ABŞ niyə Ukraynanın nadir torpaq metalları ilə maraqlanır?
Icma.az bildirir, Cebheinfo-ə istinadən.
Ukrayna və ABŞ faktiki olaraq nadir torpaq mineralları üzrə sazişin yekun variantını işləyib hazırlayıblar.
Bu gün bu müqavilə “Ukraynanın bərpası ilə bağlı investisiya fondu üçün qayda və şərtlərin yaradılması haqqında saziş” adlanır.
Beləliklə, nadir torpaq metalları müqaviləsinin əsas müddəaları aşağıdakılardır:
- İnvestisiya fondunun yaradılması – Ukrayna və ABŞ Bərpa Fondunu bərabər şəkildə idarə edəcək.
- Təhlükəsizlik zəmanətləri ilə əlaqələndirilməsi – Müqavilə Ukraynanın NATO-ya qoşulmasına dəstək verilməsini və ya alternativ təminatların nəzərdən keçirilməsini ehtiva edərək, təhlükəsizlik arxitekturasının bir hissəsi kimi qəbul edilir.
- Fondun maliyyələşdirilməsi – Ukrayna icarə haqları, faydalı qazıntılara lisenziyalar və infrastruktur obyektlərindən əldə olunan dividendlərin 50 faizini fonda yönəldəcək.
- ABŞ və Ukraynanın birgə töhfələri – Fondun vəsaitləri Ukraynanın yenidən qurulması, iqtisadi inkişafı və təhlükəsizliyinə sərf olunacaq.
- Ukraynanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfənin tanınması – Ukraynanın nüvə arsenalından imtinası qeyd edilir və Budapeşt Memorandumuna istinad olunur.
Fond Ukrayna və ABŞ hökumətləri tərəfindən birgə idarə olunacaq.
Qeyd edək ki, Ukrayna əhəmiyyətli dərəcədə nadir torpaq metalları və digər kritik minerallara sahibdir, lakin bu ehtiyatların bir hissəsi hazırda Rusiya tərəfindən işğal edilmiş ərazilərdə yerləşir.
Məhz Prezident Donald Tramp ABŞ-nin bu resurslara nəzarət etməsinin vacibliyini bəyan edərək, Ukraynadan təxminən 500 milyard dollar dəyərində nadir torpaq metallarını ABŞ-yə təqdim etməsini tələb edir.
Çünki nadir torpaq metalları müasir texnologiyanın əsasıdır. “Smartfon” telefonlardan tutmuş süni intellekt, elektrik avtomobillər daxil hərbi texnikaya qədər butün metalların istehsalında bu məhsullarda istifadə olunur. Bu metallar olmadan yüksək texnologiya bazalı sənaye müəssisələrinin yaradılması mümkün deyil. Hazırda dünyanın nadir torpaq metalları bazarına Çin nəzarət edir.
Bildirək ki, Ukrayna nadir torpaq metalları ilə yanaşı litium, kobalt, titan və digər vacib minerallara da sahibdir. Xüsusilə litium, elektrikli avtomobillər və batareya sənayesinin əsas komponentlərdən biridir ki, bu bazarda da Çin üstünlük təşkil edir.
Ukraynanın nadir torpaq metalları potensialı
Ukraynada 21-i Avropa İttifaqı tərəfindən "kritik" hesab edilən 30 mühüm mineral mövcuddur. Bu, dünya ehtiyatlarının təxminən 5 %-ni təşkil edir.
Əsas nadir metal yataqları bunlardır:
*Hazırda Rusiya tərəfindən nəzarət olunan Azov dənizinin altındakı ərazilər.
*Ukraynanın nəzarətindədir olan Kirovohrad, Vinnitsa, Jitomir vilayətlərindəki mineral ehtiyatlar.
*Rusiya tərəfindən işğal edilən Donetsk və Luqansk vilayətlərindəki zəngin mineral ehtiyatlar.
Litium ehtiyatlarına gəldikdə, Ukraynanın təxminən 450 min ton litium ehtiyatı olduğu təxmin edilir. Ancaq ən böyük yataqlardan ikisi Şevçenkovskoye və Kuruya Balka, hazırda Rusiya tərəfindən işğal edilib.
Prezident Donald Trampın nadir torpaq metalları ilə bağlı sərt şərtlər irəli sürməsi onun iqtisadi və siyasi strategiyasının bir hissəsidir:
1. Bu gün ABŞ-nin istehsal sahələrində Çin nadir metalları üzərində dominant rol oynayır. Məhz Tramp bu asılılığı azaltmaq istəyir.
2.Yeni nerji və süni intellekt sənayesi üçün resurs yaratmaq. ABŞ süni intellekt və “yaşıl enerji” sektorlarını gücləndirmək üçün bu metallara ehtiyac duyur.
3. Ukraynanın müharibədəki rolunu yenidən şərtləndirmək. Tramp açıq şəkildə bildirib ki, Ukrayna nadir torpaq metalları ilə bağlı razılıq verməsə, ABŞ onlara hərbi və maliyyə yardımı etməyəcək.
Razılaşma, yoxsa imtina?
Ukrayna Prezidenti Volodimir Zelenski əvvəlcə bu tələbi "zarafat" adlandırsa da, ABŞ-dən gələn təzyiqlər artdıqca onun mövqeyi dəyişməyə başlayıb. Fevralın 26-da Zelenski bu məsələyə daha yumşaq yanaşaraq, "bu, yalnız başlanğıcdır" ifadəsini işlədib.
Ukrayna üçün seçimlər aşağıdakılardır:
1. Razılaşmanı qəbul etmək ABŞ-nin dəstəyini qorumaq üçün nadir torpaq metalları üzərində müəyyən güzəştlərə getmək.
2.Razılaşmanı rədd etmək ABŞ-nin yardımı olmadan müharibəni davam etdirmək və bu resurslardan gələcəkdə müstəqil şəkildə istifadə etmək.
Zelenskinin mövqeyinin dəyişməsi onu göstərir ki, Ukrayna ABŞ-nin şərtlərini qəbul etməyə məcbur qala bilər.
Mövzu ilə bağlı Qazaxıstan Respublikasının Birinci Prezidenti Fondu yanında Dünya İqtisadiyyatı və Siyasəti İnstitutunun aparıcı eksperti, iqtisad elmləri doktoru, professor Maqbat Spanov “Cebheinfo.az"a açıqlamasında bildirib ki, Ukrayna ABŞ-ın faydalı qazıntılarla bağlı saziş çərçivəsində 500 milyard dollarlıq fondun yaradılması tələbinə qarşı çıxır:
“Çünki bu məbləğ daha çox ABŞ-nin istəkləri əks etdirir və Trampın arzularını göstərir. Daha real görünən məbləğ 92 milyard dollardır. Əslində, bu rəqəm Ukraynanın Rusiya ilə hərbi əməliyyatlar aparmaq üçün aldığı yardım məbləğini əks etdirir.
Eyni zamanda müqavilə və sazişlər konkret müddətli olur. Onların icrası əsasən ABŞ-də həyata keçirilir və əsas gəlirləri də ABŞ şirkətləri əldə edir. Ukraynanın ABŞ-ı və ya əksinə ABŞ-ın Ukraynanı aldatması kimi qarşılıqlı bir proses gedir.
Bu məsələdə daha çox geosiyasi maraqlar ön plandadır. Tramp hər vəchlə bu münaqişəni bitirmək istəyir ki, öz ölkəsində daxili problemlərlə məşğul olsun və gələcəkdə Çinə qarşı müəyyən addımlar ata bilsin.
Xatırladım ki, 1990-cı illərdən bəri Ukraynada genişmiqyaslı geoloji-kəşfiyyat işləri aparılmayıb. Əksər yataqlar isə İkinci Dünya üharibəsindən sonra, yəni 1960-70-ci illərdə kəşf edilib. Məsələn, litium yatağının 1982-ci ildə aşkar edildiyi dəfələrlə mətbuatda qeyd olunub".
O qeyd edib ki, reallıqda isə hər iki tərəf bu müharibədən yorulub:
“Çünki bu istənilən an daha genişmiqyaslı münaqişəyə çevrilə və birbaşa döyüş əməliyyatlarına Avropa ölkələri də cəlb oluna bilər.
Əgər Avropa ölkələri Rusiya ilə müharibəyə başlasa, bu, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) də müdaxiləsi ilə nəticələnə bilər. Belə bir vəziyyət isə bütün prosesə mənfi təsir göstərər.
Tramp öz imicini qoruyub saxlamaq üçün bu münaqişəni heç bir reputasiya itkisi olmadan bitirmək istəyir. Eynilə ABŞ-ın vaxtilə Əfqanıstandan çıxması kimi. Bunun üçün isə Tramp bir bəhanə lazımdır".
Ekspert hesab edir ki, hazırda Trampa nadir torpaq mineralları üzrə saziş bu məqsədlə lazımdır:
"Lakin burada maraqlı bir məqam da var. ABŞ-Ukrayna müqaviləsi haqqında söhbətlər ortaya çıxan kimi, Rusiya dərhal Təhlükəsizlik Şurasının iclasını keçirərək nadir metallar mövzusunu müzakirə etdi.
İqtisadi baxımdan ABŞ üçün sərfəli bir təklif irəli sürüldü: nadir metalların həm "köhnə Rusiya", həm də "yeni Rusiya" ərazisində hasilatı.
Düşünürəm ki, Tramp təhlükəsizlik məsələsinə xüsusi önəm verəcək və Çindən olan kritik asılılığı azaltmaq üçün bu yataqların işlənməsi ilə maraqlanacaq.
Bu məsələdə həm Ukrayna, həm də Rusiya maraqlıdır. ABŞ isə münaqişəni dayandıran və iqtisadi baxımdan əhəmiyyətli dividendlər əldə edən ölkə kimi çıxış edir".
