ABŞ ın dili ilə sülh masasına gətirilən şərtlər Rusiyanın qələbəsinə, Ukraynanın itkilərini artırmağa hesablanıb
Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Politoloq Sahil İskəndərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əslində həmin 2022 İstanbul razılaşmaları Ukrayna üçün onda daha sərfəli idi, yəni az itkilərlə razılaşmaya getmək və sonrakı mərhələlərdə həm hüquqi, həm də praktiki baxımdan, vizual baxımdan bu məsələlərin çözülməsinə köklənmək idi: “Çox təəssüflər olsun ki, indiki hadisələr bizim o vaxtkı proqnozlarımızın doğruluğunu sübut edir”.
Əgər bu gün Ukrayna razılaşmaya getməsə, onun itkiləri daha çox ola bilərmi?Sahil İskəndərov qeyd edib ki, əslində nəinki itkilərin çox olması, birbaşa artıq Zelenskinin hakimiyyətdə qalması məsələsi həll olunacaq: “Mən bunu dəfələrlə vurğulamışam. Əslində Ukrayna məsələsi Rusiya Amerika Birləşmiş Ştatları münasibətlərində fon rolunu oynayır. Bunun pərdə arxasında çox ciddi məsələlər müzakirə olunur. Yəni birbaşa Amerika Birləşmiş Ştatları və Rusiyanın, bütövlükdə qlobal təhlükəsizliyin problemləri həll olunub. Bunlar da birincisi, nüvə silahı məsələsidir.
Yeri gəlmişkən, diqqət yetirin, son vaxtlar yenidən nüvə silahlanması yarışına başlanması barədə verilən açıqlamalar həm Amerika Birləşmiş Ştatları, həm Rusiya, həm Çin, hətta artıq Şimali Koreya tərəfindən bu məsələ ilə bağlı verilən açıqlamalar ciddi narahatlıq doğurur. Bax, bunlar həmin pərdəarxası sövdələşmələrin komponentləridir. Burada təəccüblü heç nə yoxdur”.
Politoloq hesab edir ki, Zelenski hökuməti Ukraynanı çox çıxılmaz bir quyuya salıb, məsələ bundadır.
“Dünənə qədər sinəsinə döyüb bəh-bəh deyənlər, “imkan vermərik Ukrayna tək qalsın” deyən Avropa dövlətləri hardadır? Sözlər bəyanatdan uzağa getmir. Yeri gəlmişkən, bir məsələni vurğulayıb. Bu fonda Ukrayna prezidenti Fransada 100 rafol təyyarəsinin alınması ilə bağlı müqavilə bağladı. Bunun özü o də fantastik görünür. Çünki hazırda nə Ukraynanın, nə də Fransanın özünün həmin o təyyarələri almaq və Ukraynaya vermək üçün maddi imkanı yoxdur. Söhbət bundan gedir. Bunlar əslində daha çox pis oyunda yaxşı sima nümayiş etdirməyə bənzəyir”-deyə Sahil İskəndərov vurğulayıb.
Sahil İskəndərov qeyd edib ki, bundan əvvəl Ukraynda baş verən ciddi korrupsiya qalmaqalı məhz bu məsələ ilə bağlı idi, yəni buna hazırlıq gedirdi. Politoloqun fikrincə, Tramp administrasiyası bir daha Kiyevə göstərir ki, “başa düşün, sizin bizim tələb şərtləri qəbul etməlisiniz.
“Bu da doğrudur ki, əslində bu şərtlər Rusiyanın şərtləridir. Amma Rusiya həmin şərtləri Amerika Birləşmiş Ştatları dili ilə masaya gətirir. Donald Tramp, konkret olaraq həm Ukrayna hökumətinə, həm də Avropada belə deyək də, hələ də o münaqişənin dayandırılmasında maraqlı olmayan qüvvələrə çatdırır ki, yəni “başa düşsün, başqa çıxış yolunuz yoxdur. Siz bu şərtləri qəbul etməlisiniz”. Bu şərtlər Rusiyanındır, Amerikanındır, artıq fərq etmir. Məsələ budur. Əgər Kiyev indi bu şərtlərlə razılaşmasa, (ola bilər ki, indi orada müəyyən, belə deyək də korrektələr edilə bilər, cilalanma ola bilər bu və ya digər şəkildə) artıq Amerika Birləşmiş Ştatları Ukraynada hakimiyyət çevrilişi prosesinə start verəcək. Amerika Birləşmiş Ştatlarının bununla bağlı özünün namizədləri də var. Son zamanlar Ukrayna silahlı qüvvələrinin keçmiş baş komandanı və hazırda Ukraynanın Böyük Britaniya səfiri Valeriy Zalujnunun adı hallandı. Amma fikrimcə, hətta Amerika Birləşmiş Ştatları bunun üçün indiki baş nazir Yuliya Sviderenkonu da ön plana çəkə bilər. Çünki Sviderenkonun baş nazir təyin olunması birbaşa Birləşmiş Ştatlarının planı idi. Baxın söhbət bundan gedir. Bəli, əgər hətta indi belə bu şərtlərə gedilməsə, Ukrayna gələcəkdə daha böyük itkilərlə rastlaşacaq”-deyə Sahil İskəndərov bildirib.
