Icma.az
close
up
RU
Abramyanların “qatar”ı çoxdan gedib

Abramyanların “qatar”ı çoxdan gedib

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində müəyyən irəliləyiş əldə olunan kimi, ölkədəki radikal revanşist qüvvələri təmsil edənlər dərhal hərəkətə keçərək gərginlik yaratmağa çalışırlar. Biz bunun örnəyini 2024-cü ilin yazında görmüşük. Həmin il aprelin 19-da Qazax rayonunun uzun illər erməni işğalı altında olan 4 kəndinin (Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı) qaytarılması Ermənistanda etirazlara səbəb olmuşdu.
Revanş düşüncəsi ilə alışıb yananlar bu dəfə də eyni prosesi təkrarlamaq istəyirlər. Məlumdur ki, 2025-ci il yanvarın 16-da Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının on birinci görüşü keçirilib. Görüş iki ölkə arasındakı sərhəddə baş tutub. İclasa Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və onun ermənistanlı həmkarı Mher Qriqoryan sədrlik ediblər. Eyni gündə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın on birinci görüşü baş tutub. Görüşün nəticələrinə dair mətbuat üçün yayılan açıqlamada bildirilib ki, müzakirələr zamanı tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ilə bağlı fikir mübadiləsini davam etdiriblər. Onlar dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycanın, Ermənistanın və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsindən cənub istiqamətində, şimaldan cənuba doğru – Azərbaycan və Ermənistanın İran İslam Respublikası ilə sərhədinə qədər aparılması barədə razılığa gəliblər.
Ümumən götürdükdə, budəfəki razılaşma Qazax rayonunun erməni işğalı altında qalan digər anklav kəndlərinin və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndinin qaytarılmasını bilavasitə nəzərdə tutmayıb. Digər tərəfdən, sərhəd xəttinin dəqiqləşdirilməsi Ermənistanın özü üçün də müsbət hal olardı. Ölkənin baş naziri Nikol Paşinyanın dəfələrlə bildirdiyi kimi, Hayastan bununla beynəlxalq birlik tərəfindən tanınmış 29,8 min kvadrat kilometrlik ərazidə sahiblik hüququ əldə edəcək, onun təbirincə desək, kadastr şəhadətnaməsinə yiyələnəcəkdir. Paşinyan delimitasiya və demarkasiya prosesinin ölkəsi üçün vacib olduğunu dönə-dönə qeyd edib: “Sərhəd xəttinin dəqiqləşdirilməsindən sonra sərhədyanı bölgədə hər hansı insidentin baş vermə ehtimalı da minimuma enəcək”. Buna baxmayaraq, radikallar yenə də aranı qarışdırmağa çalışırlar. Onlar bu qarışıqlıqdan öz mənfəətləri üçün yararlanmaq istəyirlər.
Belələrindən biri parlamendəki “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyandır. O, bu günlərdə qanunverici orqanda məsələ ilə əlaqədar ayrıca bəyanatla çıxış edib. Deyib ki, Ermənistan və Azərbaycan arasında Tavuş bölgəsində sərhədin delimitasiyası üzrə işlərin başlanması/bərpa edilməsi haqqında razılaşma bütün aspektlərdə problemlidir. Guya, Azərbaycanın istəyi faktiki olaraq, ikitərəfli saziş şəklində formalaşdırılıb və Ermənistanın prioritetləri yenidən “Azərbaycanın şıltaqlığına” (?) tabe edilib: “Söhbət ilk növbədə Tavuş vilayətində yerləşən, təhvil verilməsi beynəlxalq hüquq, Ermənistan Respublikasının qanunvericiliyi və ölkəmizin həyat qabiliyyəti baxımından problemlər yaradan “qondarma anklavlar”dan gedir. Eyni paketdə Azərbaycanın əlində saxladığı Artsvaşenin (Gədəbəy rayonunun 1992-ci ilin avqustunda azad edilmiş Başkənd kəndi nəzərdə tutulur–S.H.) də məsələsi müzakirə edilməlidir. Bu, demarkasiya məntiqindən irəli gəlir və beynəlxalq hüquq baxımından (?) başa düşülən yanaşmadır”.
T.Abramyanın fikirlərinə cavab olaraq qeyd etmək lazımdır ki, Bakı və İrəvan arasında delimitasiya-demarkasiya prosesi dünyada qəbul olunmuş normalar çərçivəsində aparılır. Hələ proses başlamazdan öncə onun necə aparılacağı istiqamətində xeyli müzakirələr getmişdi. Metodologiyanın necə olacağını isə Prezident İlham Əliyev hələ 2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində aydın şəkildə ifadə etmişdi: “Heydər Əliyev 1969-cu ilin iyul ayında rəhbər seçiləndən sonra artıq bu torpaq hədiyyələri, bu proses dayandı. O vaxta qədər hissə-hissə verilirdi. Onlar məhz buna görə 1970-ci illərin xəritələrini əsas götürmək istəyirdilər. Mən sual verəndə ki, yaxşı, niyə 1970-ci illər? Deyin, mənə izah edin, bunun hansı metodoloji, siyasi əsasları var? Yoxdur! Əgər biz siyasi əsaslara istinad etsək, onda istinad nöqtəsi kimi ya Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövrünü, ya da sovetləşmə dövrünü götürməliyik. O olar siyasi metodologiya. Əgər biz xronoloji metodologiyaya üstünlük versək, onda gəlin baxaq, XX əsrin əvvəlində xəritələr nə idi, gəlin bu xəritələr üzərində işimizi quraq. Yəni siz 1960-cı, 1950-ci, 1940-cı illəri kənara qoyursunuz və məhz 1970-ci illərə istinad etmək istəyirsiniz. Məhz buna görə ki, bizim tarixi torpaqlarımız artıq onlara verilmişdi. Ona görə biz buna qəti surətdə etiraz etmişik və edirik. Əfsuslar olsun ki, 1970-ci illərin xəritəsini əsas götürmək istəyən təkcə Ermənistan deyil, onun “Ermənistan plyus” qruplaşmasıdır və biz buna heç vaxt razılıq verə bilmərik”.
