ABŞ li analitikin Azərbaycan bayrağı ilə paylaşdığı “hazır olun” mesajı kimədir? ŞƏRHÇİLƏR İZAH ETDİ
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan bayrağı fonunda yer alan iki söz “Be prepared”, yəni “Hazır olun” ABŞ-da yaxından izlənilən təhlükəsizlik analitiki Lyuk Koffinin “X” platformasında paylaşdığı statusdan sonra geniş rezonans doğurub. Lyuk Koffi əsasən Avropa və Avrasiya regionu, NATO-nun təhlükəsizlik strategiyaları və Transatlantik münasibətlər üzrə araşdırmaları ilə tanınır. Paylaşdığı mesaj qısa olmasına baxmayaraq, cəmiyyətdə və ekspert dairələrində ciddi müzakirələrə yol açıb. Koffinin paylaşımı adi status kimi yox, geosiyasi məna daşıyan ismarıc, hətta mümkün xəbərdarlıq mesajı kimi şərh olunub.
Diqqət çəkən əsas məqam ondan ibarətdir ki, “Hazır olun” ifadəsi məhz Azərbaycan bayrağı fonunda təqdim edilib. Bu detal isə paylaşımın təsadüfi olmadığını düşünənlərin sayını artırıb. Məhz bu səbəbdən sözügedən status cəmiyyətdə və analitik dairələrdə bir sıra sualların ortaya çıxmasına səbəb olub.
Məsələ ilə bağlı siyasi şərhçi Əziz Əliyev Avtosfer.az-a fikirlərini bölüşüb. O, bildirib ki, Lyuk Koffinin ümumilikdə siyasi proseslərdən və regional məsələlərdən dərindən məlumatlı şəxs olduğunu, Azərbaycanın bölgəni yaxşı tanıdığını və onun da ABŞ-nin müəyyən mərkəzlərində daha önəmli informasiyalara çıxış imkanlarının olduğunu nəzərə aldıqda, bu cür ifadənin təsadüfi olmadığı qənaətinə gəlmək mümkündür:
“Xüsusilə, İranda baş verən proseslər fonunda belə bir paylaşımın məhz “X” platforması üzərindən edilməsi diqqət çəkir. Bu isə Azərbaycanın hazır olmalı olduğu məsələnin İranın daxili prosesləri ilə bağlı olduğuna dair açıq mesaj kimi dəyərləndirilə bilər. Paylaşımda eyni zamanda aydın eyham vurulur ki, İranla bağlı məsələlərdə həlledici amil Güney Azərbaycan və bu kontekstdə Azərbaycan Respublikasının roludur. Azərbaycan Respublikasının regional proseslərə hazırlıq səviyyəsi, imkanları və operativ reaksiya vermək qabiliyyəti kifayət qədər yüksək qiymətləndirilir. Bununla yanaşı, Qərb platformalarında Azərbaycanla bağlı yayımlanan şərhlərdə ölkənin müharibədən sonrakı dövrdə qazandığı qalibiyyət faktoru xüsusi vurğulanır. Azərbaycanın döyüşkənliyi, ordunun yüksək hazırlıq səviyyəsi və cəmiyyətin psixoloji baxımdan yetkinliyi tez-tez istinad edilən əsas faktorlardandır. Bütün bunlar onu göstərir ki, mövcud geosiyasi dəyişikliklərə ən çevik və effektiv reaksiya verə biləcək ölkələrdən biri məhz Azərbaycandır və Lyuk Koffinin paylaşımının arxasında dayanan əsas mesaj da məhz bu reallığı əks etdirir”.
"Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü isə deyib ki, bir neçə məqamda ABŞ hakim dairələrində, eləcə də Amerika isteblişmentində xüsusi əhəmiyyəti olan və analitik kimi qəbul edilən Lyuk Koffi kimi bir şəxsin bu cür paylaşım etməsi təsadüfi deyil:
“Bu, olduqca önəmli və həssas mövzudur. Ümumilikdə desək, regionumuz hazırda bir sıra təhlükəli və həssas mərhələlərdən keçir. İranda baş verən proseslər, Azərbaycan Ermənistan sülh sazişinin imzalanması ətrafında gedən müzakirələr və digər regional nümunələr bunu açıq şəkildə göstərir. Bu addım bilavasitə bölgədə cərəyan edən həssas proseslərdən qaynaqlanan bir mesaj kimi dəyərləndirilə bilər. Bu paylaşımı eyni zamanda Azərbaycanın regionda artan rolu və ABŞ-nin həmin artan rola verdiyi diqqətin göstəricisi kimi də qiymətləndirmək mümkündür. Məlumdur ki, ərazi və əhali baxımından İrandan daha kiçik olmasına baxmayaraq, Azərbaycanın İrana təsir imkanları kifayət qədər ciddidir. Xüsusilə İranda çoxsaylı azərbaycanlı əhalinin yaşaması bu təsirin əsas mənbələrindən biridir. Bəs söhbət nədən gedir? Bu kontekstdə Amerikanın Azərbaycana olan ehtiyacının müəyyən dərəcədə artdığı müşahidə olunur. Bununla belə, “Hazır olun” mesajının Azərbaycanın İrana qarşı ABŞ-yə qarşı platsdarm olacağıq deyə məsələ də yoxdur. Azərbaycan heç vaxt nə İrana, nə Rusiyaya, nə də hər hansı digər dövlətə qarşı öz ərazisinin platsdarm kimi istifadəsinə imkan verib, nə də bu gün belə bir siyasət yürüdür. Gələcəkdə də bu mövqenin dəyişəcəyi gözlənilmir. “Hazır olun” çağırışı daha çox müxtəlif ssenarilər üzrə operativ və çevik qərarvermə qabiliyyətinə malik olmaq mənasını ifadə edir. Buraya mümkün qaçqın axınlarına hazırlıq, İran tərəfindən yarana biləcək təzyiq və təhdidlərə adekvat reaksiya, Zəngəzur dəhlizi ilə bağlı diplomatik, informasiya və təhlükəsizlik aspektlərində hazırlıq daxildir. Eyni zamanda, İran tərəfindən informasiya müstəvisində qəbulolunmaz addımların atılması ehtimalı da nəzərə alınaraq, bu istiqamətdə qabaqlayıcı tədbirlərin görülməsi vacib hesab olunur. Yəni “Hazır olun” mesajı məhz bu kimi risk və çağırışları əhatə edir. Ümumilikdə isə bütün bu məqamlar bir daha göstərir ki, sözügedən paylaşım ABŞ–Azərbaycan münasibətlərinin bugünkü real vəziyyətini, tərəflər arasında mövcud olan sıx əlaqələri və gələcəkdə strateji əhəmiyyət daşıyan məsələlər üzrə əməkdaşlıq ehtimalını əks etdirir. Eyni zamanda, bu yanaşma Azərbaycanın regionda artan nüfuzunu və təsir imkanlarını da aydın şəkildə ortaya qoyur”.
Nurcan Babək
Oxunub 40
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 13 Yanvar 2026 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