O bildirib ki, Kiyev ilə Vaşinqtonun bir-birində gözləntiləri var:
“Hazırda Kiyevdə real hakimiyyət Zelenski və onun ətrafına məxsusdur. Onlar üçün əsas məsələ təkcə hərbi əməliyyatların davam etdirilməsi deyil, eyni zamanda hakimiyyəti qoruyub saxlamaqdır. Çünki əks halda onlara ünvanlanacaq çətin suallardan qaçmaq mümkün olmayacaq.
Belə ki, 2014-cü ildən başlayaraq, Ukrayna bəzi ərazilərini itirib. Bura Rusiya Federasiyasına daxil edilmiş dörd vilayət, eləcə də Sumı və Xarkov vilayətlərinin müəyyən hissələri daxildir. Bu bölgələr bir müddət öncə keçirilmiş referendumun nəticələrinə əsasən artıqRusiyay birləşdirilib.
Əlbəttə ki, Kiyev itirilmiş bu əraziləri geri qaytarmaq istəyir. Lakin ABŞ açıq şəkildə bildirib ki, 2014-cü il sərhədlərinə qayıtmaq real deyil. Əgər hərbi əməliyyatlar müəyyən bir bölgədə dayandırılarsa, gələcəkdə sərhədlər də məhz həmin mövcud cəbhə xətti üzrə formalaşa bilər.
Vaşinqtonun real strategiyası isə bundan ibarətdir ki, Ukraynaya təmənnasız maliyyə yardımı vermək niyyətində deyil. Yalnız sabiq prezident Co Baydenin dövründə bağlanmış müqavilələr üzrə ödənişlər davam etdiriləcək.
Dövlət bu müqavilələrə görə pul ödəmək məcburiyyətində qalacaq. Bununla belə, Ukraynanın əsas maliyyələşdirilməsi Avropa ölkələrinin üzərinə düşəcək. Bu ABŞ-nin strategiyasına tam uyğun gəlir. Çünki Vaşinqton Avropanın müdafiə xərclərini artıraraq Ümumi daxili məhsulun 5 %-nə çatdırmasını istəyir.
Məhz bu 5%-lik xərclərin tərkibinə Ukraynaya ayrılan maliyyə yardımı və silah-sursat da daxil ediləcək. Beləliklə, ABŞ Avropanın hərbi büdcəsini artırmaqla Ukraynaya maliyyə dəstəyini dolayısı yolla təmin etmiş olacaq".
ABŞ-nin Ukraynaya yardımı uzunmüddətli bir investisiyadır, yoxsa geosiyasi oyun?
Ekspert hesab edir ki, atılan bütün addımlar və əldə olunan kompromislər əsasən geosiyasi oyunun bir hissəsidir:
“Çünki bu, müəyyən mənada investisiyalarla bağlıdır. ABŞ sadəcə müəyyən məbləğdə vəsait xərcləyib nəticə almadan Ukraynanı tərk edə bilməz.
Düşünürəm ki, ABŞ Ukraynadan tamamilə çıxmayacaq. Çünki Ukrayna əhalisinin böyük bir hissəsi müstəqilliyini və Qərbə inteqrasiyanı dəstəkləyir.
Bu isə o deməkdir ki, ölkə müəyyən mənada bölünə bilər. Buna görə də bu vəziyyət daha böyük proseslərin başlanğıcı ola bilər.
Əgər real müqavilə bağlanarsa, hesab edirəm ki, müəyyən müddət, təxminən 10-15 il ərzində nisbi sülh olacaq.
Lakin revanşist əhval-ruhiyyə yox olmayacaq. Həm Ukrayna, həm də Rusiya vəziyyəti 1991-ci ilə qaytarmaq barədə düşünəcək. Amma bu, real görünmür.
Çünki nüvə dövlətinə qarşı müharibə aparmaq son dərəcə təhlükəlidir.
Bildirim ki, Rusiyaya güc mövqeyindən edilən hər bir təklif Ukraynadakı vəziyyəti yalnız daha da gərginləşdirir. Fikrimcə, Ukrayna üçün ən optimal variant 2022-ci ilin yazında təklif olunan sülh müqaviləsi idi.
O zaman hər iki tərəf minimum itkilərlə vəziyyətdən çıxa bilərdi. Lakin artıq qan töküldükdən sonra hansısa tərəf üçün "ideal həll yolu" tapmaq çox çətin olacaq.
ABŞ-nin rolu isə burada neytral hakimin roluna bənzəyir. Necə ki, boks döyüşlərində bir hakim olmalıdır ki, tərəfləri ayırsın. Yəni, ABŞ-nin bu prosesdə rolu kifayət qədər böyükdür. Hesab edirəm ki, sülhə doğru ilk addımlar atıldıqdan sonra ABŞ bu vasitəçilik funksiyalarını BMT-yə ötürə bilər. Belə olan halda, məsələnin tam və qəti həllinə nail olmaq mümkün olar".
Səbinə Uğur
"Cebheinfo.az"