Prezident qeyd etmişdi ki, bizim mövqeyimiz ədalətli və məntiqlidir. Yəni ya siyasi metodologiya, ya xronologiya əsas götürülməlidir, ya da biz, bütövlükdə, heç bir xəritə əsasında işimizi qurmamalıyıq: “Komissiya yaradılıb. Komissiyanın işini fəallaşdırmaq üçün ekspert qrupları yaradılmalıdır. Getsinlər qarış-qarış o yerləri gəzib o sərhədi müəyyən etsinlər. Çünki bu gün bizim sərhədimiz şərti xarakter daşıyır”.
Azərbaycanın qeyd olunan yanaşması rəsmi İrəvan tərəfindən də qəbul edilmiş və delimitasiya işinə bu metodologiya əsasında başlanılmasına qərar verilmişdi. İndi prosesdə müəyyən məsafə qət edildikdən sonra Abramyanın verdiyi açıqlama “arxadan atılan daş topuğa dəyər” atalar sözünü xatırladır. Ümumiyyətlə, Abramyanın, onun kimi düşünən digər “yan”ların, necə deyərlər, qatarı çoxdan gedib. Onların bunu, gec də olsa, anlamaları lazımdır.
Mövzu ilə bağlı XQ-yə açıqlama verən politoloq Yeganə Hacıyeva bildirdi ki, Ermənistandakı radikal müxalif siyasi qruplar cəmiyyətin revanşist əhval-ruhiyyədə olan kəsiminə, yəni tərəfdarlarına vaxtaşırı bu cür fikirlər ötürməklə onlardakı hansısa qisas duyğusunu, eyni zamanda, özlərinə dəstəyi aktual saxlamağa çalışırlar. Onun sözlərinə görə, Abramyanın parlamentdə verdiyi bəyanat da növbəti belə aktdır: “İlk növbədə qeyd etmək lazımdır ki, Abramyanın fikirlərinin əksinə olaraq, delimitasiya-demarkasiya prosesində indiyədək Ermənistanın Azərbaycana hansısa güzəşti olmayıb. Əksinə, bəzi Azərbaycan kəndləri hələ də Ermənistanın nəzarəti altında qalmaqdadır. Hazırda delimitasiya-demarkasiya prosesində həmin kəndlərin qaytarılması mexanizmlərinin tətbiqi üçün yollar axtarılır. Ancaq məsələ ondadır ki, Ermənistan daxilindəki revanşistləri özlərinin tərəfdarı hesab edən siyasi qruplar prosesi fərqli şərh etməyə can atırlar. Onlar bununla da Ermənistan hökumətini nüfuzdan salmağa, ona qarşı, necə deyərlər, müəyyən sədd qurmağa çalışırlar. Parlamentdə populist bəyanatlar verməklə hələ də özlərini güclü kimi göstərməyə, cəmiyyəti öz tərəflərinə çəkməyə can atırlar. Bununla gələn il keçiriləcək seçkilər ərəfəsində elektorat bazasını genişləndirməyi də hədəfləyirlər. Radikallar Paşinyan hökumətinin, guya, Azərbaycana güzəştə getdiyi görüntüsünü yaradırlar”.
Politoloq bildirdi ki, bu, Hayastandakı radikal müxalifətin əsas tezisləridir. Bu tezislərdən ölkə daxilində qeyd olunan məqsədlər üçün istifadə edirlər: “Xaricdəki erməni lobbisi isə bu tezisləri Azərbaycanın, guya, Ermənistan ərazilərini nəzarətdə saxlaması kimi qələmə verməyə çalışır. Biz bunu xaricdən ən yüksək səviyyədə eşidirik. Son 5 il ərzində dəfələrlə bunun şahidi olmuşuq. Erməni lobbisi gah 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarının yerinə yetirilməsi, gah da delimitasiya-demarkasiya prosesində Ermənistanın hansısa ərazi güzəştinə getdiyi iftirasını yaymaqdır”.
Y.Hacıyeva bildirdi ki, ancaq bir məsələ aydındır. Bu isə ondan ibarətdir ki, Ermənistan və Azərbaycan 1992-ci ildə BMT-yə müvafiq olaraq 29,8 və 86,6 min kvadrat kilometr ərazidə üzv qəbul ediliblər. Həmin vaxtadək Ermənistan Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurdan kənarda da ərazilərini işğal etmişdi. Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağ və Şərqi Zəngəzur işğaldan tam azad edildi. İndi isə sərhədlərin dəqiqləşdirilməsi çərçivəsində anklav kəndlərin, yəni suveren ərazilərimizin qaytarılması prosesi gedir.

Səxavət HƏMİD
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Yanvar 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see378

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see348

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see329

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see248

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see241

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see233

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see218

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see181

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see168

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see165

Böyük Qayıdış: verilən vəd və görülən işlər

20 Avqust 2026 13:23see160

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see159

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see159

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see158

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see156

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see155

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see154

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see154

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see148

“Meta”, “Microsoft”a milyonlar ödəyir

20 Avqust 2026 18:07see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri