ABŞ geri çəkilsə, NATO daxili parçalanmalarla üzləşə bilər Politoloq
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"ABŞ Prezidenti Donald Trampın özünə məxsus “Truth Social” sosial şəbəkəsində səsləndirdiyi son açıqlamalar ciddi diqqət çəkir. İlk növbədə o, NATO-ABŞ münasibətlərinə toxunur və hakimiyyətə gəlişindən sonra bu münasibətlərdə baş verən dəyişiklikləri önə çəkir. Həqiqətən də Tramp hakimiyyətə gələnədək NATO üzvü olan ölkələr ümumi daxili məhsullarının cəmi 2 faizini hərbi xərclərə ayırırdılar. Onun sərt mövqeyindən sonra bu göstərici 5 faizə qədər artırıldı ki, bu da hərbi sahəyə kifayət qədər böyük vəsaitin yönəldilməsi deməkdir".
Bu fikirləri Redaktor.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev bildirdi.
"Donald Tramp NATO-nun bugünkü nüfuzundan danışaraq bildirir ki, Rusiya və Çin NATO-dan deyil, yenilənmiş ABŞ-dən çəkinir. Burada əsas məsələ ondan ibarətdir ki, Tramp hakimiyyətə gələnədək NATO daxilində əsas yük məhz ABŞ-nin üzərində idi. Ümumi hesablamalara görə, alyansın hərbi xərclərinin təxminən 60-68 faizi ABŞ tərəfindən qarşılanırdı ki, bu da son dərəcə böyük büdcə deməkdir. Tramp NATO ölkələrinin sosial sahəyə böyük həcmdə vəsait ayırdıqlarını vurğulayaraq, ABŞ-nin bu qədər ağır hərbi yükü təkbaşına daşımasının ədalətli olmadığını bildirdi. Nəticədə NATO ölkələri hərbi xərclərini artırmağa məcbur oldular. Digər tərəfdən, Tramp administrasiyası tərəfindən qəbul edilən yeni Milli Təhlükəsizlik Strategiyası (MTS) faktiki olaraq Monro doktrinasının müasir əlavəsi kimi səslənir. Bu strategiya ABŞ-nin Avropa məsələlərində birbaşa təsirini azaltmaqla diqqəti əsasən Amerika qitəsinə yönəldir", - deyə o vurğuladı.
Siyasi şərhçi qeyd etdi ki, yanaşmanın nəticələrini ilin ilk aylarından etibarən açıq şəkildə müşahidə etmək mümkündür:
"Uzun müddət ABŞ ilə Venesuela arasında davam edən siyasi qarşıdurma yeni MTS-in qəbulundan sonra fərqli mərhələyə keçdi. Trampın dediyi kimi, diqqət birbaşa Amerika qitəsinə yönəldi və qısa müddət ərzində ABŞ Venesuelada əməliyyat həyata keçirdi. Həmin əməliyyat nəticəsində Maduro həbs olunaraq ABŞ-yə aparıldı. Bu isə onu göstərir ki, növbəti hədəflər də artıq gizli deyil. ABŞ açıq şəkildə Qrenlandiyanın, eləcə də paralel olaraq Kubanın oxşar ssenari ilə üzləşə biləcəyinə işarə edir. Bütün bunlar Trampın NATO-ya münasibətinin mahiyyətini izah edir. Trampın NATO ölkələrinin hərbi xərclərinə münasibəti əvvəldən sərt olub və o, bu xərclərin artırılmasını davamlı şəkildə tələb edərək istəyinə nail olub. Eyni zamanda Tramp dünya üzrə münaqişələrin dayandırılmasını və bu proseslərin məhz onun vasitəçiliyi ilə həyata keçirilməsini arzulayır. Bu isə onun Nobel Sülh Mükafatına layiq görülmək planları ilə birbaşa əlaqəlidir. Keçən il bu məqsədinə çata bilməsə də, bu il həmin istiqamətdə daha fəal olmağa çalışacağı ehtimal olunur. Şübhəsiz ki, ABŞ NATO-da xüsusi çəkiyə və həlledici rola malik ölkədir. ABŞ-nin NATO-dan çıxması və ya alyans daxilində ciddi böhranın yaranması Avropanın təhlükəsizliyi baxımından müsbət nəticələr vəd etmir. Uzun illərdir ki, NATO təhlükəsizliyin təmin olunması üçün əsas mexanizm kimi təqdim olunur, lakin bu mexanizmin mərkəzində dayanan əsas güc məhz Amerikadır".
Müsahibimizin fikrincə, ABŞ bu episentrdən kənara çəkilərsə, NATO ciddi şəkildə zəifləyə və daxili parçalanmalarla üzləşə bilər.
"Bu baxımdan NATO-nu bir hərbi qalxan kimi təsəvvür etsək, həmin qalxanın əsas dayaq nöqtəsi ABŞ-nin güclü iqtisadiyyatı və geniş hərbi xərcləridir. Məhz buna görə Tramp Amerikanı NATO-dan bir addım öndə görür və qlobal sülhün təmin olunmasında alyansdan daha çox ABŞ-nin rolunu önə çəkir. Bu məntiqlə o, Rusiya və Çinin NATO-dan deyil, məhz yenilənmiş ABŞ-dən çəkindiyini bildirir. Buradakı “qorxu” anlayışı daha çox siyasi və strateji balansı ifadə edir. Çünki bu gün Rusiya - Ukrayna müharibəsi ilə bağlı məsələlərdə əsasən ABŞ ilə dialoq aparmağa çalışır, Çinlə ABŞ arasında mövcud olan iqtisadi gərginliklərin tənzimlənməsində də Vaşinqton həlledici rol oynayır. Nəticə etibarilə demək olar ki, 2026-cı ildə və ümumilikdə Trampın hakimiyyəti dövründə ABŞ-nin NATO-dan daha böyük və mərkəzi güc kimi təqdim olunması davam edəcək. Qrenlandiya məsələsi də nəzərə alınarsa, yaxın gələcəkdə NATO ölkələri arasında ABŞ-nin bu mövqeyinə görə müəyyən gərginlik və böhranların yaşanması istisna deyil. Görünən odur ki, Tramp bu cür mümkün böhranlardan əvvəl həm özünü, həm də ABŞ-ni siyasi baxımdan sığortalamağa çalışır", - deyə Üzeyir Mustafayev yekunlaşdırdı.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 08 Yanvar 2026 18:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















