Akkolada: Orta əsrlərdə cəngavərliyə KONKRET
Icma.az bildirir, Konkret.az portalına istinadən.
“Akkolada” (fransızca “accolade” – qucaqlama) orta əsrlərdə cəngavər rütbəsinə yüksəldilmə zamanı keçirilən təntənəli mərasim idi. Ənənəyə görə, mərasimin sonunda ordenin qrossmeysteri və ya təqdimatı həyata keçirən şəxs yeni cəngavəri qucaqlayır, əllərini onun boynuna qoyurdu. Sözün mənşəyi latın dilindəki “ad collum” – “boyuna doğru” ifadəsi ilə əlaqələndirilir.
Zaman keçdikcə “akkolada” anlayışı yalnız qucaqlaşma jestini deyil, bütövlükdə cəngavər rütbəsinə təqdimetmə mərasimini ifadə etməyə başladı.
Akkolada hərbi inisiasiyanın, yəni gəncin döyüşçülər sırasına qəbul edilməsinin xüsusi forması idi. Bu mərasim gəncin uşaqlıq və asılılıq dövründən yetkinliyə, müstəqilliyə və hərbi məsuliyyətə keçidini simvolizə edirdi. Eyni zamanda, onu cəngavərlərin hərbi-aristokratik təbəqəsinin tamhüquqlu üzvünə çevirirdi.
Cəngavərliyə aparan yol
Cəngavər rütbəsinə təqdimetmə mərasimi bir neçə mərhələdən ibarət olurdu. Mərasimdən bir gün əvvəl gələcək cəngavər – “damuazo” (fransızca “damoiseau”, gənc zadəgan) xüsusi hazırlıq keçirdi. O, əvvəlcə vannada yuyunur, sonra ağ köynək, qırmızı üst geyimi, qəhvəyi şalvar və qızılı mahmızlar geyinirdi.
Daha sonra yaşlı və təcrübəli cəngavərlərdən biri, yaxud namizədin atası onun belinə qılınc bağlayırdı. Fransız dilində “qılıncla bağlamaq” ifadəsi zamanla cəngavər rütbəsi vermək mənasını daşımağa başlamışdı.
Qılıncın bağlanması mərasimin əsas və ən mühüm hissəsi hesab olunurdu. Bunun ardınca təqdimatı həyata keçirən şəxs gəncin ənsəsinə, boynuna və ya yanağına əli ilə zərbə vururdu. Bu hərəkət “kule” adlanırdı.
Zərbə ilə yanaşı, gəncə qısa bir nəsihət verilirdi: “Cəsur ol!”
Bu zərbə cəngavərin həyatında cavab qaytara bilmədiyi yeganə sillə hesab olunurdu. Çünki həmin andan etibarən o, öz şərəfini qorumağa borclu olan müstəqil döyüşçüyə çevrilirdi.
Mərasimin sonunda yeni cəngavər döyüş bacarığını nümayiş etdirməli idi. O, at belində müəyyən edilmiş hədəfə – bəzən “bostan qorxuluğu” adlandırılan təsvirə nizə ilə hücum edərək onu deşməli idi. Bu sınaq onun atı idarə etmək və nizə ilə döyüşmək bacarığını göstərirdi.
Dünyəvi mərasimdən dini ayinə
Əvvəllər akkolada əsasən dünyəvi xarakter daşıyırdı. Lakin zaman keçdikcə kilsə bu mərasimi öz dini ənənələrinə daxil etdi və ona xristian məzmunu qazandırdı.
Beləliklə, cəngavərliyə qəbul mərasiminin mühüm hissəsinə çevrilən “gecə oyaqlığı’ adəti meydana gəldi.
Bu ənənəyə əsasən, mərasimdən əvvəlki axşam gənc kilsəyə gedir və bütün gecəni məbəddə, qurbangah qarşısında keçirirdi. O, yatmadan dua etməli, özünü qarşıdakı məsuliyyətli mərasimə mənəvi cəhətdən hazırlamalı idi.
Dan yeri söküləndə gecə oyaqlığı başa çatır, kilsə ibadətçilərlə dolurdu. Gənc cəngavər namizədi messada iştirak edir, günahlarını etiraf edir və müqəddəs kommuniya qəbul edirdi.
Bundan sonra silahını qurbangahın üzərinə qoyaraq keşişin qarşısında diz çökürdü. Keşiş qılınca xeyir-dua verir, onu müqəddəs sayaraq yenidən gəncə təqdim edirdi.
Bu mərasimin dini mənası olduqca aydın idi: cəngavər yalnız döyüşçü deyil, həm də xristianlığın, kilsənin və zəiflərin müdafiəçisi olmalı idi.
Dini mərasimdən sonra dünyəvi hissə başlayırdı. Qılıncın bağlanması, “kule” zərbəsi və döyüş bacarığının nümayişi bu mərhələnin əsas elementləri idi. Bəzi hallarda keşiş yalnız qılınca xeyir-dua verməklə kifayətlənmir, onun namizədin belinə bağlanmasında da iştirak edirdi.
Cəngavərliyə təqdimetmə mərasimləri çox vaxt dini bayramlara təsadüf etdirilir, yaxud böyük hərbi yürüş və döyüşlər ərəfəsində keçirilirdi. Lakin bu mərasimə qədər gələcək cəngavər uzunmüddətli hazırlıq dövrü keçirdi. O, adətən təcrübəli cəngavərin və ya öz atasının yanında döyüş sənətini, silahdan istifadəni, at sürməyi və cəngavər davranış qaydalarını öyrənirdi.
Bir sillə ilə verilən ömürlük status
Akkolada müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirilirdi. Bəzi mərasimlərdə namizədin çiyninə qılıncın tiyəsinin yastı tərəfi ilə toxunulur, digərlərində isə boyun ətrafında qucaqlaşma əsas jest hesab edilirdi.
Ənənəvi təqdimetmə formalarından birində namizəd monarxın qarşısında yumşaq yastığın üzərində diz çökürdü. Kral və ya kraliça qılıncın tiyəsinin yastı tərəfini onun əvvəlcə sağ, sonra isə sol çiyninə toxundururdu. Mərasimin sonunda namizəd ayağa qalxır və yeni statusunu təsdiqləyən fərqlənmə nişanlarını qəbul edirdi.
Orta əsr salnamələrində və cəngavər romanlarında bu mərasimin daha sərt formaları da təsvir olunur. Məsələn, bəzi mənbələrdə senyorun namizədin boynuna və ya yanağına kifayət qədər güclü zərbə endirdiyi bildirilir.
Bu zərbənin simvolik mənası cəngavərin dözümlülüyünü və iradəsini sınamaq idi. Gənc zərbədən sonra yıxılmadan ayaq üstə dayanmalı idi. Əgər bunu bacarmırdısa, vəziyyət onun üçün ciddi rüsvayçılıq sayılırdı.
Bəzi tarixi təsvirlərdə mərasim zamanı gənc namizədlərin huşunu itirdiyi, hətta xəsarət aldığı da qeyd olunur. Bununla belə, bu cür ağır zərbələrin bütün cəngavər təqdimetmə mərasimləri üçün ümumi qayda olduğunu söyləmək olmaz.
Maraqlıdır ki, bu qədim ənənə müasir kinoda da öz əksini tapıb.
Ridli Skottun məşhur “Cənnət səltənəti” filmində baron İbelin baş qəhrəman Balianı cəngavər rütbəsinə yüksəldərkən onun üzünə güclü sillə vurur. Balian zərbənin təsirindən güclə ayaq üstə qalır. Baron isə dərhal bunun mənasını izah edir:
“Bu, sənin cavab verə bilməyəcəyin son zərbədir”.
Beləliklə, akkolada sadəcə təntənəli təqdimetmə mərasimi deyildi. O, gəncin yeni həyata qədəm qoymasını, cəngavər şərəfini, sədaqətini və məsuliyyətini qəbul etməsini simvolizə edirdi. Bir vaxtlar zadəgan cəmiyyətində xüsusi statusun göstəricisi olan bu mərasim əsrlər boyu Avropanın hərbi və mədəni tarixində özünəməxsus yer tutub.
Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az
Şəkil: “Akkolada” – prerafaelit rəssam Edmund Leytonun 1901-ci ildə çəkdiyi məşhur əsər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 12 Noyabr 2026 18:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















