Afaq İbrahimova: vətəndaşla sahə üzrə təqdim olunan dövlət xidmətləri arasında rəqəmsal körpüdür Müsahibə
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 25 dekabr, Pərvanə Qafarova, AZƏRTAC
2025-ci ildə “Azərpoçt” MMC poçt və rəqəmsal xidmətlərin genişləndirilməsi, vətəndaş məmnunluğunun artırılması və elektron hökumət platformaları ilə inteqrasiyanın dərinləşdirilməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirib. Bu dövrdə qurumun rəqəmsallaşma sahəsində həyata keçirdiyi layihələr ictimaiyyət və peşəkar mühit tərəfindən müsbət qiymətləndirilib. Həmin layihələrdən biri olan azerpost.az saytının “Netty” Milli İnternet Mükafatına layiq görülməsi görülən işlərin nəticəsini əks etdirir.
– Azerpost.az saytının “Netty” Milli İnternet Mükafatı müsabiqəsində “Elektron Hökumət və Rəqəmsallaşma” nominasiyası üzrə qalib olması nəyi ifadə edir?
– Bu mükafat bizim üçün ilk növbədə doğru yanaşmanın və düzgün strategiyanın təsdiqidir. Azerpost.az-ın “Netty” Milli İnternet Mükafatına layiq görülməsi veb-saytın təkcə texniki və vizual baxımdan deyil, eyni zamanda funksional, vətəndaşyönümlü və real ehtiyaclara cavab verən bir platforma kimi qiymətləndirildiyini göstərir.
Sayt üzərində işləyərkən əsas məqsədimiz poçt xidmətlərini sadəcə təqdim etmək yox, vətəndaş üçün aydın, rahat və əlçatan bir rəqəmsal ünsiyyət mühiti yaratmaq olub. Bu baxımdan əldə edilən nəticə elektron hökumət və rəqəmsallaşma istiqamətində atılan addımların real effekt verdiyini göstərir.
– Saytın hazırlanmasında hansı əsas yanaşma rəhbər tutulub?
– Xüsusilə qeyd etmək istərdim ki, yeni veb-sayt təsadüfi yanaşma ilə deyil, uzunmüddətli müşahidələr və sistemli təhlillər əsasında hazırlanıb. Belə ki, 2021-ci ildən başlayaraq iki il ərzində daxil olan müştəri müraciətləri və vətəndaş sorğuları təhlil olunub, ən çox tələb olunan xidmətlər və məlumat ehtiyacları müəyyənləşdirilib.
Eyni zamanda vətəndaşların poçt və poçt xidmətlərini necə anladığı, hansı termin və ifadələrdən istifadə etdiyi, eləcə də poçt sahəsində mövcud olan institusional dilin vətəndaş qavrayışı ilə uyğunluğu araşdırılıb.
Əldə olunan bütün bu məlumatlar əsasında azerpost.az saytı üçün texniki tapşırıq və dizayn brifi hazırlanaraq istehsalçı şirkətə təqdim edilib. Nəticədə sayt təkcə informativ resurs deyil, vətəndaşın düşüncə tərzinə uyğunlaşdırılmış rəqəmsal platforma kimi formalaşıb.
– Yeni saytı əvvəlki saytdan fərqləndirən əsas funksional fərq nədir?
– Bu, çox yerində verilmiş sualdır və əslində saytımızın “Netty” Milli Mükafatında qalib olmasının əsas səbəblərindən biri də məhz budur. Müşahidələrimiz göstərdi ki, vətəndaşları ən çox maraqlandıran məsələlərdən biri yaşadıqları ünvana hansı poçt şöbəsinin xidmət göstərməsi, vətəndaşın olduğu məkana real vaxt rejimində yaxın şöbənin mövcudluğu, eləcə də konkret poçt şöbəsinin əhatə etdiyi ərazilər barədə məlumatlardır.
Bu tələbləri nəzərə alaraq yeni funksionallıq yaratdıq. Artıq vətəndaş sayta daxil olduğu zaman öz ünvanına uyğun poçt şöbəsini, coğrafi koordinatlarla yerləşməsini və xidmət əhatəsini asan və sürətli şəkildə tapa bilir.
Bununla yanaşı, mövcud funksionallıqlar da əhəmiyyətli dərəcədə təkmilləşdirilib. Məsələn, vətəndaş bağlama göndərmək istədikdə bağlamanın çəkisini, sayını və göndəriləcəyi ölkəni poçt kalkulyatoruna daxil edərək xidməthaqqını əvvəlcədən öyrənə bilir. Bu isə həm vaxt itkisini azaldır, həm də şəffaflığı artırır.
Ümumilikdə yeni sayt ona xidmət edir ki, vətəndaş poçt xidməti almaq istədikdə poçt şöbəsinə gəlmədən əvvəl bütün suallarının cavabını sayt vasitəsilə tapsın. Ünvan məlumatlarından tutmuş, göndərmək istədiyi poçt göndərişinin xidməthaqqının əvvəlcədən hesablanmasına qədər bütün proses rəqəmsal şəkildə əlçatan olub.
– Saytda hansı əlavə məlumatlar vətəndaşlar üçün daha əlçatan edilib?
– Aparılan təhlillər göstərdi ki, vətəndaşlar beynəlxalq və ölkədaxili poçt göndərişləri, eləcə də qadağan olunmuş, icazəli və şərti icazəli məhsullar barədə məlumatlarla daha çox maraqlanırlar.
Bu səbəbdən mövcud məlumatları yenidən təhlil etdik, çeşidlədik və daha sadə, anlaşılan dildə, təsnifatlandırılmış formada təqdim etdik. Sayt istifadəyə verildikdən sonra məhz bu mövzular üzrə daxil olan sualların sayının azaldığını müşahidə etdik. Məqsədimiz də elə bundan ibarət idi ki, vətəndaş onu maraqlandıran bütün sualların cavabını ən rahat şəkildə, sayt üzərindən əldə edə bilsin.
– Bu mükafatdan sonra azerpost.az üçün növbəti hədəflər nələrdir?
– “Netty” Milli İnternet Mükafatı bizim üçün bir nəticədən çox, məsuliyyətin artmasıdır. Qarşıdakı dövrdə saytın funksionallığının daha da genişləndirilməsi, istifadəçi təcrübəsinin dərinləşdirilməsi və kommunikasiya alətlərinin təkmilləşdirilməsi əsas prioritetlərimizdəndir.
Məqsədimiz ondan ibarətdir ki, azerpost.az sahə üzrə rəqəmsal dövlət xidmətlərinin etibarlı, şəffaf və funksional platforması kimi inkişafını davam etdirsin.
Baxış sayı:104
Bu xəbər 25 Dekabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















