Bakının baş planını və metropolitenin hazırkı vəziyyətini və ikişaf perspektivini nəzərə alanda həmin stansiyalara harada daha çox zərurət olduğunu deyə bilərik. Düşünürəm ki, Bakı metropolitenində ən zəruri işlər bunlardır:
1. Yaşıl və Qırmızı xətlərin ayrılması (yəni Dərnəgül stansiyasından gələn qatarların "28 May" satansiyasına deyil, C.Cabbarlı satansiyasına və oradan Xətai satansiyasına keçməsinin təmin olunması);
2. Dərnəgül deposunun tikilməsi;
3. Yaşıl xəttin Xətai stansiyasından H.Aslanov stansiyası istiqamətinə yeni stansiyalarının və Dərnəgül stansiyasından Koroğlu stansiyasına tərəf yeni stansiyalarının tikilməsi və bundan sonra yaşıl xəttin dairəvi sxeminin təmin edilməsi;
4. Bənövşəyi xəttin mərkəzə doğru tikintisinin davam etdirilməsi (C.Məmmədquluzadə küçəsindəki stansiyanın açılışı və ondan sonrakı stansiyaların tikintisi), bu xəttin Xırdalan istiqamətinə uzadılması (Bakının baş planında bu nəzərdə tutulurdu, amma plan dərc ediləndən sonra onu hazırlayanlar bunu təkzib etdilər);
5. Qırmızı xəttin İçərişəhər stansiyasından sonra Badamdar istiqamətində, Həzi Aslanov stansiyasından isə Zığ istiqamətinə inkişafı və s.
Bakı metrosunun genişlənməsi 10 stansiya ilə məhdudlaşmamalıdır. Metro çox ciddi şəkildə, özü də daha sürətlə genişləndirilməlidir. Avropanın, Çinin, Yaponiyanın Bakı kimi şəhərlərinin metro stansiyalarının sayı çoxdan 200-ün üstündədir, hər il bir neçə stansiya tikilib istifadəyə verilir. Bizdə də dayanıqlı maliyyələşmə ilə, ən optimal texnologiyaları cəlb etməklə metronu şaxələndirmək lazımdır. Düzdür, bunun üçün böyük xərclər lazımdır (Bakının baş planında proqnozladırılan rəqəmlərdən aydın olur ki, bir metro stansiyasının tikintisinin orta qiyməti 187 milyon manat, bir kilometr ikitərəfli metro xəttinin tikintisinin orta qiyməti isə 127,5 milyon manatdır, yəni 10 stansiyanın tikintisinə təxminən 3,5-4 milyard manat pul xərclənməlidir). Amma bu vəsaitlər metronun inkişafına mütləq yönəldilməlidir, əks təqdirdə Bakının nəqliyyat sistemi daha da pisləşəcək və paytaxda yaşamaq getdikcə daha çətin olacaq.
Nicat Hüseyn Dağlar, jurnalist:
- Azərbaycan Prezidentinin müsahibəsi Ermənistan siyasi cameəsini təlaşa salıb. Paşinyan tez-tələsik müsahibə verdi, ardınca XİN rəhbəri Ararat Mirzoyan mətbuat konfransı keçirdi. Siyasi partiyalar, deputatlar müxtəlif açıqlamalarla çıxış edir, ermənilərin guya sülhpərvər olduğunu göstərməyə çalışırlar. Qorxu, narahatlıq açıqca sezilməkdıdir. Bura İrandan, Rusiyadan verilən reaksiyaları da əlavə etsək, deyə bilərik ki, İlham Əliyevin müsahibəsi bütövlükdə regionun gündəmini dəyişib. Hamı təhlil edir, mülahizələr irəli sürülür, konkret qənaətə gəlməyə cəhd göstərilir. Qısası, cənab Əliyev bir müsahibə ilə bomba effekti yaradıb.
Azər İsmayıl, jurnalist:
- Legioner limitinin ləğv olunması gündəmə gətirilir.
Görünən odur ki, sərt reaksiyalar olmasa qərar veriləcək. "İnkişaf üçün rəqabət lazımdır" yanaşması bir növ köhnəlmiş, keçmişin fikirləridir. Günümüzün reallıqları ilə uzlaşmır. Akademiyaların az qala heç birində normal iş, sistem yoxdur. Gənclər öz-özünə, təsadüfi inkişaf edir, futbolçuya çevrilir. Aşağı yaş qrupları üzrə millilər, çempionatlar bərbad gündədir. Burda yetişən futbolçunun legionerlərlə rəqabəti də mümkünsüz, məntiqsizdir. Az qala asfaltda futbol öyrənən uşaqlara akademiya, sistem görmüş futbolçularla rəqabət aparmalarını deyirik. Bu gün xaricdə oynamaq potensialı olan, ya legionerlə rəqabət aparacaq yerli futbolçu yoxdur. Ailəmizdə futbolçu olduğu üçün yaxşı bilirəm (başqa tərəfdən baxıram). Bu qərar yerli gənclərin məhv edilməsidir. Futbolçular, valideynlər, ictimaiyyət bu mövzuda susmamalıdır.
Yeganə Hacıyeva, politoloq:
- Baydenin idarəçiliyində ABŞ Dövlət Departamentinin başı BMT üzvlərinə LGBT haqlarının müdafiəsini sırımağa qarışmışdı.