Politoloqun fikrincə, bir daha sübut olundu ki, Avropanın sinəsinə döyməsinə və "mənəm, mənəm" deməsinə baxmayaraq, heç bir şəkildə Amerika Birləşmiş Ştatlarının dəstəyi həm maddi, həm silah dəstəyi, hərbi dəstəyi olmadan Ukraynadakı müharibədə istənilən birləşmiş qüvvələrin nə olur olsun, Rusiyanın təzyiqinə davam gətirməyəcəyi aydındır, yəni bunun qarşısını ala biləcək yeganə dövlət məhz Amerika Birləşmiş Ştatlarıdır və onun yardımı məsələsidir.
“Doğrudur, Rusiya ciddi iqtisadi çətinliklərlə üzləşib. Bunların hamısı var. Sözsüz ki, Rusiyanın bütün addımları beynəlxalq hüquqla daban dabana ziddir. Amma reallıq budur. Real politik, yəni real siyasət deyilən bir anlayış var. Üç il yarım bundan əvvəl təxminən olunan təkliflərin qəbul edilməməsinin bu gün Ukrayna üçün hansı ciddi fəsadlara gətirib çıxardığı sübut olunur. Amma halbuki onda çalışmaq lazım idi ki, bunlar baş verməsin. Bu da o demək deyil ki, Ukrayna o vaxt itkilərlə razılaşmalı idi. Amma orada müəyyən şərtlər vardı. Təsəvvür edin ki, orada hətta gələcəkdə Krımın statusu ilə bağlı, yəni Rusiyanın və yaxud Ukrayna olması ilə bağlı, hətta şərt var idi ki, referendum keçirilsin. İndi görün nə baş verir? Krım ümumiyyətlə, yaddan çıxıb, Krımın adı çəkilmir. İndi baxın, arxasınca görün nə gəlir: Ukraynanın hərbi qüvvələrinin 2,5 dəfədən çox azaldılması. Məsələn; burada şərtlərdən birində deyilir ki, Ukraynanın Donbasdan qalan ərazisindən çıxması müqabilində Rusiya pul ödəsin. Bu da ABŞ-ın şərtidir. Hələ Moskvanın buna razı olub-olmadığı, Moskvanın bu şərti qəbul edib etmədiyi hələ bəlli deyil. Hələ söhbət bundan getmir. Mən düşünmürəm ki, Moskva buna razılaşacaq və "biz onun əvəzində pul ödəyək" deyəcək. Hətta mən bunu da düşünmürəm. Görün, məsələlər nə yerdədir. Çünki Ukrayna üçün cəbhədə vəziyyət çox gərgindir. Böyük bir çətinlik yaranır və burada Ukrayna xalqının heç bir günahı yoxdur. Bu, Rusiya təcavüzkarlığının və konkret olaraq Ukraynanın Rusiya ilə müharibəyə sürükləyənlərin günahıdır. Bunlar hamısı onların ayağına yazılmalıdır. Onların hamısı buna görə məsuliyyət daşıyırlar. Həm xalq qarşısında, həm bəşəriyyət qarşısında, həm də ilahi qarşısında... Bütün bunların hamısı, onların cinayətləri, bax, söhbət bundan gedir. Amma Rusiya nə qədər bu məsələdə cinayətkardırsa, Ukraynanı həmin müharibəyə sürükləyənlər də bir o qədər cinayətkardır və onlar o qədər məsuliyyət daşıyırlar. Yəni onları kənara qoymaq lazımdır. İndi görürsünüzmü, hamı çəkilib qırağa, əli-ayağı təmiz və Ukraynanı artıq bu şərtlərlə məğlubiyyətə məcbur edirlər. Bu da lazım idimi ki, Ukrayna xalqına? Bax, söhbət bundan gedir…
İkinci bir tərəfdən şərtlərdən biri kimi deyilir ki, Ukrayna ərazisində xarici qoşunlar ola bilməz. Yaxşı yadınıza gəlirsə, hələ müharibə başlamazdan əvvəl 2021-ci il dekabrında Rusiyanın Bayden administrasiyasına göndərdiyi məktubda orada konkret şərtlərdən, tələbələrdən biri kimi bu idi ki, “Ukraynanın NATO-ya üzvlüyündən söhbət gedə bilməz”…
Orada 15 bənd var idi. Əsas şərtlərdən biri bu idi ki, Ukrayna NATO-ya qəbul olunmasın. Yaxşı, bütün bu qırğınlardan sonra artıq iki ildir ki, Zelenski deyir ki, “bəli, biz NATO-nun üzvü olmaq məsələsini gündəmdən çıxarırıq. NATO-ya üzvü olmayacağıq. Yaxşı, bundan ötrü bu qədər qan tökülməsinə və bu qədər müharibələrə, bu qədər cinayətlərə ehtiyac var idimi? Buna nə hacət vardı? Söhbət bundan gedir…
Burada çox maraqlı, belə belə ikibaşlı olmaq, belə deyək, meydana çıxıb. Yəni burada medalın iki tərəfi var. Hər ikisi də Ukrayna üçün qəbulolunmazdır. Birinci, əlbəttə ki, Ukrayna xalqı, Ukrayna bu şərtlərə gedə bilməz. Bu, Ukraynanın əraziləri itirməkdən başqa yarım müstəmləkə bir dövlətə çevrilməsi deməkdir. Amma ikinci bir tərəfdən mən tam qətiyyətlə və əminliklə deyə bilərəm ki, əgər Ukrayna buna getməsə, hələ Moskvanın mövqeyi burada “muştuluq” olacaq. Amerika Birləşmiş Ştatları bilavasitə Ukraynada hakimiyyət dəyişikliyi prosesinə start verəcək. Baxın, problem burdadır. İndi baxın, çəkiclə zindan arasında qalan Zelenski hökuməti hansı addımı atmalıdır? Bu, artıq onların öz vicdanının işidir. Amma yenə bir daha tam məsuliyyətlə deyirəm ki, bu məsələlərdə Ukraynanın bu vəziyyətə gəlib çıxmasında Zelenski hakimiyyətinin rolu, heç də bayaq saydığım o günahkarlardan, yəni tərəflərdən Rusiyadan, Qərbdən, Amerika Birləşmiş Ştatlarının keçmiş Administrasiyasından və ya indiki adminsitrasiyasından az deyil. O məsuliyyətin böyük hissəsi, məhz Zelenskinin üzərindədir. Çünki kənar oyunçular, kənar dövlətlər başqa oyunlar apara bilər. Amma Ukrayna xalqının seçdiyi bir adam Ukraynanın iqtisadi və siyasi, hərbi maraqları kontekstdən çıxış etməlidir. Yeri gələndə, məcburiyyət yarananda bir addım geri çəkilməyi bacarmaq lazımdır. Əgər bir addım geri çəkilmirsənsə, üç ildən sonra gəlib uçuruma yuvarlanırsan. Bütün bu reallıqlar hamısı gözümüzün qarşısındadır. Ukraynadakı atomla bağlı korrupsiya qalmaqalının indi üzə çıxması heç də təsadüf deyil. Bu, böyük bir planın tərkib hissəsidir. İndi məhz həmin korrupsiya qalmaqalı Ukrayna hökumətini çox çıxılmaz bir vəziyyətə salıb. Mən arzulayıram ki, buna layiq olmayan Ukrayna xalqı bu çətin vəziyyətdən çıxış yolu tapsın. Çox təəssüflər olsun ki, Ukrayna dövlətini və Ukrayna xalqını belə bir uçuruma yuvarladılar”-deyə politoloq fikrini yekunlaşdırıb.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 21 Noyabr 2025 23:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















