“Agentin ən yekəsi elə sən özünsən!..”
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“İndi boynuna alırsan ki, kimin agentisən, ABŞ, Fransanın, Türkiyənin, İranın? Əşşi, yox e, sən yadplanetlilərin agentisən, ya da ən yaxşı variantda Amerikanın icad etdiyi Süni İntellektin agentisən...”
“Doğrudan da sən hardan gəlmisən, sən kimə oxşamısan belə, sən heç bizim Azərbayacanın vətəndaşlığına layiq deyilsən. Sənin gərək çoxdan başını əkəydik, ya da ən yaxşı halda xaricə qaçmağa məcbur edəydik...”
“...Səni görəndə elə bir qutuda ilan görürdülər. Öz aralarında deyirdilər ki, ə, heç elə bil, bu adam Azərbaycanda doğulub boya-başa çatmayıb, Amerikadan, Fransadan da yox e, başqa, yad bir planetdən, Marsdan, Veneradan gəlib...”
“Sən elə bilirsən, sənin əməllərindən xəbərimiz yoxdur. Körpəlikdən sənin hər addımını izləmişik... Elə o dağ kəndindəki orta məktəbdə oxuyandan haqsızlığın, ədalətsizlyin, rüşvətxorluğun, korrupsiyanın əleyhinə olmusan, institutda müəllim rüşvətxorluğuna qarşı “Rüşvətxorluğa qarşı mübarizə komitəsi” yaratmağa çalışmısan...”
“Rusiyanın “KQB”-FSB”-sinə bağlı bütün radikal müxalifət: cəbhəçilər və müsavatçılar üsyan qaldırıb öncə Putinin 1 nömrəli adamı Ramiz Mehdiyevi ev dustaqlığından buraxıblar. Sonra isə Əli Kərimli, Tofiq Yaqublu başda olmaqla bütün rusiya və iranpərəst məhbusları, siyasətçiləri, jurnalistləri, dindarları və s. azad ediblər...”
“İlahi, Sənə min şükür ki, gecə yuxuda gördüklərimin heç biri müstəqil(!), suveren(!) Azərbaycanda, Bakıda yoxdur...”
“Təki Axirətdə- Qiyamət Günü insanlığın arxivləri açılanda üzümüz ağ çıxsın!..”
**** **** **** **** ****
...Son vaxtlar, səhərə yaxın sarsaq-sarsaq yuxular görürəm. Xüsusən də indiki toylarda 40 cür xörək, salat növünə baxıb, akustikası olmayan şadlıq saraylarında adları bəlli olmayan “damba-durum”, “tramp-tarap” havalardan havalanıb gecə zorla yuxuya keçəndən sonra... O gün də belə qohum toylarından birindən sonra yatıb əcaib-qəraib bir yuxu görəsi oldum... Gördüm ki, Allah göstərməsin, guya artıq Putin bütün Ukraynanı, dalınca da Polşanı, Baltikyanı ölkələri işğal edib və cumub Azərbaycan kimi keçmiş sovet respublikalarının canına...
Yenə “xilaskar” “Qızıl ordu” Yalamadan girib və “5-ci kalon”un azərbaycanlı nümayəndələri rus əsgərinin çəkmələrini yalaya-yalaya təmtəraqla gətiriblər düz Bakıya, - Şəhidlər Xiyabanının yanındakı Dağüstü parka – gorbagor Kirovun heykəlinin yerindəki ucalığa rus əski parçası qaldırıblar. Bundan istifadə edən Rusiyanın “KQB”-FSB”-sinə bağlı bütün radikal müxalifət: cəbhəçilər və müsavatçılar üsyan qaldırıb öncə Putinin 1 nömrəli adamı Ramiz Mehdiyevi ev dustaqlığından buraxıblar. Sonra isə Əli Kərimli, Tofiq Yaqublu başda olmaqla bütün rusiya və iranpərəst məhbusları, siyasətçiləri, jurnalistləri, dindarları və s. azad ediblər...
