Icma.az
close
up
RU
Adadan əsirləri oğurlayan Sona xanım kim idi? Nargindən reportaj

Adadan əsirləri oğurlayan Sona xanım kim idi? Nargindən reportaj

Kulis.az Həmid Piriyevin Böyük Zirə - Nargin adasından yazdığı reportajı təqdim edir.

Bizim evdən dənizə iyirmi dəqiqəlik piyada yol var. Uşaq olanda, təxminən doxsanıncı illərin ortalarında, yay gecələrində çıxıb evin eyvanında dayanırdım. Havadan dəniz iyi gəlirdi. Xəzri əsəndə bu iy bir az da güclü olurdu. Dənizin duzunu hiss edirdim.

Doxsanların axırı, ikiminlərin əvvəllərində köhnə bağları alıb villalar tikməyə başladılar, ətrafına hündür hasarlar çəkdilər. O hündür hasarlar havanın da qabağını kəsdi, iyin də. Daha o iy evimizə qədər gəlmirdi…

Oktyabrın 10-udur. Balaca hərbi gəminin göyərtəsində dayanıb dənizə baxıram. Yenə də həmin iy burnumu qıcıqlandırır. Uşaqlıqda yay gecələrində evimizin eyvanında dayananda hiss etdiyim dəniz iyi.

Narginə gedirik. Yəni Böyük Zirə adasına. Əslində, gəlməyi yaydan planlaşdırmışdıq, amma icazə almağımız çox çəkib deyə, indi gedirik.

Mənəm, Ömər Xəyyamdı, Orxan Məmmədlidi, iki nəfər də operator. Əvvəlcədən bölüşdürmüşük, Ömər bizim sayt üçün videomaterial hazırlayacaq, Orxan APA Tv üçün. Mən isə reportaj yazacağam (indiyə qismət imiş).

Əslində, mənim bura gəlməkdə başqa bir məqsədim də var. Birinci Dünya Müharibəsi vaxtı Türkiyənin Sarıqamış bölgəsində əsir götürülən türk hərbçilərini və mülki əhalini bu adadakı əsir düşərgəsində saxlayıblar. Nəriman Nərimanov adanı ziyarət edəndən sonra “Göz yaşı tökdürən cəzirə” məqaləsini çap etdirib, məqalədə əsirlərin acınacaqlı vəziyyətdə qaldığını, yemək, su qıtlığını, əsirlərin baxımsızlıqdan, aclıqdan və xəstəlikdən qırıldığını qeyd edib. Məqalə çap olunan gündən Bakı əhalisi əsirlərə yardım göndərməyə başlayıb. Milyonçu Kərbəlayi İsrafil ağa Hacıyevin həyat yoldaşı Sona xanım Hacıyeva da şəxsi gəmisi ilə əsirlərə yardım aparıb və hər dəfə qayıdanda bacardığı qədər əsirin paltarını dəyişdirtdirib nökər sifətində adadan qaçırdıb. Adadan ən çox əsir qaçırdan Sona xanım olsa da, bu işi təkcə o görməyib. Balaca gəmisi, qayığı olan bəzi adamlar da gecələr adaya gedib əsir qaçırdıb. O əsirlərdən sonralar Qafqaz İslam Ordusunda vuruşanlar da az olmayıb. Bəzi türklər isə, həmişəlik Bakıda qalıblar…

Hə, adaya getmək istəməyimin bir səbəbi də məhz budur. Çoxdandır bu mövzuda hekayə yazmaq istəyirəm. Buna görə də gedib adanı öz gözümlə görmək istəyirdim.

…Dənizə təzə çıxmışıq. Gəmi heyətindən bir gizir bizim yanımızdadı. Uzaqda qaralan incə xətti göstərir, “ora adadı”, deyir.

Ada ilə Bakının arası on kilometrdi. Təxminən, bir saat, saat yarımlıq yolumuz var. Bəxtimizdən, bu gün hava küləkli deyil, gəmi normal sürətlə gedir.

