ABŞ narkotik kartellərinə görə 50 Meksikalı məmurun vizalarını ləğv etdi
Icma.az, Oxumeni.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Latın Amerikası narkotik kartellərinə qarşı mübarizə çərçivəsində 50-dən çox Meksika rəsmisinin vizasını ləğv edib. The Guardian üç diplomatik mənbəyə istinadən xəbər verir. Mənbələrin məlumatına görə, Meksikanın hakim Morena partiyasından olan 50-dən çox siyasətçinin, eləcə də digər siyasi partiyaların onlarla məmurunun vizası ləğv edilib. Mənbələr hesab edirlər ki, ABŞ hökuməti narkotik kartelləri və onların siyasi müttəfiqlərinə qarşı yeni siyasəti ilə əlaqədar Meksikanın siyasi elitasına qarşı diplomatik təsir imkanlarından istifadə edir.
“The Guardian” ABŞ-ın 2011-2015-ci illərdə Meksikadakı səfiri olmuş Tony Wayne-dən sitat gətirir: “Tramp administrasiyası Meksikaya təzyiqi artırmaq üçün yeni yollar tapır”.
ABŞ-ın üç keçmiş səfiri qeyd ediblər ki, ABŞ hökuməti əvvəllər Meksika rəsmilərinin vizalarını ləğv edib, lakin heç vaxt belə miqyasda olmayıb.
Sentyabrın 3-də ABŞ-ın dövlət katibi Marko Rubio Meksikaya səfəri zamanı ABŞ-ın narkotik kartelləri və digər transmilli cinayətkar qruplarla mübarizədə Meksika ilə əməkdaşlığa sadiqliyini bir daha təsdiqləyib. Dövlət katibi bundan əvvəl Vaşinqtonun heç bir Latın Amerikası ölkəsinə qarşı deyil, yalnız narkotik kartellərinə qarşı güc tətbiq edəcəyini bildirmişdi.
Əziz Mustafa