Yeni Azərbaycan Partiyasının qərargahı qarşısında mitinqdə Səyavuş Novruzov, Zahid Oruc, Günay Ağamalı, Tənzilə Rüstəmxanlı, Rasim Musabəyov və s., məşhur jurnalistlərdən Mir Şahin, Rauf Arifoğlu və digərləri xalqı Rusiya əleyhinə üsyana qalxmağa səsləsə də, artıq gec olur - iş-işdən keçib. Həbsdən azad edilmiş Əli Kərimli, həmçinin azadlıqda olan İsa Qəmbər, Pənah Hüseyn, İqbal Ağazadə başda olmaqla üsyançılar artıq Bakıya soxulmuş rus hərbçilərinin köməyi ilə YAP qarşısındakı mitinqi dağıdaraq Səyavuş Novruzov, Zahid Oruc, Razi Nurullayev və digərlərini zindanlara atırlar. Və başlayıblar indiki Azərbaycandan min ağac iraq, min ağac iraq, kütləvi repressiyaya...
Elə o sovet dövründəki “37”-də olduğu kimi, harda dinc, kiminsə toyuğuna daş atmayan, ömründə bir manat rüşvət almayan, sadəcə, ya mətbuatda, ya da sosial şəbəkədə-filanda Rusiya, Putin əleyhinə, Ukraynanın xeyrinə, eyni zamanda 2020-2024-cü illər ərzində Azərbaycanın keçmiş Dağlıq Qarabağ ərazisində “sülhməramlı” adı altında dislokasiya olunmuş Rusiya qoşunlarının erməni separatçılarına dəstəyi və digər qanunsuz fəaliyyətlərini ifşa edən yazılar, postlar, şərhlər yazmış adamları, nə bilim, “bandotdel”, “qorotdel”ə, “KQB”-nin keçmiş binasına, Dzerjinski(Şəhriyar) klubuna yığıb işgəncə verirlər...
...Gecə yarı 29 ildir yaşadığım yataqxanadakı taxta qapılı darısqal otağıma soxularaq gözümə projektor kimi fonar işiğı salaraq yatağımdan oyadan maskalılar məni də başı torbalı, gözübağlı, qolu qandallı gətirdilər belə işgəncə kameralarından birinə... Başlarında bir rus polkovnik, onun da əlinin altında bizim çəkmə yalayan bir neçə satqın tula... Polkovnik başı ilə işarə edən kimi tulalar məni o ki var, eşşək sudan gəlincə çırpdılar. Nə yemisən- turşulu aş...
Polkovnik və onun tulası olan azərbaycanlı müstəntiq başladılar tərcümeyi-halımı danışmağa:
“Sən elə bilirsən, sənin əməllərindən xəbərimiz yoxdur. Körpəlikdən sənin hər addımını izləmişik... Elə o dağ kəndindəki orta məktəbdə oxuyandan haqsızlığın, ədalətsizlyin, rüşvətxorluğun, korrupsiyanın əleyhinə olmusan, institutda müəllim rüşvətxorluğuna qarşı “Rüşvətxorluğa qarşı mübarizə komitəsi” yaratmağa çalışmısan, biz ermənilərə dəstək verib Xocalı soyqırımını törədəndən sonra institutda - özü də sovet dövründən bəri Moskvaya sıx bağlı M.F. Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunda(ind. Bakı Slavyan Universiteti) seçmə oğul-qızlardan ibarət 37 nəfərlik könüllü dəstə yaradıb Qarabağa – Laçına yollanmısan. Yəni növbəti dəfə bizim plan və ssenarilərə qarşı çıxmısan. Şuşa və Laçının işğalından sonra iyun ayında keçirilən dövlət imtahanı zamanı çəkdiyin biletdə adları çəkilən Puşkini, Lermontovi söyüb komissiya üzvlərini səndən və bir neçə həmkarından başqa bütün qrup tələbələrindən rüşvət topladıqlarına görə biabır etmisən, sonrakı onilliklərdə də həm müəllim, həm jurnalist kimi daim bürokratiyanın, korrüpsiyanın, rüşvətxorluğun, məmur özbaşınalığının əleyhinə olmusan...
Ayə, sən bir il məktəb direktoru işlədin- o yazıq təhsil şöbəsi müdiri, baş mühasib, o biri mühasiblər sənin əlinə baxa-baxa qaldı: birinə bir köpük xeyir vermədin. Ona görə səni görəndə elə bir qutuda ilan görürdülər. Öz aralarında deyirdilər ki, ə, heç elə bil, bu adam Azərbaycanda doğulub boya-başa çatmayıb, Amerikadan, Fransadan da yox e, başqa, yad bir planetdən, Marsdan, Veneradan gəlib...
Doğrudan da sən hardan gəlmisən, sən kimə oxşamısan belə, sən heç bizim Azərbayacanın vətəndaşlığına layiq deyilsən. Sənin gərək çoxdan başını əkəydik, ya da ən yaxşı halda xaricə qaçmağa məcbur edəydik. Alçaq, sən kimsən ki, bizim qurduğumuz “KQB”-“FSB”-korrupsiya sisteminə qarşı çıxırsan?..
...İndi də son illər yazılarında “agent” ovuna çıxmısan. 30 ildən çoxdur yazırsan ki, keçmiş SSRİ “KQB” arxivləri açılmalı, Rusiyanın əsas agentləri ifşa olunmalı, həbs edilməli, siyasətdən meydanından kənarlaşdırılmalıdırlar. Nə bilim, gah yazırsan ki, Putin “SRU”-nun agentidir, gah deyirsən ki, yox, Tramp Putinin agentidir. Ə, sənin nəyinə lazım kim-kimin agentidir. “Çekist”-zadsan, agent ovuna çıxmısan? Bəs “KQB”-nin sadiq davamçısı o boyda “FSB”, QRU” biz nə karəyik ki, burda, sən burda ağlına gələni yazırsan? Burnun girməyən yerə başını niyə soxursan? Başqaları kimi başını aşağı salıb o yataqxanada bir tikə çörəyini yeyə bilmirsən? Elə bilirsən, sənə imkan verəcəyik, gedib o Laçında – doğma Ağanus kəndində ev alıb yaşayasan, ay getdin, ay aldın, ha!..
İndi sənin başını xlorlu suya soxub 2-3 dəqiqə saxlayarıq, sonra da bir-bir dırnaqlarını çəkərik, onda bilərsən ki, dünyada nə var- nə yox, “FSB” kimdir, zati aliləri Putin kimdir, onda bilərsən ki, bu boş başı hər yerə soxmaq olmaz...
Doğrudan da başımı bir neçə dəfə su dolu çəlləyə soxub çıxardılar, elə bil o dünyaya getdim-qayıtdım... Daha dəhşətli inşgəncə sonra başladı. Hər iki əlimdə düz 5 dırnağımı çəkdilər...
Huşum getdi- bir iki vedrə su töküb ayıltdılar... Sonra da başladılar ki, indi boynuna alırsan ki, kimin agentisən, ABŞ, Fransanın, Türkiyənin, İranın? Əşşi, yox e, sən yadplanetlilərin agentisən, ya da ən yaxşı variantda Amerikanın icad etdiyi Süni İntellektin agentisən...
Dedim, əvvəla, siz mənə yadplanetlilərin varlığını təsdiq edin- sonra mən sizə cavab verərəm... İkincisi də, Ukrayna ilə savaşda biabır olandan sonra kompüteriniz-filan qalıbdırsa, internetə girə bilirsinizsə, hörmətli Süni İntellekt cənablarının özündən soruşun, görün, mən onun agentiyəm, yoxsa yox... Hə desə, buyurun- söhbətimizi davam etdirək... Bunları deyəndə yoldaş bolşeviklər lap əsəbiləşdilər...
O rus polkovnik hiddətlə stolun üstünə elə bir yumruq vurdu ki, otaqdakı o sınıq-salxaq stəkanlar "zınq" eləyib yerə töküldü. Bizim o çəkməyalayan tulanın isə az qala qorxudan rəngi qaçdı, başladı üstümə qışqırmağa:
— Ə, sən hələ buralarda da fəlsəfə bülbülü olmaq istəyirsən? Süni İntellekt nədir, kompüter nədir? Sənin o yazdığın anti-Rusiya yazılarının arxasında hansı böyük gücün dayandığını, sənə kimin agentlik elədiyini elə bura gəlməmişdən soruşmuşuq ondan! Süni İntellekt də sənin kimiyini bircə saniyədə satdı! Boynuna al, əbləh!..
Dedim:
— Ay bədbəxt satqın, Süni İntellektə mən nə agentlik edəcəm? Mən ömrü boyu bu millətin dərdini yazmışam, rüşvətxorun, satqının gözünə mil çəkmişəm. Mənim ağam da, arxam da elə bu xalqdır!..
Müstəntiq mənə tərəf əyilib, o xlorlu suyun qoxusu gələn ağzını düz qulağıma dirədi və elə bir istehzayla güldü ki, tüklərim biz-biz oldu:
— Xalq? Ə, sən hələ də yatıb fil qulağında qalmısan? Elə bilirsən səni bura gətirən bizik? Səni bura elə o otuz ildir "bizi birləşdirən ağrılarımızdır, gəlin bir olaq" deyib yalvardığın, uğrunda canını qoyduğun o "xalq" satıb! O toyda "damba-durum" sədaları altında yeyib-içib sərxəst olan, sənin "rüşvət almayın, düz yaşayın" sözlərinə, gül kimi yağlı, yeyib-dağıtmalı direktor vəzifəsindən çıxandan sonra arxada "görəsən, bu dəli hansı planetdən gəlib" deyə gülən adamlar var e... Bax, sənin o antimilli "Agent" olduğunu, Rusiyaya qarşı yazılar yazdığını, toyuqlarına daş atdığını birinci elə onlar satıb bizə! Sənə qalan o təmizliyin, o ləkəsiz keçmişindir. Bu rüşvət, bu satqınlıq bataqlığında ömrü boyu təmiz qalmaq, heç kəsin toyuğuna kış deməmək, bir manat rüşvət almayıb, vəzifədəkilərə, varlılara yaltaqlanmayıb hamıya dərs keçmək elə ən böyük agentlikdir! Sən bu çirkaba batmış kütlənin içində təkbaşına düzlüyü təbliğ eləməklə imperiyanın sistemini korlayırsan, anla bunu!..
Agentin ən yekəsi elə sən özünsən!.. Çünki sən bu murdar dünyada hələ də insan qala bilmisən!..
Bu sözlər beynimə elə bir güllə kimi dəydi ki, sanki başımı o xlorlu suya yox, qaynar qazana soxdular. İçimdəki o böyük inamın, xalqa olan o müqəddəs sevginin bir anda göyə sovrulduğunu gördüm. Ən acısı da o idi ki, müstəntiq haqlı idi... Bu dünyada təmiz qalmaq, hamı əyiləndə dik durmaq elə sistemə qarşı ən böyük təxribat, ən təhlükəli agentlik idi...
Eybi yox, qoy elə mən bu murdarlığın, bu satqınlığın, bu yadelli nökərliyinin içində "yadplanetli" olum, qoy elə "ən yekə agent" mən olum. Təki Axirətdə- Qiyamət Günü insanlığın arxivləri açılanda üzümüz ağ çıxsın!..
Elə bu sarsıntıdan bədənim əsməyə başladı, qan-tər içində bircə dəfə dərin nəfəs alıb gözlərimi açdım...
Uf... Şükür Sənə, İlahi! Nə yaxşı bunlar hamısı yuxu imiş... Səhər açılıb. Pəncərədən Bakının o doğma, isti, tozlu, tüstülü-dumanlı havası içəri dolur. Aşağıdan isə yenə hansısa qonşunun maşınından o zəhləm tökülmüş toylardakı "tramp-tarap" havalardan birinin səsi gəlir. Divardan asılan təqvimə baxıram: 14 iyul, 2026-cı il... Bastiliyanın alındığı gün... Elə bildim, sanki mən də Bastiliyanı alıb qayıdan qaliblərdən biriyəm... Yavaşca çarpayıdan qalxıb güzgüyə baxıram. Gözlərimin altı torbalanıb, rəngim saralıb. Amma içimdə hələ də o yuxunun xlor qoxusu və o satqın müstəntiqin kəsərli sözləri fırlanır:
"Agentin ən yekəsi elə sən özünsən, çünki sən hələ də insan qala bilmisən..."
...Kompüterin arxasına keçib bir stəkan qəhvəmi içə-içə xəbərlərə baxıram... Klaviaturaya toxunmamışdan qabaq pəncərədən çölə — o mənasız adlarla bəzənmiş şadlıq saraylarına, küçədə bir-zibilxanadakı it-pişiklə yanaşı eşələnənlərə, işə-bazara, kabinetlərdə, ofislərdəki işlərinə tələsənlərə... baxıb Allaha şükür edirəm. İlahi, Sənə min şükür ki, gecə yuxuda gördüklərimin heç biri müstəqil(!), suveren(!) Azərbaycanda, Bakıda yoxdur...
Sultan Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 16 İyul 2026 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