Operatorlar artıq çəkilişə başlayıblar. Adaya yaxınlaşdıqca müxtəlif rakurslardan adanı çəkirlər.

Mən göyərtədə siqaret çəkə-çəkə ada haqqında fikirləşirəm. İndiyəcən haqqında çox oxumuşam, tarixini də pis-yaxşı bilirəm. Bilirəm ki, Böyük Zirənin adını I Pyotr dəyişdirib Nargin qoyub. Bilirəm ki, adada 1884-cü ildə mayak tikilib, mayak İkinci Dünya Müharibəsi vaxtı partladılıb, 1958-ci ildə bərpa edilib. Bilirəm ki, Nargində türk əsirlərindən əvvəl də həbsxana olub, dustaq yaxınları adaya gedib-gələ bilmədiyi üçün Hacı Zeynalabdinə şikayət ediblər, o da dəyirman üçün tikdirdiyi binanı həbsxana binası olsun deyə hökumətə verib. Bilirəm ki, Qırmızı terror vaxtı da ölümə məhkum edilənlərin bir hissəsi güllələnmək üçün bura gətirilib. Bilirəm ki, SSRİ dağılana qədər burada hava hücumundan müdafiə sistemi qurulub, yəni ada mühüm strateji əhəmiyyətli məkan olub, sovetlər çökəndən sonra isə hərbçilər adanı tərk ediblər. Bilirəm ki, müxtəlif bədii əsərlərlə yanaşı Azad Qaradərəli də “Əllidən bir kəm” romanında Nargindən və Nargin adasından roman yazan İmir Çingizdən bəhs edib.

Bunları bilirəm. Mənə daha çox adadakı abu-hava maraqlıdır. Müxtəlif vaxtlarda “Ölüm adası”, “İlan adası”, “Cəhənnəm adası” adlandırılan adada adam özünü necə hiss edir? Bax, mənə bu maraqlıdır.

Gəmi yavaş-yavaş sahilə yaxınlaşır. Yaxınlaşdıqca adanın, mayakın cizgiləri yavaş-yavaş böyüyür, aydınlaşır, şəkillənir.

Gəmi rusların причал, türklərin rıhtım adlandırdığı, bizimsə ad tapa bilmədiyimiz və ya ad tapmaq istəmədiyimiz üçün eləcə körpü adlandırdığımız körpüyə yan alır. Sahildə gəmini gözləyən iki hərbçi ipləri alıb bərkidir.

Gəmi ilə körpünün arasında təqribən bir metr məsafə var. Uşaqlar tullanıb körpüyə çıxırlar. Mən tullanmaq istəyəndə gözüm dənizə sataşır, başım gicəllənir. Məndə yüksəklik qorxusu var. Qorxuram tullana bilmərəm, ya ayağım sürüşər, dənizə yıxılaram. Özümdən asılı deyil, bu qorxuya görə Şəkidəki Gələrsən-görərsən qalasının salamat qalmış divarının üstündə oturub dağlara baxmaq həzzindən də imtina etməli olmuşdum. İndi də belə. Hətta çoxdan arzuladığım adaya çıxmaqdan da imtina edib gəmidə qalaram, təki burden tullanmayım. Sağ olsunlar, gəmi heyəti çıxış yolu tapır. Gəmidə nə üçün istifadə olunduğunu bilmədiyim dəmir qapı var imiş, qapını gəmiylə körpünün üstünə qoyurlar, birtəhər keçirəm. Amma hər halda, ayaqlarım bir az əsir.

Gözlədiyimizin əksinə, bu gün hava çox günəşlidi. Hətta gödəkçələrimizi gəmidə qoyuruq ki, isti olmasın.