Bu vaxtlarda Çin Latin Amerikası və Şimali Amerikada bütün strateji keçidləri ya bir başa, ya da satellit holdinqlər vasitəsi ilə alırdı.
İndi Panama kanalının girişi və çıxışı portlar, kanal boyu infrastruklar, nəqliyyat habları və s. Çinin nəzarətindədir.
Çin Panama və Kolon portunu maliyyə ilə alanda, kanal boyu infrastrukturlara maliyyə yatıranda Bayden cavab olaraq Nümayəndələr Palatasının qalmaqallı sədrini təxribatçı səfərlə Tayvana göndərmişdi.
Bu səfərin yaratdığı səs-küyün fonunda ölkədə bir-iki gün demokratların reytinqini qaldırıb, sonra da oturmuşdular yerlərində.
Əsas səfəri mediada reklam kimi görmuş və bəsdir demişdilər, iş görməsələr də olar deyə fikirləşilmişdilər.
ABŞ Konqresi və Nümayəndələr Palatası dövləti və vətəndaşının maraqlarını qorumaq əvəzinə Cənubi Qafqazda və Yaxın Şərqdə terrorçuları qoruyurdu.
Nümayəndələr Palatasının sədri Nensi Pellosi terrorçu Vardanyanın pulu ilə İrəvanda olmayan erməni genosidini yad etməyə gedirdi.
Nümayəndələr Palatasında Beynəlxalq Münasibətlər komitəsinin sədri Menendes ANCA-nın sifarişləri ilə Türkiyə və Azərbaycan əleyhinə hər mövsümdə bir dinləmə təşkil edirdi.
USAİD Ermənistanda ABŞ vergi ödəyicilərinin maliyyəsi hesabına Baş naziri müdafiəsini təşkil edir, erməni milliyyəti və cəmiyyəti quruculuğuna milyonlar xərcləyirdi və s.
Bütün bu vaxtlarda da Çin Latin Amerikası və Şimali Amerikanın strateji keçidlərində möhkəmlənirdi.
Tramp da biznesmen düşüncəsi ilə bu riskləri görür və məsələni həll etmək istəyir, bu qədər sadə.
Bir həftədir Azərbaycan mediasında bu haqda gedən rəyləri oxuyuram və sadəcə təəssüf edirəm...
21-ci əsrdə, beynəlxalq münasibətlərdəki gərginlikləri sovet dövrünün syezd narrativləri ilə təbliğatını qurmaq ən azı ayıbdır...
Asif Nərimanlı, jurnalist:
- İlham Əliyev yerli telekanallara müsahibəsində Azərbaycanın Naxçıvana maneəsiz keçidində dəhliz məntiqini yenidən aktuallaşdırdı. Bildirdi ki, Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır.
"Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur", - Əliyev bəyan edib.
Ermənistan Zəngəzur dəhlizi layihəsinə razılıq verməsə də, 2022-ci ilə qədər bu varianta alternativ yox idi. Rusiyanın Ukraynaya hücumundan və Qərbin Cənubi Qafqazda aktivləşməsindən sonra alternativlər meydana çıxmağa başladı:
- Kalininqrad dəmir yolu variantı;
- Maneəsiz keçidin verilməsi və təhlükəsizliyin "özəl şirkətlər" tərəfindən təmin edilməsi;
- Maneəsiz keçidin minimum təmasla reallaşması və s.
Bu variantlar Ermənistanın gündəliyinə uyğun olmaqla yanaşı, Rusiyanın dəhlizdə iştirakını qəbul etməyən Qərbin də marağında idi və alternativlər əsasən Vaşinqton və Brüssel tərəfindən irəli sürülürdü. Bakı Zəngəzur dəhlizi layihəsindən imtina etməsə də, geosiyasi vəziyyətə görə maraqlarına daha uyğun variantın müzakirəsindən də yayınmırdı. Əliyevin son müsahibəsində məsələni yenidən 10 noyabr razılaşması müstəvisinə qaytarması isə iki səbədən qaynaqlanır.
1. Geosiyasi situasiya Ermənistanın əleyhinə dəyişir.
ABŞ-da Bayden Administasiyasının yola salınması ilə Ermənistanın Qərbdən əldə edə biləcəyi dəstəyin parçalanması perspektivi görünür. Tramp Administrasiyasının Rusiya ilə Ukraynada anlaşması, o cümlədən, Cənubi Qafqaz regionuna daha az diqqət ayırması və Azərbaycanla münasibətlərə daha çox önəm verəcəyi gözləntisinin reallıq payı artır. Bu gözləntilər fonunda Ermənistanın ümid edə biləcəyi iki müttəfiqi - Fransa və İran var. Parisin regional təsiri minumum səviyyədədir, Tehranın hadisələrin inkişafına təsir gücü isə Yaxın Şərq məğlubiyyətindən sonra daha da zəifləyib.
2. Zəngəzur dəhlizinin Azərbaycan hissəsində texniki işlərin bu il yekunlaşacağı gözlənilir: dəhliz layihəsinə bu qədər investisiya Ermənistana regional kommunikasiyada hab rolunu vermək üçün qoyulmayıb; "ev tapşırığını" icra edən Bakı İrəvandan Naxçıvana maneəsiz keçidin dəhliz məntiqi üzrə verilməsi tələbini sərtləşdirəcək.
Bütün bunların fonunda 2025-ci ilin Zəngəzur dəhlizi məsələsində həlledici dövrün olacağı görünür.