Sahilə çıxan kimi Ömərgil çəkilişə davam edirlər. Ömər gəzişə-gəzişə əvvəldən yazdığı və gəmidə də təkrarladığı mətni danışır. Orxangil də bu biri tərəfdə çəkiliş edirlər.

Mən gəzməyə başlayıram.

Ada böyük bir xarabalığa oxşayır, hər daşından atılmışlıq yağır.

Bura gəldiyimizi bilənlər də, gəmi heyəti də demişdi ki, adada ilan çoxdur, ehtiyatlı olun. Amma ilandan çox kərtənkələ var. Ümumiyyətlə, adada olduğumuz dörd-beş saat ərzində cəmisi iki dəfə ilan gördüm, kərtənkələlər isə hər addımbaşında idi. Bəziləri hətta qaçıb ayaqqabımın üstündən keçdi.

Adada görməli cəmisi iki şey var, biri rus hərbçilərindən qalma bunkerdi, biri isə mayak.

Əvvəlcə bunkerə giririk. Qapıdan girən kimi zülmət qaranlığa düşürük. Kameraların, telefonların işığı ilə hərəkət edirik. Giriş dəhlizinin divarlarını, tavanını işıqlandırıram. Betonun üstünə “dembel”lərin haradan olduğu, xidmətinə nə qədər qaldığı cızılıb: “Tümen”, “Fərqanə”, “Kuybışev”, “1986-1988”, “Krım”, “1985-1987 may DMB”, “Simferopol – 90”, “Frunze – DMB 88” və s. Bunkerə giririk. Qapısız, dörd yanı beton otaqlardır. Pilləkanla aşağıdakı mərtəbəyə düşürük, bura da eyni şey. Cəmisi bir otaqda dəmir çəlləklər atılıb. Yerdə ilan qabıqları var. Bir də içəridən kəskin mazut iyi gəlir.

Mən uşaqlardan tez çıxıram. Bunkerdən bir az aralıda bir neçə xaraba bina var. Bunlar vaxtikən kazarma olub. Elə adadakı yeganə yaşıllıq da bu kazarmaların ətrafındadır. Kazarmalardan birinin qırmızı əhəngli divarında rusca qeyd var. Bəzi hissələri qopub tökülüb. Qalan hissələrdən bunları oxuya bilirəm:

“ELİZABETH

Bu adada oleander yoxdur.

Mən sahil … xatırlayıram,

orada ağ və çəhrayı olenadrlar

və evkalipt satırdılar.

Cənubi …

2003 L.P.”

Mən kazarmalara baxdığım vaxt uşaqlar bunkerdəki çəkilişi yekunlaşdırıb çıxırlar. Bir yerdə mayaka tərəf gedirik. Mayak adanın ən hündür yerində, şimalındakı sıldırım qayalıqda tikilib. Üzüyuxarı çıxdıqca nəfəsimiz təngləşir.

Mayakın gözətçisi bizi qapıda qarşılayır. Qülləyə girib dairəvi pilləkanla yuxarı çıxırıq. Ömərgil çəkilişə başlayır, mən bir az baxandan sonra aşağı düşürəm. Mayakın həyətində ikiotaqlı ev var. Mayak gözətçiləri burada qalır. Həyətdə dovşanlar və toyuqlar üçün yer də düzəldiblər. Bir dənə də keçiləri var.

Dediyim kimi, bura adanın ən hündür nöqtəsidir. Zirvədəki sıldırım qayanın üstündə dayanıb ətrafa baxıram. Aşağıda məşhur “gəmi qəbiristanlığı” qaralır. Amma cəmisi bir-iki gəminin çürümüş gövdəsi qalıb. Ruslar gedəndə burda xeyli gəmi batırmışdılar, eşitdiyimə görə. Görəsən qalan gəmilər necə olub? O qədər dəmirin çürüyüb məhv olması ağlıma çox da batmır.

Zirvədən Bakıya baxıram. Bakı qəhvəyi toz dumanının içindədir, elə bil şəhəri tozdan qılafa salıblar. Toz-duman o qədər qatıdır ki, binaları güclə seçmək olur. Halbuki söhbət on kilometrlik məsafədən gedir. Özlüyümdə fikirləşirəm ki, gör, biz nəylə nəfəs alırıq…

Adanın bu hissəsindən sahilə düşmək mümkün deyil. Ancaq gəzib aşağı baxa bilərsən. Mən də elə edirəm. Bura hündür olduğu üçün hava hücumundan müdafiə silahlarını burada yerləşdirmişdilər vaxtikən. Mazğallar indiyə qədər qalıb. Bəzi mazğallar şəbəkə kimi hazırlanıb, hətta şəbəkənin bəzi hissələrinin üstü də örtülüb. Yuxarıdan baxanda bir suyu İçərişəhərin dolanbac küçələrinə oxşayır. Nargində liliputlar üçün tikilmiş yeraltı şəhərcik…

Gəzə-gəzə qayalığın o biri tərəfinə gedirəm. Yavaş-yavaş gedirəm, getdikcə fikirləşirəm ki, görəsən burada nə qədər türk əsiri ölüb, ölüləri harada basdırıblar? Bəs repressiya qurbanlarının nə qədəri burada güllələnib? Axı şəhərdə öldürülüb müxtəlif qəbiristanlıqlardakı köhnə qəbirlərdə basdırılanlar, Hövsan quyularına atılanlar da az olmayıb. Bəs burda güllələnənləri nə ediblər? Basdırıblar, yoxsa dənizə atıblar?

Cavabını heç vaxt dəqiq bilməyəcəyimiz suallar…

Bu biri sahildə qağayılar sırayla oturub. Çox gözəl mənzərədir. Heyif ki, mən telefonu çıxarana qədər quşlar məni görüb uçurlar, həmin mənzərəni çəkə bilmirəm.

Gəzə-gəzə dala qayıdıram…

Ömərgil də çəkilişi yekunlaşdırır. Axşamüstüdür. Yavaş-yavaş gəmiyə qayıdırıq. Gərək hava qaralmamış Bakıya çataq.

Bütün adanı gəzə bilmədik, təbii ki. Həm vaxt çox deyildi, həm də yorulmuşduq.

Deyim ki, adada çoxlarının zənn etdiyi kimi açıq qəbirlər, sümüklər yoxdur. Varsa da, bizim rastımıza çıxmadı.

Adadan miskinlik, tərkedilmişlik, taleyin ümidinə buraxılmışlıq yağır. Adamın ürəyi ağrıyır baxdıqca. Görəsən mayak işçiləri gecələr qorxmur? Bəlkə də, işə təzə başlayanda qorxublar, indi öyrəşiblər. Gərək bayaq onlardan soruşaydım, indi gecdi. O adamları, yəqin, bir də heç vaxt görməyəcəyəm.

Gəmiyə minirik. Yenə mənim üçün dəmir qapını qoyurlar, üstündən keçirəm. Gəmi rusların причал, türklərin rıhtım adlandırdığı, bizimsə ad tapa bilmədiyimiz və ya ad tapmaq istəmədiyimiz üçün eləcə körpü adlandırdığımız körpüdən aralanıb, tozlu, dumanlı Bakıya tərəf yola düşür.

Uşaqlar çəkilişdən razı qalıblar. Yemək yeyib şəhərə çatana qədər dincəlirik.

Bakıda sahilə çıxandan sonra fikirləşirəm ki, yaxşı ki, o vaxt gəmiçilik texnikumunu qurtarandan sonra gəmidə iş tapa bilmədim. Yəqin, işləyə bilməzdim.

Tanrını bağışladım - Yeni hekayə Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı IV Azərbaycan Vokalçıları Festivalı çərçivəsində konsert keçirildi
seeBaxış sayı:81
embedMənbə:https://kulis.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri